Milli matəm
günlərilə bağlı dövlət siyasəti ictimai maraq tələblərinə
necə cavab verir?
21 il əvvəl Azərbaycanın
qədim yaşayış məskənlərindən birində-Xocalı
şəhərində ermənilərin Azərbaycan türklərinə
qarşı törətdiyi soyqırım aktı qan yaddaşımızın ən ağrılı
səhifələrindən biridir.
Xalqımızın tarixində faciələr, qara günlər, genosid
faktları dəfələrlə baş verib. Çox vaxt da bu
mənfur işin başında erməni
millətçiləri, erməni şovinizmi
durur.
Bir əsrdə ermənilər Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırım törədib. Xocalı soyqırımı isə o aktların sırasında bəlkə də ən dəhşətlisi olub. Xocalı soyqırımının dəhşəti həm də ondan ibarətdir ki, bu hadisə XX əsrin sonlarına yaxın bütün dünyanın gözü qarşısında baş verib, amma dövlətlərin və xalqların çoxu Xocalıda şəhid olan, qanına qəltan edilən insanların, uşaqların, qadınların, qocaların səsini eşitməzliyə vurub. Təəssüflər olsun ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dünyada çoxlarının qulağı kar, gözləri kor oldu.
Xocalı soyqırımını torpaqlarımızı işğal edən ermənilər və onların havadarları törədib. Bu qanlı cinayəti həyata keçirənlər, əlləri Xocalının günahsız insanlarının qanına batanlar isə hələ də ədalət məhkəməsinə çəkilməyib. Onlar böyük-böyük vəzifələr tutaraq Azərbaycana və azərbaycanlılara qarşı öz terror əməllərini yenidən davam etdirir.
Fevralın 26-sı bütün Azərbaycan və xarici ölkələrdə yaşayan azərbaycanlılar, o cümlədən qardaş Türkiyə türkləri, bizi istəyən dövlətlər Xocalı soyqırımını matəm hadisəsi kimi xatırlayır, bununla bağlı tədbirlər keçirirlər.
Xocalı soyqırımı tariximizdə qanlı bir səhifədir. Bu səhifənin hər sətri, hər cümləsi qəm, nisgil, ağrı-acıdır. Bu səhifəni göz yaşı içində vərəqləyirsən...
Artıq paytaxt Bakının Xətai rayonu
ərazisində xalqın ziyarət yerinə çevrilən
Xocalı abidəsi ucalır. Xocalı
soyqırımının 20-ci ildönümündə qurulan bu abidə
soyqırım qurbanlarının sərgərdan
ruhlarının dincəldiyi, yaşadığı bir heykəldir. Dövlətimizin
başçısı İlham Əliyev
və dövlət rəsmiləri, o
cümlədən də ictimaiyyət nümayəndələri
keçən il olduğu
kimi, bu il də abidəni ziyarət edib
şəhidlərimizin ruhunu, xatirəsini
yad etdilər.
Qeyd edək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə
erməni vəhşiliyini ifşa edən
çıxışlar edib. O hər zaman bəyan edir ki, Azərbaycan
terrorçuluğun bütün forma və təzahürlərini
qətiyyətlə pisləyir: "Azərbaycan müxtəlif
yollarla terrorçuluğa məruz qalıb. Azərbaycan kənardan
təşkil edilən terror fəaliyyətinin birbaşa hədəfinə
çevrilib. Ermənistan Respublikası Azərbaycanın
mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror
aktı törədib. Bunun nəticəsində 2 mindən
artıq azərbaycanlı həyatını itirib. Ermənistan
öz güc strukturlarının bilavasitə iştirakı
ilə hazırladığı həmin terror aktlarını
beynəlxalq terror qruplarından istifadə edərək
törədib. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan
etnik təmizləməyə nail olmaq üçün hərbi
təcavüzlə yanaşı, mülki əhaliyə
qarşı geniş şəkildə terror aktlarından da
istifadə edib. Həmin vəhşilik aktları 1992-ci ilin
fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə
kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613
günahsız insan, o cümlədən qadınlar, uşaqlar
və yaşlılar öz həyatı ilə
vidalaşıb. Yüzdən artıq qadın, altmış
üç uşaq qətlə yetirilmişdir. Ermənistan həmçinin
münaqişə zonasından uzaq məsafədə də
ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində,
1994-cü ildə Bakı metrosunda bomba partlayışı və
digər əməllər kimi terror aktlarını törədərək,
mülki əhaliyə qarşı mübarizə
apardı".
Xocalı soyqırımının
21-ci ildönümündə Qafqaz Müsəlmanları
İdarəsinin sədri, Şeyxülislam
Allahşükür Paşazadə dünya xalqlarına,
dövlət başçılarına, parlamentlərə və
beynəlxalq təşkilatlara müraciət edib:
"Artıq iyirmi bir ildir ki, Xocalı faciəsi beynəlxalq
səviyyədə qınaq obyektinə çevrilməyib,
onun baiskarları lənətlənməyib. 1992-ci il
fevralın 26-da bütöv bir şəhərin - minlərlə
dinc, silahsız, müdafiəsiz Xocalı sakininin erməni
quldurlarının qəfil və amansız basqınına məruz
qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə
yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə,
rəhm olunmaması, 1275 nəfərin əsir
götürülərək ağır işgəncələrə
məruz qalması, meyitlərin üzərində təhqiramiz
həqarətlər edilməsi kimi vəhşiliklərə
biganə qalmaq bəşəriyyətə baş
ucalığı gətirə bilməz. Lakin təəssüf
və təəccüb doğuran fakt odur ki, bəşəriyyət
ədalət çağırışlarımızı
lazımi etina ilə qarşılamır, beynəlxalq təşkilatlar
bu misli görünməmiş cinayətin üzərindən
hələ də sükutla keçirlər...
Üzümü bir daha dünya ölkələrinin dövlət
başçılarına, parlamentlərinə, xalqlarına və
beynəlxalq təşkilatlara tutaraq, onları Azərbaycan
xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə
və vəhşiliklərinə prinsipial hüquqi qiymət
verməyə, Xocalı müsibətini insanlığa
qarşı soyqırım aktı kimi tanımağa
çağırıram".
Tarixçi Həyat Məhərrəmovanın
sözlərinə görə, şeyxin bu müraciəti də
dövlət siyasətinə çox əhəmiyyətli bir
dəstək sayıla bilər. H.Məhərrəmovanın
bildirdiyinə görə, milli matəm günlərimizlə
bağlı dövlət siyasətilə ictimaiyyətin
maraqları bir-birilə uzlaşır. Tarixçi bildirdi ki,
milli matəmlərlə, xüsusən də Xocalı
soyqırımı ilə əlaqədar dövlətimizin
apardığı məqsədyönlü siyasət göz
qabağındadır. Tarixçinin dediyinə görə,
son illər Xocalı soyqırımının dünyada
genosid aktı kimi tanınmasında, bu vəhşiliyi törədənlərin
haqq-ədalət məhkəməsi qarşısına
çıxarılması istiqamətində dövlətimiz
çox uğurlu siyasət yürüdür. İctimaiyyətin,
o cümlədən də xocalıların ürəyindən
tikan çıxaran bu siyasətin Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
aparıldığını deyən H.Məhərrəmova
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin, xaricdəki
səfirlik və diplomatik korpusların da bu sahədə
gördüyü işlərin misilsiz olduğunu bildirdi.
H.Məhərrəmova bildirdi ki, Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxan xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilib: "Hesab edirəm ki, bu təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönələn dəhşətli bir cinayət əməlidir. Ermənilərin törətdiyi bu vəhşilik, vandallıq nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qoyulub. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində böyük işlər görür. Sadaladığım bu faktlarla tanış olan xarici nümayəndələr öz həyəcan və kədərlərini gizlədə bilmir. Hadisə 1992-ci ildə baş verib, amma ona gerçək hüquqi- siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra erməni millətçilərinə qarşı mütəşəkkil müqavimət formalaşdırıldı. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə bu sahədə çox böyük işlər görüldü. Bu işlər ictimaiyyətin Xocalı faciəsinə münasibətilə tarazlıq təşkil etdi. "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxarılmasına və öz yerini tutmasına təkan verdi. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların-soyqırımların rəsmən adı çəkilib. Heydər Əliyev bütün görüşlərində Xocalı vəhşəti haqqında danışırdı. Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyev də Xocalı soyqırımı ilə bağlı dəfələrlə xalqa müraciət edib. O, Xocalı soyqırımını, faciəsini insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib. Dövlət başçısının Sərəncamı ilə keçən il Xocalı soyqırımının 20-ci ildönümü qeyd edildi. Bu il cənab Prezident və dövlət, hökumət rəsmiləri Xocalı soyqırımını anma mərasimlərinə qoşuldu. Məlumdur ki, Azərbaycan Respublikasının Milli Məclisi də bu məsələ ilə bağlı xüsusi bəyanatlar və müraciətlər qəbul edib. Beynəlxalq təşkilatlardan, dünya dövlətlərinin parlamentlərindən, hökumətlərindən erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırım cinayətlərini tanımağı istəyib. Milli Məclis o cümlədən həmin təşkilatlardan gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırım cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş edib. Araşdırmama görə, Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən, 26 fevral Xocalı soyqırımı günü elan edilib, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası ildən-ilə genişlənir, daha çox dövlətləri, insanları əhatə edir. Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində xeyli iş görülüb. Artıq bir neçə dövlət rəsmən Xocalı soyqırımını tanıyıb, erməni terrorunu, şovinizmini lənətləyib. Artıq bu il Türkiyə, Küveyt, Pakistan, Almaniya, Ukrayna, Gürcüstan və digər ölkələrdə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib. Keçən il Pakistan Senatı rəsmən Xocalı soyqırımına qiymət verib. Pakistan Senatının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi qətnamədə bildirilir ki, Pakistan İslam Respublikasının Senatı Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğalı və ermənilər tərəfindən törədilən Xocalı soyqırımını tanıyır və pisləyir. Sonra İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika parlamentinin müvafiq qərarlarında Xocalıda törədilən kütləvi qətllərin soyqırım aktı olduğu təsdiq edilib".
Həyat xanım dedi ki, Azərbaycan dövləti Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün çoxlu sayda iş görüb. Tarixçinin sözlərinə görə, Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələrin ucaldılması, Xocalı soyqırımı haqda məlumatların orta məktəb proqramına daxil edilməsi bu işlərdəndir.
İctimaiyyətin dövlətin milli faciələrimizin, matəm günlərimizin tanıdılması istiqamətində apardığı siyasəti bəyəndiyini deyən tarixçinin sözlərinə görə, dövlət siyasəti və ictimai maraqlar üst-üstə düşür: "Bu da ona gətirib çıxaracaq ki, yaxın illərdə erməni vəhşiliyini bütün dünya qəbul edəcək. Xocalı şəhidlərinin haqqının özünə qaytarılması üçün dövlət böyük işlər görür, ictimaiyyət də bu işlərə dəstək verir".
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-28 fevral.-S.15.