Çoxmillətlilik Azərbaycanın
mədəni genefonduna böyük
töhfələr verir
Azərbaycan dövlətini ilahi rəssamın
çəkdiyi nəhəng bir tabloya bənzətmək
mümkündür. Çünki ölkəmizin
palitrasında bütün rənglərə, bütün nəfəslərə
yer ayrılıb. Respublikamızın ərazisində Azərbaycan
türklərilə yanaşı qeyri xalqların,
etnosların, etnik qrupların da nümayəndələri
yaşayır. Vətənimizdə qurulan bütün dövlətlər,
xanlıqlar milli azlıqların nümayəndələrinə
öz yanında yer verib
7 iqlim qurşağında yerləşən
Azərbaycan öz milli rəngarəngliyilə də diqqəti
cəlb edir. Söz yox ki, dövlət quruculuğundan
tutmuş mədəniyyətimizin, mənəviyyat fondumuzun
formalaşmasına qədər hər bir sahədə
azsaylı xalqların övladlarının da izi görsənir.
Elm sahəsində, mədəniyyət, incəsənət,
musiqi, ədəbiyyat, teatr, kino sahəsində çoxlu sayda
qeyri türklər var ki, onların fəaliyyəti Azərbaycanın
mədəni genefondunun yaradılmasına, özünü təsdiq
etməsinə yönəlib. Çoxmillətlilik dövlətimizin
mehriban, qayğıkeş bir ana, öz ailəsini qorumaqda
israrlı olan bir ata olmasından xəbər verir. Bu ölkə
ləzgisi, talışı, saxuru, kürdü, buduqu,
lahıcı, udini və başqa millətlərilə gözəldir.
Talışların əsas yaşayış bölgəsi
olan Lerik, Astara və Lənkəranda talışlar, xüsusən
də bu etnosun qadın nümayəndələri öz milli
geyimlərini, toxuculuq sənətini,
xalçaçılığı qoruyub saxlaya bilib. Ən
xoşumuza gələn məqamlardan biri isə talış
toylarında mövcud olan adət və ənənələr,
toyda folklor elementlərindən, özəlliklə də bəy
tərifindən istifadə edilməsidir. Talışlar
ölkədə öz milli mədəniyyətini, folklorunu
yaşadan toplumlardan biri kimi Azərbaycan mədəniyyətinə
qaynayıb qarışıb. Azərbaycanın milli və dini
tolerantlıq məkanı olduğu çox geniş anlamda
öz təsdiqini tapmış bir aksiomadır. O üzdən,
burada bir çox etnik azlıqlar dinc şəkildə
yanaşı yaşayır, özünün istər mədəni,
istərsə də mənəvi, dini dəyərlərini nəinki
qoruyub saxlayır, hətta inkişaf etdirə bilir ki, nəticədə,
bu ümumən ölkənin rəngarəng mədəni
irsinin formalaşmasına öz töhfəsini verir. Burada
lahıc sənətkarlığından tutmuş
talış folkloruna, ləzgi musiqi sənətindən
tutmuş alban mədəniyyətinə qədər
çeşidli etnik xalqların mədəni və mənəvi
sərvətləri öz inkişaf yolunu tapıb ki, nəticədə,
bu milli dəyərlər ümumən Azərbaycan genefondunun
zənginləşməsinə gətirib çıxarıb.
Bu dəyərlərin əldə olunması isə ölkədəki
tolerant mühitin sayəsində mümkün olub. Azərbaycan
ərazisində tarixən etnik azlıqlar dinc yaşayaraq
bir-birilə qaynayıb qarışıb,
doğmalaşıb. Bu xalqların hər biri sülhsevər
olduğu üçün bir-birinin mənəvi dəyərlərinə
hörmətlə yanaşıb, mədəniyyətini təbliğ
edib, hətta bu mədəniyyətlərin
çuğlaşması nəticəsində ortaq mədəni
dəyərlər sistemi də formalaşıb. Əsrlərdən
gələn bu qarşılıqlı hörmət bu gün
də davam etdirilir. Məsələn, milli bayramımız
olan Novruzda rus, yəhudi, gürcü və digər azsaylı
və digər dinə mənsub olan xalqların nümayəndələrindən
bayram təbrikləri eşitməyimiz heç birimizi təəccübləndirmir.
Maraqlı hallardan biri odur ki, Gədəbəydə Azərbaycan
türklərilə qapıbir yaşayan malakanlar hər il
Novruzu, Qurban və Ramazan bayramlarını bizim xalqın
nümayəndələrilə birgə qeyd edir. Azərbaycanlılar
isə Pasxa və başqa bayramlarda malakanların sevincinə
şərik olur. Pasxada xristian dininə tapınan bu millətlərin
nümayəndələrini təbrik etmək ənənəsi
bizə babalarımızdan miras qalıb. Bu sıx
bağlılıq isə ortaq mənəvi dəyərlərin
yaranmasına, hər bir xalqın mədəni və mənəvi
abidələrinin, folklorunun yaşamasına gətirib.
Azərbaycan ədəbiyyatına,
mədəniyyətinə böyük
töhfələr verən və o
töhfələrin içində də öz
xalqının nəfəsini, ruhunu yaşadan onlarla şəxsiyyət,
qələm adamı, incəsənət xadimi
var. Ləzgi xalqının ədəbiyyatımıza
bəxş etdiyi mərhum sevimli
şair Kələntər Kələntərlinin
həm şəxsiyyəti, həm də
yaradıcılığı xalqlar dostluğuna, Azərbaycan ərazisində yaşayan xalqların mehriban
ünsiyyətinə xidmət edirdi. K.Kələntərli 1933-cü ildə Qusar rayonunun Sydur kəndində doğulub,
Azərbaycan ədəbiyyatına xalqımızın görkəmli
oğlu, xalq şairi Səməd Vurğunun
qayğısı və xeyir-duası ilə gəlib. 1962-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvü olan K.Kələntərli
mətbuatda bir sıra vəzifələrdə
çalışıb. K.Kələntərli
1959-cu ildən 1966-cı ilin
axırına kimi "Azərbaycan gəncləri"
qəzetinin Sabir adına Kitabxanada
təşkil etdiyi "Ədəbiyyat məclisi"nə
rəhbərlik edib. 1993-cü ildən Azərbaycan
Respublikası Dövlət Televiziya və
Radio Verilişləri Şirkətində
(AzTV) Ləzgi Redaksiyasının baş redaktoru vəzifəsində
çalışıb. Əsərlərini Azərbaycan və
ləzgi dillərində yazan K.Kələntərlinin
bədii yaradıcılığının məhsulu olan "Dağlar silkələndi",
"Şöhrət axtaran xanım",
"Lənət şeytana, yaxud belə-belə işlər" mənzum
pyesləri xalq teatrında tamaşaya qoyulub.
"Şuşanın geri
alınması", "Ağ atlı oğlan" poemaları Qarabağ
ağrısını ruhunda,
misralarında yaşadan poetik
nümunələrdir. Mərhum ləzgi şairi,
publisisti, tərcüməçisi K.Kələntərli
ömrü boyu Azərbaycanın
haqq səsini eşitdirməyə
çalışan yazarlardan olub. O, 2006-cı ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə
"Tərəqqi" medalına layiq görülüb.
Yəhudi xalqının şair
oğlu Simax Şeydanın da (Simax Yuvşayev) adını
çəkmək yerinə düşərdi. Hazırda qərib
ellərdə məskən salan şair poeziyaya uşaq
şeirlərilə gəlib. Şairin 1961-ci ildən
başlayaraq "Təyyarə", "Mən balaca
kosmonavtam", "Yaxşı qız", "Kimin belə
qızı var", "Tülkü, tülkü, tünbəki",
"Nəğməli meşə" və "Yoxdur belə
nənədən" kimi şeirlər kitabı balaca oxucular
üçün çapdan çıxıb. Simax
Şeydanın "Əlvida deməyin", "Bu yerlər",
"Oğuz", "Məndən yaz deyir",
"Çinarlı şəhərim", "Göy
göl" və bir sıra başqa şeirlərindən məlumdur
ki, o, Azərbaycana qırılmaz tellərlə
bağlıdır. Şair Şah dağı və Kəpəz
dağlarının ətəklərindən axan sərin
bulaqları, göz gördükcə uzanan qozlu,
fındıqlı və şabalıdlı meşələri,geniş
düzləri böyük məhəbbətlə tərənnüm
edib. Onun şeirlərində Qarabağ dərdi, Təbriz həsrəti,
Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilməsindən
doğan sevinc duyğuları da var. Simax Şeydanın
İsrail həyatından bəhs edən şeirləri də
çoxdur. Son vaxtlar Almaniya həyatından yazdığı
bir sıra şeirləri də maraqlıdır. Azərbaycan
və dağ yəhudiləri dilində yazıb-yaradan
S.Şeyda hər iki xalqın sevimli şairidir. Bu, Azərbaycanda
yaşayan xalqların mədəni və mənəvi aləminin
çuğlaşması deyilmi?
Xalq şairi Süleyman Rüstəmin
"Ana və poçtalyon" şeirini böyük ilhamla
deyən Azərbaycan SSRİ (keçmiş zamanda təqdim
edirik-N.Q) xalq artisti Vera Şiryenin rus olduğunu bilirik. Vera
xanımın səhnə fəaliyyəti Azərbaycan
teatrı ilə bağlı olub. O, böyük mədəniyyətə
xidmət edib. Həm də bədii qiraət ustası kimi
tanınan Vera Şirye "Qırmızı Ulduz",
"Xalqlar dostluğu" ordenləri və Azərbaycan
Respublikasının "İstiqlal" ordeni ilə təltif
edilib.
Qax rayonunun Qax-Gürcü kəndində
dünyaya gələn və bütün
yaradıcılığını Azərbaycan və
gürcü mədəniyyətinin, ədəbiyyatının
təbliğinə həsr edən gürcü şair və
bədii tərcüməçisi Giya Paçxataşvilinin də
çoxmillətli Azərbaycan mədəniyyətinə böyük
töhflər verməsi danılmazdır. Biz bu sırada
çoxlarının adını çəkə bilərik
ki, onların xidmətləri sayəsində bizim çoxmillətli
genefondumuz çiçəklənib, daha da inkişaf edib.
Son statistik rəqəmlərə
nəzər salsaq görərik ki, Azərbaycan ərazisində
yaşayan əhalinin 86,6 faizini azərbaycanlılar, 2,2 faizini
ləzgilər, 1,8 faizini ruslar, 1,5 faizini ermənilər, 5,0
faizini talışlar, 0,6 faizini avarlar, 0,5 faizini axıska
türkləri, 0,4 faizini tatarlar, 0,4 faizini ukraynalılar, 0,2
faizini saxurlar, 0,2 faizini gürcülər, 0,2 faizini kürdlər,
0,13 faizini tatlar, 0,1 faizini yəhudilər, 0,05 faizini udinlər,
0,12 faizini isə digər millətlərin nümayəndələri
təşkil edir.
Əslində Azərbaycanın
tarixində çox əvvəllərdən təşəkkül
tapmış milli azlıqlara xoş münasibət ənənəsi
sovet dönəmində də inkişaf etdirilib. Belə ki, Azərbaycanda
sovet hakimiyyətinin qurulmasından sonra həmin
azlıqların kompakt yaşadığı rayonlarda
onların dillərində məktəblər
açılıb, qəzet və jurnallar təsis olunub. Hətta
bu nəşrlərin meydana gəlməsinə birbaşa
dövlət strukturları nəzarət edib. Həmin
dövrdə, 1932-1933-cü illərdə respublika məktəblərində
dərslər 16 dildə keçilib. Lakin bu proses uzun sürməyib
və keçən əsrin 30-cu illərinin sonlarından buna
son qoyulub. Bununla belə, 1999-cu il siyahıya alınması
göstərib ki, bu xalqların əksəriyyəti öz
dilini qoruyub saxlayıb. Həmin dövrdə azsaylı
xalqların nümayəndələrindən kadr hazırlamaq
üçün Bakıda Beynəlxalq Texnikum da
açılıb. Azərbaycan və Rusiya məktəblərində
isə onlar üçün xüsusi yerlər ayrılırdı.
Ötən yüzilliyin 90-cı illərindən isə milli
azlıqların problemlərilə daha intensiv məşğul
olunmağa başlanıb. Həmin illərdə respublikada
tatların, ləzgilərin, talışların,
Dağıstan xalqlarının, tatar, yəhudi və sair
xalqların milli-mədəni mərkəzləri açılıb.
Azərbaycan Dövlət Nəşriyyatında azsaylı
xalqların dilində ədəbiyyat nəşr edən
"Göy qurşağı" adlı redaksiya
yaradılıb. Milli azlıqların mədəniyyət mərkəzlərinin
işini isə o zaman fəaliyyət göstərən
Respublika Şurası əlaqələndirirdi. 1993-cü il
yanvarın 1-də Azərbaycan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində talış, ləzgi,
kürd, erməni, gürcü dillərində verilişlər
hazırlanmağa başlanıb ki, bu proses indi də davam
etdirilir. Ümumiyyətlə, 1993-cü ildə 33 milli-mədəni
mərkəzin yaradılmasına rəsmi icarə verilib.
Hazırda milli azlıqların dillərində onlarla qəzet-jurnal
nəşr olunur ki, buna misal olaraq "Samur" və "Dəngi
kürd" qəzetlərini göstərə bilərik. Yəhudi
Cəmiyyəti olan "Soxnut" "Əziz" qəzetini
çap edir. Hazırda ölkədə onlarla milli mədəniyyət
mərkəzi fəaliyyət göstərir. Onlar arasında
"Birlik" Cəmiyyəti, Slavyan Mədəniyyət Mərkəzi,
Azərbaycan İsrail İcması, "Ponahi" Kürd Mədəniyyət
Mərkəzi, "Samur" Ləzgi Milli Mərkəzi, Tat Mədəniyyət
Mərkəzi, Azərbaycan-Tatar Cəmiyyəti, Krım
Tatarları Cəmiyyəti, "Krım" Gürcü Cəmiyyəti,
"Ahıska Türklərinin "Vətən" Cəmiyyəti,
Çeçen Mədəniyyət Mərkəzi,
"Kapelhaus" Alman Mədəniyyəti İcması, Avar Cəmiyyəti,
"Avesta" Talış Assosiasiyası kimi onlarla təşkilat
fəaliyyət göstərir ki, bu qurumlar aid olduqları
xalqların milli və mədəni dəyərlərini
yaşatmaqla həm də Azərbaycan barəsində dünya
düzənində sivil dövlət imici
formalaşdırır. Buna görə də istər
sözügedən təşkilatlar və mərkəzlərin,
istər dini konfessiyaların, istərsə də milli
azlıqların sıx yaşadığı bölgələrdə
azsaylı xalqların özfəaliyyət qruplarının,
xalq teatrlarının, folklor ansambllarının fəaliyyət
göstərməsi üçün dövlət büdcəsindən
və Prezidentin Ehtiyat Fondundan mütəmadi yardımlar
ayrılır. Bütün görülən tədbirlər
isə nəticədə hamımızın evi olan Azərbaycanın
mədəni genefonduna öz əhəmiyyətli təsirini
göstərir.
Namiq QULİYEV
Bakı Xəbər.-2013.-7
mart.-S.10.