Milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlət siyasəti və ictimai maraqların müdafiəsi...

 

  Xalq mahnılarımızı necə qoruya bilirik?

 

  Hər bir xalqın kökü, təməli onun milli folkloru, milli adətlərilə bağlıdır. Biz folklordan danışırıqsa, onu yalnız bir-iki örnəklə məhdudlaşdıra bilmərik. Folklor çox geniş anlamda başa düşülməlidir və onun çeşidli sahələrinə diqqət yetirilməlidir. Azərbaycanda xalq mahnılarının geniş yayılmasını nəzərə alaraq deməliyik ki, bu nümunələr xalqımızın mənəvi sərvətlər xəzinəsinin ən qiymətli inciləridir.

   Xalq mahnılarımız minilliklərin, illərin daş süzgəcindən keçib yaşarlıq qazanıb. Öz duruluğu, mənəvi təmizlik aşılamaq missiyası ilə dünyamızı təmizləyir. Azərbaycan folklor musiqisi çox geniş bir sahədir. Bura xalq mahnılarından tutmuş yallılara, halaylara, qımqımalara, gümüldəmələrə qədər çox şey aiddir. Xalq mahnılarında xalqımızın məişətinə, sevgiyə, ailəyə, nakam məhəbbətə, təbəqələşməyə münasibət özünü qabarıq şəkildə göstərir. Xalq mahnılarımız ibtidaidən başlayaraq aliliyə qədər böyük və şərəfli bir yol keçib. Düzdür, illər xalq mahnılarımızın bir çoxunun mətninə pis mənada sığal çəkib, sözlər təhrif edilib. Amma bu heç də o mahnıların yaşamasının qarşısını almayıb, onlar öz mahiyyətini qoruyub saxlayıb. Təbii ki, xalq mahnılarının qorunması və mühafizəsində əsas rolu el sənətkarları oynayıb, sonra isə o mahnıları xalq, ictimaiyyət qoruyub, təbliğ edib. O mahnılara hər zaman tələbat olduğu üçün onlar özlərinə həyat qazana bilib. Müasir dövrümüzdə xalq mahnıları ən populyar nümunələr kimi sevilməkdə və təbliğ etməkdə davam etdirilir. Azərbaycan dövlətinin xalq mahnıları örnəklərinə bəslədiyi böyük hörmət və xoş münasibət özünü bir sıra hallarda göstərir.

   Yeri gəlmişkən, qeyd edək ki, xalq mahnılarının müdafiəsi sahəsində Azərbaycan dövlətinin apardığı xüsusi siyasət həm musiqiçilərin, həm də ictimaiyyətin ürəyincədir. Deyək ki, hələ sovet illərindən Azərbaycan folklor musiqisinin toplanmasına, araşdırılmasına, lentə köçürülməsinə başlanıb. Xalq mahnılarının mühafizəsi xalqımızın qədirşünas insanlarını hər zaman düşündürüb. Müstəqil Azərbaycanda isə xalq mahnılarının müdafiəsi sahəsində dövlət tərəfindən bəlli siyasət yürüdülür. Hətta Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev tərəfindən 2003-cü il 16 may tarixində imzalanan "Azərbaycan folklor nümunələrinin hüquqi qorunması Haqqında" 16 maddədən ibarət olan fərmanda xalq mahnılarının müdafiəsi məsələsinə də geniş yer ayrılıb. Sənəddə bildirilir ki, xalqımızın zəngin musiqi xəzinəsini bəzəyən xalq mahnılarımız, mərasim, yallı, oyun və digər hərəkət nümunələri qorunmalı, təbliğ edilməlidir. Bu, birbaşa dövlətin Azərbaycan xalq mahnılarına verdiyi böyük dəyərin inikası idi. Sözügedən rəsmi sənəd həm də onu ifadə edir ki, dövlətlə yanaşı, ictimaiyyət də xalq mahnılarının qeydinə qalmalı, onu qorumalı, itib-batmağa qoymamalıdır. Əslində, bu sənəddən istifadə edib xalq mahnıları külliyyatımızı ən yüksək səviyyədə qoruya bilərik.

   Musiqişünas, tanınan ziyalı Taryel Məmmədov yazırdı ki, Azərbaycanda musiqi quruculuğunun banisi, dahi bəstəkar, görkəmli musiqi xadimi, publisist, dramaturq, maarifçi, müəllim, alim Üzeyir Hacıbəyov qələminə məxsus "Azərbaycan xalq musiqisinin əsasları" kitabı klassik ensiklopedik traktatlara əsaslanan elmi tədqiqat əsəri olub. Alimə görə, o, XX əsrin musiqili-ədəbi abidəsi kimi qiymətləndirilir. Ü. Hacıbəyovun bu əsərində xalq mahnılarına xüsusi fikir verilirorada onun mənşəyi, aşıladığı bədii-estetik ruh dəyərləndirilir.

   Musiqişünas Aybəniz Məmmədlinin sözlərinə görə, Azərbaycanda xalq mahnılarına ən böyük qayğı Üzeyir Hacıbəyov tərəfindən göstərilib. Üzeyir Hacıbəyovun rəhbərliyilə hazırda onun adını daşıyan Bakı Musiqi Akademiyasında folklor musiqisinin toplanması, tədqiqi və nota alınması üzrə kabinet yaradılıb. Musiqişünas bildirdi ki, bu işdə görkəmli müğənnimiz, professor Bülbülünrolu az olmayıb. 1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılıb: "1945-ci ildən isə Azərbaycan xalq musiqisinin, xalq mahnılarının tədqiqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olur. Azərbaycan xalq mahnıları özündə bir neçə sahəni birləşdirir, hətta bu mahnıların özlərini müxtəlif janra aid etmək olar. Azərbaycanda xalq mahnılarının toplanmasında, təbliğində, yayılmasında müstəsna xidməti olan bir neçə şəxs, musiqiçi olub. Onlardan biri xalq xanəndəsi və onlarla mahnının müəllifi Cabbar Qaryağdıoğludur. Cabbar Qaryağdıoğlu xalq mahnılarının yazıya alınmasında Üzeyir bəyə və professor Bülbülə böyük dəstək verib. Yəni bilicisi olduğu mahnıları onlara bir-bir ifa edib ki, həmin nümunələr lentə alınsın. Xalq mahnılarının özəlliyi ondan ibarətdir ki, onlar həddindən artıq qədimdir. Biz onlarca əski mahnını nümunə gətirə bilərik ki, onun mətni çox arxaikdir. Ümumiyyətlə, Azərbaycan poetik folklor materillarında azhecalılıq tarixən üstünlük təşkil edir. Görürsüz, əksər mətnlər 6-7-8 hecadan ibarətdir. Bu da xalqın söz yaradıcılığının qədimlərə söykənməsilə bağlıdır. Bayatılar üzərindən boylanan xalq mahnılarımız çeşidliliyilə diqqəti çəkir. Bir şeyiqeyd edim ki, dünya xalqlarının hər birinin xalq türküləri var, amma onların sayı belə çox deyil, amma bizim mahnıların sayı həddən artıq çoxdur. Bu da bizim xalqın daha yaradıcı və öz keçmişinə bağlı olmasını düşünməyə əsas verir. Çünki heç bir xalqın bu qədər xalq mahnısı yoxdur. Hətta böyük xalqlar belə, bu sahədə bizimlə müqayisədə kasıbdır. Amma biz bu keyfiyyətimizə görə çoxlarından irəlidəyik. Mən hesab edirəm ki, xalq mahnılarımızın müdafiəsilə ellikcə məşğul olmalıyıq. Amma bəzən görürsən ki, xalq öz mahnısını qoruyur, amma musiqiçilər özləri xalq mahnılarına istənilən qayğını göstərə bilmir. Xalq mahnılarımızın hüquqlarının qorunması məsələsinə Müəllif Hüquqları Agentliyi baxsa da, onlar bu mühafizəni tam həyata keçirə bilmir. Baxmayaraq ki, dövlətin xalq mahnılarının, rəqslərinin müdafiəsilə bağlı konkret siyasəti var, mərhum Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında" vaxtilə fərman imzalayıb və burada xalq mahnılarının qorunması, müdafiəsi, təbliğatı məsələsinə də geniş yer verilib".

   A.Məmmədlinin sözlərinə görə, məlum Prezident fərmanından istifadə edib xalq mahnılarımızı çox yüksək səviyyədə qoruyub təbliğ edə bilərik. Musiqişünasın fikrincə, xalq mahnılarından ibarət bir neçə nəşr mövcuddur, həmin kitablarda Azərbaycan xalq mahnılarının tam mətnləri və variantları verilib: "Bəzi mənfi nüansları nəzərə almasaq, Azərbaycanda xalq mahnılarının təbliğatı sahəsində böyük işlər görülür. Artıq televiziyaradiolarda xalq mahnılarının təbliğatına geniş yer ayrılır. Xüsusi proqramlar var ki, orada sırf xalq mahnılarından danışılır. Bu çox müsbət bir göstəricidir. Azərbaycan xanəndə və müğənniləri müxtəlif xalq mahnılarımızı ifa edir. Düzdür, arada sözləri səhv oxuyanlar da olur. Ancaq bütövlükdə xalq mahnılarımız dilimizin, mədəniyyətimizin, folklorumuzun tərkib hissəsi kimi tanıdılır. Maraqlıdır ki, gənc nəsil də xalq mahnılarına xüsusi önəm verir".

   Musiqişünas A.Məmmədli onu da dedi ki, Azərbaycan xalq mahnıları mövzu və məzmun müxtəlifliyinə, musiqipoetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır: "Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət və tarixi mahnıları göstərmək olar. Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır. Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır. Ən qədim mahnılara "Çoban avazı", "Tutu nənəm", "Sağın mahnısı", "Çiçək şumla yeri", "Şum nəğməsi" və başqalarını misal gətirmək olar. Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır. Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuşbu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır. Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan, günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir. Məsələn, "Günəş çıx, çıx, çıx! Kəhər atı min çıx" və yaxud "Yağış çağır", "Xıdır İlyas", "Səməni", "Kos-kosa", "Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş" xalq oyuntamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi. Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi. Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünür. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalaroxşamalar daxildir. Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirik mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hisslər lirik mahnıların məzmununun əsasını təşkil edir. Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilib. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün "ah", "vay" kimi nidalar, "Bayatı-Şiraz"ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır. Birinci qrup mahnılara "Gül oğlan", "Yar bizə qonaq gələcək", "Qoy gülüm gəlsin" ikinci qrupa "Səndən mənə yar olmaz", "Onu demə, zalım yar" və s. mahnılar daxildir. Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventliks. xasdır. Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır. Koroğlu haqqında, onun sevgilisi Nigarmübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır. Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı. Məsələn, "Gedən gəlmədi", "Piyada Koroğlu", "Qaçaq Nəbi" bu cür mahnılardandır. Azərbaycan xalq mahnıları öz gözəlliyi və unikallığı ilə yalnız və yalnız diqqətəlayiqdir. Onu əvvəllər necə qorumuşuqsa, indi də, gələcəkdə də o cür qorumalıyıq. Milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlət siyasəti və ictimai maraqların müdafiəsi məsələsində xalq mahnılarına da yer verməliyik. Dövlət bu irsi qoruyur, bizonun siyasətinə dəstək verməliyik".

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-7 mart.-S.12.