Milli futbolun inkişafı sahəsində dövlət siyasəti ictimai maraqların güclü təminat kursudur

 

 Milli idmanımızın ən həssas sahələrindən biri futboldur ki, ictimaiyyətin diqqəti hər zaman bu idman növünə yönəlib. İctimai maraq və müzakirələrə səbəb olan Azərbaycan futbolu dövlətin qayğısı ilə tam olaraq əhatə olunub. Məlumdur ki, dövlətin futbolla bağlı həyata keçirdiyi siyasət hərtərəflidir və ömrünü futbola verən insanların həyatını, fəaliyyətini əhatə edir.

   Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu Taryel Əliyevin sözlərinə görə, dövlətimizin bu sahəyə diqqəti futbolda müəyyən nailiyyətlərlə müşayiət olunur. Onun dediyinə görə, bu qayğının təsiri nəticəsində keçən il Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib: "Bilirsiz ki, futbol bizim ölkədə ən həssas idman növüdür. Azərbaycanda çoxlu sayda idman klublarının, futbol komandalarının olmasına baxmayaraq, bizdə futbolun axsadığı halları çox olub. Azərbaycan dövləti idmanın inkişafına xüsusi önəm verdiyi üçün futbolu da qanadları altına alıb. Tofiq Bəhramov adına Stadionun təmiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə baş tutdu. Sonra Prezident açılış mərasimində də iştirak etdi. Stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Mövcud 29 min 870 oturacağı olan tribunanın bir hissəsi sökülüb və yerində yeni tribuna inşa edilib. Nəticədə oturacaqların sayı 31 min 200-ə çatdırılıb. Stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilib, drenajxüsusi isitmə sistemləri quraşdırılıb. Eyni zamanda, meydançanın ətrafındakı qaçış zolağı da yenidən qurulub, xüsusi örtüklə üzlənib. Həmçinin, stadionda yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Stadionun tribunasının alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılıb, üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub. Ümumiyyətlə, vurğulamaq yerinə düşər ki, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir edilməsi və yenidən qurulması ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanda idmanın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi siyasət böyük uğurların əldə edilməsinə səbəb olub. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə idman sahəsində həyata keçirilən siyasətdə sağlam nəsil yetişdirmək, yeniyetmələri və gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idmana cəlb etmək çox mühüm yer tutur. Yəni, Azərbaycan dövləti idmanı inkişaf etdirməklə ölkədə sağlam nəsil yetişdirmək, gənc nəsli pis vərdişlərdən uzaqlaşdırmaq məqsədini də hədəfləyib. Bu məqsədə çatmaq üçün görülən işlər isə öz bəhrəsini verməkdədir".

   Ekspert dedi ki, digər tərəfdən, idmanın inkişafı ölkənin nüfuzu, beynəlxalq aləmdə tanınması deməkdir. İdmançılarımız qazandıqları nailiyyətlərlə Azərbaycanın dünyada idman ölkəsi kimi mövqelərini bir qədər də möhkəmləndirir: "Xüsusi olaraq qeyd edək ki, ölkə Prezidenti tərəfindən 2012-ci ilin "İdman ili" elan olunması da dövlətin bu sahəyə xüsusi diqqətinin göstəricisidir. Dövlət başçısı tərəfindən həyata keçirilən bu siyasətin məntiqi nəticəsini hazırda idmançılarımızın dünya miqyaslı yarışlarda əldə etdikləri möhtəşəm qələbələrdə, Bakının ev sahibliyi etdiyi turnirlərdə görürük. Azərbaycan idmançıları dünya arenalarında uğur qazanacaq ölkəmizin adını ucaltdıqları kimi, paytaxt Bakımız da Avropanın idman mərkəzi statusunu dünyanın idman mərkəzlərindən biri statusuna dəyişməyə başlayıb. Belə ki, beynəlxalq yarışların respublikamızda keçirilməsi son illər ənənə halını alıb. Cari ilin altı ayı ərzində artıq 28 beynəlxalq yarışa ev sahibliyi etmişik. Bu günədək 126 respublika tədbiri keçirilib. Eləcə də 217 beynəlxalq tədbirdə, 79 təlim-məşq toplanışında yığma komandalarımızın iştirakı təmin edilib. London Olimpiadasına hazırlıq dövründə keçirilmiş yarışlar Azərbaycanın təbliği baxımından da əhəmiyyətli olub. Xüsusilə may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan, dörd kontinental, dörd milli və 12 qarışıq kollektivdə, ümumilikdə 180 idmançının iştirak etdiyi 23 yaşadək velosipedçilər arasında beşmərhələli beynəlxalq veloyürüşü qeyd etmək lazımdır. "İdman ili"nə həsr olunan, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil edilən, dünya şöhrətli "Formula-1"in hazırkı çempionu "Red Bull Racing" komandasının canlı əfsanəsi Devid Kulthardın iştirakı ilə avtoyürüş və nümunəvi çıxışlar paytaxtımızın sakinləri, həmçinin, qonaqları tərəfindən maraq və sevinclə qarşılanıb. Sevindirici haldır ki, artıq bir sıra beynəlxalq yarışlar təkcə Bakıda deyil, ölkəmizin müxtəlif bölgələrində də keçirilir. Bu sırada Naxçıvan Muxtar Respublikasında şahmat, yunan-Roma güləşi, üzgüçülük və digər idman növləri üzrə təşkil edilmiş beynəlxalq turnirlər Naxçıvanın da regionda idman mərkəzlərindən birinə çevrilməsi yolunda mühüm addımlardır. Ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarışlar, nəhəng infrastruktur layihələri, idman bazaları və idmançılarımızın qazandığı uğurlar Azərbaycanın Olimpiya Oyunları kimi nəhəng yarışa ev sahibliyi etməsi üçün müsbət zəmin yaradır. Bu yarışın Bakıda keçirilməsi üçün bir çox nəhəng idman infrastrukturunun yaradılması çox vacibdir və ölkəmiz bu hədəfə doğru addım-addım irəliləyir.

   Onu da vurğulamaq yerinə düşər ki, sentyabrın 22-də Azərbaycanda daha bir nüfuzlu beynəlxalq yarış başlayacaq. Keçmişə dönsək qeyd edim ki, 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin keçirilməsi təqdirəlayiq haldır. FİFA U-17 qadınlararası dünya çempionatında qələbə uğrunda dünyanın 16 güclü komandası mübarizə apardı. Heç şübhəsiz, 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünə marağın daha da artmasına səbəb oldu. Həmçinin, bu amil Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirdi".

   Tliyevin dediyinə görə, ictimai maraqları özündə cəmləşdirən futbolun inkişafından danışanda Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamını unutmamalıyıq. Bu sərəncamdan sonra futbolun inkişafına daha böyük diqqət yetirildiyini bildirən T.Əliyevin sözlərinə görə, sənəddə bildirilir ki, Azərbaycan Respublikasında dövlət qayğısı nəticəsində bır sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə marağını yüksəltmək, futbolun elmi-metodikinormativ-hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə bu sərəncam verilib: "Bu Dövlət Proqramının əhəmiyyəti çox böyükdür. Bu proqramın qəbulundan sonra ölkədə uşaq futbolunun inkişafına da diqqət ayrıldı. Dövlət Proqramında bildirilir ki, Azərbaycan Respublikasında ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Bakının "Neftçi", Gəncənin "Dinamo" komandalarının qazandığı uğurlar futbol tariximizin şanlı səhifələridir. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib: "Təəssüf ki, son on beş il ərzində futbolumuz şöhrətini itirib, bu idman növünə maraq və diqqət azalıb. Göstərilən dövrdə ölkədə futbolla məşğul olanların sayı 200 min nəfərdən 74 min nəfərə enərək, iki dəfədən çox azalıb. Yaranmış acınacaqlı vəziyyət futbol üzrə milli yığma komandaların nəticələrinə mənfi təsir göstərir. 1992-ci ildən etibarən DünyaAvropa çempionatlarının seçmə mərhələlərində Azərbaycan milli yığma komandası öz qrupunda sonuncu yerlərlə kifayətlənib. Yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarımız da beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edə bilməyib. Futbol bazalarının hazırkı vəziyyəti, respublika uşaq-yeniyetmə futbol məktəblərinin maddi-texniki bazalarının aşağı səviyyədə olması, yüksək ixtisaslı məşqçi və müəllimlərin çatışmazlığı əhalinin, xüsusilə yeniyetmə və uşaqların futbol ilə məşğul olmağa artan tələbatını ödəməyə imkan vermir. Futbolçu ehtiyatı hazırlığı üçün beynəlxalq standartlara cavab verən mərkəzlərin olmaması, süni örtüklü meydançaların yetərsizliyi, futbolla bağlı xüsusi metodik ədəbiyyatın çatışmazlığı ölkədə futbolun inkişafına və futbolçu ehtiyatı hazırlanmasına mənfi təsir göstərir. Ümumiyyətlə, respublikada futbolun hazırkı vəziyyəti idmanın bu növünün kütləvi inkişafı üçün təxirəsalınmaz və konkret tədbirlərin görülməsini, uşaq-yeniyetmə və gənclər arasında işin canlandırılmasını, futbol infrastrukturunun inkişafını, beynəlxalq səviyyəli futbolçuların hazırlanmasını zəruri edir. Bu mənada Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramı (2005-2015-ci illər) ölkədə futbolun inkişafına və beynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edir".

   Ekspert bildirdi ki, "2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramının əsas məqsədi "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə bədən tərbiyəsi və idmana aid digər normativ - hüquqi aktlara uyğun olaraq futbol sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə futbolun və onun infrastrukturunun inkişaf etdirilməsini, futbol ilə məşğul olmaq üçün müvafiq şəraitin yaradılmasını, köhnə stadionların bərpasını, yenilərinin layihələndirilməsini və tikintisini, beynəlxalq səviyyəli futbolçuların, məşqçilərin, hakimlərin və digər futbol mütəxəssislərinin hazırlanmasını təmin etməkdən ibarətdir: "Artıq bu Dövlət Proqramının bir sıra bəndləri icra edilib və Azərbaycan futbolu yeni inkişaf mərhələsinə qədəm qoyub. Futbol Azərbaycan ictimaiyyətinin daim inkişafda görmək istədiyi sahələrdəndir. Dövlətin futbolla bağlı yürütdüyü siyasət ictimaiyyətin maraqlarını təmin edir".

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-25 iyul.-S.-15.