Faiq Sücəddinov müəllif konserti verdi

 

    Azərbaycan Bəstəkarlar İttifaqının kiçik zalı çox müəllif konsertlərinin, çox ifaların şahidi olub. Bu salonda kimlər konsert verməyib, kimlər? Dahi bəstəkar Üzeyir Hacıbəyovun adını daşıyan salonda xalq artisti, "Şöhrət" ordenli, görkəmli pianoçu Faiq Sücəddinovun müəllif konserti keçirildi.

   Öz əsərləri, mahnıları ilə neçə-neçə könülləri fəth edən, onlarla müğənninin səhnəyə gəlişinə vasitə olan Faiq Sücəddinov müəllif konsertinə millət vəkillərini, sənət adamlarını, mətbuat təmsilçilərini, kino xadimlərini də dəvət etmişdi. Musiqinin sirlərinə ilk pillədə skripka vasitəsilə yiyələnən F.Sücəddinov sonra təhsilini Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifində davam etdirib. Musiqi yaradıcılığına pianoçu kimi başlayan Faiq Sücəddinov bu sənətlə özünə böyük şöhrət qazanıb. Onun sorağı Azərbaycan Dövlət RadioTeleviziya Komitəsinin (indiki AzTV) Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun qulağına çatıb. O, 1969-cu ildə T.Əhmədovun dəvətilə bu orkestrdə pianoçu kimi fəaliyyətə başlayıb. Çoxlarının, daha doğrusu geniş tamaşaçı kütləsinin daha çox bəstəkar kimi qəbul etdiyi, tanıdığı Faiq Sücəddinov həm də mahir bir pianoçudur. Peşəkarlar ona "qızıl barmaq"lı pianoçu adı verib. Öz əsərlərini özü daha gözəl, daha məzmunlu ifa edir. Böyük pianoçu Vaqif Mustafazadədən sonra Azərbaycanda ikinci nəhəng pianoçu sayılan F.Sücəddinov pianonun sehrkar dillərində çox füsunkar mahnılar ifa edir. Bəstəkarlar İttifaqının Konsert salonunda Faiq Sücəddinov əvvəlcə çıxış edib burada konsert verməyin şərəfli və məsuliyyətli olduğunu həyəcanla bildirdi: "Bu gün burada konsert vermək mənim üçün çox şərəfli və məsuliyyətlidir. Çünki bu zalda Qara Qarayev, Cahangir Cahangirov, Fikrət Əmirov, Tofiq Quliyev kimi bəstəkarlar ifa edib".

   Faiq Sücəddinov konsertə "Vətən balladası" ilə başladı. Bəstəkarın barmağından qopan səs sanki "Vətən, gözəlim Vətən, Vətən, əzizim Vətən, Vətən, anam Vətən-sənin gözəl hüsnünə sığal çəkirəm bu nəğməmlə" deyirdi. Faiq Sücəddinovun müəllif konsertində ifa etdiyi bütün əsərlərə ona görə qulaq asmaq maraqlı idi ki, o nəğmələr qısa, yığcam və melodik idi. İnsanı bir ovqatdan digər bir ovqata salmağı bu mahnılar yaxşı bacarırdı. "Portret", "Vals", "Payız çağı", "Xəzərin ləpələri", "Rəqs-Fantaziya", "Etüd", "Dostuma məktub", "Bal arısının uçuşu" və başqa əsərləri bəstəkar tərəfindən konsert iştirakçılarına çatdırıldı. Bəstəkarın müşayiətilə gənc müğənni Ülviyyə Tağıyeva onun "Salam ver", "Nəğmələr", xalq artisti Samir Cəfərov isə "Məhəbbət poeması" və "Azərbaycan" mahnılarını oxudular. Konsertdə maraqlı məqamlardan biri bəstəkarın təqdim etdiyi "Yeni Bakı" mahnısı idi. Bu, şəhərimizin inkişafına, çiçəklənməsinə, tərəqqisinə, gözəlliyinə həsr edilən çox qulağa yatımlı, əhval-ruhiyyəli bir nəğmədir. Müasir Bakının hüsnünü vəsf edən bəstəkar bununla başqalarına da nümunə olan yeni yaradıcılıq mövzusuna qanad verib. F.Sücəddinov kimi vətənpərvər, mədəniyyətimizi, musiqimizi təbliğ edən sənətkarların yaradıcılığı həmişə gündəmdə olmalıdır. Çünki onun da, bu yolu tutan digər şəxsiyyətlərimizin də amalı Vətəni firavan musiqimizi dünya musiqisi sırasında görməkdir.

   F.Sücəddinovun əsərləri arasında pianosimfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), pianokamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xorsimfonik orkestr üçün "Atatürk odası" (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) da var.

   Faiq Sücəddinov 2000-ci ildə qardaş Türkiyədə və Kiprdə yaşayıb, fəaliyyət göstərib. Orada olduğu müddətdə də davamlı olaraq Azərbaycan peşəkar musiqisini, klassik sənət əsərlərimizi, bəstəkarlarımızı təbliğ edib. Bir müddət burada işləsə də, Vətən sevgisi onu geri qaytarıb. O bu gün Azərbaycanda, doğma Bakımızdadır. Neçə-neçə mahnıya qanad verir, pianonun şirmayı dillərində Bakıya dastan qoşur, pıçıltı ilə Xəzərlə danışır, sevgi nəğmələri yaradır. Yaradır ki, özübu yaratdıqlarının daxilinə hopub əbədi yaşasın. Faiq Sücəddinov musiqisini dinləmək hər bir dinləyici üçün xoşdur. Bəstəkara yeni yaradıcılıq arzusu diləyirik. Yeni müəllif konsertlərini gözləyirik...

  

 

    İradə SARIYEVA

 

    Bakı Xəbər.-2013.-14 fevral.-S.14.