Dini qanunvericiliyin
təkmilləşdirilməsində dövlət və ictimai maraqların vəhdəti...
Konstitusion quruluşuna görə Azərbaycan dünyəvi dövlətdir. Bununla yanaşı, biz həm də müsəlman ölkəsi sayılırıq. Statistik məlumatlardan görünür ki, ölkəmizin əhalisinin mütləq əksəriyyəti İslam dininə etiqad edir. Dünyəvilik və din bir az fərqli anlamlar daşısa da, bu iki dəyərin uzlaşdırılması, hər ikisinin arasında ortaq bir nöqtənin tapılması Azərbaycan dövləti üçün çox vacib əhəmiyyət daşıyır. Çünki biz nə dünyəvilikdən imtina edə bilərik, nə də İslamdan.
VII əsrdə Ərəbistan yarımadasında meydana çıxan İslam səmavi dinlərin arasında ən müasiri və sonuncusu sayılır. Öz inkişafı dövründə bir din olaraq İslam böyük islahatlara və dəyişikliklərə məruz qalıb. Əslində, İslamın konstitusiyası anlamına gələn müqəddəs Qurani-Kərim dini postulatları konkret olaraq özündə ehtiva edən bir kitabdır və burada bütün məsələlərin izahı sadə dildə verilir. Ancaq bu uzun müddət ərzində İslamın daxilində baş qaldıran ziddiyyətlər dinin parçalanması ilə nəticələnib. Bu gün İslamın daxilində çoxlu sayda təriqətlər və cərəyanlar mövcuddur. Təəssüflər olsun ki, bəzi dövlətlər də bu təriqətlərdən hansınısa mənimsəyib İslamı özünküləşdirmək istiqamətində iş aparır. Bir müsəlman ölkəsi kimi, Azərbaycan da bu gün belə tendensiyalardan qorunmağa məhkumdur. Çünki İslam adı ilə öz ideologiyasını cəmiyyətə ixrac etməkdə maraqlı olan dövlətlər Azərbaycanla bağlı da ciddi təbliğat aparır. Hər bir dini cərəyan əksəriyyəti müsəlman olan əhalimizi öz tərəfinə çəkib maraqları üçün işlətmək istəyir. İslam adı ilə fəaliyyət göstərən bu cərəyanların içərisində terrorizmi, radikallığı, dözümsüzlüyü təbliğ edənlər də az deyil. Bu səbəbdən də ölkəmiz düşünülmüş və balanslaşdırılmış siyasət həyata keçirməkdə maraqlıdır.
XX əsrin əvvəlində bir müsəlman dövləti olaraq dünyaya ilk cumhuriyyəti, demokratik respublikanı vermiş Azərbaycan və azərbaycanlılar üçün bu gün "biz dünyada haradayıq" sualına cavab axtarmaq vacib və zəruridir. Bu baxımdan Azərbaycanın hazırkı dünyadakı yeri, nüfuz çevrəsi barədə söz edərkən dünyanın bizi, bizim isə dünyanı necə, hansı dəyərlərlə tanıyıb qəbul etməyimiz üzərində düşünmək lazımdır. Bu gün bütün dünyada qloballaşma prosesi gedir. Qlobal inteqrasiya dünyanın dörd yanını bir-birinə bağlayır, dünyanın o tayında baş verən olaylar bu tayda əks-səda və fəsad doğurur. Məlumdur ki, Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən, Azərbaycan islam ölkəsi olmasına rəğmən, dini və milli tolerantlıq baxımından region dövlətləri arasında liderdir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə, onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə millətin xarakteri ilə bağlı olan məsələdir. Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Həmçinin, burada ənənəvi dini bağlılıqları olmayan toplumlar da yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib.
Sözsüz ki, bütün bu dəyərlərin balanslaşdırılması üçün istənilən ölkə möhkəm qanunvericilik bazasına malik olmalıdır. İkinci dəfə müstəqilliyini əldə etdikdən sonra, ölkəmiz də dini qanunvericiliyin mövcud reallıqlara cavab verməsi və dövlətin ideoloji mühafizəsi üçün dini qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atıb. Belə dəyişikliklərdən biri də bu yaxınlarda baş verib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklərə münasibət açıqlayaraq bildirib ki, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərin olunması dini durumdakı mövcud reallıqlardan qaynaqlanıb: "Araşdırmalar göstərir ki, bu sahədə baş verən qanun pozuntuları bir çox hallarda eyni dini icmalar və şəxslər tərəfindən təkrarlanır. Hətta bəzi məqamlarda həmin dini qurumlar və şəxslər bilərəkdən qanunvericiliyin tələblərini pozaraq dini təbliğat aparır, zərərli dini ədəbiyyat yayırlar. Müvafiq dövlət qurumları bununla bağlı lazımi tədbirlər gördükdə isə kiçik məbləğdə olan cərimələri ödəməklə kifayətlənir.
Bu baxımdan əminliklə demək olar ki, dini fəaliyyət sahəsindəki qanunvericilik bazasının təkmilləşdirilməsi həm zərərli dini ədəbiyyatın yayılmasının, həm də qanunsuz dini təbliğatın aparılmasının qarşısının alınmasında, eləcə də dini durumda gedən proseslərin daha da şəffaflaşmasında önəmli rol oynayacaq".
Xatırladaq ki, bu dəyişiklik dekabrın 12-də Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə etdiyi düzəlişlərlə təsdiqlənib. Məcəlləyə edilmiş dəyişikliklə icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsi qadağandır.
Həmin gün Prezident İlham Əliyev Cinayət Məcəlləsinə yenilikləri də imzalayıb. Cinayət Məcəlləsinə əlavə edilən yeni maddəyə görə, qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma beş ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur. Yeni qanunlara görə, bundan sonra Azərbaycanda yalnız markalanmış dini kitabları almaq mümkün olacaq. Qanuna edilən dəyişikliklər dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıycılarda), audio və videomateriallar, mal və məlumatlar və dini məzmunlu başqa məlumat materialları ilə bağlıdır.
Qanuna dəyişikliyi təqdim edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini materialları əldə edə və onlardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda, göstərilir ki, nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.
Deputat Qüdrət Həsənquliyev qanuna dəyişikliyə münasibət bildirərək deyib ki, Azərbaycan çox həssas bölgədə yerləşir, hər kəs də öz milli təhlükəsizliyini qorumalıdır. O qeyd edib ki, ekstremist tərkibli kitabların ortaya çıxarılması üçün həmin ədəbiyyat oxunmalıdır. "Azərbaycan saqqallı və saqqalsız mollalarla dolub. Biz özümüz ekstremizmə yol verməməyə çalışmalıyıq" - o deyib.
Deputat Zahid Oruc isə bildirib ki, qanuna dəyişikliyin ekstermist dini təriqətlərin yayılmamasında əhəmiyyəti olmayacaq. "Bu gün ən ucqar kənd sakininin belə internetə çıxışı var, internetdə isə bütün təriqətlərin materialları var. Bu dəyişikliklər praktikada işləniləcək" - o deyib.
Zahid Oruc bildirib ki, ekstremist axınların qarşısının alınması üçün dini siyasət daha fəal yürüdülməli, dinin dövlət siyasətinə qarışmadığı anladılmalıdır.
Deputat İlham Əliyev isə qeyd edib ki, bizim dinimiz var və biz ona qulluq edirik.
"Mən bu qanuna dəyişikliyi dəstəkləyirəm. Çünki biz çalışmalıyıq ki, cəmiyyətimizdəki qısa şalvarlıları və saqqalı sinəsinə qədər düşənləri təcrid edək. Axşamlar bulvara çıxanda adam onların xarici görünüşünə nifrət edir. Çalışıb onları indvidual qaydada və yaxud kompleks şəkildə cəmiyyətdən təcrid etməliyik. "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişiklik yəqin ki, buna xidmət edir. Biz çalışacağıq ki, belə ünsürlər gələcəkdə aramızdan yığışdırılsın" - o deyib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova isə "Dini etiqad azadlığı haqqında" Qanuna əlavələrin müzakirəsi zamanı bildirib ki, dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini materialları əldə edə və onlardan istifadə edə bilər.
Qanun layihəsində qeyd olunur ki, dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda, o da göstərilir ki, nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.
Dini qanunvericiliyə edilən son dəyişiklikləri dövləti və ictimai maraqların qorunması istiqamətində bir addım saymaq olarmı?
Dini maarifləndirmə sahəsində bir neçə layihənin icrasını həyata keçirən QHT rəhbəri Ağa Rəsulov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, dini qanunvericiliyə edilən dəyişikliklər zamanın tələbindən irəli gələn bir məsələdir: "Dinin yayılması ilə bağlı vəziyyəti təhlil edəndə Azərbaycanın spesifik bir ölkə olduğu qənaətinə gəlmək mümkündür. Ölkəmizin əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad etdiyindən, bu dinə maraq da böyükdür. Bu sevgini insanların ürəyindən çıxarmaq da mümkün deyil. Təsadüfi deyil ki, 70 illik sovet imperiyasının ateist təbliğatı və həmin dövrün qadağaları da dinimizi unutdura bilmədi. İkinci dəfə müstəqilliyə qovuşduqdan sonra isə bütün dini təlimlərin yayılmasına icazə verildi. Həmin dövrdən keçən zaman ərzində bu haldan geniş sui-istifadənin şahidi olduq. Öz inkişaf tarixi ərzində İslam çoxsaylı təriqətlərə və icmalara parçalanıb. Belə təriqətlərdən bəziləri hazırda bir sıra dövlətlərin rəsmi ideologiyasını təşkil edir ki, onların da yayılmasına böyük maraq var. Azərbaycan belə qaranlıq niyyətlərin həyata keçirilməsi üçün ən əlverişli bir ölkədir. Din pərdəsi altında müxtəlif təlimlərin, radikal cərəyanların ölkəmizə ayaq açdığına şahid olduq. Ölkənin güc strukturları din pərdəsi ilə maskalanmış bir neçə terror qrupunu zərərsizləşdirdi. Hadisələri dərindən təhlil etdikdə məlum olur ki, bəzən belə niyyətlərin həyata keçirilməsi ölkə qanunvericiliyində olan boşluqlardan da yararlanaraq baş tuta bilirdi.
Zərərli dini təbliğatın aparılması
yalnız İslam çərçivəsində
olmur. Başqa dinlərə
məxsus bir sıra sektaların da ölkəyə ayaq
açdığını gördük.
Hesab edirəm ki, dini qanunvericiliyin təkmilləşdirilməsi
istiqamətində atılan bütün
addımlar dövləti və ictimai
maraqların qorunmasına yönəlib. Məlum dəyişikliklərdən
sonra, zərərli cərəyanların
istifadə edərək ölkəyə zərər vura biləcəyi bütün
boşluqlar da kompensasiya olundu. Bunu da dövlətçilik
maraqlarının qorunması istiqamətində zəruri
addım saymaq olar".
Məhəmmədəli
QƏRİBLİ
Bakı xəbər.- 2013.- 19 iyun.-
S. 12.