Azərbaycan regionun ilk kosmik sənaye
ölkəsidir
İlk
peykimiz orbitə çıxarıldı
Azərbaycanın
dövlət müstəqilliyinin yaşı tarix
üçün o qədər də böyük olmayan bir
zamanı əhatə edir. Amma 20 illik bu
qısa zaman kəsiyində biz dünyanı həyatın
bütün sahələrində əldə etdiyimiz
uğurlarla, nailiyyyətlərlə heyrətləndirməyi
bacarmışıq. Əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş
inkişaf strategiyasının uğurla həyata keçirilməsinin
töhfələri hər birimizə həm də qürur,
iftixar hissi yaşadır.
Azərbaycan, Avropa və Amerika
mütəxəssislərinin birgə səyəlrinin nəticəsi
olan, amma Azərbaycan adıyla ərsəyə gələn,
Azərbaycan bayrağının təsviri ilə kosmosa
göndərilən "Azərspase-1" telekommunikasyia
peykinin orbitə çıxarılması də belə
töhfələrdəndir. Bu, Azərbaycanın
elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi
idi. Artıq Azərbaycan orbitdə
özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən
biridir.
8 fevral 2013-cü il.
Bakı vaxtilə saat 1.36-da Azərbaycan Respublikasının
ilk peyki - "Azərspase-1" Cənubi Amerikada, Fransanın
inzibati idarəçiliyində olan Fransız
Qvianasındakı Kuru kosmodramundan-Qviana Kosmik Mərkəzindən
üzərində üç rəngli Azərbaycan
bayrağı olan "Ariane-5" daşıyıcı raketi
ilə orbitə buraxıldı.
"Azərspase-1" peykinin kosmosa
göndərilməsi münasibətilə xalqımıza və
həmvətənlərimizə ünvanladığı təbrikində
Prezident İlham Əliyev bu hadisəni belə dəyərləndirdi:
"Bu, doğrudan da tarixi gündür, böyük nailiyyətdir,
dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan
dövləti sürətlə, hərtərəfli
inkişaf edir və biz artıq kosmik klubun
üzvüyük".
Beləliklə, beynəlxalq
aləmdə neft-qaz, turizm, tolerant və idman ölkəsi kimi
tanınan Azərbaycan indi yeni innovasiyalar, informasiya-kommunikasiya
texnologiyaları, kosmik əlaqələndirmələr ölkəsi
kimi nüfuz qazanır. Digər tərəfdən,
ümummilli liderin arzularından daha biri reallığa
çevrilir. Yaxın tarixə nəzər
salanda, ulu öndərin Vətən və xalq
qarşısında misilsiz xidmətləri arasında
bugünkü uğurun əsasının qoyulması naminə
fədakar bir fəaliyyəti görməmək və qiymətləndirməmək
mümkün deyil.
Ulu öndərin kosmik arzusu
Hər bir xalqın inkişafı,
qarşılaşdığı taleyüklü çətinliklərin
dəf olunması, digər toplumlar arasında öz
imzasını tanıtması, varlığını təsdiqləməsi
üçün bir sıra vacib faktorlar var. Bunlardan ən
mühümü isə həmin xalqa təbiətin bəxş
etdiyi ən zəngin nemətlərlə yanaşı, əldə
olunan bütün dəyərlərin qorunub
saxlanılması, həmçinin gələcək nəsillərə
ötürülməsinə təkan verə bilən fenomenal
xarakterli liderə malik olmasıdır.
1969-cu ilin yayında
Azərbaycanın rəhbərliyinə siyasət aləmi
üçün cavan, işgüzar, məramı, məqsədi
bəlli olan bir insan gəldi. İradəli xarakterə,
spesifik iş üslubuna, yeniliyə, tərəqqiyə
meyllliliyi ilk dövrlərdən diqqəti cəlb etmiş
bü şəxsiyyət Odlar yurdu Azərbaycanın xilaskar
oğlu Heydər Əliyev idi. O, ölkədə çox
ağır sosial-iqtisadi şəraitin hökm
sürdüyü bir zamanda gəlmişdi hakimiyyətə.
Ulu öndər Azərbaycan
KP MK-nın birinci katibi kimi fəaliyyətə başlayanda
neft və qaz hasilatı, pambıqçılıq,
bütövlükdə kənd təsərrüfatı, ən
əsası isə sənayenin inkişafı üzrə
respublikamız keçmiş ittifaqda sonuncu yerlərdə qərar
tutmuşdu. Respublikanın sənaye mərkəzlərində
müasir tələblərə cavab verən avtomatik xətlər,
rəqəmsal proqramla idarə olunan dəzgahlar və avtomatik
rejimlə işləyən metal emalı sənayesi yox dərəcəsində
idi. Böyük idarəçilik təcrübəsinə
malik ümummilli lider Amerika Birləşmiş Ştatları
və Yaponiya kimi inkişaf etmiş dövlətlərin
elektronika və mikroelektronika sahəsinin inkişafından xəbərdar
idi. Ulu öndər Azərbaycanda da bu
istiqamətdə böyük işlərin görülməsinin
ölkənin gələcəyi baxımından vacibliyini həssaslıqla
duyurdu. Respublikada radioelektronika, mikroelektronika sahəsinin
inkişaf etdirildməsi üçün Heydər Əliyev
yüzlərlə azərbaycanlı gəncin ali
təhsil almasına xüsusi diqqət və qayğı ilə
yanaşırdı.Ölkənin hərbi sənaye kompleksinin
inkişaf etdirilməsinin əhəmiyyətini böyük
uzaqgörənliklə dəyərləndirən ulu öndər
bu işdə elektronika və mikroelektronikanın əvəzsiz
rolunu da bilirdi. Odur ki, 60-cı illərin sonu,
70-ci illərin əvvəllərində Heydər Əliyevin təşəbbüsü
ilə respublikada mikroelektronika müəssisələrinin
yaradılması və genişləndirilməsi istiqamətində
böyük işlər görüldü. Bakı
Mikroelektronika Xüsusi Konstruktor Bürosu, "Büllür",
"Azon" zavodları, onların ikinci,
üçüncü növbələri, filialları və
hərbi sənaye kompleksinə daxil olan digər obyektlər
istifadəyə verildi. Azərbaycanda
radioelektronika və naviqasiya sistemlərinin yaradılması
hesabına elektron hesabalama texnikası məhsullarının,
nəzarət və ölçü cihazlarının
avtomatik və telemexanik idarə sistemlərinin və komplekslərinin
istehsalı qaydaya düşdü, yeni-yeni elmi tədqiqat və
sınaq mərkəzləri fəaliyyətə
başladı. Artıq 80-ci illərin
ortalarında "Azon" zavodu keçmiş SSRİ Elektronika
Sənayesinin üç ən böyük müəssisələrindən
biri idi. Təsadüfi deyildir ki, keçmiş SSRİ
elektronika sənayesi naziri V.Q.Kolesnikov hətta xarici qonaqlara
"Azon" zavodu haqqında belə demişdir: "Bizim
nazirlik sistemində belə yüksək inkişaf tempi
"Azon"dan başqa digər müəssisələrdə
olmamışdır".
Uzun illər Dövlət Xüsusi
Maşınqayırma və Konversiya Komitəsinə rəhbərlik
etmiş (sonralar bu komitənin bazasında Müdafiə Sənayesi
Nazirliyi yaradılmışdır) mərhum Sabir Ələkbərovun
xatirələrindən: "1982-1983-cü illərdə mən
"Azon" zavodunda layihə üzrə baş konstruktor vəzifəsində
işləyirdim. O zaman ümid verən azərbaycanlı gəncləri
mərkəzi orqanlara çağırıb kosmos sahəsinə
marağı ilə, kosmos sənayesinə münasibəti ilə
bağlı söhbətlər edirdilər. Doğrusu,
institutu təzə bitirmiş gənclər idik. Kosmos çoxlarımız üçün çox
məsuliyyətli sahə idi. Kosmosa maraq
göstərməklə bu sahəyə düşmək
çox mürəkkəb məsələ idi. Mərkəzi orqanlarda söhbət zamanı
apardığımız işlərin kosmosa
bağlılığı ilə də maraqlanırdılar.
Bu mövzulu söhbətlərin əsas məqsədini
isə bir neçə ildən sonra başa düşdük.
Mən növbəti dəfə Moskvada ezamiyyətdə
olarkən Moskva Elektron Texnikası İnstitutunun rəhbərliyi
ilə söhbət əsnasında bəzi faktları öyrəndim.
İnstitut rəhbərliyi mənə xibabən, "Vaş
Aliyev" kiməsə tapşırıb ki, kosmos sahəsində
azərbaycanlı mütəxəssis də hazırlansın,
dedi. Mən həmin an başa
düşdüm ki, nə üçün bizi vaxtilə mərkəzi
orqanlara çağırıb kosmos sənayesi ilə
bağlı hərtərəfli söhbətlər
aparırmışlar. Deməli, ulu öndər
arzu edirmiş ki, kosmosa azərbaycanlı da uçsun".
Azərbaycanın dinamik və
dönməz inkişafının parlaq nəticəsi
Bu gün Azərbaycan
Avropa ailəsinin bərabər hüquqlu üzvü kimi,
dünya elm, təhsil, informasiya və innovasiya məkanına
qədəm qoymuşdur. Uğurlarımız
respublikanın dünyanı heyrətləndirən
sosial-iqtisadi inkişafının səviyyəsini müəyyən
edir. İndi iqtisadiyyatının atrım
tempinə görə Azərbaycan dünya ölkələri
arasında şərəfli yerlərdən birini tutur. Bütün bunlar isə ölkədə
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet
elan olunmasıdır. Yaşadığımız
2013-cü ilin bütünlükdə
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
dövlət səviyyəsində bu sahənin
inkişafına qayğının göstəricisidir.
"2008-ci ildə Azərbaycanda
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması", 2009-cu ildə ölkədə
kosmik sənayenin yaradılması və inkişafı üzrə
Dövlət Proqramının təsdiq edilməsi haqqında
Prezident İlham Əliyev cənablarının sərəncamları
bu sahənin daha da inkişaf etdirilməsinə dövlətin
marağının göstəricisidir.
2010-cu ildə Prezident "Azərkosmos"
Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncam
imzaladı və Yerüstü Peyk İdarəetmə Mərkəzinin
Yaradılması ilə bağlı xüsusi
tapşırıq verdi.
Beləliklə,
"Azərkosmos" Azərbaycanda və Qafqazda ilk peyk
operatoru kimi artıq iki ildir ki, fəaliyyət göstərir.
Bu müddət ərzində ölkədə teleradioyayım
və telekommunikasiya xidmətlərinin göstərilməsi,
hökumət və korporativ müştərilərin tələblərinə
cavab verən yüksək etibarlı rabitə platformalarının
təmin edilməsi istiqamətində iş apardı. Ən əsası isə Qafqazda ilk peyk operatoru olan
"Azərkosmos" Səhmdar Cəmiyyəti bütün
diqqəti ölkəmizdə ilk süni peyk - "Azərspase-1"in
hazırlanmasına və orbitə buraxılmasına yönəltdi.
Ölkəmizin
qüdrətini dünyaya nümayiş etdirən, dizaynı və
imkanları ilə milyonlarla insanın informasiya və rabitə
xidmətlərindən geniş istifadə edəcəyi ilk
peykimiz Azərbaycanın kosmik sənaye ölkəsinə
çevrilmək üçün atdığı ilk
addımdır.
İstismar müddəti 15 il olan
"Azərspase-1" peyki 46 dərəcə Şərq
uzunluq dairəsində geostasionar orbitdə yerəşəcək,
Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və
Yaxın Şərq regionunu əhatə edəcəkdir. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını
ödəmək üçün istifadə olunacaq, qalan 80
faizi isə dünya bazarlarına ixrac ediləcəkdir.
2013-cü ilin 8
fevralı Azərbaycan tarixini şərəfləndirən
günlərdəndir. Həmin tarixdə
bir daha təsdiq olundu ki, ölkə elmi şəkildə əsaslandırılmış
Dövlət Proqramları əsasında idarə edilmiş,
çox böyük uğurlar əldə edilmişdir. "Azərspase-1"in orbitə
çıxarılması da qazanılan uğurların nəticəsidir.
Prezident İlham Əliyev cənabları da peykin orbitə
buraxılması münasibətilə xalqa
ünvanlanmış təbrikində bunları
vurğulayır: "Azərbaycan uğurla inkişaf edir. Ölkəmizdə böyük quruculuq işləri
aparılır. Ölkəmizin beynəlxalq
nüfuzu artır".
"Azərbaycan
yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə
çevriləcək".
Bu sözləri Bakıda
keçirilən "Azərbaycan-Yaponiya kosmik
seminarı"ında iştirak edən Yaponiya nümayəndə
heəyətinin rəhbəri - "Mitsubisi" şirkətinin
vitse-prezidenti Takaşi Sasakava ilk peykimizin orbitə
buraxılmasına münasibət bildirərkən söyləyib.
Yaponiyalı qonaq eyni zamanda ilk peykimizin orbitə
buraxılmasını yüksək qiymətləndirib və
bu istiqamətdə Azərbaycanın böyük potensiala
malik olduğunu bildirib.
İlk addım
atılıb, həm də çox uğurlu alınıb.
Amma bu son hədd deyil,
başlanğıcdır. Hələ daha
böyük işlər qarşıdadır. Ölkə
başçısının məlum
çıxışında da bu ifadə olunur: "Biz gələcəkdə
də yeni pekylərin orbitə çıxarılması
istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci,
2016-cı illərdə əlavə iki peyk orbitə
buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin
inkişafı üçün çox gözəl imkanlar
yaranacaqdır.
İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi
müəyyən edəcək, təmin edəcəkdir.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsi
bilik, zəka, intellekt, eyni zamanda biznes sahəsidir".
"Azərspace-1"in orbitdə
yer alması Azərbaycan üçün nə deməkdir
Bir daha o fikrə qaydırıq
ki, hər hansı bir ölkədə kosmik sənayenin
yaradılması, birinci növbədə həmin ölkənin
iqtisadi inkişafı və yüksək rifah səviyyəsi
ilə bağlıdır. İnkişafın
Azərbaycan modeli bunu bir daha təsdiqləyir. Mətəxəssislər bildirirlər ki, Azərbaycanın
mövcud inkişaf sürəti yeni bazar tələblərinə
cavab verilməsi və ölkənin gələcəkdə
dayanıqlı inkişafının təmin edilməsi
baxımından iqtisadiyyatın şaxələndirilməsi və
innovasiyaya əsaslanan yeni sənaye sahələrinin
yaradılmasını zəruri edir.
Kosmik sənayeyə
və peyk texnologiyalarına əsaslanan yenilikləri
ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan
hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi,
eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi
və informasiya təhlükəsizliyinin təmin edilməsini
hədəfləyir.
Çox keçməyəcək
ki, neftdən sonra Azərbaycan iqtisadiyyatında rabitə və
informasiya texnologiyaları ən inkişaf etmiş sahə
olacaq. Çünki İKT-nin tətbiqi
ölkəmizin hərtərəfli inkişafına xidmət
etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin
təmin olunması baxımından da xüsusi əhəmiyyətə
malikdir. Telekommunikasiya peyklərinin
hazırlanması və orbitə çıxarılması Azərbaycanı
regionda informasiyanın ötürülməsi sahəsində
də lider dövlətə çevirəcəkdir. Bir sözlə, kosmik sənayenin inkişaf etdirilməsinin
ölkənin uzunmüddətli inkişaf strategiyasına
yönəldiyini əminliklə söyləmək olar. Rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasovun sözləri ilə desək, kosmik sahədə
planlarımız böyük və uzunmüddətlidir.
Xanım
NƏSİBOVA
Bakı Xəbər.-2013.-7 mart.-S.-15.