Dövlət maraqları müdafiə edilmədən ictimai maraqlar yaşaya bilərmi?

 

  Dünyada bir-birilə üzvü şəkildə bağlı olan, bir-birini tamamlayan çox məfhumların adını çəkə bilərik ki, onlar ayrılıqda fəaliyyət göstərərsə, bu heç bir effekt verə bilməz. Biz dövlət və ictimaiyyət, dövlət və xalq, dövlət və cəmiyyət anlayışlarını da bu sıraya aid etməliyik. Dövlət və ictimaiyyət daim bir-birilə əlaqədə olmalı, biri digərini inkar etməməlidir.

   Hansı dövlətdə ki, xalqla, ictimaiyyətlə dövlət arasında uçurum mövcuddur, o dövlət heç bir vəchlə inkişaf edə bilmir. Xalqın etimadını qazana bilməyən dövlət bütün dünyada öz varlığını təsdiq edə bilmir. Odur ki, dövlətlər ictimaiyyətlə sıx əlaqədə olsalar, bu daha uğurlu nəticələrə səbəb olar. Cəmiyyətin və ictimaiyyətin maraqları dövlət tərəfindən, dövlətin maraqları isə ictimaiyyət, cəmiyyət tərəfindən israrla müdafiə edilməlidir. Keçən 25-30 ildə dövlət və ictimai maraqların müdafiəsi məsələləri elə də gündəmdə deyildi. Bu məsələyə birtərəfli yanaşılırdı. Yəni dövlətin maraqları müdafiə edilirdi, ictimai maraqları müdafiə etmək, ictimaiyyətin rolunu qabartmaq qadağan idi. Amma müstəqil Azərbaycan Respublikasında ictimai və dövlət maraqlarının müdafiəsinə eyni dərəcədə önəm verilir.

   Dövlət maraqları müdafiə edilmədən ictimai maraqlar yaşaya bilərmi?

   Sosioloq və filosoflar, tarixçilər, hüquqşünaslar hesab edir ki, bu məfhumlar bir-birinə tarixi köklərlə bağlı olduğu üçün onlara ayrılıqda yanaşma düzgün deyil. Bu mənada ki, dövlət maraqları müdafiə olunmasa ictimai maraqlar istənilən səviyyədə yaşaya, inkişaf edə bilməz. "Dövlət maraqlarının müdafiəsinə hər bir vətəndaş, QHT təmsilçisi, dövlət məmurları böyük maraq göstərməlidir" deyə bildirən sosioloq Lamiyə Qasımovanın sözlərinə görə, dövlət maraqlarının müdafiəsi həm dövlətimizin, həm də ictimaiyyətimizin təhlükəsizliyi, firavanlığı, onların günü-gündən dəyişməsi, inkişafı deməkdir. Azərbaycan xalqının zaman-zaman dövlət maraqlarının müdafiəsi ilə məşğul olduğunu deyən Lamiyə xanım hesab edir ki, bu axıra qədər də belə olacaq: "Dövlət maraqlarının yaşaması, müdafiə olunması, təbliğatı əsas vəzifələrdən biridir. Hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Harada işləməyimizdən, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıyıq. Çünki azərbaycanlıyıq və kökümüz bu torpağa bağlıdır. Dövlət maraqları müdafiə olunmadan heç bir vaxt ictimai maraqlar qoruna bilməz. Dövlətin əsasında xalq durur, xalqın da əsas istinad yeri, arxa-dayağı, bir sözlə, sahibi dövlətdir. Bunu ictimaiyyət yaxşı başa düşür. Odur ki, dövlət maraqları müdafiə edilməlidir ki, ictimai maraqlar da yaşaya bilsin. Əks halda, ikinci elə də uzunömürlü olmayacaq. Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlət anlayışına bağlı, onun atributlarına, simvollarına sayğılı xalqdır. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Azərbaycanın dövlət maraqlarının ictimaiyyət arasında təbliği məsələsi vacibdir. Bu barədə siz dəfələrlə fikir bildirmisiniz. Qeyri-hökumət təşkilatları, fəal ictimaiyyətçilər, yaradıcı şəxslər, millət vəkilləri, el ağsaqqalları, bələdiyyələr vaxtaşırı ictimaiyyətlə görüşməli onlarla dövlət maraqlarının müdafiə olunmasının vacibliyi, dövlət siyasətinin təbliği və sairlə bağlı söhbətlər aparmalıdır. Bilirsiz məsələnin ağrılı tərəfi nədir? İndiyə qədər çox nadir hallarda hansısa bir hörmətli alim, akademik sadə camaatla söhbət edib onları dövlət maraqlarının müdafiəsinə səsləyib. Dövlət maraqlarının müdafiəsi olmadan dövlətimizin müstəqilliyi də şübhə altına düşər, beynəlxalq aləmdə də nüfuzumuza zərbə dəyər. Ziyalı adına iddialı adamlar çoxdur, amma onların birinin də ictimi məzmunlu çıxışına rast gəlinmir. Elə götürək, son illər respublikamızda ailə institutunun vəziyyətini. Ailə həm milli-mənəvi, adət-ənənə baxımından bizə əzizdir, həm də dövlətimizin maraqlarına uyğun bir institutudur. Dövlət siyasətində ailə modelinin ənənələr üzərində inkişafı xüsusi yer tutur. Dövlətimiz müasir Azərbaycan ailəsinin dövlətə bağlı bir ailə olmasına çalışır. Bunun üçün müxtəlif layihələr həyata keçirir, tədbirlər görür. Ailənin inkişafı dövləti ciddi düşündürür. O bu sahədə mövcud olan problemləri kökündən həll etməyə çalışır. Digər tərəfdən də cəmiyyətdə uğursuz nikahların sayı durmadan artır, boşanmalar baş verir. Bu da cəmiyyəti, ictimaiyyəti kökündən sarsıdan mənfi hallardan biridir. Azərbaycanda böyük bir ziyalı ordusu var, ancaq o ziyalıların çox kiçik bir hissəsi dövlət maraqlarının müdafiəsindən çıxış edərək ailə problemlərilə bağlı fikir bildirir. Əslində, sosiologiya, fəlsəfə sahəsində elə alimlərimiz var ki, ailə institunu çox yaxşı bilir və onların hər bir çıxışı, verdikləri resept ailəni xilas edə bilər. Ziyalı cəmiyyətin ağrıyan yerini öz canı bilməlidir. Vaxtilə ziyalılar ailələri dağılmaqdan xilas edirdilər. Sovet illərində ailə maarifçiliyilə bağlı verilişlər vardı, "Azərbaycan qadını", "Elm və həyat" jurnalları çıxırdı. Burada ölkənin sayılıb-seçilən adamları çıxış edib boşananları yolundan qaytarırdı. Amma indi bəzi ziyalılar çıxıb ya özünü tərifləyir, ya da hansısa şou-biznesçinin geyiminə qiymət verir. Maarifləndirici çıxışlar olmalıdır ki, ailə institumuz ziyan çəkməsin. Ailədən danışmaq səlahiyyəti olanlara imkan verilməlidir. İndiyə qədər heç yerli bələdiyyələr də ziyalılarla ictimaiyyətin görüşünü təşkil etməyib. Mənə belə gəlir ki, onlar da bu işdə təşəbbüskar olmalıdır. Yerli icra hakimiyyəti orqanlarının özü bu kimi məsələlərdə mütəxəssislərin, ziyalıların fikirlərinə önəm verməlidir. Bilirsiz, nədənsə bəzi qüvvələr ziyalının rolunu kölgəyə atmağa çalışır. Amma dövlət maraqlarından danışırıqsa, deyə bilərik ki, onun formalaşmasında ziyalıların rolu böyük olub. Ziyalılarımızın bir qismini nə dövlət, nə də ictimai maraqlar maraqlandırır, bir qismi isə hər ikisinin inkişafında maraqlıdır".

   Dövlət maraqları müdafiə edilmədən ictimai maraqların yaşamasının perspektivsiz olduğunu deyən hüquqşünas Aysel Kalbalıyevanın sözlərinə görə, dövlətimizin Konstitusiyasında dövlət və ictimai maraqlar vəhdət təşkil edir: " Dövlət maraqlarının müdafiəsinə hər kəs maraq göstərməlidir. Dövlət maraqları müdafiə edilmədən ictimai maraqların yaşaması, uzunömürlü olması mümkün deyil. Çünki dövlət və ictimai maraqların bir-birilə sıx bağlılığı bir başa Konstitusiya ilə tənzimlənir. Xalq və dövlət, ictimaiyyət ayrılmaz məfhumlardır. Azərbaycan xalqının dövlət maraqlarına bağlılığı bəllidir. Bu özünü bir sıra sahələrdə büruzə verir. İctimaiyyətin əsas hədəfi dövlətimizin daha da inkişaf etməsi, günü-gündən çiçəklənməsi, regionda daim lider dövlət adını qoruyub saxlamasıdır. İctimaiyyət şəhərdə aparılan abadlıq işlərindən razıdırsa, yavaş-yavaş dövlətin qayğısı sayəsində uşaq bağçalarında, səhiyyə ocaqlarında xidmət normallaşırsa, demək dövlət maraqları qorunur, müdafiə edilir. Bir şey demək istəyirəm ki, dövlət maraqlarının müdafiəsinə məmurlar, səhiyyə və təhsil sahəsində işləyənlər daha çox çalışmalıdır. Ona görə ki, onların birbaşa işi dövlət maraqlarını müdafiə etmək, onun tələblərindən çıxış edərək əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir. Amma bəzən görürsən ki, ictimaiyyət dövlət maraqlarını müdafiə edir, amma hansısa bir dövlət məmuru vəzifə səlahiyyətlərini aşaraq bu maraqlara zidd addımlar atır. Bir vaxtlar Bakıda uşaq bağçalarının çoxunda hərc-mərclik hökm sürürdü. Uşaqların qidalanması, istirahəti, onların tədris vəsaitilə təmin olunması yarıtmaz vəziyyətdə idi. İctimaiyyət bundan narazı qalırdı. Dövlət maraqlarına uşaqların hüquqi və mənəvi müdafiəsi, sağlamlığı, qidalanması, istirahətlərinin lazımı səviyyədə təşkil olunması da aiddir, ancaq buna bağçaların çoxunda əhəmiyyət verilmirdi.

   Görürsüz, son aylar bu sahədə irəliləyiş var. Bu da o deməkdir ki, dövlətin maraqları qorunur, bu da eyni zamanda ictimaiyyətin maraqlarının qorunmasına, müdafiəsinə gətirib çıxarır. Artıq valideynlər arasında bağçalardan şikayətlər az-az gəlir. Hər bir vətəndaş, məmur ictimai maraqların yaşaması üçün dövlət maraqlarının müdafiəsinə, onun qorunmasına çalışmalıdır. Bilməlidirlər ki, dövlətin qanunlarının, sosial siyasətinin uğurla icra olunması ictimai maraqların yaşaması, əhalinin dövlətdən razı qalması deməkdir. Bu kifayət qədər həssaslıq tələb edən haldır".

   A.Kalbalıyevanın sözlərinə görə, yeni iş yerlərinin açılması kimi müsbət hallar da ictimai maraqların yaşamasına təkan verir. A.Kalbalıyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti çıxışlarından birində yeni iş yerlərinin açılmasını təqdir edib və əmək qabiliyyəti olan və işləmək istəyən hər bir kəsin işlə təmin olunacağını deyib: "Azərbaycan dövlətinin maraqlarının müdafiəsi hər sahədə özünü göstərməlidir. Yeni iş yerləri açan sahibkarlar da bu mənada dövlətin maraqlarını müdafiə edirlər.

   Yeni iş yerlərinin açılması yüzlərlə əmək qabiliyyəti olan insanın sosial rifahının düzəlməsinə şərait yaradır. Ölkə başçımız sahibkarlarla görüşlərdə, açılışı olan sənaye-yeyinti məhsulları şirkətlərinin, müəsissələrinin açılışlarında bildirir ki, əmək qabiliyyəti olan hər bir vətəndaş işlə təmin olunmalıdır. Bu artıq dövlətin vətəndaşlarına qayğısı, etimadıdır. Yeni iş yerlərinin açılmasını dövlətimiz də istəyir, Prezidentimiz İlham Əliyev də, camaat da. Demək istəyirəm ki, dövlət maraqları həyata keçirilirsə, bundan yaxşı mənada ictimaiyyət təmsilçiləri istifadə edir. Odur ki, dövlət maraqları müdafiə edilmirsə, onda ictimai maraqların yaşamasından danışmağa dəyməz. Dövlət maraqları hərtərəfli müdafiə olunur, bu da ictimai maraqların yaşamasına təkan verir".

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-19 fevral.-S.15.