Dövlət
maraqlarımızın təhsil sahəsində beynəlxalq
miqyaslı təbliği və müdafiəsi...
Azərbaycan
dövlətinin inkişafı, bütün
sahələr üzrə əldə etdiyi
nailiyyətlər, qazandığı uğurlar
təqdirəlayiqdir. Dövlət maraqlarımızın təmin
olunmasına böyük töhfələr
olan bu
addımların sədası beynəlxalq aləmdə də eşidilir. Müasir Azərbaycan
təhsili özünün beynəlxalq əlaqələrini
qurmaqla çox böyük üstünlüklər əldə
edib.
Bu həm də beynəlxalq sferada milli və dövlət maraqlarımızın müdafiəsi deməkdir. Azərbaycanın dövlət maraqları sahəsində özünə əsas yerlərdən birini tutan təhsilin, elmin inkişafı hər zaman diqqət mərkəzində saxlanıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi saytında Nazirliyin beynəlxalq əlaqələrinin çoxşaxəli olduğu qeyd edilir. Ekspertlər bildirir ki, Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətləri tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulma, eyni zamanda, onların işində yaxından iştirak etməkdən ibarətdir. Təhsil sahəsində mövcud olan beynəlxalq əlaqələrin Azərbaycanın dövlət maraqlarına uyğun qurulduğunu deyən pedaqoji elmlər namizədi Şəhanə Cəfərova deyir ki, ölkənin təhsil sahəsində beynəlxalq əlaqələrin əsas koordinasiyası mərkəzi olan Təhsil Nazirliyinin səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan Respublikası təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi təmin olunub: "Bunun nəticəsidir ki, Azərbaycanın təhsil müəssisələri YUNİSEF, YUNEVOK, YUNESKO, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemlərilə məşğul olan qurumlarının işində fəal iştirak edir. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUSTASİS proqramına Azərbaycanın ali məktəblərinin fəal cəlb olunmasını qeyd edə bilərik. Bu proqram əsasında tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə staj keçməsinin təşkili, ali təhsil müəssisələrinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchizatı üzrə bir sıra tədbirlər həyata keçirilib. TEMPUS proqramı çərçivəsində Azərbaycanın ali məktəblərinə göstərilən maliyyə-texniki yardım təqribən 5.5 milyon avro təşkil edir. Bu proqramın maliyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən "Qərb", "Xəzər" və "Təfəkkür" kimi özəl ali məktəblərdə bir sıra məqsədyönlü işlər görülüb".
Azərbaycan təhsilinin beynəlxalq aləmə inteqrasiyası sayəsində bizim milli təhsil mədəniyyətimizin dünyaya çıxdığını deyən Şəhanə Cəfərovanın sözlərinə görə, xaricdə təhsilimizi inkişaf yolu tutan bir təhsil sistemi kimi qəbul edirlər. Bundan başqa, pedaqoq dedi ki, Təhsil Nazirliyinin bu sahədə çox sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də YUNİSEF-dir: "Azərbaycan hökumətilə YUNİSEF arasında imzalanan Əməkdaşlıq Proqramı çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf və daha yaxşı valideynlik təşəbbüsü", "Fəal təlim və məktəb rəhbərliyi", "İnkişaf üçün təhsil və Uşaq Hüquqları Konvensiyası (UHK)", "Təhsil sistemində məlumatların və təkliflərin təkmilləşdirilməsi", "Gənclərin sağlamlığı və inkişafı", "Valideyn-Müəllim Assosiasiyasının yaradılması", "Mina təhlükəsinə dair maarifləndirmə" kimi layihələr üzrə uğurla iş aparılıb".
Ekspertin sözlərinə görə, bununla yanaşı, Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, Özbəkistan və Polşa kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaradıb və bu əməkdaşlığı indinin özündə də uğurla davam etdirir. Pedaqoqun dediyinə görə, Təhsil Nazirliyi rəhbərliyi Fransa, Türkiyə, Böyük Britaniya, Rusiya, İran, ABŞ, Almaniya və başqa ölkələrlə təhsil sahəsində birbaşa əməkdaşlıq proqramı çərçivəsində həmin ölkələrdə olub, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutan protokollar imzalayıb. Mütəxəssis bildirdi ki, indiyə qədər Təhsil Nazirliyi, Azərbaycan dövləti bir sıra beynəlxalq layihə və proqramlara qoşulub. Biz onlardan bəzilərini qeyd etmək istəyirik:
"MDB ölkələrilə ABŞ-ın qardaşlaşmış məktəblər", "Azərbaycanda peşə təhsilinin inkişafı sahəsində Avropa Təhsil Fondunun Təhsil Nazirliyilə birgə" layihələri, "Azərbaycanın təhsil müəssisələrində ingilis dilinin tədris metodikasının təkmilləşdirilməsi üzrə Britaniya Şurasının Təhsil Nazirliyilə birgə proqramı", Avropa Şurası ilə "Təhsil vasitələrilə mədəniyyətlərarası dialoq" mövzusunda regional layihə, Avropa Şurası ilə "Demokratik vətəndaşlıq üzrə təhsil" mövzusunda birgə regional layihə, Avropa Şurası ilə "Milli azlıqların təhsili sahəsində siyasət" birgə layihəsi, ABŞ-ın ACCELS təşkilatı ilə birgə layihə, ABŞ-ın İREX şirkətilə əməkdaşlıq proqramı, Almaniya Akademik Mübadilə Xidməti-DAAD ilə birgə proqram, Təhsil Nazirliyi YUNİSEF və "Dünyaya baxış" təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təlimi üzrə birgə layihə, Azərbaycanda peşə təhsilinin inkişafı üzrə YUNESKO ilə birgə layihə - kimi nümunlər milli təhsilimizin dünyanın təhsil prosesinin içində olmasından irəli gəlir.
Şəhanə Cəfərovanın dediyinə görə 2004-cü ildə Avropa İttifaqının Yeni Qonşuluq Siyasətinə dair qəbul etdiyi bu qurumun təhsil proqramında "yeni qonşular", o cümlədən Azərbaycanın iştirakı da nəzərdə tutulub: "Qeyd olunan proqramlarda Azərbaycanın iştirakı Avropa İttifaqı ilə ölkəmiz arasında təhsil sahəsində qarşılıqlı əlaqələri yeni mərhələyə yönəldib. Bilirik ki, 2005-ci ilin may ayında Azərbaycan Vahid Avropa Təhsil Məkanının yaradılmasını nəzərdə tutan Boloniya prosesinə qoşulub. Bu, Azərbaycanın təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha səmərəli inteqrasiyasına geniş imkanlar yaradıb. Məlumdur ki, Boloniya prosesi çərçivəsində 2010-cu ilədək regionda Vahid Ali Təhsil Məkanının yaradılması prosesinin başa çatdırılması planlaşdırılırdı. Bu gün Azərbaycanın ali təhsil sahəsində fundamental dəyişikliklər nəzərə çarpır, bundan sonra da xeyli dəyişikliklər olacaq. Azərbaycan təhsili dövlət maraqlarımızın əsasında durur. Təhsilin səviyyəsi hər bir xalqın səviyyəsinin göstəricisidir. Təhsilimiz dünya təhsilinə inteqrasiya etdikcə özü ilə ora Azərbaycanın dövlət maraqlarını da aparır. Təhsilimiz dünyaya çıxmaqla həm də milli və dövlət maraqlarımızı təbliğ və müdafiə edir. Bu qədər layihə və proqramların həyata keçirilməsində Azərbaycan dövlətinin, Təhsil Nazirliyinin iştirakı təhsilimizin beynəlxalq səviyyəyə qalxmasıdır. Bu gün sevindirici haldır ki, xarici ali məktəblərdə yüzlərlə gənc təhsil alır. Onların işi yalnız təhsil almaq deyil, həm Azərbaycanın dövlət və milli maraqlarını təbliğ etmək, həm də müdafiəsilə məşğul olmaqdır. Azərbaycan gənclərinin dünyanın ən aparıcı təhsil müəssisələrində təhsil almasının vacibliyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti 19 oktyabr 2006-cı il tarixində "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" və 16 aprel 2007-ci il tarixində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" sərəncamlar imzalayıb. Məlumatıma görə, artıq proqram çərçivəsində 1000-ə yaxın azərbaycanlı gənc dünyanın bir çox ölkələrinin bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində təhsilə cəlb olunub. Bu ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç, Niderland və başqa ölkələri göstərmək olar. Proqram çərçivəsində 2007-2015-ci illər ərzində 5 min azərbaycanlı gəncin xarici ölkələrdə təhsil alması nəzərdə tutulub.
Bu gün Azərbaycan təhsil sistemində Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun "Addım-addım" və "Tənqidi təfəkkürün inkişafı" texnologiyaları, BMT-nin "Davamlı insan inkişafı", YUNESKO-nun "Assosiativ məktəblər", "Qardaşlaşmış məktəblər" layihələri, "Alman Akademik Mübadilə Xidməti", "Gənclərin nailiyyəti" təşkilatlarının proqramları ümumilikdə 200-dən artıq təhsil müəssisəsində uğurla tətbiq edilir".
Ş.Cəfərovanın dediyinə görə, Azərbaycan təhsilinin beynəlxalq əlaqələrini tənzimləmək və daha da inkişaf etdirmək üçün lazımi hüquqi baza yaradılıb. Ekspertin məlumatına görə, Azərbaycan Respublikası artıq ali təhsil sahəsində təhsil sənədlərinin və elmi dərəcələrin tanınması ilə bağlı bir neçə beynəlxalq konvensiyalara da qoşulub. Bunlar Avropa regionu dövlətlərində ali tədris kurslarının, ali təhsil diplomlarının və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1979-cu il Paris Konvensiyası, Asiya və Sakit okean ölkələrində tədris kurslarının, ali təhsil sahəsində diplomların və elmi dərəcələrin tanınması haqqında YUNESKO-nun 1983-cü il Banqkok Regional Konvensiyası və Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında 1997-ci il Lissabon Konvensiyalarıdır.
Ekspert hesab edir ki, bu sənədlərə qoşulma da təhsilimizin yeni simasının dünya tərəfindən qəbul edilməsidir. Artıq Azərbaycan alimlərinin elmi nəticələrinin dünyada tanınıb qəbul edildiyini deyən Ş.Cəfərovanın sözlərinə görə, bizim ali məktəblərin də diplomları bir sıra xarici ölkələrdə tanınır. Pedaqoqun fikrincə, Azərbaycan təhsilinin inkişaf yoluna çıxması xalqımızın, dövlətimizin nailiyyətidir.
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-21 fevral.-S.15.