Ədəbiyyatımıza şöhrət
gətirə biləcək əsər
Yazıçı-publisist
Yunus Oğuz hələ
"Təhmasib şah" romanı ilə
bizim ədəbi ictimai
mühitə göstərdi ki, ümumtürk tarixi ilə
yanaşı səfəvilər tarixini çox dərindən öyrənib. Bu tarixə dərindən nüfuz
edib və o böyük tarixin içərisindədir.
Səfəvilərdən sonrakı dövrü əhatə edən "Nadir şah" romanı
ilə isə isbatladı ki, səfəvilərin
tarixinin, taleyinin necə
başladığını və necə sona
çatdığını, Səfəvilərin Azərbaycan
tarixinə nə verdiyini və Səfəvilərdən
sonra Azərbaycan tarixinin
necə olduğunu həm bir
tarixçı, həm bir yazıçı,
həm də bir filosof-mütəfəkkir
kimi sistemli şəkildə
tədqiq edib.
Yunus Oğuz Səfəvilər
haqqında, yəqin ki, bundan
sonra da yazacaq. Çünki hiss olunur ki,
onun təsəvvüründə xeyli material var və inanmıram ki, o material, maraqlı hadisələr,
o dövrün koloriti, o dövrün
tarixi fəlsəfəsi Yunus
Oğuzu tərk etsin.
Bu mənada elə bilirəm ki, onun iç
dünyasında Səfəvilərlə bağlı çox dolu və dolğun bir dünya yaranıb.
"Şah
arvadı və Cadugər" romanı isə göstərir ki, Yunus Oğuz
Səfəvilər dövləti, bu
dövlət quruluşunu yaradan
xalqın təsəvvürləri, ideyalar,
vərdişlər sistemi haqqında zəngin
təfəkkürə malikdir. "Təhmasib
şah" və "Nadir
şah" romanları ilə müqayisə
aparsaq görərik ki,
"Şah arvadı və Cadugər"
romanında Yunus Oğuz
daha çox
yazıçıdır. O biri romanlarında
onun tarixi təsəvvürləri
və fəlsəfi analitik mülahizələri
daha çox əks olunurdu və bu baxımdan
yazıçılıq ikinci planda idi. Amma
bu əsərdə biz
kifayət qədər güclü bir yazıçı ilə üz-üzəyik.
Mən bu əsərin bir
neçə qatını, təbəqəsini göstərmək
istəyirəm.
Əvvəla, o
biri əsərlərində olduğu kimi, burada da tarixin
xronologiyasına, məntiqinə, tarixi faktlara, rəqəmlərin dəqiqliyinə tam əməl olunub. Buradan da tam
bir təsəvvür yaranır ki, Şah Təhmasib
artıq qocalıb, dövləti idarə edə bilmir. Elə bu
məqamda bir cadugər gücünün
təsiri ilə türk olmayan,
amma Səfəvilərin tərkibində
Mazandaranı idarə edən fars əsilli
əyanın qızının iddiaları ilə zəhərlənir.
Şah Təhmasibin öz
yerinə layiqli davamçı
qoymaması Səfəvilər dövlətinin sonrakı
taleyinə əsaslı təsir edir.
Onun buna zamanı
çatmır. Nə əsas idarəetmədə
olan yerli oğuz bəyləri, nə də dərvişlərlə
məsləhətləşə bilir. Çünki, bildiyimiz kimi, Səfəvi şahları həm də
Ərdəbildən gələn ənənə ilə ruhani başçıları idilər və
ruhanilərdən böyük güc alırdılar: həm dövlətin
idarəsi, həm də şahların təyini zamanı. Bundan sonra hakimiyyət uğrunda mübarizə başlanır və
hakimiyyətə Dəli İsmayıl kimi
tanınan II İsmayıl gəlir. O dəli, yəni
döyüşkən, qoçaq olsa da müdrik
deyildi. Beləliklə mürəkkəblik
yaranır. Bu da məsələnin
tarix hissəsidir. Amma
deyim ki, bu tarix hissəsini yazanda da, tarixə tam sədaqətli olmaqla
yanaşı, Yunus Oğuz
yenə də yazıçı kimi
yazır, hadisələri təfsilatı ilə qələmə
alır. II İsmayıl şah Təhmasib
tərəfindən uzun illər Qəhqəhə
qalasında saxlandığından, atası ilə
aralarında ziddiyyət vardı. Zindana
salınmasının səbəbi dövlətin siyasətinə
qarşı çıxması idi. O,
osmanlılarla vuruşmanın tərəfdarı olduğundan, müəyyən problemlər
çıxarırdı. Beləliklə dövlət idarəçiliyində
təcrübəsi, siyasi müdrikliyi
olmayan bir şəxs
hakimiyyətə gəlir.
Amma anası türk olduğuna,
xarakterində türklərə məxsus xüsusiyyətlər
olduğuna görə müəyyən nüfuz sahibi idi. Hakimiyyətə gələn II
İsmayıl yenə də cadugər və Xeyrənisənin
əməlləri ilə Səfəvilərin ruhunu
parçalayan dağıdıcı siyasətə
uymaqla özünün
xarakterindəki çatışmazlıqları ilə çox qəddar bir insana çevrilir. Demək
olar ki, xalqı
özündən uzaqlaşdırır, dövlətin idarəçiliyinə
kömək, dövlətin idarəçiliyində iştirak edə biləcək sədaqətli
insanların hamısını məhv edir,
qohum-əqrəbalarını qətlə yetirir.
Beləliklə dövlətdə dərin bir
boşluq əmələ gəlir. Sui-qəsd
nəticəsində II İsmayıl öldürülür.
Bundan sonra Təhmasib
şahın gözü yaxşı
görməyən, xəstəhal, ümumiyyətlə
dövlət işlərindən başı çıxmayan,
heç buna meyli də olmayan oğlu Məhəmməd Xudabəndə
hakimiyyətə gəlir. Bu o Məhəmməd Xudabəndədir ki, artıq Xeyrənisənin əridir və onun nəzarəti altındadır. Beləliklə,
tarixi faktlara tam əməl olunur. Amma tarixi hadisələrin
gedişində yazıçı təxəyyülünün
məhsulu olan macəraçılıq meydana çıxır. Əslində əsərin
faktiki qəhrəmanları Səfəvi tarixini yaradan böyük hökmdarlar
olmalı idi. Amma bu bir tarix
əsəri yox, bir xronologiya yox, bir bədii əsər olduğuna
görə əsas qəhrəman şah
arvadı Xeyrənisə olur. Xeyrənisə
farsdır. O özü və
arxasındakı qüvvələr hakimiyyəti türk Səfəvilərin əlindən almağa çalışır. Xeyrənisə
möhkəm xarakterli, iddialı, hakimiyyəti
ələ almaq üçün
hər vasitədən istifadə edən dişli
bir obrazdır. O kömək üçün atası fars,
anası yəhudi olan bir
cadugərə müraciət edir. Mən
deyərdim ki, Xeyrənisə obrazı dünya ədəbiyyatındakı maraqlı
obrazlarla müqayisə oluna
biləcək obrazdır: qadın hikkəsi, qadın hakimiyyətpərəstliyi,
qadın şəhvətpərəstliyi. Hətta o, hakimiyyət üçün
şəhvani hisslərindən də istifadə edir. Və hakimiyyəti ələ keçirməsindən
ləzzət alır. Bu insan
Səfəvi xanədanını idarə etməyə qədər
yüksəlir.
Çox
maraqlı obrazlardan biri
də vəzir Mirzə Salman
obrazıdır. O olduqca bic,
hiyləgər birisidir. Mirzə Salman gözə görünmədən, pərdə
arxasından Səfəvilər dövlətini
farslaşdıran şəxsdir. O, Xeyrənisənin emosional, sərt şəkildə irəli sürdüyü ideyaları dırnaqarası
müdrik, ağıllı şəkildə
həyata keçirir. Çünki
o həm də idarəçidir. Xeyrənisə
idarəçi deyil. Məhəmməd
Xudabəndədən marionet kimi istifadə edən farslar
Qəzvində hakimiyyətə gəlirlər. Türklər
saraydakı vəzifələrindən
uzaqlaşdırılır. Hətta qızılbaşlar buna etiraz edən zaman Xeyrənisə aqressivliklə
onları"eşşəkbaşlar" adlandıraraq faktiki olaraq farsların
hakimiyyətini təmin edir. Beləliklə,
türk Səfəvi dövlətinin gələcəkdə
bir fars dövlətinə
çevrilməsi üçün əlindən
gələni edir. Xeyrənisə
obrazı olduqca istedadla
yaradılmış bir obrazdır. Bu obrazı dünya ədəbiyyatında
hakimiyyət, mənsəb uğrunda hər
şeyini qurban verən
obrazlar qalereyasına daxil
etmək olar. Üçünçü
qəhrəman, yenə qeyd edirəm, ustalıqla
yaradılmış Cadugər obrazıdır. Bu
cadugər Xeyrənisənin əlində alət olsa da siyasi
iddiaları yoxdur. O, sözün
geniş mənasında öz
sənətinin adamıdır. Müəyyən qiymətli hədiyyələr
almaqla Xeyrənisənin arzularını
yerinə yetirir. II İsmayılın ruhuna daxil olub
onu qəddarlaşdırır, Məhəmməd
Xudabəndəni kişilikdən məhrum edir.
Bir sözlə-Səfəvi xanədanını
dağıtmaq üçün nə
lazımdırsa edir. Amma
onun məqsədi bu deyildi. O, sadəcə olaraq,
Xeyrənisənin sifarişlərini yerinə yetirirdi.
O, ruhlarla işləyən gerçək
aləmdən uzaq bir vücuddur. Amma iş elə gətirir ki,
Xeyrənisənin onun həyatına daxil olması, onu
sarayına gətirməsi, gözəlliyi tədricən Cadugəri
insana çevirir və
o bu xanıma vurulur. Xanım da bundan istifadə ediba qaş-daş əvəzinə öz bədənini verərək hər dəfə
yerinə yetirilməsi daha çətin olan işləri ondan tələb
edir. Beləliklə, Cadugərdə
Xeyrənisəyə olan eşq,
şəhvani hisslər o qədər
güclənir ki, artıq ondan
ayrıla bilmir və onun
köləsinə çevrilir. Əsərin
gedişi boyu Xeyrənisə
Cadugərsiz hərəkət edə bilmir.
Çünki onun səfəvilərlə
bağlı əməlləri müsbət əməllər
deyil. Onun tərəfdarları
satqınlar, xəyanətkarlar, Səfəvi xanədanını
dağıtmaq istəyən qüvvələrdir. Burada da əsas
aparıcı qüvvə Cadugərdir, əsas işi o görür.
Cadugər-Xeyrənisə münasibətləri əsərin
intonasiyasına təsir edir. Belə ki, son nəticədə
Xeyrənisə Cadugərə qarşı da
çıxır. Daha doğrusu,
ona da saymazyana
münasibət göstərir. Hakimiyyət iddiaları Xeyrənisənin
gözlərini o qədər tutur ki, o
keçmişdə ona kömək edənləri,
hətta onun taleyinə təsir edə biləcək
qüvvə olan Cadugəri belə
ayaqlayır. Ona görə də Cadugər
Xeyrənisədən dəhşətli intiqam
alır.
Beləliklə, Cadugər-Xeyrənisə
münasibətləri dövrünün tarixi hadisələrinə təsir etməklə
faktiki türk Səfəvilər
dövlətinin dağılmasına və
İranlaşmasına səbəb olur. Bunu bir şeytan
əməli kimi də qiymətləndirmək
olar. Çünki Səfəvilərin
inkişaf edərək müasir
dövrə qədər gəlib çıxmasına faktiki olaraq mane ola biləcək bir qüvvə yox idi. Buradan da Yunus Oğuzun bədii təxəyyülü meydana çıxır. Çünki
o, Səfəvilərin tənəzzülünü
tarixi hadisələr, onların xarakteri, real gerçək
münasibətlərin təzahürünü təhlil etmək
şəklində yox, bunun
məhz bir şeytan əməli
nəticəsində baş verdiyini söyləməkdədir.
Burada artıq o
yazıçıdır. Cadugərin əli ilə Məhəmməd
Xudabəndəni kişilikdən salan Xeyrənisə
bu yolla hakimiyyəti öz əlinə alır. Belə ki, bu sirri
əlində bayraq tutan
Xeyrənisə Məhəmməd Xudabəndə ilə
müqavilə bağlayir. Susması
qarşılığında o hər nə
istəsə şah ona
əməl etməlidir. Bu yolla
da Səfəvilər dövlətinin
farslaşdırılmasına başlanır. Xeyrənisə
tərəfindən tərk edilən Cadugər isə öz intiqamını alır. Beləliklə
də şah öz
arvadının qətlinə fərman verir.
Məhəmməd Xudabəndə bir müddət dövləti idarə etsə
də, sonda Xeyrənisənin istədiyi baş verir. Xeyrənisənin
Məhəmməd Xudabəndədən olan
oğlu şah Abbas hakimiyyətə gəlir. Tarixdən də
məlumdur ki, şah Abbas paytaxtı Qəzvindən İsfahana
köçürməklə, qızılbaşları
saraydakı vəzifələrdən uzaqlaşdırmaqla
farslaşdırma siyasətini başa
çatdırır. Sonda hadisələrin
bu nöqtəyə gəlməsində şah arvadı və cadugər münasibətlərinin
mühüm rol
oynadığı anlaşılır. Bununla
da əsərin bədii gücü,
bədii imkanları, bədii strukturu
yaranmış olur. Bu
mənada Yunus Oğuz
həqiqətən də çox qüdrətli
bir yazıçı kimi
çıxış edir. Əsərdə
maraqlı obrazlar çoxdur.
Məsələn, Məhəmməd Xudabəndənin
dövlət başçısı kimi zəifliyi
konkret detallar, konkret münasibətlərlə xüsusi sənətkarlıqla təqdim olunub. Onun tam
əksi olan II Şah
İsmayıl qəddarlığı və dəliliyi ilə
aydın təqdim olunan bir
obrazdır. Burada Təhmasib şahın
qızı Pərixan xanım da çox maraqlı obrazdır. Səfəvilərdə
qadın müdrikliyinə, saray idarəçiliyində
qadının iştirakına hörmət qoyulsa
da, təbii ki, həmin
dövrdə qadın şah ola bilməzdi. Burada da ikiləşmə, ziddiyyət meydana çıxır. Pərixan xanım da Xeyrənisənin cadugərliyinin qurbanı olaraq tarixi şəxsiyyətə
çevrilə bilmir. Dövlət işlərindən
uzaqlaşdırılır. Təbii ki,
hakimiyyətə can atan
qardaşı II İsmayılın əli ilə. Beləliklə,
əsər tarixi roman
üçün maraqlı olan bu kimi
mürəkkəb münasibətlərlə zəngindir. Bu da
yazıçının ustalığıdır. Buradakı
maraqlı bir cəhəti də demək
istəyirəm. O biri əsərlərdə,
xüsusilə "Təhmasib şah"
əsərində olan fəlsəfi ideyalar, motivlər, dövlət idarəçiliyi
və saray münasibətləri burada da davam
etdirilir, amma daha bədii və daha
maraqlı şəkildə. Burada da dərvişlərin, sufilərin səfəvilərin
tarixində, taleyində mühüm rol oynaması göstərilir. Amma hökmdarlar öz səlahiyyətlərini
normal şəkildə yerinə yetirə
bilmədiklərinə, xalqla, müxtəlif
tayfa başçıları, yəni
dövlətin daxili strukturu
ilə münasibətlər lazımi səviyyədə
olmadığına görə nəticə etibarı ilə
dərvişlər də bir iş görə bilmirlər. Onlar da saraydan
uzaqlaşdırılırlar. Bu mənada
Ağa Dərviş obrazı da çox
maraqlıdır. O yaşlaşmış bir
adamdır. Bununla da elə
bil Səfəvilərin dövlətçiliyi,
tarixi yaşlaşır. Hakimiyyətə
yeni gələn nəsil o
səviyyəyə qalxa bilmir.
Maraqlı cəhət bir də odur ki, hadisələrin gedişi, mürəkkəb münasibətlər
nə qədər macəra xüsusiyyətləri kəsb
edirsə, ondan bir
neçə dəfə də artıq fəlsəfi məzmun
daşıyır. Macəraçılıqda belə olur ki, bəzən hər
şey təsadüflər üzərində
qurulur. Amma bu əsərdə hətta təsadüflərin
özü də nəticə etibarı
ilə bir mükəmməl tarixi fəlsəfi məntiqə söykənir.
Əsərin üslubunu müqayisə etmək
bir qədər çətindir. Amma onu qeyd
etməliyəm ki, bu əsər
Yunus Oğuzun əvvəlki
əsərlərindən daha mükəmməldir.
Rahat oxunur, hadisələr
oxucunu çəkir. Elə bil xüsusi bir dünyaya
düşürsən. Yunus Oğuz bu hadisələr,
bu münaqişələr, bu münasibətlər dünyasının tam hakimi və müəllifidir.
Yəni mən bunu heç
bir tarixi romanda görməmişəm. Bu
cür rahat və rahat olduğu qədər
gərgin.
Bu təhkiyəni
mən heç yerdə görməmişəm
və Yunus Oğuz onun müəllifidir. Müəyyən epizodlar, detallar, təsvirlər
var. Olduqca istedadla yazılıb, istedadla
yaradılıb. Hətta bu əsərdə
elə yerlər var ki,
onu ayrıca bir dəyəri
olan mətn kimi oxumaq, dərk etmək mümkündür.
Bu mənada
mən düşünürəm ki, Yunus Oğuz bizim ədəbiyyatımıza yaxşı bir əsər, dəyərli bir
əsər verib. İnanıram ki, bu əsər yalnız
Azərbaycanda deyil, dünyada
oxuna biləcək , özünə oxucu tapa biləcək və
bizim ədəbiyyatımıza hörmət,
şöhrət gətirə biləcək əsərdir.
Nizami Cəfərov,
Atatürk Mərkəzinin rəhbəri,
filologiya elmləri doktoru,
millət vəkili
Bakı Xəbər.-2013.-18
iyul.-S.15.