Dövlət maraqlarının
müdafiəsində milli həmrəyliyin
rolu
Müstəqil Azərbaycan dövləti,
ana vətənimiz dünyanın hər yerində yaşayan
azərbaycanlıların ana vətəni, doğma yurdudur.
Onlar Azərbaycana gələndə ana qucağına
sığınırlar sanki. Gün kimi aydındır ki, Azərbaycanın
müstəqil bir dövlət kimi mövcud olmasında milli
birlik, milli həmrəylik böyük rol oynayıb.
Xalqımızın birliyi olmasaydı, yəqin ki, dövlətimiz
də suveren olmazdı.
Bizi imperiya əsarətindən həmişə
milli birliyimiz, vahid canda bir ürək olmağımız xilas
edib. Sanki bu bir ənənədir. Xalqımız
torpaqlarımızın və millətimizin Çar
Rusiyası tərkibində olmasına etiraz edərək,
xalqımızın vətənpərvər, azadlıqsevər
övladları ilə birləşərək Şərqdə
ilk olan Azərbaycan Demokratik Respublikasını qurdu. Bu, milli
birlikdən keçən bir məsələ, fakt olduğu
üçün onu xatırlamaya bilmirik. Azərbaycan Demokratik
Respublikasının varlığı həm xalqımıza
müstəqil dövlətin şirinliyini
dadızdırdı, həm azad və hürr olmağın
gözəlliklərini anlatdı, həm də
şüurlarda dövlətçiliyə və dövlət
maraqlarına bağlılıq hissi formalaşdırdı.
Dövlət maraqlarının müdafiəsində milli
birliyin, həmrəyliyin əhəmiyyəti, rolu çox
önəmlidir. Milli birlik olmayan dövlətdə heç
zaman dövlətçilik inkişaf edə bilməz. Amma
bizim müstəqil Azərbaycanımız milli birlik sevgisilə
günü-gündən inkişafa doğru gedir. Ümumiyyətlə,
Azərbaycan xalqı tarixən milli birliyə böyük
önəm verib. Bu söz boşuna deyilməyib: "El bir
olsa, dağ oynadar yerindən, söz bir olsa, zərbi kərən
sındırar". Bu da o deməkdir ki, xalqımızın aqil,
müdrik insanları irəli düşərək camaatı
ağzıbir, sözübir, əməli, məsləki bir
olmağa dəvət edir. Bildirir ki, elin birliyi dövlətin,
vətənin qorunması, müdafiəsi deməkdir.
Filosof və tarixçilərin
bildirdiyinə görə, Azərbaycan xalqının milli həmrəyliyi
hər zaman özünü göstərib. Tarixçilərin
qənaətinə görə, tarixdə bir neçə
imperiya quran xalqımız bu tarixi nailiyyətləri milli
birlik sahəsində əldə edib. Çünki milli həmrəyliyə
sahib olmayan xalqın müstəqil dövlət qurmağa iradəsi
çatmaz. Amma gördüyümüz kimi, Azərbaycan
xalqı yalnız respublika miqyasında deyil, onun
hüdudlarından kənarlarda yaşayan azərbaycanlılarla
da birləşə bildi. Bu gün də dünya azərbaycanlıları
arasında sarsılmaz bir birlik mövcuddur. Tarixçi və
filosofların düşüncəsinə görə,
hazırda dünyanın istənilən yerində yaşayan
azərbaycanlıları bir ocaq başında toplayan azərbaycançılıq
ideologiyasıdır. Azərbaycançılıq
ideologiyası Azərbaycanın dövlət
maraqlarının əsasını təşkil edir və bu
bizim milli özünüdərkimizdir. Azərbaycanın
dövlət maraqlarının müdafiəsi milli birlikdən
həm də ona görə keçir ki, hər bir Azərbaycan
vətəndaşı, hər bir azərbaycanlı öz həyatında,
fəaliyyətində, yaradıcılığında Azərbaycanın
dövlət maraqlarını üstün tutmalıdır.
Sosioloq Lamiyə Qasımlı
bizimlə söhbətində bildirdi ki, Azərbaycan
xalqının milli birliyi respublikamızı müstəqil
dövlətə çevirib. L.Qasımlının sözlərinə
görə, biz milli birlikdən danışanda yalnız Azərbaycan
türklərinin fəaliyyətini önə çəkməli
deyilik, Azərbaycan dövlətinin xeyrinə işlər
görən yüzlərlə milli azlıq nümayəndələri
haqda da danışmalıyıq. L.Qasımlının
bildirdiyinə görə, müstəqil Azərbaycan dövlətinin
tutduğu yol, onun daxili və xarici siyasəti, beynəlxalq əlaqələri,
mədəni və mənəvi dostluğu hər bir vətəndaş
tərəfindən təqdir edilir. L.Qasımlı dedi ki,
dövlətimiz həm ümummilli, həm də ümumbəşəri
keyfiyyətlərə malikdir: "Azərbaycan dövlətinin
suverenliyi xalqımızın milli birliyilə sıx
bağlıdır. Özünə müstəqil dövlət
quran bir xalq milli birlik mövqeyindən çıxış
edib bu dövlətin maraqlarını müdafiə etməlidir.
Edir də. Təkcə Azərbaycan türkləri deyil,
respublikamızda əsrlərdir ki, türklərlə
çiyin-çiyinə yaşayan qeyri millətlərin
nümayəndələri də Azərbaycanın dövlət
maraqlarına xidmət edir. Onlar dövlətimizin
maraqlarının müdafiəsindən söhbət gedəndə
özlərini türk milli birliyinə üzv sayır.
Çünki dövlətimizin maraqları onları birləşdirir.
Bu amili unutmaq lazım deyil. Çoxmillətli Azərbaycan
dövləti hər bir vətəndaşı
üçün əzizdir. Sevindirici haldır ki, biz müxtəlif
layihələr çərçivəsində
araşdırmalar aparmaq üçün milli azlıqlar
yaşayan bölgələrə də gedirik. Onlar Azərbaycan
xalqını özlərinə doğma bilir və dövlətçiliyimizə
çox sadiq adamlardır. Azərbaycan xalqı çoxmillətli
bir tərkibə malikdir. Bu nümunə başqa ölkələrdə
elə də parlaq deyil. Bu regionda ancaq bizdə belədir. Azərbaycan
dövlətinin maraqlarını müdafiə edənlər
arasında xaricdə yaşayan azərbaycanlıların
böyük əməyi var. Bunu da unutmaq olmaz. Bilirik ki, Həm
ümummilli liderimiz Heydər Əliyev, həm indiki dövlət
başçımız cənab İlham Əliyev xaricdə
yaşayan azərbaycanlılara böyük sayğı
göstərib və dövlət maraqlarımızın
müdafiəsi məsələsində onların birliyinə,
göstərəcəkləri səylərə çox
inanıblar. Bu müsbət münasibət də xaricdəki
soydaşlarımızda böyük inam hissi
formalaşdırıb. Deyərdim ki, xaricdəki
soydaşlarımızın təşkilatlanmasında,
onların arasında milli həmrəyliyin gücləndirilməsində
önəmli rol oynayan və sivil Azərbaycan dövlətçiliyinin
onurğa sütununu təşkil edən azərbaycançılıq
ideologiyasının böyük təsiri var. Azərbaycançılıq
ideologiyasının yenidən meydana
çıxarılması və onun geniş təbliğatı
dünya azərbaycanlılarını birləşdirən
mühüm tarixi bir hadisə oldu. Bu müstəvidə azərbaycançılıq
anlayışı qısa müddətdə milli təfəkkür
tərzinə çevrilərək, ölkəmizdə, eləcə
də dünyanın müxtəlif ölkələrində məskunlaşan
soydaşlarımız üçün milli qürur, mənəvi
dayaq və ümid yerinə çevrildi. Bir məsələni
xüsusilə qeyd edim ki, milli birlik və dövlətçilik
anlayışlarının vəhdət təşkil etməsi
ümummilli liderimizi hər zaman düşündürüb.
Bu sahədə dövlət səviyyəsində həyata
keçirilən ən mühüm tədbirlərdən biri
də xarici ölkələrdə yaşayan
soydaşlarımızın birləşməsi, məskunlaşdıqları
dövlətlərin ictimai-siyasi həyatında yaxından
iştirak etməsi, doğma Vətənlə əlaqələrin
möhkəmləndirilməsi oldu. Amma hadisələrin
gedişi onu göstərdi ki, dünya azərbaycanlılarının
daha da sıx birləşməsi və fəaliyyəft
planlarının müəyyənləşdirilməsi
üçün onların bir araya gəlməsinə ehtiyac
var. Mən bu fikri söyləməklə yadınıza bu
birliyi reallaşdıran və 2001-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
Bakıda keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayını salmaq istəyirəm. Bu qurultayda yalnız
xaricdən gələn azərbaycanlılar iştirak etmirdi,
respublika azərbaycanlılarının nümayəndələri
də iştirak edirdi. Qurultayın ən böyük əhəmiyyəti
ondan ibarət oldu ki, tədbirin nəticəsi kimi azərbaycançılıq
ideyasının və dövlət maraqlarımızın
geniş miqyasda müdafiəsi üçün strateji proqram
qəbul edildi".
Digər sosioloq Zümrüd Ələkbərli
də bu qənaətdədir ki, Azərbaycan dövlətinin
dövlət maraqları milli birlik səviyyəsində
qorunmalıdır. "Birlik olmayan yerdə dirlik olmayacaq"
məsələni çəkən Z.Ələkbərli hesab
edir ki, dövlət maraqları hər bir azərbaycanlının
varlığına xidmət edir, bu baxımdan, hər azərbaycanlının
da dövlət maraqlarına xidmət etməsi əsas şərtdir:
"Azərbaycan xalqı zaman-zaman həmrəy olub, birləşib.
Mən bir ziyalı kimi bu həmrəyliyi sovet ordusunun
Bakıda törətdiyi 20 Yanvar faciəsi zamanı
açıq şəkildə gördüm. Onda tələbə
idim. Hər şey gözlərim qarşısında baş
verirdi. Xalqımız əlbir olub imperiya zülmünə
etiraz etmək üçün küçələrə
axışırdı. Dövlətimizi müstəqil
görmək sevdası ilə meydanlara çıxan
xalqımızın nümayəndələrini nə tanklar,
nə güllələr qorxutdu. Onlar Azərbaycan dövlətinin
XX əsrdə ikinci dəfə müstəqil olması
üçün canlarını fəda etdilər. Demək
istəyirəm ki, ən böyük milli birlik hadisələrimizdən
birini onda gördüm. Bu gün isə artıq
xalqımızın milli birliyinə, vahidliyinə Azərbaycan
dövləti səviyyəsində böyük önəm
verilir. Xalqın birliyi dövlət maraqlarımızın
geniş müdafiəsi deməkdir. Prezident İlham Əliyevin
apardığı dövlətçilik siyasətində
xalq, milli birlik anlayışı əsas prinsip kimi
götürülür. Atılan hər bir addım,
görülən bütün işlərdə milli
düşüncə tərzi özünü göstərir.
Azərbaycan xalqı bu siyasətə arxayın olub
özünün milli birlik haqda fəaliyyətlərini
genişləndirir. Qarşıdan Xocalı
soyqırımının 21-ci ildönümü gəlir. Bu məsələdə
xalqımızın həmrəyliyi vacibdir. Dövlətimiz də
Xocalı soyqırımının bütün dünyada
tanınıb qəbul edilməsi uğrunda böyük
işlər görür, xalqımız da bu haqqa qovuşmaq
üçün mübarizə aparır. Xaricdəki
soydaşlarımız Xocalı soyqırımı ilə
bağlı böyük işlər görür.
Soyqırımın ildönümü ərəfəsində
bizim tanınan tarixçilər, ictimai-siyasi xadimlər, sadə
vətəndaşlar Xocalının haqqını müdafiə
etməyi bir milli həmrəylik hərəkatı sayır.
Dövlətimiz də həmçinin. Dövlətimiz vətəndaşlarımızın
birliyini, həmrəyliyini hər zaman istəyib, bu gün də
istəyir. Hesab edirəm ki, elm adamları, ictimai xadimlər
vaxtaşırı olaraq milli həmrəylik və dövlətçilik
maraqları barədə çıxışlar edib bu ali məqsədi
təbliğ etməlidir. Elm adamlarına telekanallar geniş
yer verməlidir ki, onlar milli dövlətçiliklə, milli
birliklə bağlı öz düşüncələrini
ictimaiyyətə çatdıra bilsin. Tanınan, qəbul
edilən filosoflarla, tarixçilərlə, ədəbiyyatşünaslarla,
sosioloqlarla, hüquqşünaslarla gənclərin
telegörüşünü tez-tez təşkil etmək
lazımdır ki, onlar bu mövzu ilə bağlı gənclərlə
fikir mübadiləsi apara bilsin. Gənclik bilməlidir ki, bizə
milli birlik nə üçün lazımdır? Niyə biz
hamımız dövlət maraqlarına xidmət etməliyik?
Hansı səbəbə görə dövlətimizin
maraqları ilə milli həmrəylik birləşdirilməlidir?
Bu sualları alimlər bir-bir açmalıdır ki, gənclik
Azərbaycan dövlətinə, milli həmrəyliyə
ürəkdən bağlansın, onu şüurunda,
düşüncəsində, ürəyində
yaşatsın, əməlilə bu dövlətin
maraqlarını qorusun. Bu böyük təbliğat tələb
edən məsələdir. Bu mənada hələ
danışılacaq, deyiləcək sözlər çoxdur.
Bizim filosoflar, sosioloqlar, hüquqşünaslar, ədəbiyyatşünaslar,
tarixçilər, tibb üzrə mütəxəssislər
var ki, onların sözünü, fikirlərini ictimaiyyətə
çatdırmaq lazımdır".
İradə
SARIYEVA
Mövqe.-2013.-15-17
fevral.-S.15.