Fəsildən adətə qədər...

 

  Yaz bayramı

 

   Yaz bayramı türk xalqlarının qeyd etdiyi ən qədim bayramdır. Bu bayram türk xalqlarının yayıldıqları coğrafi areal və bu xalqların mənəvi təsiri olan yerlərlə bağlıdır. Yaz bayramının Azərbaycanda qeyd edilməsinin azı 5-6 min illik tarixi var. Türk xalqları arasında bu bayramın yaz bayramı adlanması özü xüsusi anlama malikdir. Çünki bu bayramın sahibi, bayram fəlsəfəsini yaradan türklərdir.

   Bu bayramın fəlsəfəsinə görə, yazda başlayan "həyat" payızın sonunda başa çatır ki, bu da insanın ana bətnindən həyata gəlişinə qədərki 9 aylıq bir dövrü əhatə edir. Yəni yaz, yay, payız fəsilləri hər biri 3 ay olmaqla 9 ay davam edir. 3 ay qış fəslinə gəlincə, türk düşüncəsi buna şər kimi baxdı. Qışdan yaza çıxmaqsa Xeyirin şər üzərində qələbəsi hesab olundu.

   Yaz bayramı: Bəşəri ehtiva

   Hələ insanlar gücü-qüvvəni, xeyiri-şəri ayrı-ayrı hadisə və cisimlərdə axtardığı vaxtda Həqq bəşəri bu düşüncələrdən keçirərək özünə tərəf gətirirdi.

   Amma türkün içində yaranışından tanrıçılıq (allahçılıq) vardı. Həmin tanrıçılıq türklüyə yaz bayramı kimi bayramlarüstü bir şənlik yaşatdı. Elə bir bayram ki, bu bayramın hər bir rəmzi Həqq-İnsan fəlsəfəsinə bağlandı.

   Həqq-Təala insanı torpaqdan yaratdı. Yaz bayramı torpağın bayramıdır.

   Həqq bəşərə nemətlər verdi. Yaz bayramının süfrəsi bu nemətlərin nümayişidir.

   Həqq-Təala bəşərə müxtəlif məşğuliyyət oyunları verdi. Yaz bayramı oyunları onların sərgisidir. Yəni yaz bayramında elə bir rəmz yoxdur ki, onun fəlsəfi əsası olmasın.

   Yaz bayramının kökü isə torpağa, yəni insan adlı varlığın yaranmasının və yaşamasının ən əsas atributuna bağlıdır.

   Yazı təkcə vərəq üstə olmur

   Türk anlamında yazmaq sözü təkcə vərəq üstə nəyisə yazmaq deyil. Bu anlamda yazı da təkcə vərəq üstündə yazılmış mətn kimi başa düşülmür. Çöl, torpaq mənası daşıyan "yazı" sözü yaz sözünə bağlıdır. İnsanın yarandığı torpaq yazı olduğu kimi elə onun üzərində əsl həyat da yazdan başlayır. Yəni yazın gəlişilə torpaq üzərində şumlama, arat, ağacların budanması, gübrələnməsi prosesləri işə düşür. Yaz torpağın qışdan çıxması və dirilməsi olduğu üçün həyat buradan başlanır.

   Türk dünyasının bütün elatlarında, obalarında, uluslarında el şənliklərinə hazırlaşılır. Bu xalqların şənlikləri eyni vaxtda başlaya bilmələri üçün dağ zirvələrində tonqallar yandırılır, Köhnə Dünyanın orta coğrafi zolağında olan türklər bütün qitə boyu şənliklərə başlardılar. Çünki türk xalqları bu bayrama təkcə yeni il kimi yanaşmadı. Həm də onun fəlsəfəsini yaratdı. Yaratdı və yaşatdı. Bu bayramı türkün dünyanı dərk etməsi biçiminə saldı. Bu bayramın qeyd edilməsindən bütün xırda təfərrüatlarına qədər hər şeyin öz fəlsəfi anlamını verdi.

   Yaz bayramı: Əbədi Xeyir-Şər döyüşü

   Yaz bayramı yeni ilin ilk günü kimi ilin 365 və ya 366 gün olmasından asılı olaraq, ya martın 20-nə, ya da 21-nə təsadüf edir. Bu bayram Köhnə Dünyanın (yəni Asiya qitəsinin) ən qədim bayramı sayıla bilər. Əski türk anlamında yaz bayramının qeyd olunması təkcə il dəyişməsi, qışdan yaza keçidə bağlı deyil. Bu bayramın tərkibində qədim türk nəsillərinin dünyaya baxış bucaqları da ortadadır.

   Türk xalqları qış fəslinə yatmaqya ölmək kimi yanaşıb. Hətta yuxunun özünə "kiçik ölüm" deyiblər. Bu mənada türk qövmləri torpağın bar vermədiyi üç aylıq qış dövrünü onun "ölməsi" saydı. Əski türk düşüncəsində "qış dumanı qar gətirər, yaz dumanı bar gətirər" kimi bir anlam var. Təbiət hadisələrini izləyənlər bilir ki, qış dumanı torpağı bərkidir. Qış fəsli ərzində yağan qar tədricən torpağın üzərinə çökərək suya dönür. Yaz fəslinin başlanması ilə yaz dumanı torpağı yumşaldaraq həmin qar suyunu torpağın canına hopdurur.

 

   Türk xalqları göydən yağan qarın torpağın canına hopmasına belə intimlik ovqatı qatıb. "Atam Göyün göz yaşından Anam Toprağın bətni cücərdi" deyimilə bu məsələyə qadın-kişi münasibətləri müstəvisindən yanaşıb.

   Yazla həyatın başlanması dirilik və fəaliyyətdir. Torpaq yaşamağa, bar verməyə hazırlanır. Yazın özünəməxsus "sevgi küləkləri" var. Hərəkət edən varlıqlar kimi hərəkət edə bilməyən varlıqlar da sevməyi bacarır. Ağacların tozlanması həmin "sevgi küləkləridir" ki, bu küləklər hər fəsildə yox, məhz yaz fəslində əsir.

   Yaz bayramı: Əbədiyyət

   Türk düşüncəsində yazın gəlişi Xeyirin Şərə qalib gəlməsi kimi dəyərləndirildi. Xeyirin qələbəsi ölmüş həyatı diriltdi. Əbədi dirilik fəlsəfəsində öz yeri olan Xıdır-Nəbi və ya Xızr-Nəbi fəlsəfəsi də həmin əbədi dirilik anlamıdır. Zaman və dövründən, rejimlərin zalım və ya xoş rəftarlığından asılı olmadan xeyir mücəssəməsi olan Xızr-Nəbi dara düşmüş yaxşılara köməyə gəlir. Xızr-Nəbi əbədi xilaskar, xeyirxahlıq, imdada çatmaq rəmzidir. Türk düşüncəsindən kənarda isə Xızr-Nəbi fəlsəfəsi yoxdur. Odur ki, türk düşüncəsində yazın əbədi dirilik nişanələri bu peyğəmbərə bağlanıb. Yazın gəlişinə qədərki həftələrdən biribuna görə Xızr-Nəbi həftəsi adlanır. Günlərin uzanması, torpaqla bağlı işlərin başlaması, fəaliyyət deyilən nə varsa, hamısı Xeyirin Şər üzərində qələbəsinin nəticəsi sayılır.

   Yaz bayramı rəmzlərinin ifadə anlamları

   Yaz bayramının atributlarından səməni, yumurta, çərşənbələrin qeyd olunması, şam yandırılması, meydan tamaşaları təsadüf deyil. Bunlar dünyanı dərk formasıdır. Bayramın qışdan yaza keçiddə qeyd edilməsi torpağın oyanması, məhsul verməyə hazırlaşması, məcazi mənada isə torpağın dirilməsi anlamıdır.

    Daimi dirilik rəmzi olan səməni yaşıllığı ilə həyatın canlanması və əbədiliyini ifadə edir.

   Yumurta Yer kürəsinin özü, dünyamızın mini maketidir. Həm də dünyanın ilkin yaradılışına aid "yumurta əvvəl olub, yoxsa toyuq?" sualının özüdür.

   Yazın gəlişinə qədər qeyd edilən dörd çərşənbə insan yaradılışının tərkib hissələrini ehtiva edir. Əski türk düşüncəsinə görə, insanın yaradılışına su, hava, od, torpaq səbəb olub. Nəticədə cisim ortaya çıxıb. Bu zahiri dörd varlığın birləşdiyi bədən adlı cisim daxilinə Tanrı ruh adlı əmanət üfürüb. Odur ki, adı çəkilən çərşənbələr su, hava, od və torpaq çərşənbəsi adlanır. Sonuncu çərşənbə həm də köhnə il ilə vidadır. Odur ki, son çərşənbənin təmtəraqı elə yaz bayramı gününün təmtəraqı ilə eyni olur.

   Bu bayramla Yer kürəsində iki bərabərlikdən biri olan yaz bərabərliyi başlayır. Daha sonra günlər uzanır, gecələr qısalır. Yeri gəlmişkən, 21 mart, yəni yaz bərabərliyi günü həm də dünya astronomlarının bayram günüdür.

   Əbədi gecə-gündüz əvəzlənməsinə Xeyir-Şər arasında mübarizənin tərkib hissəsi kimi baxan türk xalqlarının təfəkkürünə görə, yazın gəlişi, gündüzün uzanması Xeyirin Şərə qalib gəlməsinin təcəssümüdür.

   Şamların yandırılması xatirə anlamıdır. Dünyasını dəyişən nəsillərə yaşayan nəsillərin ehtiram ifadəsidir. Təsadüfi deyil ki, Azərbaycanın rayonlarında qəbirlər üzərində şam yandırılması adəti indi də qalır. Bundan əlavə, şamın həm də nur anlamına gəlməsi kimi çaları var.

   Yaz bayramı: "Ölüm"ü yenən bayram

   Yaz bayramına türk xalqlarının dünyagörüşünün məcmusu kimi də baxmaq olar. Türk xalqlarının anlamında od hərarət, həyat mənbəyi, qorunma vasitəsi, mənfi olan hər şeyi yandıra bilən güc kimi qavranılıb. Od üstündən tullanmaq adəti mənfi və ya pis olan hər şeyin odda yanması, köhnə ildə qalması, yeni ilə keçməməsi anlamına gəlir. Ona görə də od yazın gəlişilə torpağın hərarətə gəlməsi, canlanması, yaşaması mənasıdır. Yazda arat başlanır, bu qulluq yayda məhsula dönür, payızda bar, məhsul yığılır.

   Qış isə torpağın dincəlişi və ya "ölümü", Şərin qələbəsi, Xeyirin uğursuzluğudur. Türk xalqları küsməyi, dava-dalaşı, incikliyi Şərin əməli sayaraq yaz bayramındakı barışların özünü belə, məhz Xeyirin Şər üzərində qələbəsinin nəticəsi saydılar.

   Üç qış ayının 40 və 20 gün çəkən böyük və kiçik çilələri çıxdıqdan sonra qalan bir ayı türk düşüncəsi boz ay adlandırıb. Həmin bu boz ay təbiət hadisələri baxımından zəngindir. Məhz bu ayda Xeyirlə Şər döyüşü son mərhələyə daxil olur. Çərşənbələr bu dövrə təsadüf edir. Hər çərşənbə Xeyirin qələbəyə doğru atdığı bir addımdır. Bu dörd çərşənbənin hər birində Xeyir suya, havaya, oda, torpağa hakimliyi Şərin əlindən alır. Nəhayət, son olaraq yaz fəsli-Xeyir bu qələbə nəticəsində bütün insanlara canlanmaq, işləmək, zəhmət çəkmək kimi haqqını qaytarır.

   Yaz bayramı: Türk xanımlarının əbədi ocaq düşüncəsi

   Yazla bağlı türk xanımlarının öz düşüncələri var idi. Öncə ev-eşik, həyət-baca təmizlənir. Çünki, səliqə-sahman təkcə evin rahatlığı deyildi. Həm də istənilən evin qız-gəlininin səliqə-sahmanı haqda yaranacaq təsəvvür idi. Bayrama qədər xanımların "yaz təmizliyi" başlardı. Evlərin divarları suvaqlanır, yorğan-döşək, xalça-kilim, palaz-paltar yuyulur və yeni ilə təmiz halda keçərdi. Bu təmizliyi yaz bayramının atributu da saymaq olar.

   Evə və ailə üzvlərinə hökmən yeni bir şey alınmalı idi. Əski çağlarda bu, xanımların yundan toxuduğu corablar, köynəklər, arxalıqlar, xalçalar idi. Bundan əlavə, yaz bayramı ilə bağlı xanımların su çərşənbəsində su üstünə getmək, son çərşənbədə qulaq falına çıxmaq, su dolu fincanda bəxtə baxmaq, ərə getməmiş qızların bir qoluna ağ, bir qoluna qara bağlamaqla axar su üstünə gedərək su üzərindən atılmaları, sübhə kimi oturaraq "çillə çıxarmaq" adətləri vardı. Bu adətlərin hər biri uzun tarixi dövrləri keçib gələn, min illərin sınağından çıxan əməl toplumu idi.

   Bu bayramda bəd danışmaq, acıqlı söz demək, qəlbə dəymək yasaq əməllər sırasındadır.

   Məhz qız-gəlinin qulaq falına çıxması adətinə görə böyüklər həmin günlərdə hər hansı bədniyyətli söz deməyi, nifrin-qarğış etməyi, dava-dalaş salmağı ədəbdən bilməzdilər.

   Son...

   Yaz bayramı-Həqqin Yer planetində bayramı

 

 

    Tofiq Türkel

 

   Bakı Xəbər.-2013.-6 mart.-S.15.