Azərbaycanın sosial
təminat sferasında ictimai maraqların
müdafiəsi...
Azərbaycan dövləti tərəfindən əhalinin aztəminatlı təbəqəsinin sosial rifahının, həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, sənədlər qəbul edilir. Dövlətimiz aztəminatlı ailələri hər zaman öz qayğısı altında saxlayır. Azərbaycanda pensiya təminatı ictimaiyyətin maraqlarının təmin edilməsi baxımından təqdirəlayiqdir.
Bu gün Azərbaycan qanunvericiliyində əhalinin müxtəlif təbəqələrinin pensiya təminatı ilə bağlı çox mütərəqqi müddəalar öz əksini tapır. Azərbaycan qanunvericiliyində pensiya təminatı ilə bağlı müddəalar ildən-ilə təkmilləşdirilir, mükəmməlləşdirilir, hər dəfə də əhalinin maraqlarına uyğun şəkildə formalaşdırılır.
Azərbaycan dövlətinin pensiya siyasətinin ictimaiyyətin maraqlarına uyğun aparılması məsələsi özünü bir neçə sahədə göstərir. O sahələrdən biri də ailə başçısını itirən ailələrin təminatı məsələsidir ki, bu, Azərbaycan qanunvericiliyində özünü əhatəli şəkildə ifadə edir.
Hüquqşünas Daxil Fazil oğlu Kərimov qeyd edir ki, ailə başçısını itirməyə görə əmək pensiyasi qanunvericiliklə tənzimlənir. O deyir ki, vətəndaşların konstitusion hüququ olan sosial təminat hüququ hər bir kəsə şamil edilən sosial-iqtisadi hüquq kimi çıxış edir: "O hər bir şəxsi doğulduğu andan həyatın axırına kimi müşayiət edir, çünki sosial təminat sahəsində hüquq münasibətlərinin yaranması əsasını insanın doğulması, onun ölümü, xəstəliyi, qocalığı, ailə başçısının itirilməsi, işsizlik, sosial yardıma ehtiyac və s. obyektiv hallar təşkil edir. Respublikamızda mülkiyyətin müxtəlif formalarının tətbiqi, bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması, bütövlükdə cəmiyyətin sosial-siyasi və iqtisadi həyatında baş verən köklü dəyişikliklər və bu dəyişikliklər əsasında yeni qanunvericilik aktlarının qəbul edilməsi, digər sahələrdə olduğu kimi, hüquq elminin də bütün nəzəri məsələlərinin yenidən tədqiq edilməsini tələb edir. Hüquq elminin müstəqil sahəsi kimi sosial təminat hüququnun ən aparıcı institutu olan pensiya hüququnda isə əmək bazarının yaranması ilə əlaqədar çoxlu dəyişikliklər olub və buna görə də onun bu və ya digər nəzəri və praktiki məsələlərinin tədqiq olunması olduqca vacibdir. Bununla əlaqədar olaraq pensiya təminatının ən mühüm növlərindən biri olan ailə başçısını itirməyə görə əmək pensiyasının təyini çox əhəmiyyətlidir. Ona görə ki, ailə başçısını itirməyə görə əmək pensiyaları müəyyən qədər geniş əhali təbəqəsini əhatə edir. Belə ki, 2010-ci ilin yanvar ayının 1-nə olan statistik məlumata görə, respublikamız üzrə 137924 nəfər ailə başçısını itirməyə görə əmək pensiyası alıb. Son dövrlərdə pensiya təminatının müxtəlif məsələləri hüquqşünaslar, iqtisadçılar, sosioloqlar tərəfindən tədqiq edilsə də, ailə üzvlərinin ailə başçısını itirmələri ilə əlaqədar olaraq pensiya təminatı məsələləri kompleks şəkildə araşdırılmayıb. Buna görə də pensiya təminatının bu növünün hüquqi tənziminin nəzəri və praktiki məsələlərinin tədqiq edilməsi müasir dövrdə xüsusi aktuallıq kəsb edir. İlk növbədə göstərmək lazımdır ki, pensiya təminatının bu növünün təqdim edilməsi əsası Konstitusiya ilə müəyyən edilib. Belə ki, Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının 38-ci maddəsinin III bəndində hər kəsin ailə başçısını itirdiyi halda sosial təminat (pensiya) almaq hüququ öz təsbitini tapıb. Məlumdur ki, əhalinin sosial problemlərinin həlli dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir və bu məqsədə nail olunması hər bir dövlətin mövcud sosial-iqtisadi inkişafının səviyyəsindən asılıdır. Azərbaycan Respublikasında sosial müdafiə problemlərinin həlli üçün iqtisadi, sosial və hüquqi dövlət təminatı sistemi mövcuddur və iqtisadi islahatların son nəticəsi məhz əhalinin sosial problemlərinin tədricən həll edilməsinə yönəldilib.
Respublikamızda formalaşmış olan sosial təminat sisteminin ən mühüm və vacib tərkib hissəsi olan pensiya təminatı sistemini yaxşılaşdırmaq məqsədilə pensiya islahatı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında pensiya islahatı Konsepsiyası" na uyğun olaraq həyata keçirilib. Nəticədə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Dövlət qulluqçularının pensiya təminatı haqqında", "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası qanunları qəbul edilib, sosial sığorta münasibətlərini təkmilləşdirmək məqsədilə "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa əhəmiyyətli şəkildə əlavə və dəyişikliklər edilib. Göstərilən bu qanunvericilik aktlarına uyğun olaraq pensiya sistemi yenidən qurulub, sosial sığorta münasibətləri ilə əlaqəsi olmayan sosial pensiyalar sosial müavinətlərlə əvəz edilib (o cümlədən ailə başçısını itirməyə görə sosial pensiyalar sosial müavinətlərlə əvəz edilib), ölkənin pensiya təminatı sistemində ilk dəfə olaraq yığım prinsipi elementləri formalaşıb və pensiyaların məbləği üç hissədən - baza, sığorta və yığım hissələrindən ibarət təşkil edilib. Pensiya təminatı sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri olan fərdi uçot sisteminin yaradılması prosesi həyata keçirilib. Bütün bunlara ailə başçısını itirməyə görə pensiya təminatının yaxşılaşdırılması da aiddir. Azərbaycanda ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimlənməsinin bu və ya digər aspektləri təhlil edilib. Son illər respublikamızda bu məsələyə xüsusi önəm verilir".
Digər hüquqşünas Aysel Kəlbalıyeva isə deyir ki, ölkədə aparılan pensiya islahatı ilə əlaqədar pensiya təminatına dair qəbul edilən yeni qanunvericilik aktlarının müddəalarına uyğun olaraq pensiya təminatının hüquqi tənzimlənməsi məsələləri diqqəti cəlb edir: "Pensiya qanunvericiliyi sığorta prinsipləri əsasında yenidən qurulduqdan sonra ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimlənməsi məsələlərinə ilk dəfə olaraq kompleks şəkildə yanaşılaraq onun mahiyyəti və cəmiyyət üçün əhəmiyyəti şərh olunub, ailə başçısını itirməyə görə pensiya təminatının gələcəkdə daha da təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsinə təşəbbüs göstərilir. Azərbaycan Respublikasında ailə başçısını itirməyə görə pensiya təminatının hüquqi tənzimlənməsi məsələləri normal səviyyədə icra olunur. Bu gün ailə başçısını itirən hər bir ailəyə uşağın sayına, onların yaşına görə pensiya verilir. Sözsüz ki, ailələrin bu şəkildə pensiya ilə təmin olunması təqdirəlayiq haldır. Atasını itirən uşağın arxasında dövlət dayanır. Dövlətin həyata keçirdiyi pensiya siyasətindən ictimaiyyətin bu cür üzvləri geniş şəkildə istifadə edə bilir".
A.Kəlbalıyeva bildirdi ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək vəfat etmiş sığorta olunanın sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir: "Hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən geci 3 ay keçənədək, yaxud bu müddətdən sonra, amma xidmət etdiyi dövrdə aldığı xəsarət (yara, kontuziya və ya zədə), xəstəlik nəticəsində vəfat edibsə, təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə, təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir ailə üzvü olduqda və ya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsində nəzərdə tutulan əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanan məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olubsa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-18.3-cü maddələrinə uyğun olaraq hesablanan ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin və ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləğlərinin cəminə bərabərdir.
Vəfat etmiş sığorta olunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Sığorta olunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir".
Ardı var...
İradə
SARIYEVA
Bakı Xəbər.-2013.-26-28
iyul.-S.15.