Artırılan hərbi büdcə, Azərbaycanın dövlət və ictimai maraqları...

 

Üzeyir Cəfərov: "Hərbi büdcənin ilbəil artırılması tamamilə normal və Azərbaycanın ictimai, dövlətçilik maraqlarına uyğun bir addımdır"

 

"Orduya ayrılan vəsaitə nə qədər güclü nəzarət varsa, bir o qədər müvafiq qurumlar diqqətli olur"

 

Azərbaycan ilbəil orduya ayrılan vəsaitlərin həcmini artırır. Çox təəssüflər olsun ki, Azərbaycan tərəfindən bu istiqamətdə görülən işlər bəzi beynəlxalq qurumların narahatlığına səbəb olur. Halbuki, işğala biz məruz qalmışıq və hərbi büdcənin həcminin artırılması torpaqların azad olunmasına hesablanıb. O baxımdan bu istiqamətdə atılan addımlar bizim haqq işimizdir.

      Qəribədir ki, bəzi beynəlxalq qurumlar işğalçı dövlətə təzyiq göstərmək əvəzinə, bizi silahlanmadan çəkindirmək istəyir. Bir məqamı da nəzərə almaq lazımdır ki, hərbi büdcənin artırılması ictimai maraqlara uyğundur. Çünki bu həm də ictimai və dövlət maraqlarından irəli gələn məsələdir.

   2013-cü ildə orduya ayrılan vəsait 4 milyard manata yaxın olacaq. Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2013-cü il dövlət büdcəsinin gəlirləri 2,5 milyard dollar, xərcləri isə 2,2 milyard dollar proqnozlaşdırılır. Qeyd edək ki, Ermənistanın hərbi xərcləri Azərbaycanın 2013-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 4,3 dəfə azdır. Bu il Ermənistanın hərbi büdcəsi 451 milyon dollar civarında olacaq. Azərbaycanın 2013-cü il dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə Silahlı Qüvvələrə, təhlükəsizlik qüvvələrinə və hərbi sənaye sahəsinə bilavasitə 1 milyard 528 milyon 582 min manat (1 milyard 947 milyon 238 min dollar) vəsait ayrılması nəzərdə tutulur. Azərbaycan bundan başqa, minalanmış ərazilərin təmizlənməsi üçünsə büdcədən 8180600 manat (10432572 dollar) ayıracaq.

   Məlumat üçün bildirək ki, Azərbaycan hökuməti dövlət büdcəsindən bu il ümumilikdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, imkanlarının artırılması üçün 2 milyard 910 milyon 656 min manat (3,7 milyard dollar) ayırmağı planlaşdırır. Bura əlavə investisiyalar, Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidmətinə (XDMX) ayrılan vəsaitlər də daxildir.

   Onu da qeyd edək ki, Azərbaycan 3.3 milyard manatı keçən illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Azərbaycan gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən risqlər, Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində ölkənin ərazi bütövlüyünün pozulması, torpaqlarının 20 faizinin 20 ildən artıqdır işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə yönəlmiş vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılmış məcburi addımdır.

   2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 3.3 milyard dolları keçib. Azərbaycanın hərbi xərclərində artım dinamikası hər il davam edir və artıq 2010-cu ildə bu xərclər 2 milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötüb. Azərbaycanın hərbi xərclərində ən böyük artım isə 2011-ci ildə edilib. Həmin il üçün dövlət büdcəsində hərbi xərclər 2010-cu ilə nisbətən 90 faizə qədər artırılıb və 3.3 milyard dollara çatdırılıb. Müqayisə üçün qeyd olunmalıdır ki, həmin il Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən az qala 10 dəfə aşağı idi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) dünya ölkələrinin hərbi büdcələri ilə bağlı 2012-ci il üçün açıqlanmış hesabatında da deyilirdi ki, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub: təxminən 60 faiz (Müdafiə Sənayesi Nazirliyinə ayrılmış vəsaitlər bu hesabata daxil edilməyib).

   Azərbaycanın öz hərbi xərclərini bu cür sürətlə və davamlı şəkildə artırmasını zəruri edən başlıca səbəblərdən biri də silahlı qüvvələrin sərəncamında olan sovet istehsalı, köhnəlmiş hərbi texnikanı yeniləmək, onu ən yeni texnologiyalar əsasında hazırlanmış müasir döyüş vasitələri ilə təchiz etməkdir. Ölkə hərbi xərclərini artırmaqla paralel şəkildə hərbi-texniki sahədə sıx tərəfdaşlıq etdiyi ölkələrdən yeni silah sistemləri və döyüş vasitələri əldə edib. Bu zaman Hərbi Hava Qüvvələrinin, Quru Qoşunlarının, Sərhəd Qoşunlarının, Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş qabiliyyətinin artırılması ilə bağlı ehtiyatlar əsas götürülüb. Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırıb. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. BMT-nin Adi Silahların Registrində və digər açıq mənbələrdə yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan öz Hərbi Hava Qüvvələrini gücləndirmək üçün ötən illərdə Ukrayna və Belorusdan onlarla dördüncü nəsil modernləşdirilmiş "MiQ-29", "Fulcrum" döyüş təyyarələri alıb, habelə Pakistan istehsalı olan 20-dən çox "CF-17" təyyarələrinin alınması üçün sifariş verib. Həmçinin, ötən bir neçə il ərzində Rusiya, Ukrayna və Belorusdan 100-dən artıq "Mi-35M", "Mi-24", "Mi-8", "Mi-17-1V" tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlərin alınmasını həyata keçirib. Eyni vaxtda yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin əldə edilməsi və birgə istehsalı üçün dünyanın ən çox inkişaf etmiş hərbi sənayelərindən birinə malik olan İsraillə sıx tərəfdaşlıq edilir. Bu tərəfdaşlıq çərçivəsində İsrail istehsalı olan onlarla "Orbiter", "Aerostar", "Seacher", "Hermes-450", "Heron" tipli pilotsuz kəşfiyyat təyyarələri alınıb. Nəticədə Azərbaycan regionda ən güclü Hərbi Hava Qüvvələrinə malik olan ölkəyə çevrilib. Həmçinin, "Orbiter" və "Aerostar" pilotsuz təyyarələrinin birgə istehsalı üçün Bakıda müəssisə yaradılıb. O cümlədən hədəfi dəqiq vura bilən sistemlər, uzaqvuran artilleriya qurğuları, hava hücumuna qarşı güclü müdafiə sistemləri, Rusiya istehsalı olan və hazırda dünyada öz sinfinə görə ən güclülərdən sayılan S-300 PMU-2 "Favorit" zenit-raket kompleksləri alıb. Bundan əlavə, İsrail istehsalı olan "Barak-8" zenit-raket komplekslərinin və "Green Pine" radarlarının alınması da ölkənin hava hücumundan etibarlı müdafiəsini təmin etməyə imkan verib. Hərbi ekspertlərə görə, Azərbaycan indi güclü Hərbi Hava Qüvvələrinə malik olmaqla yanaşı, hava hücumundan etibarlı müdafiə sistemi də qurub, bununla da strateji əhəmiyyətli obyektlərin mümkün hava hücumlarından qorunmasına təminat yaradıb. Eyni zamanda, Azərbaycan region ölkələri arasında öz zirehli hərbi texnikasını istehsal edən ilk dövlətdir. Yerli hərbi sənayenin istehsalı olan 14.5 millimetrlik "İstiqlal" snayper tüfəngi isə göstəricilərinə görə öz sinfində dünyada ön sıralarda gedir.

   Beynəlxalq hərbi ekspertlər də Azərbaycan Silahlı Qüvvələrinin öz göstəricilərinə və malik olduğu döyüş texnikasına görə regionda ən güclü olduğunu təsdiq edir.

   Azərbaycan öz ordusunu müasir döyüş vasitələri ilə təchiz etməklə yanaşı, şəxsi heyətin NATO standartlarına uyğunlaşdırılmış peşəkar hazırlıq keçməsinə də xüsusi önəm verir. Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə əlaqələri var. 1997-ci ildən etibarən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2000-ci ildən etibarən Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 2001-ci ildən isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO hərbi təhsil sistemi tətbiq olunur. Hazırda Azərbaycanın NATO-ya inteqrasiyası ilə bağlı yeni ikitərəfli plan üzərində iş gedir.

   Beləliklə, Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyünün dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir.

   Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycanda hərbi büdcənin artırılması tamamilə ictimai maraqlara uyğun həyata keçirilir: "Hərbi büdcənin ilbəil artırılması tamamilə normal və Azərbaycanın ictimai, dövlətçilik maraqlarına uyğun bir addımdır. Çünki torpaqlarımız işğal altında olduğuna görə Azərbaycan hərbi büdcəni artırmağa bir növ məcburdur. Bütün bu addımlar ölkənin müdafiəsi və təhlükəsizliyi üçün nəzərdə tutulub.

   Burada hansısa qeyri-adi bir şey görmürəm. Əlbəttə, biz də istərdik ki, büdcədən sosial-iqtisadi sahəyə daha çox vəsait ayrılsın. Ancaq reallıq onu tələb edir ki, Azərbaycan daha çox orduya vəsait ayırmalıdır və işğal altındakı torpaqları azad etməlidir. Onu da nəzərə almaq lazımdır ki, ordu hansısa fonddan maliyyələşmir, bizim hamımızın ödədiyi vergilər hesabına maliyyələşir. Onu da unutmamalıyıq ki, bir vergi ödəyicisi kimi həmin vəsaitlərin hansı istiqamətə yönəldilməsi bizim üçün də maraqlıdır. Bütün bunların hamısı normal yanaşmadır. Dünyanın əksər ölkələrində belədir ki, orduya ayrılan vəsaitə nə qədər güclü nəzarət varsa, bir o qədər müvafiq qurumlar diqqətli olur. Düşünürəm ki, ilbəil orduya ayrılan vəsaitlərin həcminin artması ilə əlaqədar nəzarət bir qədər də gücləndirilməlidir. Ordu bizim göz bəbəyimiz olmalıdır. Nəzərə almaq lazımdır ki, hər bir dövlətin mühüm atributlarından biri də həmin ölkənin silahlı qüvvələridir".

 

 

Vidadi ORDAHALLI

 

Bakı Xəbər.-2013.-5 mart.-S.12.