Dövlət və ictimai
maraqların vəhdəti: yaxın tarix və müasirlik
Müstəqillik
dövründə nə əldə etdik?
Azərbaycan xalqının dövlətçilik
tarixinin kökü qədim zamanlara gedib dayanır. Bu bəlli
həqiqətdir. Xalqımızın tarix səhnəsində
bir neçə dövləti, imperiyası mövcud olub. XX əsrin
əvvəlində Azərbaycan Demokratik Respublikası da
qurulub.
Bu dövlətin ömrü
qısa olsa da, var olduğu 23 ay ərzində çox
böyük işlər görüb. Dövlət və
ictimai maraqların vəhdətindən doğan yeni layihələr,
planlar hazırlayıb. Dövlət və ictimai maraqların
vəhdətindən 1919-cu ildə Bakı Dövlət
Universiteti yaradılıb. Avropa və Asiyanın
qovşağında yaranan bu ilk ali təhsil ocağı Azərbaycan
Demokratik Respublikasının ictimaiyyətə, xalqa
böyük bir töhfəsi olub. Bu tarixi hadisə xalqla
dövlətin birliyinin ən böyük təzahürlərindən
biridir.
Azərbaycan xalqının
yaxın tarixindən danışanda, istər-istəməz,
sovet dövrünü də xatırlamalı oluruq. Dövlət
və ictimai maraqların vəhdətini təhlil edərkən
keçmişlə indini müqayisə etməyə bilmirsən.
Sovet illərində dövlət və ictimai maraqlar bir-birilə
vəhdət təşkil edirdimi? Onlar nə dərəcədə
bir-birini tamamlayırdı? Əslində, SSRİ dövlətinin
maraqları, yürütdüyü siyasət o qədər
mücərrəd idi ki, onun əsl mahiyyəti ictimaiyyətə
bəlli deyildi. İnsanlar kor-koranə bu bütə səcdə
edirdilər. Bu quruluşda hər şey, bütün maraqlar
sovet dövlətinin ideologiyasının yayılmasına və
möhkəmlənməsinə, insanlar üzərində
hakimlik etməsinə hesablanırdı. Hamı dövlətin
bu mücərrəd, qaranlıq ideologiyasına xidmət
edirdi. Burda ictimaiyyətin maraqları kölgədə
qalırdı. Tarixçilər bildirir ki, sovet dövründə
dövlət və ictimai maraqların heç bir vəhdət
təşkil etməməsi o dövrün ağıllı
adamlarının nəzərindən qaçmırdı.
Sovet dövrü tarixinin Azərbaycan xalqının tarixinin
ayrılmaz hissəsi olduğunu deyən tarixçi, millət
vəkili, professor Musa Qasımlı yazılarından birində
qeyd edir ki, bu dövr həm rəsmi, həm də xalq
tariximizdir: "...Çünki işğal edilsə də, mərkəzdən
idarə edilsə də, Azərbaycanın formal olaraq rəsmi
hakimiyyət orqanları fəaliyyət göstərirdi. Bu
dövrə yanaşmada rəsmi tarix və xalq tarixinin hər
ikisinin qızıl ortağı gözlənilməlidir. Məlumdur
ki, sovet dövründə hakim ideologiya və rəsmi xətt
mərkəz tarixçiliyinə üstünlük verirdi.
SSRİ-də "bir qazanda qovrulan" xalqların gerçək
tarixi barədə susulurdu. Çünki xalqın gerçək
tarixinin yazılması milli özünüdərkin, milli
şüurun güclənməsinə, milli azadlıq hərəkatının
artmasına və ayrılmasına təsir edərdi.
Bolşevik işğalı Azərbaycanın müstəqilliyinə
son qoydu, xalqı öz təbii inkişaf yolundan döndərdi,
milli ziyalıları məhv etdi. Canını birtəhər
qurtaran milli qüvvələr xarici ölkələrə
mühacirət etdilər. Mərkəz Azərbaycanın təbii
sərvətlərini vəhşicəsinə
daşıyıb apardı. Azərbaycanın ənənəvi
kənd təsərrüfatı strukturu
dağıdıldı, yerinə kollektivləşmə
adı altında yabançı kolxoz quruluşu gətirildi və
s. Amma sovet dövrü tarixi başdan-başa mənfiliklərdən
ibarət deyil. Sovet dövrü tarixinin 20, 30, 40-cı illəri
bir-birindən kifayət qədər fərqlənirdilər.
Bütün bu illərin hamısında kommunist
ideologiyası, vahid sistem mövcud olsa da, ictimai mühitdə
kifayət qədər fərqlilik vardı..."
M.Qasımlının qənaətinə
görə də, sovet dövründə dövlət və
ictimai maraqlar arasında ciddi uçurum mövcud olub.
Tarixçi Təzəgül
Yusifovanın sözlərinə görə isə, Azərbaycan
xalqının son 90-100 illik tarixi ən ziddiyyətli, eyni
zamanda da maraqlı bir tarixi dövrdür. Tarixçi hesab edir
ki, yaxın tarixin böyük səhifələrindən
birini SSRİ dövrü təşkil edir: "Azərbaycan
xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyi
əldə edənə qədər çox böyük
sınaqlardan keçməli olub. Müasir, müstəqil Azərbaycan
dövlətinə nail olmaq istəyi illərlə
insanlarımızın ürəyində yaşayıb. Sovet
illərində bir ideologiya vardı, xalqı, kütləni,
ictimaiyyəti dövlət maraqlarına xidmət etməyə
sövq edirdilər. Bu ideologiyanın əsl məqsədi
camaatdan gizli saxlanırdı. Bolşevizm ideologiyası
ictimaiyyətə töhfə verə biləcək bir xətt
deyildi. O milli ideologiyanı məhv edən, milli şüuru
kökündən qoparmağa qadir olan bir siyasi mexanizm idi.
Xalqa fayda verməkdən uzaq olan bu ideologiya xalqlar
üçün çox mücərrəd idi. Buna görə
də yaxın tariximizin böyük səhifəsini təşkil
edən sovet dövründə dövlət və ictimai
maraqların vəhdətindən söhbət gedə bilməzdi.
Bir-birinə yad olan bu iki xətt o illərdə heç zaman
birləşə bilmədi. Sovet dövləti milli
ideologiyanın əleyhinə idi. Milli ideologiyanın
yaşamasını istəməyən quruluşdan isə
dövlət və ictimai maraqların uzlaşmasını, vəhdət
təşkil etməsini gözləmək olmazdı".
T.Yusifovanın dediyinə görə,
70 ilə qədər basqı altında yaşayan
xalqımız 1991-ci ildən sonra öz azadlığına həm
mənən, həm də rəsmən nail olub.
T.Yusifovanın fikrincə, müstəqil Azərbaycan dövlətinin
apardığı siyasətin tərkib hissəsini dövlət
və ictimai maraqların vəhdəti, ahəngdarlığı
təşkil edir. Tarixçinin dediyinə görə, bu da
onunla bağlıdır ki, dövlətimiz millidir və onun əsası
azərbaycançılığa, türkçülüyə
dayanır: "Müstəqil Azərbaycan dövlətinin
hakim ideologiyasının azərbaycançılıq
olduğu məlumdur. Bu birmənalı olaraq belədir. Bu siyasəti
sadə vətəndaşlar belə anlayır. Ustad
tarixçilərdən birinin çox gözəl bir
sözü var ki, ideologiyasız, siyasətsiz dövlət
yoxdur. Müstəqillik şəraitində hakimiyyətin
tarixi elə xalqın tarixidir. Xalq hakimiyyətlə, dövlətlə
birgə bu tarixi yaradıb ona sahib çıxır. 1991-ci ildən
bu yana Azərbaycan xalqının həyatında böyük
dönüş aktları müşahidə olunur. Dövlətin
apardığı məqsədyönlü siyasət, milli
ideologiyanın yaranması, formalaşması, təbliğatı
ictimai maraqlarla dövlət maraqlarının vəhdət təşkil
etdiyini deməyə əsas verir. Azərbaycan dövlətinin
Konstitusiyasında, eləcə də qəbul edilən
qanunlarda ictimaiyyətin maraqları birmənalı olaraq nəzərə
alınıb. Amma bu, SSRİ dövründə belə deyildi.
Xalqın marağı arxa planda idi. Meydana atılan ictimai maraq
deyimi isə əsasən hakim ideologiyanın
formalaşmasına, güclənməsinə yönəldilirdi.
O dövrün ab-havası filmlərdə, ədəbiyyat
nümunələrində, lent yaddaşlarında
yaşayır. Görürsüz ki, az qala kolxozçu da,
çoban da özünü bolşevizm ideologiyasının tərənnümçüsü
kimi göstərir. Əslində, ictimaiyyət, kütlə
sovet ideologiyasının məqsəd və məramını
anlamırdı. Sadəcə, bu insan öyrədilirdi, onlar da
işıqlı gələcəkdən, komminizmin vəd
etdiyi ümidlərdən danışırdı. Xalqla
dövlət arasında elə də bir mənəvi
bağlılıq yox idi. Çünki o dövlət ictimaiyyət
üçün deyildi. Bunu o dövlətin qurulmasında
böyük əməyi olan siyasət, dövlət xadimlərimiz,
böyük insanlar da yaxşı anlayırdı. Məsələn,
Nəriman Nərimanov bu quruluşun alovlu təbliğatçısı
olub, amma sonra etiraf edib ki, bu quruluş gözləntilərini
doğrultmayıb, onun uzun yaşaması
mümkünsüzdür. Ayna və Həmid Sultanovlar da bu
dövləti quranlardan idilər, onlar da gördülər ki,
bolşevizm ideologiyasının, sovet dövlətinin
maraqları ilə Azərbaycan xalqının, ictimaiyyətinin
maraqları vəhdət təşkil etmir, bu hala qarşı
etiraz etdilər. Bu da onların və eləcə də bir
çox silahdaşlarının məhvinə səbəb
oldu. Sözümün canı odur ki, bolşevizm
dövründə dövlətin maraqları ictimaiyyətin
maraqları ilə yaxın deyildi. Müstəqillik illərində
isə, qeyd etdiyimiz kimi, dövlətimiz özü dövlət
və ictimai maraqların vəhdətinə nail olub. Bu gün
yaranan tarix kitabları, yeni ədəbiyyat, digər elmlər
öz mənbəyini, qaynağını milli təfəkkürdən,
azərbaycançılıqdan götürür. Milli məsələdə,
azərbaycançılıqda, Qarabağ probleminin həlli məsələsində,
yaxın və uzaq tariximizin yenidən araşdırılaraq
xalqımıza həqiqətin çatdırılmasında,
cəmiyyətin durulaşdırılmasında və sair
işlərdə dövlət və ictimai maraqlar vəhdət
təşkil edir. Torpaqlarımızın qorunmasında, milli
təhlükəsizliyimizin təmin olunmasında, sərhədlərimizin
mühafizəsində dövlət və ictimai maraqlar
üst-üstə düşür. Dövlət addım
atanda ictimaiyyəti, ictimaiyyət də dövləti
düşünür. Azərbaycan dövlətinin müstəqilliyi
xalqımıza çox böyük uğur gətirdi. Bir vaxt
həsrətlə baxdığımız şeylərə
indi sahibik".
Tarixçi bildirdi ki, dövlət
və ictimai maraqların vəhdəti məsələsi
çox geniş və əhatəli mövzu olduğundan, o
çox böyük araşdırma tələb edir.
Tarixçinin sözlərinə görə, hər bir vətəndaşın
şüuru dövlətə bağlılıq ruhunda, tərzində
formalaşmalıdır ki, bu vəhdət özünü tam
olaraq ictimaiyyətə aydınlatsın: "Azərbaycan
dövlətinin maraqları, ictimaiyyətin də maraqları
aydındır. Amma yenə də bu işdə ictimaiyyətdən
daha çox məsuliyyət tələb olunur. Dövlətin
gördüyü iş bəllidir. Təsəvvür edin ki,
neçə on illər mücərrəd bir ideologiyaya qulluq
edən bir xalq 1991-ci ildən milli ideologiya haqda
düşünür. Bu ideologiyanın hər detalı xalqa
aydındır. Ondan tələb olunur ki, dövlətə
bağlı olsun, dövlətin yürütdüyü siyasəti
dəstəkləsin, dövlətin maraqlarını
müdafiə etsin. Çünki saydığımız məqamların
hamısı eyni zamanda da ictimai maraqlara xidmət edir. Dövlət
və ictimai maraqların vəhdət təşkil etməsində
ümummilli liderimiz Heydər Əliyevin rolu misilsizdir. Onun rəhbərliyilə
xalq öz qaranlıq dünyasından qopub aydın bir
dünya qazandı. Azərbaycançılıq
ideologiyası ətrafında birləşən
xalqımız bununla həm milli-ictimai, həm də dövlət
maraqlarının vəhdətinə nail ola bildi. Bu az deyil. Əksinə,
çox böyük bir işdir. Dövlət və ictimai
maraqların vəhdətindən bu gün çox maraqlı məsələlər
meydana çıxır. Dövlət və ictimai maraqlar
bir-birini qətiyyən inkar etmir, əksinə, bir-birini
tamamlayır. Dövlətin qurub yaratdığı, tikib ərsəyə
gətirdiyi yeni mədəniyyət abidələri ictimaiyyətin
maraqlarını təmin edir. Heykəllər qoyulur, mədəniyyət
mərkəzləri açılır, yeni təşkilatlar
qurulur-bunlar hamısı dövlət və ictimai
maraqların vəhdətinin əks-sədası deyilmi?
Dövlət və ictimai maraqların vəhdəti
günü-gündən daha da güclənəcək.
Çünki bu maraqları müstəqil Azərbaycan
dövləti, onun Prezidenti müdafiə edir".
İradə SARIYEVA
Bakı Xəbər.-2013.-18
fevral.-S.12.