Regionların mədəni dirçəlişi üzrə dövlət siyasəti və ictimai maraqların müdafiəsi

 

Azərbaycan Respublikasında mədəniyyətin inkişafına xüsusi diqqət yetirilir. Mədəniyyətin tərəqqisi, dövlət tərəfindən günü-gündən yüksəklərə qaldırılması prosesinə şahidlik edirik. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bütün bölgələrdə öz bəhrəsini verir. Bu proqramda regionlarda mədəniyyətin inkişaf perspektivləri də öz əksini tapıb. Azərbaycan regionlarında mədəniyyətin inkişafı uzun illərdir ki, müşahidə olunur. Regionlarımızda yüzlərlə kitabxana, mədəniyyət sarayı, özfəaliyyət dərnəyi, teatr, xalq teatrı, musiqi qrupları, muzeylər, sərgi salonları, xalq sənətkarları fəaliyyət göstərir.

Azərbaycan dövləti mədəniyyətin inkişafına böyük əhəmiyyət verdiyi üçün həyata keçirilən mədəniyyət layihələrinin böyük hissəsinin bölgələrdə həyata keçirilməsini təmin edir. Məlumdur ki, regionlarımız öz tarixi missiyasını yerinə yetirərək günümüzdə böyük mədəniyyət mərkəzləri kimi öz varlıqlarını qoruyurlar. Dövlətimizin apardığı uğurlu mədəniyyət siyasətinin nəticəsi olaraq regionlarda teatrların, kitabxanaların dirçəldilməsini, onların yeni texnologiyalarla işləmək gücündə olmasını göstərmək olar. Məlumdur ki, regionlarda mədəniyyətin yüksək səviyyədə inkişaf etdirilməsi ictimaiyyətin maraqlarına uyğundur. Azərbaycan ictimaiyyəti hər zaman mədəniyyətin dirçəlişinə, tərəqqisinə böyük önəm verib. Xalqımız mədəniyyətsevər olduğu üçün hər zaman mədəniyyət ocaqlarını işlək görmək istəyir. Regionlarda mədəniyyətin inkişafı müxtəlif rakurslardan müzakirə edilə bilər. Çünki bölgələrimizdə bu proses kompleks şəkildə həyata keçirilir, bundan başqa da mədəniyyətin ayrı-ayrı sahələri inkişaf etdirilir.

   Bu gün regionlarda kitabxana, muzey işlərinin genişləndirilməsi, folklor kollektivlərinin, xalq teatrının, o cümlədən də müxtəlif festivalların keçirilməsinə xüsusi önəm verilir.

   Son illər mədəniyyətin inkişafından danışanda kadr hazırlığını da nəzərdən qaçırmalı deyilik. Bilirik ki, axır zamanlara qədər mədəniyyət sahəsində yüksək hazırlıqlı kadrların azlığı müşahidə edilirdi. Bu da sözsüz ki, həmin sahələrdə xeyli problem yaradırdı. Kitabxanalarda, muzeylərdə, teatrlarda yüksək ixtisaslı işçilərin hazırlığı prosesinə dövlət böyük dəstək verdi. Bu gün paytaxtda olduğu kimi, regionlarda da ixtisaslı kadrlar mövcuddur.

   Mədəniyyət məsələləri üzrə ekspert Tahirə Bəylərovanın sözlərinə görə, Azərbaycan dövlətinin regionlarda həyata keçirdiyi dirçəliş, inkişaf siyasəti mədəniyyətə də sirayət edib. T.Bəylərova bildirdi ki, illər əvvəl yeni texnologiyadan anlayışı olmayanlar bu gün öz ixtisasını dərindən bilən mütəxəssis kimi mədəniyyət ocaqlarında çalışır. T.Bəylərovanın bildirdiyinə görə, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi bunula bağlı müxtəlif kurslar təşkil edir. Bu kurslarda dövlət qulluğu, mədəniyyət siyasəti və digər aktual məsələlərlə bağlı mühazirələr oxunur: "Mədəniyyət və Turizm Nazirliyi tərəfindən il ərzində mədəniyyət sahəsində çalışan insanlar üçün 35 müxtəlif kateqoriyalı ixtisasartırma kursları təşkil edilir. Kurslar keçirilərkən gündəmdə olan əsas məsələ tədrisin keyfiyyətini artırmaq, müvafiq tələblərə uyğun olaraq, kadrların təkmilləşdirilməsinə diqqəti artırmaqdır. 2010-cu ildə 700 nəfərə yaxın dinləyici bu kurslardan keçib. Son illər də bu kurslar fəaliyyətini davam etdirir. Bu kurslara kitabxana müdirləri, rəsm, sərgi qalereyalarının rəhbərləri, muzey başçıları və mədəniyyətin başqa sahələrinin təmsilçiləri cəlb edilir. Mədəniyyət və turizm naziri Azərbaycanda gedən sosial-iqtisadi inkişaf fonunda mədəni xidmətlərin səviyyəsinin artırılmasının vacib olduğunu bildirir. O qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən qurumun qarşısına müəyyən vəzifələr qoyulub: "Bu vəzifələrin icra müddəti müxtəlif vaxtlar üçün nəzərdə tutula bilər. Lakin bizim əsas məqsədimiz bu gün ölkə Prezidentinin apardığı geniş iqtisadi-sosial siyasətin sürəti ilə mədəni xidmətlərin səviyyəsini uyğunlaşdırmaqdır. Regionlarda gedən yenidənqurma və bərpa prosesinə, yeni yerlərinin açılmasına, infrastrukturun yenidən yaradılmasına, Azərbaycan əhalisinin yaşayış səviyyəsinə nəzər salsaq görərik ki, son illərdə Azərbaycanın görkəmi çox dəyişib. Ölkəyə gələn hər bir insan bunu hiss edir. Azərbaycan inkişafda olan ölkələrin sırasından inkişaf etmiş ölkələr sırasına keçib. Kadr potensialının bu inkişafa uyğunlaşdırılması vacibdir. Bu kursların əsas məqsədi də yeniliklərin öyrənilməsinə və tətbiqinə xidmət etməlidir. İşimizi dünyada baş verən proseslərə uyğunlaşdırmalıyıq. Təbii ki, bunu da adət-ənənələrimiz, milli-mədəni dəyərlər çərçivəsində etməliyik. Biz gərək dünyada baş verən yenilikləri öz işimizdə tətbiq edək, qloballaşan dünya ilə ayaqlaşaq".

   Mədəniyyətin hər sahəsi, o cümlədən kitabxana, muzey, teatr, turizm, tarixi abidələrin qorunması, kino ilə bağlı geniş fəaliyyət sənədlərinin, dövlət proqramlarının təsdiq olunması regionlarda mədəniyyətin inkişaf yolu tutduğunu şərtləndirir. Rəsmi məlumatlara görə, mədəniyyət sahəsi üzrə hər bir istiqamətə aid proqramların həyata keçirilməsi üçün büdcədən vəsait ayrılır. Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitin həcmi hər il artır".

   Ekspert bildirdi ki, mədəniyyət mütəxəssislərinin qatıldığı bu kurslarda müasir texnologiyalardan istifadə qabiliyyəti xüsusi olaraq nəzərdə tutulmalıdır: "Bu gün respublika kitabxanalarında kitabların rəqəmsal daşıyıcılara köçürülməsinə daha çox önəm verilir. Artıq 20-dən artıq rayonda kitabxana-informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə oxucuların qeydiyyatı aparılır. Eyni zamanda, rayonlarda müxtəlif xidmətlərin təmin edilməsi üçün yeni pilot layihələr həyata keçirilir. Bu layihələrin reallaşdırılması nəticəsində mədəniyyətin bütün sahələrini əhatə edəcək xidmətlər göstəriləcək. Artıq bir neçə rayonda bu başlanıb. Layihənin gerçəkləşdirildiyi sonuncu məkan Bakının Binə kəndidir. İndi burada klub, kitabxanamusiqi məktəbi bir binada yerləşəcək. Hətta insanlar burada internet imkanları da əldə edə biləcək. Bu baxımdan yeniliklərin tətbiqi vacibdir. Yeni komplekslərin, mərkəzlərin yaradılması Azərbaycanda ümumi mədəniyyət xidmətlərinin səviyyəsinin artırılması ilə yanaşı, mədəniyyət şöbələrinin bütün imkanlara malik olması deməkdir. Ona görə dövlət tərəfindən qəbul edilən yeni proqramlar istiqamətverici sənəd hesab edilməlidir. Burada tətbiq olunacaq yeniliklər yerli şəraitlə uyğunlaşdırıldıqdan sonra nazirliyə təqdim olunmalıdır. Vaxtilə Azərbaycan mədəniyyətini özümüzə və keçmiş MDB məkanına təqdim etməyi düşünürdüksə, bu gün o çərçivədən çıxmışıq. Azərbaycan UNESCO-da, İSESCO-da, əksər beynəlxalq qurumlarda özünün mövqeyi olan fəal bir ölkədir. Bu mövqeyi möhkəmləndirmək üçün bizim hazırlığımız olmalıdır. Dünyaya açılan pəncərə bir tərəfdən bizi sevindirsə də, digər tərəfdən məsuliyyətimizi artırır".

   Ekspert onu da dedi ki, 2009-2010-cu illərdən başlayaraq müxtəlif rayonlarda kurslar təşkil olunur. Bundan başqa, ekspert bildirdi ki, 27 rayonun mədəniyyət və turizm şöbəsinin müdirinin kurslara cəlb edilməsi çox əhəmiyyətli hadisədir: "Mən bunu çox yüksək qiymətləndirirəm. Bu ona görə əhəmiyyətlidir ki, onlar bir-birinin təcrübəsini bölüşür. Eyni zamanda, tanınan mədəniyyət işçiləri, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri, şöbə müdirləri mədəniyyət sahəsindəki yenilikləri onlara çatdırdılar. Bu kursların yayda iki ay müddətində bölgələrdə də keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi bölgələrin mədəniyyət və turizm idarələrinin problemlərilə ciddi maraqlanır, həm də tövsiyələr verir. Bu mənada belə kursların təşkili çox vacibdir. Mən özüm o kursları çox ciddi səviyyədə müşahidə edirdim. Orada idarə müdirləri vardı ki, onlar sonuncu dəfə 2005-ci ildə kursda olduqlarını deyirdilər. Əvvəlki illə müqayisədə indi kursların keçirilməsində əsaslı fərqi gördülər. Onlar bildirirdi ki, dərslərin daha əhatəli olması, keyfiyyətin yüksəldilməsi, mühazirə zamanı verilən məlumatlar mütəxəssisləri qane etdi. Bu insanlar rayonda yaşayıb işlədiyindən, paytaxtla əlaqəli ola bilmirlər, yenilikləri vaxtında bilmək onlar üçün çox vacibdir. Bu baxımdan belə kursların hər il keçirilməsi arzuediləndir".

   T.Bəylərovanın sözlərinə görə, regionlarda fəaliyyət göstərən mədəniyyət idarələrinin, müəssisələrinin hər birinin əməkdaşları təkmilləşdirmə kurslarından sonra öz işlərində daha böyük nailiyyətlər qazanıb: "Kurslar keçən mədəniyyət işçiləri artıq bilir ki, kütlə ilə, ictimaiyyətlə necə davranacaq. Mədəniyyət kütləvi sahə olduğu üçün burada çalışan hər bir insanın yüksək hazırlığı olmalıdır. Son illərin ən böyük mədəni dirçəlişi regionların kitabxana sistemində aparılan islahatlarla bağlı oldu. Bilirsiz ki, regionlarda kitabxana şəbəkəsi tamamilə yeniləndi. Bəzi kitabxana filialları ləğv edilərək onların fondları birləşdirildi. Kitabxanaların fəaliyyəti genişləndi, oxu zalları yeniləndi, elektron xidmətə keçildi. Ümumiyyətlə, yeniliklərin regionlarda tətbiqi ictimaiyyətin də ürəyincədir. Vaxtilə kitabxanaların əksəriyyəti ictimai tələbləri ödəyə bilmirdi. Burada əsas problem ədəbiyyat qıtlığında, kitabxanaçıların yeniliklərdən xəbərsiz olmasında idi. Oxucu istədiyi xidməti kitabxanada görməyəndə ora üz tutmaq istəmirdi... Amma bu gün vəziyyət dəyişib. Bilirsiz ki, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə latın qrafikalı ədəbiyyat silsiləsi ardıcıl olaraq çap edilməyə başladı. Hazırda bölgə kitabxanalarında bu ədəbiyyat seriyasının bütün nüsxələri var. Kitabxanalarda oxucunu təmin edən hər şey var. Məsələn, tez-tez region kitabxanalarında kitab sərgisi təşkil olunur, kitab bayramlarına kitabxanalar xüsusi qatılır. Regionların göz qarşısında böyük bir mədəni dirçəlişi baş verir. Yeni mədəniyyət mərkəzləri isə bu dirçəlişin önündə gedir..."

 

   Ardı var...

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2013.- 10 iyul.- S. 15.