Universitet qəzetçiliyinin Azərbaycan modeli...

 

Anzulə Əmirova: "Bakı Universiteti" qəzeti universitetin aynasıdır"

 

"Abel Məhərrəmov da hər zaman deyib ki, qəzet tələbələrə aiddir"

 

"Hər bir tələbə istənilən vaxt maraqlı yazılarının qəzetdə dərcinə nail ola bilir"

 

Əsası 1929-cu ildə qoyulan "Bakı Universiteti" qəzeti 1947-ci ildən mütəmadi olaraq nəşr olunur. 1990-cı ilə qədər "Lenin tərbiyəsi" uğrunda adı ilə, Azərbaycan və rus dillərində işıq üzü görən qəzetə müxtəlif illərdə Rəsul Rüstəmov, İsrafil Cahangirov, Yusif Yusifov, Seyfulla Əliyev, Nüsrət Bağırov, Aslan Aslanov, Vəli Məmmədov, Eldar Əliyev, Ağamusa Zeynalov, Bayram Hüseynzadə, Haqverdi Rzayev kimi jurnalistlər redaktorluq edib. Bu illər ərzində "Bakı Universiteti" qəzetində Azərbaycanın ən tanınmış jurnalistləri və elm adamları ilk qələm təcrübələrini qazanıb.

   2007-ci ilin sentyabrından BDU-nun mətbuat və informasiya şöbəsinə birləşdirilən qəzetin baş redaktoru filologiya elmləri namizədi Şərəf Cəlilli olub. 2009-cu ilin sentyabr ayından müxtəlif səbəblərə görə fəaliyyətini dayandıran "Bakı Universiteti" qəzeti sonradan nəşrini yenidən bərpa edib. 2010-cu ilin mart ayından isə qəzetə Anzulə Əmirova rəhbərlik edir. Qəzet 2000 tirajla nəşr olunur, ali məktəbdə pulsuz yayılır. Redaktor da daxil olmaqla 6 nəfərdən ibarət heyətə malikdir.

   "Bakı Universiteti" qəzetinin necə fəaliyyət göstərməsi barədə adıçəkilən mətbu orqanın baş redaktoru Anzulə Əmirova ilə söhbətləşdik.

    - Anzulə xanım, tarixdən bəllidir ki, mətbuat insanları cəhalətdən tərəqqiyə doğru aparan işıqlı bir yoldur. Sözsüz, "Bakı Universiteti" qəzeti də bu amala xidmət edir.

   - Bu gün ölkədə mətbuatın inkişafı üçün çox münbit mühit formalaşdırılıb, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılıb. Bəli, çox doğru qeyd edirsiniz ki, mətbuat bütün dönəmlərdə böyük əhəmiyyət kəsb edib və insanların həyatına təsir edən ən güclü vasitədir. Və biz jurnalistlər bu vasitədən səmərəli, doğru, vicdanlı istifadə etməyə borcluyuq. "Bakı Universiteti" qəzeti də fəaliyyətinin bütün dövrlərində oxucularına xidmət etmək yolunu tutub, onlara sadiq qalıb. Qəzetin əsası 1929-cu ildə qoyulub və 1947-ci ildən mütəmadi olaraq nəşr olunur. Qəzetdə tanınmış qələm sahibləri də çalışıb. Hazırda qəzet daha da inkişaf edib. Bu isə universitet kollektivinin qəzetə diqqətindən, xüsusilə rektor, akademik Abel Məhərrəmovun qəzetə göstərdiyi qayğıdan qaynaqlanır.

    - Qəzetinizin dövriyyəsi necədir, həftəlikdir, ya aylıq?

   - "Bakı Universiteti" ayda iki dəfə rəngli formatda işıq üzü görür. Amma son vaxtlar tələbələrin, xüsusilə BDU-nun jurnalistika fakültəsinin tələbələrinin qəzetimizə olan marağı, mütəmadi olaraq yazılar təqdim etməsi və ən əsası da tələbləri nəticəsində dövriliyimizi artırmaq istəyirik. Həmkarlar Komitəsinin sədri, dosent Fikrət Şiriyevlə də məsləhətləşmələrimizə əsasən, universitet rəhbərliyinin xeyir-duası ilə yeni tədris ilindən həftəlik dərc olunmağı planlaşdırırıq.

    - Qəzetiniz universitetin həyatını nə dərəcədə əhatə edə bilir?

   - Qəzet fəaliyyət göstərdiyi bütün dövrlərdə sırf universitet həyatı ilə bağlı olub. Son illər isə universitetdə elə bir əlamətdar hadisə, elə bir tədbir yoxdur ki, nəzərimizdən kənarda qalsın. Bir sözlə, bizim qəzetimiz universitetin aynasıdır.

   - Kollektiviniz kimlərdən ibarətdir?

   - Bizim çox mehriban və səmimi kollektivimiz var. Redaksiya heyətinə 6 nəfər daxildir. Kollektiv arasında mehriban münasibətlər, səmimiyyət və ən əsası, qarşılıqlı sevgi var. Amma ümumilikdə universitetin istənilən müəllimi, əməkdaşı, yaxşı qələmi olan tələbəsi qəzetimizlə əməkdaşlıq edir. Onlar özlərini "Bakı Universiteti"nin kollektivi hesab edir və bizim üçün də doğmadırlar.

   - Ali məktəblərin orqanları olan qəzetlər tələbələrin həyatında nə kimi rol oynayır?

 

   - Düşünürəm ki, çox əhəmiyyətli rol oynayır. Əvvəla, ona görə ki, rektor Abel Məhərrəmovun da hər zaman dediyi kimi, qəzet universitet tələbələrinə aiddir, onlara xidmət etməlidir. Odur ki, rektorumuzun göstərişinə əsasən, biz həmişə tələbələri universitet qəzetinə cəlb edir, onlara dəstək olur, onlara daha çox yer ayırmağa səy göstəririk. Digər bir tərəfdən, qəzetimiz onları universitetə daha da bağlayır, universitet həyatında baş verən xəbərlər və yeniliklər barədə məlumatlandırır, özlərini doğma hiss etməyə birbaşa təsir edir, onların uğurlarını, yeniliklərini tarixə salır. Bundan başqa, jurnalist kimi fəaliyyət göstərmək istəyən tələbələrə şərait yaradır, məqalələri qəzetdə dərc edilməklə onlar üçün bir növ yazı arxivləri formalaşır. Hər bir tələbə istənilən vaxt maraqlı yazılarının qəzetdə dərcinə nail ola bilir. Qəzet onların bir növ özlərini sübut etmələri, yaradıcı fəaliyyətləri üçün açıq qapı rolunu oynayır.

    - Vaxtilə ali məktəblərdə daha çox divar qəzetləri mövcud idi. Tələbə yaradıcılığının ilk sevincləri, çırpıntıları bu qəzetlərdən boylanardı. Burada necə, tələbələrin yaradıcılıq nümunələri çap olunurmu?

   - İnanın, indi də eyni hisslər, eyni maraq qalmaqdadır. Yəni tələbələr öz yazılarını, istedadlı tələbələr isə uğurlarını "Bakı Universiteti"ndə görməkdə çox maraqlıdır. Hətta bir çox hallarda redaksiyaya dekanlıqlardan zənglər edilir, uğur qazanan tələbələr barədə məlumatlar verilir. Bəzən müəllimlər tələbələrin şeir və məqalələrini özləri qəzetimizə təqdim edir, bir növ onların qəzetdə dərcini təmin etməklə tələbələrinə mənəvi dəstək olur.

   - Məlumdur ki, gündəlik, həftəlik nəşrlər əsasən satış yolu ilə oxuculara, ictimaiyyətə çatdırılır. Bəs universitet qəzeti necə, ictimaiyyətin görüşünə gedə bilirmi? Yoxsa, onun əsas oxucusu elə universitet ictimaiyyətidir?

   - Qəzetimiz universitetimizdə pulsuz paylanır. Yəni qəzetin hər yeni sayı universitet daxilində 17 fakültədə yayılır. Biz yaxşı anlayırıq ki, yalnız qəzeti nəşr etmək yox, onun yayımını təmin etmək də əhəmiyyətlidir. Odur ki, qəzetimiz işıq üzü gördükdən dərhal sonra bütün fakültələrlə əlaqə saxlayırıq. Fakültələr qəzetləri götürdükdən sonra hər bir fakültənin elanlar lövhəsindən onun bir nüsxəsi asılır və qalan qəzetlər tələbələrə, müəllimlərə paylanır. Bundan əlavə, "Bakı Universiteti"nin nüsxələri bir sıra universitetlərə də göndərilir.

   - Tələbələrin qəzetə marağı hansı səviyyədədir?

   - İnandırım sizi ki, maraq hər gün daha da artır, baxmayaraq ki, İnternet hər birimizin həyatına sirayət edib, universitet qəzetində yazılarını görmək istəyən tələbələrimizin sayı günbəgün artır. Sevindirici haldır ki, əvvəllər yalnız filologiya və tarix fakültələrinin tələbələri yazılarını dərc etdirməyə maraqlı olduqları halda, son zamanlar jurnalistika fakültəsinin tələbələri qəzetimizlə daha aktiv əməkdaşlıq edir.

   - Hansı fakültənin tələbələri "Bakı Universiteti" qəzetini oxumağa daha çox meyl edir?

   - Əksər fakültələrin tələbələri qəzetə yazılar təqdim etdiyi üçün onu oxumağa da həvəslidir. Xüsusilə jurnalistika, filologiya, biologiya, coğrafiya və tarix fakültəsinin tələbələrinin marağını qeyd etmək istərdim.

   - Hansısa tələbənin şikayəti varsa, həmin şikayət qəzetinizdə dərc olunurmu?

   - Doğrusu, mənim redaktor kimi fəaliyyət göstərdiyim müddətdə hələ kimsə qarşılaşdığı problemin qəzetdə dərcini tələb etməyib. Qəzetimizin "Fasebook"səhifəsi də mövcuddur. Tələbələr arzu və istəklərini bu səhifə vasitəsilə də çatdıra bilir. Dəfələrlə olub ki, kömək məqsədilə məktublar ünvanlayıblar və biz də əlimizdən gəldiyi qədər onlara yol göstərməyə, problemlərini həll etməyə yardımçı olmuşuq.

   - Ümumiyyətlə, "Bakı Universiteti" qəzeti jurnalist kadrların yetişdirilməsi işinin öhdəsindən necə gəlir?

   - Qəzet elə fəaliyyətə başladığı vaxtdan bu istiqamətdə xeyli uğurlar əldə edib. Hazırda APA Holdinqin prezidenti Vüsalə xanım Mahirqızı, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə və bir çox televiziya və jurnallarla əməkdaşlıq edən istedadlı jurnalistlər ilk qələm təcrübələrini "Bak Universiteti" ilə bölüşüb.

    - Anzulə xanım, Siz xanım baş redaktorlar arasında ən gəncisiniz. Bu işin öhdəsindən necə gəlirsiniz? Çətinliyiniz olurmu?

 

   - Təbii ki, bu işə yeni başlayanda bir sıra çətinliklərlə qarşılaşırdım. O zaman mənim 25 yaşım yenicə tamam olmuşdu. Tələbəliyimin ilk ilindən jurnalistika ilə məşğul olmağa başlamışam. İstər valideynlərimin, istərsə də ailəmin, dostlarımın mənəvi dəstəyi sayəsində universitet rəhbərliyinin etimadını doğrultmaq üçün bütün enerjimi sərf edərək, təyin edildiyim vəzifənin öhdəsindən gəlməyə çalışdım. Çünki bu mənim sevdiyim işdir və məlumdur ki, hər bir insan sevdiyi işdə uğur qazana bilir.

 

   Günel CƏLİLOVA

 

Bakı xəbər.- 2013.- 21-23 iyun.- S. 7.