Cinayətkarlıqla mübarizə dövlət və ictimai maraqların mühüm istiqaməti kimi üst-üstə düşür

 

  28.01.2013-cü ildə Daxili İşlər Nazirliyinin 2012-ci ildə cinayətkarlıqla mübarizənin vəziyyətinə dair geniş kollegiya iclası keçirilib. İclasda cinayətkarlığa qarşı mübarizənin vəziyyəti və cinayətlərin təhlükəlilik dərəcələrinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən kriminoloji tədbirlər diqqət çəkib.

   Cinayətkarlıqla mübarizə siyasəti dövlətin və ictimaiyyətin maraqlarının ümumi bir hissəsi olaraq profilaktik və xəbərdarlıq tədbirlər planının fasiləsiz icrası nəticəsində 2012-ci ildə baş vermiş ümumi cinayətlərin və onun təhlükəli növlərinin miqdarca aşağı düşməsinə səbəb olub. Əhalinin 100 min nəfərinə düşən cinayətlərin sayı da azalıb, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması yaxşılaşıb. Belə ki, əhalinin hər 100 min nəfərinə düşən ümumi cinayətlər 266-dan 236-ya enib. Azərbaycan polisinin il ərzində keçdiyi yola nəzər salsaq, zahirən çox asan görülə bilən işin, nahamvar və çətin xidmətinin özünə xas cəhətlərini görməmək mümkün deyil. 2012-ci ildə ölkə üzrə qeydə alınmış 21.897 cinayətin 94%-i və ya 20.675-i daxili işlər və prokurorluq orqanlarına aid olan istintaq və təhqiqat işləri olub. Bu cinayətlərin 88%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, 12% isə ağır və xüsusilə ağır növləri təşkil etdib. Hüquq-mühafizə orqanları ilə həyata keçirilən birgə uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. 2012-ci ildə cinayət törətmiş, lakin istintaqdan yayınan və axtarılan 875 şəxsin yeri müəyyən olunub.

   Qənaətimə görə, bəzən baş vermiş cinayətlərin açılmasına sərf edilən güc insanları cinayət törətməkdən çəkindirməyə sərf edilən gücdən daha çox olur.Cinayətləri doğuran səbəb və şəraitin öyrənilməsi, cinayəti törətməkdən çəkinmək məqsədilə maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi prioritet məsələ kimi DİN-in kollegiyasının diqqətindən kənarda qalmayıb. Burada isə ictimai maraqların təmini və insan hüquq və azadlıqlarının mühafizəsi önəm kəsb edir.

   İnsanlığa ziyan gətirən neqativ halların tam aradan qaldırılması və yaxud xəbərdarlıq tədbirləri vasitəsilə cinayətkarlığın qarşısının alınması heç bir cəmiyyətdə mümkün olmayıb. Bu gün də mümkün deyil. Belə hallar əhalinin sayına uyğun olaraq artan maraqların toqquşması nəticəsində həmişə dəyişən artımla müşahidə edilib.

   Bəzən ictimai orqanizmə ziyan vuran cinayətlərə görə cəzanın yüngüllüyü də müzakirələrə səbəb olur, yaxud ağır cinayətlərə görə cəzadan vaxtından qabaq azad edilmə halları cinayətlə cəza arasındakı prosessual tarazlığın pozulmasına gətirib çıxarır.

   Cəza cinayətə görə nə qədər tez tətbiq edilərsə, bir o qədər ədalətli və səmərəli olur. Ədalətlidir ona görə ki, təqsirkar ehtimal etdiyi, tətbiq oluna biləcək cəzanı düşünməklə əziyyətlərdən xilas olur. Hökmə qədər şəxsin həbs edilməsi əməlinə görə ədalətlidir. Həbs-qətimkan tədbirinin tətbiqi yalnız təqsirkarın istintaqdan yayına bilmək imkanlarını məhdudlaşdırmaq və ya sübutların gizlədilməsinin qarşısını almaqdan ibarət deyil. Bu həm də ibtidai istintaqın prosessual qaydalara əməl edilməsinin məntiqli davamı və müqəssirin azadlıqda olarkən təkrar cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə dövlətin məcburetmə metodundan irəli gələn adekvat reaksiyadır. 2012-ci ildə törədilmiş əməllərə görə cəzanın labüdlüyünün təmini istiqamətində müxtəlif cinayətlər törətmiş 12.526 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxslərin axtarışı müsbət nəticə verib, istintaq və məhkəmə orqanlarından yayınan 2148 nəfərin tutulması təmin edilib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. İl ərzində axtarışda olan şəxslərin 67.4%-nin yaxalanması cinayətkarlıqla mübarizədə uğurlu xidmət kimi yadda qalır. Tarixən cəzanın məqsədi və vahiməsi ictimai-təhlükəli əməl nəticəsində əldə edilən "xeyir"dən yuxarıda dayanıb. Təqsirkar hiss etməlidir ki, onun "qazandığı" tətbiq edilən cəzanın fövqündə xardal dənəsi qədərdir və sonrakı peşmançılığı fayda verməsə də, əməlinə görə əziyyət çəkməlidir.

   Cəmiyyətdə mövcud digər ciddi problemlər sirasında cinayətkarlıqla mübarizə və onun qarşısının alınması məsələsi əhalinin narahatlığına səbəb olan problem kimi qəbul olunur.

   Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu mühüm məsələ prioritet siyasət və proqram kimi dövlət hakimiyyət orqanlarının konstitusion vəzifəsinə çevrildiyindən, cinayətkarlıqla mübarizə fəaliyyətilə məşqul olan orqanlar işlərini yenidən qurmuş demokratik islahatlar, cinayətkarlıqla mübarizənin metodologiya və taktikası üzrə elmi tədqiqatlar davam etməkdədir. Müasir, qloballaşan dünyada ictimai münasibətlərin kriminallaşması prosesi zamanın əlamətlərindən biridir. Bütün dünya ölkələrində cinayətkarlıq, demək olar ki, oxşar motivasiya ilə artır. Cinayətlərin artımı əhalinin artım tempindən də bəzən çox artır.

   Ölkədə kriminal hallara qarşı intensiv mübarizə aparılır. Onun mütəşəkkil dəstə tərəfindən nəzarətə alınmasına imkan verilmir. 2012-ci il ərzində qrup halında qəsddən törədilən təhlükəli əməllərlə mübarizənin səmərəsi olub. Belə ki, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb, həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə 649 ağır xüsusilə ağır cinayətlər, o cümlədən 15 qəsdən adam öldürmələr, 61 quldurluqlar 56 qarətlər törətmiş 564 nəfərdən ibarət 200 cinayətkar qrup dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlama daşımağa görə 100 nəfər məsuliyyətə cəlb olunub. Nəticədə odlu silahın tətbiqi ilə törədilən cinayətlərin sayı 57 fakt təşkil etməklə 2011-ci illə müqayisədə 22% azalıb.

   Cinayətkarlıq sosial hadisə olaraq sosial faktorlar səbəbindən törədildiyindən, cəmiyyətin əlavə məhsulu kimi onunla mübarizədə vətəndaşlar da yaxından iştirak edib. Şəxsiyyətin formalaşması məhz cəmiyyətdə baş verdiyindən, ictimai münasibətlərə zərər vuran, əxlaqa və qanuna zidd əməllərin qarşısının alınmasında əhalinin dəstəyindən faydalanmaq mümkün olub. Bu mənada 2012-ci ildə vətəndaşların sosial hadisələrlə mübarizədə iştirakı reallığa çevrilib. Kollektiv düşüncə "cəmiyyətin vicdanının səsi"kimi sosial həyatın tənzimlənməsinə xidmət edib. Cinayətlərin baş verməsinə səbəb olan sosial faktorlar fərdlərdən kənar, obyektiv olaraq baş verir. Statistikaya nəzər yetirək: 2012-ci il ərzində təhlükəli cinayətlərdən - soyğunçuluq (252-12-ci il; 306-11-ci il) 54 fakt, oğurluqlar (4236-12-ci il; 5019-11-ci il) 783 fakt, quldurluq cinayətlərinin (132-ci il; 153-11-ci il) 21 fakt azalması polisin narahat xidmətinin nəticəsidir.

   Hesabat dövründə DİN-in Baş narkotiklərlə mübarizə idarəsinin polisin struktur bölmələri ilə həyata keçirdiyi uğurlu tədbirlər də qeyd etdiyim reallığı özündə əks etdirir.

   Narkotiklərlə əlaqədar 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanıb, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə müəyyən edilərək zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kq prekursor çıxarılıb, 54,9 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib. Narkotiklərlə bağlı cinayətlərə görə 2181 nəfər məsuliyyətə cəlb edilmiş şəxslərin 2007-si işləməyən və oxumayanlar, 618-i əvvəllər məhkum olunmuşlar, 45-i (2,1%) qadınlar, 5 nəfəri isə yetkinlik yaşına çatmayanlar olub.

   Azad vətəndaşların sağlam düşüncəyə sığmayan köləliyə xas üsullarla alınıb-satılması, insan alveri qurbanına çevrilməsi hallarına qarşı mübarizə artıb. 2012-ci ildə DİN-in insan alverinə qarşı mübarizə idarəsinin Milli Fəaliyyət Planı əsasında həyata keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində 145 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Qadınlara qarşı törədilən belə ağır cinayətlərin sayı 21,4% yəni 24 fakt (136-12-ci il; 112-11-ci il) artıb və bu cinayəti törədənlərin 51% və yaxud 74 nəfəri də qadınlar olub. DİN-in nüfuzunu yüksəldən hallardan biri də həyata keçirilmiş peşəkar tədbirlərin nəticəsi olaraq keçmiş illərdən bağlı qalmış çoxlu sayda cinayətlərin açılmasıdır. Ötən illərdən qalmış 379 belə cinayətin açılması azadlıqda özünü tam rahat hiss edən bir sıra cinayətkarların yaxalanmasına da təsir edib. Nəticədə baş verə biləcək nailiyyətlərin də qarşısı alınıb. Keçmiş illərdən bağlı qalmış və açılması təmin edilmiş 81 cinayət ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Ötən il belə cinayətlərin subyekti olan 276 nəfərin yaxalanması polisin çevik reaksiyasından xəbər verir.

   İnzibati xətaların qarşısını almaq məqsədilə həyata keçirilən profilaktik və xəbərdarlıq tədbirləri də ötən ildə aktuallığını saxlayıb. Avtonəqliyyat vasitələrini sürücülük hüququ olmadan idarə edənlərin və yaxud sürət həddini aşan, habelə işarələrə əhəmiyyət verməyən sürücülərin sayının artması ciddi narahatlıq doğurur. Bu mənada 2012-ci ildə qanuna və qanuni tələblərə tabe olmayan sürücülər də az olmayıb. Müxtəlif inzibati xətalara görə 2011-ci illə müqayisədə 2012-ci il ərzində belə şəxslərə qarşı 23% çox və ya 1.125.563 inzibati protokol tərtib olunub. Onlardan 89%-i yol hərəkəti, 7%-i yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması, 4%-i digər hüqüqpozmalarla əlaqədardır. Nəticədə 1.075.688 nəfər cərimələnib, 2924 şəxslər barədə inzibati həbs tətbiq olunub, 25.330 nəfərə isə xəbərdarlıq edilib.

   DİO-da xidməti mənafeyin əleyhinə və korrupsiya hallarına qarşı da tədbirlərin görülməsi davam edir. Belə ki, korrupsiya hüquqpozmalarına görə aşkarlanmış 54 fakt üzrə intizam məsuliyyətinə cəlb olunmuş 81 əməkdaşdan 51-i xidmətdən xaric, 24-ü tutduğu vəzifədən azad edilmiş, 6 əməkdaş barədə digər intizam tənbehləri tətbiq edilib.

   Əldə olunmuş uğurlarla yanaşı, xidməti fəaliyyətdə nöqsan və çatışmazlıqlar da var. Lakin belə halların hərtərəfli təhlili onların aradan qaldırılmasına və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə geniş imkan yaradır.

 

 

   Şəmsəddin Əliyev

 

   Bakı Xəbər.-2013.-13 fevral.-S.-15.