Azərbaycan regionun ilk kosmik sənaye
ölkəsidir
4-5 oktyabr 2012-ci ildə
paytaxtımızda keçirilən II Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak edən rusiyalı kosmonavt
V.Savinıx jurnalistlərdən soruşdu: "Bu gündə
hansı əlamətdar hadisə baş verib?".
Biz ona dedik ki, 1957-ci ilin 4 oktyabrında
keçmiş SSRİ-də dünyada ilk dəfə Yerin
süni peyki buraxılıb. Cavabdan məmnun qalan
Savinıx dedi: "Təəssüf ki, dünyanın 70
ölkəsindən Forumda iştirak edən adlı-sanlı
adamlar çıxışlarında bu hadisəni yada salmadılar".
Onu bu sıxıntıdan
çıxarmaq üçün dedik: "Azərbaycanda
"Azərkosmos" qurumu yaradılıb. Yaxın
vaxtlarda milli peykimiz olacaq. Bakıya növbəti
gəlişiniz vaxtı hər iki hadisəni yada
salarıq". Təəccüblə bizə baxan
kosmonavt dedi: "Bu çox çətin və bahalı
işdir, öhdəsindən gələ biləcəksiniz?". Əlbəttə,
kosmonavtın sözündə bir həqiqət də var idi.
Çünki bu işin öhdəsindən yalnız yüksək
iqtisadi inkişafa, elmi-texniki potensiala malik dövlət gələ
bilər...
İnkişafın növbəti Azərbaycan zirvəsinə
aparan yol
Müasir informasiya
texnologiyalarının sürətlə inkişaf etdirilməsi
artıq müstəqil Azərbaycan dövlətinin
sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən
biridir. Bu sahənin də ardıcıl, sistemli və
sürətlə inkişafına xüsusi diqqət verən
mərhum Prezident Heydər Əliyev 2003-cü il
17 fevral tarixdə "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə (2003-2012-ci illər) Milli Strategiya" sərəncamını
imzaladı. Bu sənəd 10 il müddətində
müasir İKT-nin ölkəmizdə tətbiqi sahəsində
prioritet vəzifələri müəyyənləşdirdi. Həmin illərdə zəruri hüquqi-normativ baza
formalaşdırıldı, maddi-texniki təminat müasir tələblərə
uyğunlaşdırıldı, poçt, informasiya təhlükəsizliyi,
elektron imza və sənəd, telekommunikasiya haqqında qanunlar
qəbul edildi. Telekommunikasiya siyasəti
planı, İKT-nin inkişafı üçün dövlət
proqramı, yeni lisenziya sistemi və digər normativ-hüquqi sənədlər
hazırlanaraq qüvvəyə mindi.
Bu kursu layiqli davam
etdirən Prezident İlham Əliyev İKT nailiyyətləri
sayəsində respublikanın əlverişli tranzit ölkəyə
və regional mərkəzə çevrilməsini hədəflədi.
Karbohidrogen faktorundan sonra estafetin İKT-yə
keçməsinin vacibliyini bəyan edən cənab Prezident,
qısa müddətdə həmin sahə üzrə
çox mühüm tədbirlərin həyata keçirilməsini
təmin etdi. Artıq bu gün İKT
nailiyyətləri məftilli və simsiz telefon sektorunu,
TV-radio sistemini, süni peyk, kabel magistrallarını, kompyuter
şəbəkələrini vahid bir sistemdə cəmləşdirib.
Lakin bu, həm də sistemin əlaqəli,
davamlı və etibarlı istismarını tələb edir.
Həmin səbəbdən Prezident 2004, 2005-ci
illərdə dövlət proqramlarını (Elektron Azərbaycan)
təsdiq etdi. Dövlət başçısının
2008-ci ildə "Azərbaycanda kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında" sərəncamı,
2009-cu ildə ölkədə kosmik sənayenin
yaradılması və inkişafı üzrə dövlət
proqramını təsdiq etməsi, 2010-cu ildə "Azərkosmos"
ASC-nin təsis edilməsi haqqında" sərəncamı və
nəhayət, "2013-cü ili informasiya - komunikasiya ili"
elan etməsi inkişafın növbəti Azərbaycan zirvəsini
- 8 fevral 2013-cü ili daha da yaxınlaşdırdı.
Beləliklə, hər
birimizin böyük sevinc, iftixar və səbirsizliklə
gözlədiyi gün yetişdi. Azərbaycan
Respublikasının ilk peyki-üçrəngli Azərbaycan
bayraqlı "Azerspace-1" Fransanın inzibati idarəçiliyində
olan Fransız Qvianasındakı Kuru kosmodromundan
"Ariane-5" daşıyıcı raketi ilə orbitə
buraxıldı. Peykin orbitə
çıxarılmasını şəxsən izləyən
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik
etdi: "Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə
çıxarıldı. Bu tarixi hadisə
münasibətilə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm. Bu,
doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir,
dövlətimizin böyük qələbəsidir. Bu
hadisə onu göstərir ki, müstəqil Azərbaycan
dövləti sürətlə, hərtərəfli
inkişaf edir və biz artıq kosmik klubun
üzvüyük...".
"Neft lənəti" və "holland
sindromu"nun iflası
Məlumdur ki, hər
hansı ölkədə kosmik sənayenin yaradılması
ilk növbədə həmin dövlətin iqtisadi
inkişafı və yüksək rifah səviyyəsindən
asılıdır. Azərbaycanın
bugünkü inkişaf sürəti iqtisadiyyatın şaxələndirilməsini
və innovasiyaya əsaslanan yeni sahələrin
yaradılmasını zəruri edir. Kosmik
sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri
ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan
hökuməti həm ölkəni iqtisadi cəhətdən
gücləndirməyi, həm də mövcud intellektual
potensialın inkişaf etdirilməsi və informasiya sahəsində
milli təhlükəsizliyin təmin edilməsini hədəflədi.
Doğrudur, bu hədəflərin
reallaşmasında neft-qaz amili, Bakı-Tiflis-Ceyhan neft,
Bakı-Tiflis-Ərzurum qaz kəmərləri kimi geoiqtisadi əhəmiyyətə
malik möhtəşəm layihələrin həyata
keçirilməsi mühüm rol oynayıb. Lakin ölkənin bugünkü uğurlarını
yalnız karbohidrogen amilinə bağlamaq da doğru deyil.
Kosmik peykimizin orbitə çıxarılması da daxil
olmaqla ölkəmizin uğurlarını şərtləndirən
əsas amillər düşünülmüş xarici və
daxili siyasət, siyasi və iqtisadi islahatlar və xalq tərəfindən
bu islahatlara dəstək,güclü
hakimiyyət, sabitlik və s. dəyərlərdir.
Bu nüansa toxunan cənab Prezident
deyib: "Bizim uğurlarımızı neft amilinə
bağlamaq, əlbəttə, səhv və sadəlövhlük
olardı. Baxmayaraq ki, 2000-ci illərin ortalarında bəzi
xarici təhlilçilər və qurumlar
uğurlarımızı yalnız neft-qaz amili ilə
bağlayırdılar... Bəzi hallarda bilməyərəkdən,
bəzi hallarda bizim uğurlu işlərimizə kölgə
salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda
neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt
bu əsassız fikirlərə biz tutarlı cavab
vermişdik... Bu gün də demək istəyirəm
ki, dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən
ölkələr vardır. Əgər o ölkələrin
bəzilərinin maliyyə durumuna baxsaq, görərik ki,
neft-qaz hələ ölkənin uğurlu inkişafını
təmin etmir... Bu gün artıq əvvəlki
illərdə səslənən fikirlərə də biz
xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı "neft lənəti"
gözləyir, Azərbaycanda "Holland sindromu"
olacaqdır, ölkə birtərəfli şəkildə
inkişaf edəcəkdir. Artıq bu əsassız fərziyyələr
arxada qaldı..."
Milli peykin orbitə çıxarılması Azərbaycana
nə verəcək?
Çəkisi 3250 kq olan, 8 fevral
2013-cü ildə orbitə çıxarılan və 18 fevral
2013-cü ildə orbitdə öz yerini tutan Azərbaycan
peykinin əhatə dairəsinə Avropa, Afrika, Mərkəzi
Asiya, Qafqaz və Yaxın Şərq regionları daxildir.Bu isə
o deməkdir ki, peykimiz kosmik məkanda dünyanın 50-dən
artıq ölkəsini özündə cəmləşdirəcək.
Orbitdə istismar müddəti ən azı 15 il
davam edəcək ilk telekommunikasiya peykimizin informasiya və
rabitə xidmətindən milyonlarla insan istifadə edəcək.
Tikintisi, sığortalanması, orbitə
çıxarılması və yerüstü infrastrukturun
yaradılmasına 230 mln. dollar xərclənən
peykimiz 15 il müddətində ölkəmizə ən
azı 650 mln. dollar gəlir gətirəcək.
İKT sahəsi ölkə iqtisadiyyatında
neft-qaz sektorundan sonra ikinci prioritet sahəyə çevriləcək,
onun iqtisadiyyatda xüsusi çəkisi yüksələn xətlə
inkişaf edəcək. Azərbaycanın
Qərb ilə Şərq arasında əlverişli
geoiqtisadi, coğrafi, eləcə də informasiya
magistrallarının kasişdiyi məkanda yerləşməsi
informasiya mübadiləsində onun başqa ölkələrdən
asılılığını aradan qaldıracaq və
sözün həqiqi mənasında milli təhlükəsizliyimizin
təmin edilməsinə yönələcək.
"Azərspace-1" peyki vasitəsilə
Naxçıvan M.R. da daxil olmaqla ölkənin bütün ərazisində
keyfiyyətli TV və radio yayımı təmin olunacaq,
ötürülən məlumatlara daha yaxşı nəzarət
ediləcək, məsafədən təhsil və elektron, səhiyyə
kimi digər proqramlar üçün platforma yaradılacaq,
yerüstü fiber-optik şəbəkələrin zədələndiyi
hallarda rabitə problemləri həll ediləcək. Peykin
istismara verilməsi ölkədə texniki tərəqqiyə,
yeni iş yerlərinin açılmasına təkan verəcək.
Bundan sonra internet bağlantısı peyklə
olacağı üçün ucqar rayonlarda internet
bağlantısı tam təmin olunacaq, yayım xeyli
asanlaşacaq və qiymətlər ucuzlaşacaq. Peykin əsas üstünlüklərindən biri də
yerli televiziya kanallarının beynəlxalq aləmə
problemsiz çıxışının
reallaşacağıdır.
Azərbaycan peykinin texniki
imkanlarından ölkəmizdə strateji əhəmiyyətli
infrastruktur obyektlərin təhlükəsizliyinin təmin
edilməsi üçün monitorinqin aparılması,
kosmosdan fövqəladə halların qarşısının
alınması və idarə edilməsi, ətraf mühitin
monitorinqi və mühafizəsi, kənd təsərrüfatı,
nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi,
texnogen mənşəli hadisələrin
proqnozlaşdırılması və tədqiqi, dənizdə
və quruda neft dağılmalarının miqyasının
qiymətləndirilməsi və digər mühüm sahələrdə
istifadə olunacaq. Geniş xidmət
potensialına malik olan peykimiz bu sahədə fəaliyyət
göstərən beynəlxalq şirkətlərlə əməkdaşlıq
edəcək. Bu isə Azərbaycanın
inkişaf etmiş ölkələrlə münasibətini
gücləndirəcək və onun beynəlxalq aləmdə
nüfuzunu daha da artıracaq.
Azərbaycan
Respublikası rabitə və informasiya texnologiyaları
nazirinin müavini İltimas Məmmədovun mətbuatdakı
açıqlamasına görə, "230 mln. dollara başa gələn peyk ona
yatırılan investisiyanı öz istismarının 7-ci
ilində doğruldacaq. Bu gün Azərbaycan TV
kanallarının xarici ölkələrə məxsus peyklərdən
yayımlanması üçün ildə təxminən 5
mln. dollardan çox xərc çəkilir.
Milli peykimizin istismara verilməsi ilə əlaqədar
artıq bu vəsait digər sahələrin inkişafına
yönəldiləcək. Azərbaycan
öz peykini milli kadrlar vasitəsilə idarə edəcək".
Peykimizin
imkanlarının 20 faizi ölkəmizin tələbatını
ödəmək üçün istifadə olunacaq. Qalan 80 faiz isə dünya bazarlarına ixrac ediləcək.
Orbitə çıxarılan peykimizin uçuşunu bilavasitə
Kuru kosmodromundan izləyən "Azərkosmos" ASC-nin sədri
Rəşad Nəbiyev mətbuata bildirib ki, artıq bu
resursların 43 faizi Malayziyanın "Measat" peyk operatoruna
icarəyə verilib. ASC-nin sədri həm də
deyib ki, "Azerspace-1" peykinin sığortalanması ilə
əlaqədar bağlanan müqaviləyə əsasən,
orbitdə baş verə biləcək bütün qəza
hallarında "Azərkosmos" ASC sığorta ödənişləri
hesabına "Azerspace-1" layihəsini davam etdirmək
imkanına sahib olacaq.
Hazırda kosmosda
dünyanın 52 ölkəsinin təxminən 13.000 peyki fəaliyyət
göstərir. Regionun ilk kosmik sənaye
ölkəsi olan Azərbaycan bu kosmik klubun 53-cü
üzvüdür. Peyk
texnologiyalarının yaşı isə dünya üzrə
cəmi 56-dır. Bu müddət ərzində
yalnız inkişaf etmiş, super dövlətlər kosmik sənayedə
uğurlar qazanıb. Həmin səbəbdən
qurbanlar bahasına müstəqilliyini qazanan Azərbaycan
üçün bu uğur çox əhəmiyyətli hadisədir.
Bu uğur həm də dinc şəraitdə
yox, işğalçı Ermənistanla qarşıdurma
şəraitində qazanıldığı üçün
dünya praktikasında barmaqla sayılan bir örnəkdir.
Artıq bu gün kosmosda müstəqil, azad,
demokratik Azərbaycanın üçrəngli
bayrağını, gerbini-hər birimizin bir
parçasını dünyaya təqdim edən peykimiz var.
Bundan hər birimiz qürur hissi duyuruq. Duyuruq
ki, dünyanın peyk texnologiyası olan azsaylı ölkələri
sırasında BMT TŞ-nin üzvü doğma Azərbaycanımız
da var.
Vaqif
CƏLİLOĞLU,
T.e.üzrə
fəlsəfə doktoru
Bakı Xəbər.-2013.-27 fevral.-S.12.