Azərbaycanın daxili
və xarici siyasətində dövlət
maraqlarının müdafiəsi...
Razi Nurullayev: "Azərbaycanın
daxili və xarici siyasətində milli və dövlət
maraqlarımızın qorunması, müdafiə edilməsi qənaətbəxş
hesab edilə bilər"
Kamil Rüstəmli: "Heydər Əliyev
1993-cü ilin 10 oktyabrında dedi ki..."
İyirmi
ildən yuxarıdır ki, Azərbaycan dövləti
suverendir, onun müstəqil daxili və xarici siyasəti var. Azərbaycanın
daxilində uzun illərdən bəri davam edən sabitlik və
inkişaf hər bir vətəndaşın həyatını,
güzəranını yaxşılaşdırır.
Stabillik, sülh və əmin-amanlıq, sosial-iqtisadi
inkişaf Azərbaycan dövlətinin vətəndaşlara bəxş
etdiyi ali bir dəyərdir. Müstəqil Azərbaycan dövləti
özünün daxili və xarici siyasətində dövlət
maraqlarının müdafiəsini əsas xətt kimi götürür
və buna sadiq qalır.
Azərbaycanın daxili siyasətində
dövlət maraqlarının ən böyük müdafiəsi
milli təhlükəsizliyimizin, hava, quru və su sərhədlərimizin
qorunması sayəsində özünü daha qabarıq
göstərir. Ölkədə hökm sürən
davamlı stabil mühit dövlət maraqlarımızın
müdafiəsində başlıca rol oynayır. Azərbaycan
dövlətinin müstəqillik əldə etməsi onun
daxili və xarici siyasətində yeni və böyük bir səhifə
açdı. Məsələ burasındadır ki, Azərbaycan
dövlətinin atdığı hər bir addım milli və
dövlət maraqlarından kənara çıxmır. Hər
şey dövlətimizin maraqlarının təmin edilməsi
nöqteyi-nəzərindən edilir.
Fəlsəfə üzrə fəlsəfə
doktoru Kamil Rüstəmli bizimlə söhbətində
bildirdi ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində
dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və
prinsiplərə uyğun müstəqil dövlət
quruculuğu prosesi başlanıb: "Biz daxili və xarici
siyasətdə dövlət maraqlarının müdafiəsindən
danışarkən bu sahədə görülən işlərin
miqyasına nəzər salmaq kifayətdir. Sirr deyil ki, daxili və
xarici siyasətimizin dövlət maraqlarının müdafiəsinə
söykənməsi birbaşa Heydər Əliyevin xidmətlərilə
bağlıdır. Onun dövlət başçısı
olduqdan sonra həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin
nəticəsi kimi, bir tərəfdən, Milli Ordumuzun
formalaşdırılması, Azərbaycanın milli və
dövlət mənafelərini qorumağa qadir olan nizami
silahlı qüvvələrin yaradılması,
torpaqlarımızın müdafiə olunması ilə
bağlı mühüm addımlar atıldı. Bundan
başqa, atəşkəsə nail olmaq üçün
bütün siyasi və diplomatik vasitələr işə
salındı, bunun da nəticəsində 1994-cü ilin
mayında ölkəmiz üçün həyati əhəmiyyət
kəsb edən atəşkəsə nail olundu. Azərbaycanın
daxilində yaranan nisbi sakitlikdən və beynəlxalq aləmdə
ölkəmizə artan inam və maraqdan istifadə edərək,
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"
adlandırılan neft müqaviləsinin imzalanması və
onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən
işlənib hazırlandı və müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft
strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyilə həm daxili, həm
də xarici siyasət sahəsində çox yaddaqalan və
uğurlu siyasət həyata keçirildi. Bu, Azərbaycan
dövlətinin milli və dövlət maraqlarının beynəlxalq
aləmdə tanıdılması, qəbul edilməsi və
bir nümunə kimi təqdir edilməsi ilə bağlı
idi. Cənab Prezident İlham Əliyev də, dövlət rəsmiləri
də Azərbaycan Respublikasının daxili və xarici siyasətində
dövlət maraqlarını əsas xətt kimi götürür.
Bu gün ölkədaxili sabitliyin qorunmasında dövlət
başçısının rolu və əməyi
danılmazdır. Eləcə də xarici siyasət sahəsində
görülən işlər, beynəlxalq əməkdaşlıq
əlaqələri, Azərbaycanın ərazi
bütövlüyü məsələsi diqqəti çəkir.
Dövlət başçısı İlham Əliyev bütün
rəsmi və qeyri-rəsmi səfərlərində,
görüşlərində Dağlıq Qarabağ
münaqişəsinin həllinə diqqət yetirir, bu ərazinin
Azərbaycan dövlətinin ayrılmaz parçası
olduğunu vurğulayır. Azərbaycanın xarici siyasətində
Dağlıq Qarabağ məsələsi önəmli yer
tutur. Artıq dünya dövlətlərinin çoxu Ermənistanın
işğalçı bir dövlət olduğunu qəbul
edir".
K.Rüstəmlinin sözlərinə
görə, hər bir müstəqil dövlət özünə
xas xüsusiyyətlərlə fərqlənən, müxtəlif
istiqamətli daxili və xarici siyasət yürüdür:
"Dövlətin daxili siyasəti xalqın ümumi rəyilə
yaradılan və qəbul olunan Konstitusiya əsasında onun
tam bir varlıq kimi yaşamasına, fəaliyyətinə,
ictimai-siyasi, iqtisadi və mənəvi həyatın
bütün sahələrində təmsil etdiyi vətəndaşların
maddi və mənəvi tələbatının fasiləsiz təmin
edilməsinə yönəldilir. Xarici siyasət isə bu vəzifənin
yerinə yetirilməsi, habelə öz ərazisində
qanunverici, icraedici və məhkəmə hakimiyyətinin kənar
müdaxilə olmadan həyata keçirilməsi məqsədilə
təhlükəsiz və əlverişli beynəlxalq şəraitin
təmin edilməsinə xidmət edir. Ölkə daxilində
gedən proseslərdən və qarşıya qoyulan vəzifələrdən
irəli gələn siyasi xətt dövlətin beynəlxalq
münasibətlər sahəsində mövqeyini və xarici
siyasətin istiqamətlərini, xarakterini, prinsiplərini
müəyyənləşdirir və şərtləndirir.
Bu mənada xarici siyasəti dövlətin daxili
inkişafının əsas vəzifələrindən irəli
gələn, ölkənin milli və dövlət maraq və
mənafeləri ilə xarici aləmin maraqları arasında
sivil birgəyaşayış qaydaları, normaları əsasında
uyğunlaşdırılmış,
uzlaşdırılmış münasibətlər sistemi
yaratmağa xidmət edən məqsədyönlü fəaliyyət
növü kimi xarakterizə etmək olar".
K.Rüstəmlinin bildirdiyinə
görə, Azərbaycan Respublikasının
Konstitusiyasının 10-cu maddəsində göstərilir ki,
Azərbaycan başqa dövlətlərlə və xarici aləmlə
əlaqələrini beynəlxalq hüquq normaları, eləcə
də ölkənin maraqlarını nəzərdə tutan
prinsiplər əsasında qurur: "Azərbaycan
Respublikasının mərhum Prezidenti Heydər Əliyev
1993-cü il oktyabr ayının 10-da prezident seçilməsilə
bağlı keçirilən rəsmi andiçmə mərasimindəki
çıxışında qeyd etdi ki, respublika
qarşısında duran əsas vəzifələrdən biri
Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə
edən bilən səriştəli xarici siyasətin
yürüdülməsidir. Onun sözlərinə görə,
qarşıda duran böyük vəzifələrdən biri
budur. O öz verdiyi vədi uğurla yerinə yetirdi. Heydər
Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan
dünyanın demokratik dövlətlərinin və
aparıcı ictimai təşkilatlarının ölkəmizə,
zorla cəlb olunduğu silahlı münaqişəyə
münasibətinin əsaslı surətdə dəyişməsinə
nail ola bildi. Heydər Əliyevin xarici siyasətinin əsasını
sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin
bütövlüyünə və toxunulmazlığına,
dövlətlərin ərazi bütövlüyünə
hörmət və qarşılıqlı surətdə
faydalı əməkdaşlıq prinsipləri təşkil
edirdi. Onun dünya təcrübəsinin bütün nailiyyətləri,
sivil beynəlxalq normaları özündə tam əks etdirən
sülhsevər xarici siyasətinin əsasında isə ilk
növbədə milli müstəqilliyin möhkəmləndirilməsi,
dövlətlərin hüquqlarına hörmətlə
yanaşılması, bütün mübahisəli məsələlərin
sülh və danışıqlar yolu ilə həll edilməsi,
qarşılıqlı faydalı iqtisadi, elmi və mədəni
əməkdaşlıq yaradılması, dövlətlərarası
əlaqələrə mane olan hər cür məhdudiyyətlərin
aradan qaldırılması prinsipləri dayanırdı".
"Region" Beynəlxalq Analitik
Mərkəzinin rəhbəri, müstəqil politoloq Razi
Nurullayevin qənaətinə görə, Azərbaycan dövlətinin
xarici və daxili siyasətində ölkənin dövlət
və milli maraqlarının qorunması, müdafiəsi qənaətbəxş
sayıla bilər: "Ümumilikdə götürdükdə
Azərbaycanın daxili və xarici siyasətində milli və
dövlət maraqlarımızın qorunması, müdafiə
edilməsi qənaətbəxş hesab edilə bilər. Cəmiyyətdə
müxtəlif təbəqələrdə insanların
baxışlarında fərqlilik var. Azərbaycanın milli və
dövlətçilik maraqları onun ərazi
bütövlüyünə söykənir".
R.Nurullayevin sözlərinə
görə, Azərbaycanın daxili və xarici siyasəti
üçün mühüm olan və onun imicini zədələməyən
bir sıra məsələlər var. Dağlıq Qarabağ
problemindən danışan ekspert hesab edir ki, Qarabağ məsələsi
birbaşa Azərbaycanın milli və dövlət
maraqlarına söykənən məsələdir:
"Dağlıq Qarabağla bağlı məsələlərdə
cəmiyyətin özündə də heç bir
parçalanma olmamalıdır. Dağlıq Qarabağ məsələsində
Azərbaycanın bütün təbəqələri-iqtidar,
müxalifət, vətəndaş cəmiyyəti, ekspertlər,
milli azlıqlar-etnik qruplar və s. eyni düşüncəyə
malik olmalıdır. Onların bu məsələdə
düşüncəsi eyni olmasa, bu zaman Azərbaycanın
milli və dövlət maraqları ziyan çəkə bilər.
Mən digər tərəfdən burada olan bəzi məqamları
da vurğulamaq istəyirəm ki, Azərbaycanla, Dağlıq
Qarabağla bağlı məsələlərdə Azərbaycanın
milli maraqları tam gözlənilmir. Bu da onunla
bağlıdır ki, bəzən Dağlıq Qarabağ
problemi üzərindən müəyyən siyasi planlar və
platformalar qurulur. Qarabağ münaqişəsi müəyyən
qədər siyasi debatların, seçkilərin müzakirəsinə
çevrilir və bu da digər siyasətçinin
maraqlarına xidmət edir. Bax, bu, Azərbaycanın
maraqlarının müdafiəsində çox zərərli
məsələdir. Azərbaycanın dövlət və milli
maraqlarının gözlənilməsi ilk növbədə
siyasi hakimiyyətin, Azərbaycan hökumətinin üzərinə
düşən məsələdir. Çünki ölkənin
siyasətini onlar aparır, onlar bəzi məsələlərdə
"hə" və "yox" deyə bilər".
Rusiyanın Azərbaycana bəlli
münasibətinin olduğunu deyən politoloq hesab edir ki, bu
ölkə hər zaman Azərbaycanın dövlət
maraqlarına zidd addım atır və dövlətimizin daim
təzyiq altında olmasını istəyir. Qonşu dövlətlərlə,
xüsusən də İran və digər ölkələrlə
mədəni və siyasi əlaqələrin möhkəmləndirilməsinin
Azərbaycanın milli və dövlət maraqlarına
uyğun olduğunu vurğulayan politoloq Nurullayev deyir ki,
İranın Azərbaycanın daxili işlərinə
qarışmasının qarşısını almaq gərəkdir:
"Buna görə də Azərbaycanın siyasi
elitasında, həm iqtidar, həm də müxalifətdə
bəlli oturuşmuş mövqe olmalıdır. Hesab edirəm
ki, Rusiya ilə müqayisədə siyasi elitada İranla
bağlı daha oturuşmuş mövqe var. Bu mənada Azərbaycanın
milli və dövlət maraqlarına güclü təhlükə
görmürəm.
Amma eyni zamanda, Azərbaycanda islam
dövlətinin yaradılması ilə bağlı müəyyən
məqamlar ortada var. Azərbaycanda belə qüvvələr
ola bilər.
Hesab edirəm ki, bu daha ciddi şəkildə
Azərbaycanın milli maraqlarını təhlükədə
qoya bilər..." Rusiya və İran məsələsində
Azərbaycanın bütün sağlam qüvvələrinin
eyni məqsəd uğrunda birləşməli, təmərküzləşməli
olduğunu deyən Razi bəy hesab edir ki, bu bizim dövlət
maraqlarımıza xidmət edir.
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-25 fevral.-S.12.