Milli musiqi sənətimizin qorunması, təbliği
sahəsində dövlət siyasəti və ictimai
maraqların müdafiəsi - aşıq sənəti
Ölkəmizin tarixi qədər
xalqımızın milli sənət növlərinin də
tarixi var. İlk insanlar özlərinə gün-güzəran
qurduğu dövrdə müxtəlif sənət növlərini
ibtidai formada da olsa yarada bilib. Aşıq sənəti də
xalqımızın arxaik dövrdə yaratdığı
milli sənətdir. Bunu mərhum professor, folklorşünas
Mürsəl Həkimovun "Xalqımızın deyimləri
və duyumları" kitabında yer alan "Qarunun
intiqamı" əsatirindən çıxış edərək
qeyd edirik.
Azərbaycanda aşıq sənəti
qədim zamanlardan yüksək mərtəbəyə layiq
bilinib. Sazımızın dövlət qayğısı ilə
əhatələnməsi daha çox orta əsrlərdə
özünü göstərib. Saz el içindən
birbaşa saraya, mötəbər bir məkana qədəm
qoyub. Orta əsrlərdə sazımızın ən
böyük himayədarının Səfəvi dövlətinin
başçısı Şah İsmayıl Xətai
olduğunu bilirik. O haqda da məlumatımız var ki, Xətai
sazı sarayın ən sevilən alətinə çevirib,
aşıqları saraya gətirib, onların da iştirakı
ilə sazımızı-sözümüzü, ana dilimizi, mədəniyyətimizi
yaşadıb, qayım-qədim edib.
Aşıq sənəti xalq
arasında hər zaman hörmətlə qarşılanan bir sənət
kimi sovet illərində də inkişaf edib. Düzdür,
bolşevik hakimiyyəti aşıqların nüfuzundan,
ağsaqqallığından, ifasından öz
ideologiyasının maraqlarına uyğun istifadə edib. Amma
bununla belə, aşıqlar respublika səviyyəli sənətkarlar
kimi aşıq sənətini layiqincə təbliğ edib.
Aşıq sənətinə bəslənən hörmət
nəticəsində neçə-neçə ustad sənətkar
dövrün orden və medalları, fəxri fərmanları
ilə təltif edildi. Onlar Azərbaycan Respublikasının
Moskvada keçirilən mədəniyyət və incəsənət
ongünlüyündə dəfələrlə iştirak
etdilər. Azərbaycan aşıqları hər zaman
xalqımızın milli maraqlarından çıxış
edib. Aşıqları xalq da sevib, dövlət də. Azərbaycan
aşıq sənəti tarixi ənənələrdən
çıxış edərək bu gün də
yaşayıb nüfuz etməkdədir. Milli musiqi sənətimizin
qorunması, təbliği sahəsində dövlət siyasəti
və ictimai maraqların müdafiəsindən
danışanda burada aşıq sənətinin də
adını xüsusi çəkmək istəyirik. Azərbaycan
aşıqları müstəqil Azərbaycan dövlətində
yaşadıqlarından fəxr duyurlar. Azərbaycan dövləti
də hər zaman aşıq sənətinin inkişafına
çalışıb, bu gün də o xeyirxah işi davam
etdirməkdədir.
Məlumdur ki, Azərbaycan dövləti
özünün mədəniyyət siyasətini qurub,
xüsusi mexanizmlərlə mədəniyyət sahəsini
yönləndirə bilir. Mədəniyyət siyasəti sahəsində
qazanılan nailiyyətlər sübut edir ki, Azərbaycanda
dövlət müstəqilliyi getdikcə möhkəmləndirilməkdə,
respublikamızda demokratik, hüquqi, dünyavi dövlət
quruculuğu prosesi daha da sürətlə inkişaf etməkdədir.
Dövlətçiliyin təməlinin, milli
varlığın özülünün, əsasının mədəniyyətə
bağlı olduğunu aydın dərk edən mərhum
prezidentimiz Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında
bildirirdi: "Biz öz milli-mənəvi dəyərlərimizlə,
öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə
fəxr edirik".
Bu fikir əslində mədəniyyətin,
mənəvi dünyamızın dayaqlarından olan
aşıq sənətinə də aid edilə bilər.
Aşıq sənətinə H.Əliyevin xüsusi münasibəti
olduğunu çoxlarımız bilirik. Hətta bəzi alimlər
deyir ki, H.Əliyev hələ sovet illərində Azərbaycanın
musiqi məktəblərində saz sinfinin
açılmasının vacib olduğunu deyib. Bu gün onun
yolunu, yürütdüyü mədəniyyət siyasətini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də
davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin apardığı məqsədyönlü
siyasət və xalqımızın mədəniyyətinə
göstərdiyi yüksək qayğısı ilə Azərbaycan
qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq
səviyyədə təbliği məqsədilə silsilə
tədbirlər həyata keçirilir. Aşıq sənətinə
göstərilən qayğı da bura aiddir.
Azərbaycan aşıq sənətinin
YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ
siyahısına daxil edilməsi istiqamətində
görülən işlər Heydər Əliyev Fondunun rəhbərliyi
ilə Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən həyata keçirilib. Bu məqsədlə
"Azərbaycan aşıq sənəti" faylı
hazırlanaraq YUNESKO-ya təqdim edildi. Müvafiq fayl
hazırlanıb hökumətlərarası komitənin
iclasında müzakirə olunmaq üçün YUNESKO-ya təqdim
olunduqdan sonra bu yolda atılan növbəti addım
aşıq sənətinin təbliği və inkişafı
məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
Tədbirlər Planının hazırlanması oldu. Planın
həyata keçirilməsi ilə bağlı dəyirmi
masanın təşkili, Aşıqlar Birliyinin bərpası
məqsədilə aşıqların qurultayının
keçirilməsi, aşıqların iştirakı ilə
xarici ölkələrdə konsert proqramlarının təşkil
olunması, Aşıqlar Birliyinin yaradılması, fəxri
adların verilməsi, aşıqların yubileylərinin qeyd
olunması, kitabların və notların çap edilməsi,
orta və ali musiqi məktəblərində aşıq sənətinin
tədris olunması və s. istiqamətlərdə
genişmiqyaslı işlər görülüb. Bununla
yanaşı, Azərbaycan dövləti və Fransanın
"Maison des cultures du Monde" şirkətinin birgə əməkdaşlığı
nəticəsində Azərbaycanda və Fransada CD disklər
buraxıldı, Fransanın Paris (Luvr muzeyində) və
Strasburq şəhərlərində Azərbaycan
aşıqları konsert proqramları ilə
çıxış etdi, keçirilən bir sıra digər
dövlət əhəmiyyətli tədbirlərə cəlb
edildi, habelə bu istiqamətdə nazirlik tərəfindən
təşviqat işləri və lobbiçilik fəaliyyətləri
həyata keçirildi. Azərbaycan dövlətinin,
xüsusilə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
aşıq sənətinin qorunması, inkişafı və təbliği
istiqamətində fəaliyyəti nəticəsində 28
sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb
Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri
maddi-mədəni irsin qorunması üzrə Komitəsinin
4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası
Komitəsinin yekun qərarına əsasən, Azərbaycanın
aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs
üzrə Reprezentativ siyahısına daxil edildi. Bu gün biz
Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü
siyasət və bu istiqamətdə müvafiq tədbirlər
nəticəsində Azərbaycan aşıq sənətini
dünya qeyri-maddi irsinin inciləri sırasında
görürük. Bu hadisə beynəlxalq səviyyədə
aşıq sənətinin Azərbaycan mədəni irsinin ən
qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.
Aşıq sənətinin səsinin YUNESKO-da əbədiləşdirilməsi
Azərbaycan dövlətinin qayğısı sayəsində
baş verdi. Bu, milli musiqi sənətimizin qorunması, təbliği
sahəsində dövlət siyasəti və ictimai
maraqların müdafiəsi sahəsində atılan
addımlardan biri kimi aşıq sənətinin ictimaiyyətdə
nüfuzunu qaldırdı. Vaxtilə Azərbaycan
aşıqları mötəbər tədbirlərə,
dövlət konsertlərinə dəvət edilmirdi. Bu da təbii
ki, sazsevərləri və aşıqlarımızı
narahat edirdi. Televiziyalar da aşıqlara elə də geniş
yer vermirdi. Amma bu gün dövlətimizin saza münasibəti,
Heydər Əliyev Fondunun bu sənəti qanadları altına
alması aşıq sənətini yüksəklərə qaldırıb.
Bu məsələdə artıq dövlət və ictimaiyyətin
maraqları uyğunluq təşkil edir. Hazırda bir neçə
televiziyada aşıq sənətilə bağlı proqram
nümayiş olunur. Azərbaycan Televiziya və Radio
Verilişləri Qapalı Səhmdar Cəmiyyətində,
keçmiş dillə desək, AzTV-də nümayiş olunan
"Musiqi xəzinəsi" proqramının həftədə
bir sayı saat yarım olmaqla aşıq sənətinə,
onun təbliğinə, ustad və yeni nəsil
aşıqların ifasına, söz-söhbətinə həsr
edilir. İctimai Televiziyada nümayiş olunan "Ozan"
proqramı da adından göründüyü kimi, bu sənətə
xidmət edir. Azərbaycanda aşıq sənəti dövlət
qayğısını hiss edir, bura ictimaiyyətin də daha
çox maraq yönəltməsinə ciddi ehtiyac var.
Azərbaycanda aşıq sənəti,
sazın tədrisi artıq musiqi məktəblərində,
kolleclərdə, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində (ADMİU)
geniş şəkildə həyata keçirilir. Aşıq
sənətinə ölkə gəncləri xüsusi maraq
göstərir. Bu gün dövlətin aşıq sənətinə
qayğısını hiss edən gənclər bu sahəyə
meyl göstərir. "Musiqi xəzinəsi"
proqramının aşıq sənətinə həsr edilən
keçən sayında Amerika vətəndaşı olan
ingilis mənşəli Marta Laurinin bizim ana sazımızda
mahir ifa etdiyinin şahidi olduq. Marta "Şahsevəni"
havasını çaldı və oxudu. Maraqlı cəhət
bundan ibarətdir ki, Marta Bakıda cəmi üç ildir
yaşayır və sazı görən kimi onda saza
böyük maraq yaranıb. Bu marağı təmin etmək
üçün Marta ustad aşıq Mikayıl Azaflı
yadigarı Minayə xanım Azaflının yanına şəyirdliyə
gedib. Xəzər Universitetinin doktoranturasında təhsil alan
amerikalı aşıq qız burdan gedəndən sonra
sazı öz ölkəsində geniş təbliğ edəcəyini
deyir.
"Musiqi xəzinəsi"
proqramının aşıq sənətinə həsr edilən
sayının müəllifi və aparıcısı,
professor Məhərrəm Qasımlının sözlərinə
görə, Azərbaycanda dövlətin saza özəl
münasibəti bu sahəni inkişaf etdirib. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin təşəbbüsü və
sərəncamı ilə Gədəbəydə inşa edilən
aşıqlar evinin bu siyasətin nəticələrindən
biri kimi həm ictimaiyyətin, həm də
aşıqların razılığına səbəb olub:
"Azərbaycan dövləti aşıq sənətinə
çox böyük qayğı göstərir. Bu
qayğının bariz nümunələrindən biri
televiziyalarda aşıq sənətinin geniş təbliğidir.
"Musiqi xəzinəsi"nin həftədə bir sayı
aşıq sənətinə həsr edilir. Aşıq sənətinin
təbliğilə bağlı verilişlər ictimaiyyət
tərəfindən yüksək sevgilə
qarşılanır. Saza son illər çox böyük dəyər
verən dövlətimiz bununla xalqımızın ulu sənətini
yaşadır. Bilirsiz, aşıq sənətinə nə qədər
gənclər gəlir? Bu sevindirici haldır. Bu gün
aşıq sənətinin təbliğində yeni yaranan
folklor qruplarının da əhəmiyyətli rolu var. Mən
bu sıradan "Çeşmə", "Buta"
sazçı qızlar folklor qruplarının adını
çəkə bilərəm. Onlar aşıq sənətinin
ənənələrini yaşatmaqla yanaşı, həm də
öz ədəb-ərkanları ilə seçilir.
Aşıq sənətinin Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində tədrisi
müsbət haldır, burada təhsil alan gənclərin səviyyəsi
də yüksəkdir. Aşıq sənətinin, sazın təbliğində
onların gələcəkdə fəaliyyəti daha
işıqlı olacaq. Çünki onların hamısı
istedadlıdır. Keçən illərdə yapon
qızının, indi isə amerikalı qızın saza maraq
göstərməsi sazımızın dünya musiqi düzənində
özünə yüksək yer tutması ilə
bağlıdır, sözsüz ki, burada dövlətimizin,
Heydər Əliyev Fondunun saz sənətini qorumaq, təbliğ
etmək, yaşatmaq naminə atdığı addımlarla
bağlıdır".
İradə SARIYEVA
Bakı Xəbər.-2013.-11
mart.-S.10.