Vətəndaş təəssübkeşliyi
və dövlət maraqlarının müdafiəsi...
Hər
bir müstəqil dövlətin qurulması, müdafiəsi
ilk əvvəl vətəndaş təəssübkeşliyilə
bağlıdır. Dövlətin bağımsız
olmasında vətəndaşların da səyi, xidməti əvəzsiz
olur. Azərbaycanda dövlət quruculuğu məsələsində
sadə vətəndaşlar, ictimaiyyət nümayəndələri
də iştirak edib. Vətənin, torpağın hər
qarışı, hər guşəsi bizim üçün əziz
və müqəddəsdir.
Vətəndaş təəssübkeşliyi
vətəni, torpağı, dövləti əhatə edən
böyük bir hissdir. Azərbaycanda dövlət əhəmiyyətli
istənilən bir məsələ ilə bağlı vətəndaş
təəssübkeşliyi özünü göstərib.
Tarixçilər bildirir ki, Azərbaycan xalqı hər zaman təəssübkeş
bir xalq kimi özünü göstərib. Tarixçilərin
sözlərinə görə, bu təəssübkeşlik
özünü çox məsələlərdə büruzə
verib. Vaxtilə ermənilər Qarabağda Topxana meşələrini
yandırıb talan edəndə Azərbaycanın hər
yerində vətəndaş narazılıqları baş
verib. Vətəndaş təəssübkeşliyindən
çıxış edən insanlar bu mənfur hala
qarşı kəskin mübarizə aparıb.
Tarixçi Həyat Məhərrəmovanın
bildirdiyinə görə, müstəqil dövlətin
suverenliyinin təminatı, mühafizəsi üçün
milli təhlükəsizlik elementlərinə diqqətlə
münasibət bildirilməsi, yanaşılması vacib məqamdır:
"Xüsusən də Azərbaycan kimi strateji, həssas bir
bölgədə yerləşən, təbii ehtiyatlarla zəngin
bir ölkə üçün bu məsələ daha
aktualdır. Vətəndaş təəssübkeşliyi
dövlətimizin maraqlarına yönəlib, onun sərvətlərini
mühafizə etməyə hər bir vətəndaş
hazırdır. Azərbaycanın dövlət müstəqilliyi
oddan-alovdan keçib, böyük mübarizə yolu qət edərək
var olub dövlətimiz. Azərbaycanın müstəqilliyi
üçün təhlükə yarandığı bir
dövrdə-1993-cü ildə xalqın tələb və
çağırışı ilə yenidən hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyevin ilk işi
ölkəmizin parçalanma təhlükəsinin
qarşısının alınması və dövlət
maraqlarımızın ən yüksək səviyyədə
təmin olunması oldu. Azərbaycanda vətəndaşı
təəssübkeşliyi nəticəsində Heydər Əliyev
hakimiyyətə gəldi və dövlətimizi bəlalardan
xilas etdi. Bu, vətəndaşlarımızın ürəyindən
xəbər verdi. Bu müstəvidə də Heydər Əliyevin
Azərbaycanın dövlətçilik maraqlarının beynəlxalq
aləmdə təmin edilməsinə yönələn
uğurlu siyasəti demokratik və güclü dövlət
quruculuğuna yeni təkan verdi".
Sosioloq Aytən Kamranqızı
(Bağırova) isə bildirdi ki, həmin dövrdə Xəzərin
neft-qazla zəngin strukturlarının işlədilməsinə
xidmət edən "Əsrin müqaviləsi" adı
verilən kontraktın imzalanması, Bakı-Ceyhan neft kəmərinin
reallaşması istiqamətində atılan addımlar vətəndaşlara
böyük töhfə olub: "Bundan başqa, o illərdə
müstəqil Azərbaycan dövlətinin
Konstitusiyasının qəbul edilməsi vətəndaşların
təəssübkeşliyinin müdafiəsi, dövlətçiliyin
qorunması sahəsində uğurlu bir hadisə oldu. Eyni
zamanda, ölkəmizin beynəlxalq təşkilatlara üzv
olması Azərbaycanın dövlətçiliyinin həm də
öz imici olan dövlətə çevrilməsində
xüsusi önəm daşıyan Dağlıq Qarabağ
münaqişəsinin həlli yolunda Heydər Əliyev tərəfindən
həyata keçirilən tədbirlər beynəlxalq aləmdə
rəğbətlə qarşılandı. Heydər Əliyevin
Azərbaycan dövlətinin möhkəmlənməsi yolunda
həyata keçirdiyi ən önəmli tədbirlərdən
biri də bölgədə marağı olan dövlətlər
arasında tarazlaşdırıcı siyasəti həyata
keçirməsi oldu. Bununla da Heydər Əliyev
dünyanın supergüc dövlətləri arasında Azərbaycanın
siyasi çəkişmə meydanına çevrilməsinin
qarşısını uzaqgörənliklə ala bildi. Heydər
Əliyev Azərbaycanı və Azərbaycan xalqını
sevirdi. O həm bir siyasət xadimi kimi, həm də bir vətəndaş
təəssübkeşliyi ilə bu dövlətin
maraqlarını müdafiə edən addımlar atır, qərarlar
verirdi. O öz təəssübkeşlik nümunəsilə
vətəndaşlara örnək göstərdi".
Dağlıq Qarabağ uğrunda
gedən döyüşlərdə vətəndaşlarımızın
fəal olduğunu, bu mübarizə və mücadilədə
ermənilərlə mərdliklə vuruşduğunu
xatırladan A.Kamranqızı hesab edir ki, bunlar vətəndaş
təəssübkeşliyilə dövlətin ərazi
bütövlüyünü, müstəqilliyini qorumağa cəhd
olub.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Azərbaycanın Xocalı şəhərinin
qan içində boğulmasının xalqımızın
böyük ağrısı olduğunu bildirən sosioloqun
sözlərinə görə, hər il bu qətliam vətəndaşların
təşəbbüsilə aksiyalar formasında və digər
şəkildə anılır: "Tarix boyu Azərbaycan
torpağının övladları düşmənə
qarşı mübarizə aparıb. Bu mübarizənin də
məqsədi Azərbaycanın milli təhlükəsizliyini
qorumaq olub. Bir çox hallarda Azərbaycan dövlətinin ərazisinə
öz qonşuları tərəfindən təhlükəli
müdaxilələr baş verib. Hər zaman şimaldan
Rusiyadan, cənubdan İrandan, qərbdən isə Ermənistandan
bizə təhlükə gəlib. Belə şəraitdə
vətəndaş təəssübkeşliyi dövlət
maraqlarının müdafiəsi sahəsində böyük
rol oynamalıdır. Biz təhlükədən
danışanda yalnız işğal faktından, yaxud
hücumlardan danışmırıq, həm də mənəvi
təhlükədən danışırıq. Ola bilsin ki,
adlarını çəkdiyimiz dövlətlər müxtəlif
vasitələrlə vətəndaşlarımızdan bizim
dövlətçiliyin əleyhinə istifadə etmək
fikrinə düşsün. Necə də ki, düşür.
Bəzi vətəndaş adına layiq olmayanlar ya pula, ya
sosial şəraitinin yaxşılaşdırılması təklifinə
uyub dövlətimizə qarşı səhv addım atmaq istəyir.
Amma buna nail ola bilmir, çünki Azərbaycan dövlətinin
təhlükəsizliyi etibarlı əllərdədir. Vətəndaş
təəssübkeşliyi və dövlət maraqları
ziyanlı hallara qarşı mübarizədə vəhdət
təşkil edir. Hər kəs bilməlidir ki, dövlət
maraqlarının müdafiəsində cəmiyyətin birmənalı
mövqeyi və vətəndaşların təəssübü
olduqca vacibdir, labüddür. XX əsrin böyük faciəsi
olan Xocalı soyqırımı Azərbaycan vətəndaşlarının
böyük ağrı-acı ilə yada saldığı
bir genosid aktıdır. Bu genosidi azərbaycanlılara
qarşı erməni yaraqlıları törədib. Azərbaycan
xalqı, Azərbaycan ictimaiyyəti öz vətəndaşlıq
mövqeyindən çıxış edərək Xocalı
soyqırımının dünyada tanıdılmasına nail
olmaq üçün aksiyalar keçirir. Bu etirazların nəticəsi
mütləq olacaq. Xalqımız dövlətçiliyimizin
müdafiəsinə hər zaman böyük töhfə
verib. Mən bir məqamı qeyd etmək istəyirəm. Bu da
birbaşa vətəndaşlıq təəssübkeşliyilə
bağlıdır. Valideynlər könüllü olaraq öz
övladlarını əsgəri xidmətə yola salır.
İndi vətəndaşların 85 faizi istəyir ki,
övladı Azərbaycan ordusunda xidmət etsin, dövlətimizin
ərazi bütövlüyünü, onun təhlükəsizliyini
qorusun. Amma illər əvvəl müəyyən vətəndaşlar
övladlarının hərbiyə getməməsi
üçün əllərindən gələni edirdilər.
Dövlətin apardığı məqsədyönlü
siyasət vətəndaşların da dövlətin
qorunmasına marağını gücləndirib. Bu da
çox təqdirəlayiq haldır. Azərbaycan dövlətinin
müdafiəsi həm də vətəndaş təəssübkeşliyindən
keçir". A.Kamranqızının bildirdiyinə görə,
H.Əliyevin apardığı siyasəti uğurla davam etdirən
İlham Əliyevin də bu sahədə həyata
keçirdiyi işlər saysız-hesabsızdır. İ.Əliyevin
də vətəndaş təəssübkeşliyilə
dövlət maraqlarının müdafiəsinin eyni məcrada
birləşməsinə çalışır:
"İlham Əliyevi seçən xalq onun Prezident kimi
hazırda apardığı siyasəti də dəstəkləyir.
Onun dövlətçiliyin müdafiəsi naminə
atdığı hər bir addım vətəndaşlar tərəfindən
geniş müzakirə edilir. Prezidentimiz İlham Əliyevin Azərbaycanın
dövlətçilik maraqlarının beynəlxalq səviyyədə
təmin edilməsinə yönələn uğurlu siyasəti
ona beynəlxalq aləmdə böyük şöhrət gətirdi.
Bu amil də vətəndaşların gözündən
qaçmadı. Onlar bilir ki, təəssübünü
çəkdikləri dövlətin maraqları etibarlı bir
şəxsiyyət tərəfindən qorunur. İlham Əliyev
Azərbaycan dövlətçiliyini daha çox inkişaf
etdirəcəyini və dövlət maraqlarımızı
yüksək səviyyədə müdafiə edəcəyini
2004-cü ilin fevral ayının 6-da Moskvaya səfəri
zamanı Rusiya rəhbərilə görüşündə
də parlaq şəkildə nümayiş etdirdi. O, yüksək
səviyyəli Rusiya dövlət rəsmilərilə
görüşlərində Azərbaycanın dövlət
maraqlarının ən yüksək səviyyədə
qorunmasına cavab verən siyasət yürüdəcəyini
xüsusi vurğuladı. Bu həm də dövlət
başçımızın bir vətəndaş təəssübü,
yanğısı, qətiyyəti kimi başa
düşülməlidir. Azərbaycan xalqının, dövlətinin
maraqlarını, milli təhlükəsizliyini hər şeydən
uca tutan bir Azərbaycan oğlu yalnız alqışlara
layiqdir. İlham Əliyevin ən böyük
uğurlarından biri də Azərbaycanın dövlət
maraqlarının hələ uzun illər təmin edilməsinə
yönələn və əsası heydər Əliyev tərəfindən
qoyulan tarazlayıcı siyasəti davam etdirməsilə
bağlıdır. Bu çərçivədə də
İlham Əliyev tərəfindən xarici siyasətimizin
prioritetlərindən olan balanslaşdırıcı siyasətin
yeni müstəviyə çıxarılması beynəlxalq
aləm tərəfindən də məmnunluqla
qarşılandı. Burada bir məqama diqqət yetirmək istəyirəm.
Məlumdur ki, İlham Əliyev mahir bir siyasətçi kimi
beynəlxalq aləmdə Azərbaycanın dövlət
müstəqilliyini şübhə altına ala biləcək
regional münaqişələrə cəlb edilməsinə
imkan vermədi. Bunu 2008-ci ildə Gürcüstan-Rusiya
müharibəsi zamanı İlham Əliyevin siyasət yeritməsi
sübut edir".
Sosioloq hesab edir ki, Prezident İlham
Əliyevin ölkə daxilində də Azərbaycan dövlətinin
daha da güclənməsinə və onun təhlükəsizliyinin
təmin edilməsinə yönələn tədbirlər həyata
keçirməsi milli gəlirlərin artmasına yol
açdı: "Bu da Azərbaycanda hərbi xərclərə
Ermənistanın dövlət büdcəsindən iki dəfə
çox vəsait ayırmağa imkan verdi. Hərbi cəhətdən
güclənmə və ordunun müasir silahlarla təmin edilməsi
sahəsində həyata keçirilən tədbirlər
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlarda Azərbaycanın
mövqeyini daha da möhkəmləndirdi".
Ekspertimizin qənaətinə
görə, mövzuda əks olunan məsələlərin
hamısının vətəndaş təəssübkeşliyi
və bu təəssübkeşliyin dövlət
maraqlarımızın qorunması və müdafiəsi
istiqamətinə yönəldiyi faktdır.
Azərbaycanın dövlət
maraqlarını qorumaq, ona xidmət etmək hər bir vətəndaşın
borcudur. Təbii, hər kəs öz üzərinə
düşən yükü əzmkarlıqla, mətanətlə
daşımalıdır. Söhbət vətəndən,
dövlətdən, dövlətçilikdən, milli-mənəvi
maraqların müdafiəsindən gedəndə hamı bu
amala xidmət etməlidir.
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-12 fevral.-S.15.