Yüksək ranqlı dövlət
məmurlarının bölgə sakinləri ilə
açıq görüşləri-ictimai maraqların tərkib
hissəsi kimi...
"...
dövlətçilik baxımından belə
görüşlərin keçirilməsini müsbət qiymətləndirirəm"
Məhərrəm
Zülfüqarlı: "Nazir bölgələrə, rayonlara
gedib əhali ilə görüşürsə, onların
problemlərini dinləyirsə, bunu müsbət qiymətləndirməmək
doğru olmaz"
Dövlətin inkişafında
mühüm rol oynayan faktorlardan biri də vəzifəsindən
asılı olmayaraq məmurların öz işinə məsuliyyətli
yanaşması və ondan irəli gələn tələbləri
yerinə yetirməsidir. Məmurlar bu sahədə nə qədər
bacarıqlı və məsuliyyətli olsalar, bir o qədər
əhalinin rifah halının yaxşılaşmasına və
bununla paralel dövlətin möhkəmlənməsinə
xidmət etmiş olacaqlar.
Bu sahədə diqqətçəkən
məqamlardan biri də yuxarı ranqlı dövlət məmurlarının
bölgələrə səfər edib əhali ilə
birbaşa görüşlər keçirməsidir. Belə
ki, həmin görüşlər zamanı əhali tərəfindən
dövlət rəsmilərinə birbaşa müraciət
olunur, onları narahat edən məsələlərlə
bağlı fikir mübadiləsi aparılır. Ən
başlıcası, məmurlar tərəfindən vətəndaşların
şikayətləri, arzu və istəkləri yerindəcə
öyrənilir və müvafiq tədbirlər
görülür. Onu da qeyd edək ki, məmurlardan daxili
işlər naziri Ramil Usubovun tez-tez bölgələrə səfər
edib bu kimi məsələləri diqqət mərkəzində
saxlaması deyilənlərə əyani sübutdur. Yüksək
səviyyəli məmurların belə səfərlər etməsi
yerlərdə kiçik ranqlı vəzifəli şəxslərin
öz işinə daha məsuliyyətlə yanaşmasına
təkan verir. Bu da ictimai və dövlət maraqlarının
qorunması baxımından çox mühüm əhəmiyyət
kəsb edir.
Bir məqamı da xüsusi olaraq
qeyd etmək lazımdır ki, sözügedən məsələləri
Prezident İlham Əliyev hər zaman diqqət mərkəzində
saxlayır. Təsadüfi deyil ki, fevralın 12-də "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfransda Prezident İlham Əliyevin
qaldırdığı əsas məsələlərdən
biri də dövlət məmurlarının vətəndaşlarla
münasibətləri ilə bağlı olub. Dövlət
başçısı çıxışında bildirib ki,
Azərbaycan vətəndaşına dövlət qurumları
tərəfindən hər yerdə hörmət
olmalıdır, onlarla normal rəftar edilməlidir. Vətəndaşlar
heç bir halda təhqir edilməməli, incidilməməlidir:
"Hər bir dövlət məmuru öz xalqına xidmət
etməlidir. Hər bir icra başçısını mən
vəzifəyə təyin edərkən, onu qəbul edərkən
ona bir neçə əsas istiqaməti göstərirəm:
inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq
və insanlara xidmət. Bəzi hallarda məmurlar vətəndaşlara
yuxarıdan aşağı baxırlar, onları saymırlar,
onları təhqir edirlər. Bütün bu hallar aradan
götürülməlidir. Hər bir dövlət məmuru
öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir,
insanlara qulluq etməlidir və təvazökar
olmalıdır".
Aydın məsələdir ki, sadə
vətəndaşlarla ən çox təmasda olan dövlət
qurumlarından biri də şəhər və rayon icra
hakimiyyətləridir. Bu baxımdan sözügedən
qurumların üzərinə daha çox məsuliyyət
düşür desək, yanılmarıq. Onlar Prezidentin
haqlı tənqidlərindən ciddi nəticə
çıxarmağa borcludur. Prezidentin tapşırıq və
tövsiyələrini öz gündəlik fəaliyyətində
rəhbər tutmalı, vətəndaşların müraciətlərinə
məzmun və mahiyyətindən asılı olmayaraq, həssaslıq
və diqqətlə yanaşmalıdırlar. Bununla
yanaşı, ölkə qanunvericiliyinə uyğun olan
bütün müraciətlər öz həllini
tapmalıdır. Əhali tərəfindən edilən
şikayətlərə vaxtında və obyektiv
baxılması, müxtəlif dövlət qurumları əməkdaşları
ilə vətəndaşlar arasında münasibətlərin
etik normalar çərçivəsində qurulması
prioritet olmalıdır. Müşahidələr göstərir
ki, yuxarı səviyyəli dövlət məmurlarının
bölgələrə səfər etməsi və əhali ilə
görüşlər keçirməsi bu sahədə işlərin
yoluna qoyulmasına, yəni müsbət istiqamətdə
dönüşün yaranmasına təsir edir. Belə ki,
dövlət strukturlarında kobudluq, süründürməçilik
hallarına, vətəndaşlar arasında
ayrı-seçkiliyə yol verilməməsi daim diqqət mərkəzindədir.
Bu məsələlər sözügedən görüşlərdə
mütəmadi olaraq müzakirə olunur, bu tələblərə
riayət etməyən vəzifəli şəxslər ciddi
şəkildə cəzalandırılır.
Bir məqamı da qeyd edək ki,
bir sıra rayonların icra qurumları vətəndaşlarla
işi "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə
uyğun olaraq qurur. Bu əsasnaməyə görə, rayon
icra hakimiyyəti vətəndaşlarla işi bir neçə
istiqamətdə aparır. Əsas məqsəd vətəndaşların
hüquq və azadlıqlarının, qanuni mənafelərinin
müdafiəsinin təmin edilməsidir. Bu məqsədlə təsdiq
edilmiş qrafik əsasında həftənin bütün
iş günlərində rayon icra hakimiyyətində vətəndaşlar
qəbul edilir. Qəbul saatı məhdudlaşdırılmır.
Əhalinin məlumatlandırılması üçün qəbul
qrafiki vaxtaşırı rayonlarda nəşr olunan yerli qəzetlərdə
dərc edilir. Rayonların idarə, müəssisə və təşkilatlarında,
habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə
təsdiq edilmiş qrafik əsasında vətəndaşların
qəbulu aparılır. Təsdiq edilmiş qrafik əsasında
rayon icra hakimiyyətlərinin başçısı hər həftə
bir yaşayış məntəqəsində əhali ilə
səyyar görüş-qəbul keçirir.
Görüşlərdə rayonun inzibati orqanlarının və
xidmət təşkilatlarının rəhbərləri
iştirak edir. Əvvəlcədən görüş-qəbul
haqqında əhali məlumatlandırılır.
Görüşlərdə müraciətlər dinlənilir,
əhalini narahat edən problemlər öyrənilir və
onların həlli ilə bağlı operativ tədbirlər
görülür. Yüksək səviyyəli dövlət rəsmilərinin
bölgələrə səfəri çərçivəsində
irəli sürülən bu və digər təkliflərin həlli
ilə bağlı yerlərdə mümkün tədbirlər
görülür, həmçinin aidiyyəti orqanlar qarşısında
konkret tələblər qoyulur. Bu da ictimai və dövlət
maraqlarının qorunması baxımından ən vacib
faktorlardan biridir. Görünən odur ki, daxil olan şifahi və
yazılı müraciətlər günümüzün
reallıqlarını əks etdirdiyindən və hər bir
müraciətin arxasında ölkə vətəndaşı
durduğundan, bu müraciətlərin həllinə diqqət
daha da artırılıb. İlk növbədə vətəndaşlara
onların yazılı müraciətinə baxılması
barədə qabaqcadan məlumat verilir. Sonra müraciətlər
aidiyyəti qurumlar tərəfindən yerindəcə
araşdırılır, təhlil olunur, icrasından
ötrü tədbirlər müəyyənləşdirilir və
icrasına nəzarət olunur. Müraciətlərə
baxılmasının nəticəsi barədə vətəndaşlara
yazılı cavablar göndərilir. Görülən tədbirlər
nəticəsində bütün idarə, müəssisə
və təşkilatlarda vətəndaşların qəbul
günləri və saatları barədə lövhələr
var. Proseslərin gedişi göstərir ki, bir sıra icra
hakimiyyətlərinə telefonla edilən şifahi müraciətlər
də diqqətdən kənarda qalmır. Bu müraciətlər
uçota alınır, araşdırılır və həlli
ilə əlaqədar müvafiq tədbirlər
görülür. Elə rayon icra hakimiyyətləri var ki,
daxil olan elektron məktublara da diqqətlə baxılır
qoyulmuş məsələlər araşdırılaraq qanuna
müvafiq həllinə səy göstərilir və
müraciət müəlliflərinə əsaslandırılmış
cavab verilir. Onu da qeyd etməyə dəyər ki, heç də
bütün icra hakimiyyətlərində vətəndaşlarla
iş belə səmərəli qurulmayıb. Bir məqamı
da qeyd edək ki, dövlət məmurlarının bölgələrdə
keçirdiyi görüşlərə gələn vətəndaşlar
daha çox aqrar islahatlar zamanı pay torpaqlarının verilməsi
proseslərində buraxılmış nöqsanlardan, şəhərdə
məhəllədaxili və kəndlərdə ara
yollarının uzun illər ərzində təmir
olunmamasından şikayət edir. Həmçinin, bəzi
yaşayış məntəqələrində içməli
su təchizatındakı çətinliklərdən, çətin
təbii şəraitə malik ucqar dağ kəndlərində
həkim və müəllim kadrlarının
çatışmamasından şikayət edirlər.
Ümumilikdə yüksək səviyyəli dövlət məmurlarının
bölgələrdə geçirdiyi görüşlər
zamanı vətəndaşların şikayətləri diqqətlə
araşdırılır, şikayəti doğuran səbəblər
təhlil edilir və həllindən ötrü operativ tədbirlər
görülür. Araşdırılması vaxt tələb
edən şikayətlər icraata götürülür və
nəzarətdə saxlanılaraq həlli üçün
yollar axtarılır. Bir sözlə, belə
görüşlərdə vətəndaşların
qaldırdığı məsələlərə
baxılır, mövcud problemlərin yerindəcə həlli
üçün operativ tədbirlər həyata
keçirilir. Bunların nəticəsi olaraq əvvəlki illərə
nisbətən şikayət xarakterli müraciətlərin
sayında azalma hiss olunur. Görünən odur ki, vətəndaşların
şikayətlərinin təmin edilməsi istiqamətində
görülən işlər diqqət mərkəzində
saxlanılır.
Sözügedən mövzu ilə
bağlı fikirlərini "Bakı-Xəbər"lə
bölüşən İctimai Problemlərin Tədqiqi
Assosiasiyasının rəhbəri Məhərrəm
Zülfüqarlı ictimai maraqların qorunması
baxımından bu cür görüşlərin keçirilməsini
müsbət qiymətləndirdiyini bildirdi: "Bütün
hallarda bu müsbət haldır. Yəni nazir bölgələrə,
rayonlara gedib əhali ilə görüşürsə,
onların problemlərini dinləyirsə, bunu müsbət
qiymətləndirməmək doğru olmaz. Digər tərəfdən,
bu, regionlarda yaşayan əhalinin dövlət məmurlarına
olan inamını daha da artırır. Burada bir məqamı
da diqqətdən qaçırmaq olmaz ki, bəzi rayon icra
hakimiyyətləri məmurlarla keçirilən bu kimi
görüşlərdə müəyyən
yayındırıcı metodlara əl atır. Məsələ
ondadır ki, bəzən həqiqi şikayətçilərin
məmurlarla görüşü müxtəlif vasitələrlə
əngəllənir. Obyektivlikdən uzaq, xüsusi öyrədilmiş
adamlar məmurla görüşə gətirilir. Nəticədə
əhalinin əsas şikayətçi təbəqəsi kənarda
qalır. Hesab edirəm ki, belə hallara qətiyyən yol
verilməməlidir. Bu baxımdan insanların yerlərdə
öz şikayətlərini birbaşa nazirə deməklə
bağlı onlara şərait yaradılmalıdır. Bəzi
rayon icra başçıları bu kimi görüşlərdə
sovet dönəmindəki formalizm metodlarından istifadə
edir. Bunun praktiki olaraq heç bir əhəmiyyəti yoxdur. Bu
kontekstdə bir də var ki, təbii olaraq məmurlarla əhali
arasında birbaşa ünsiyyət yaradılır. Yəni
nazirlə görüşdə insanlar öz problemini deyir və
bunun həlli yolları axtarılır. Belə
görüşlərdə müsbət nəticələr əldə
olunur. Bax, belə görüşlərin keçirilməsinin
əhəmiyyəti kifayət qədər böyükdür.
Bütün hallarda yüksək səviyyəli məmurların
bölgələrə səfəri icra
başçılarının fəaliyyətinə müsbət
təsir göstərir. İcra başçıları
özlərində məsuliyyət hiss edir və qanundan irəli
gələn tələblərin yerinə yetirilməsinə
daha diqqətlə yanaşırlar. Ona görə də
dövlətçilik baxımından belə
görüşlərin keçirilməsini müsbət qiymətləndirirəm.
Arzu edərdim ki, belə görüşlər tez-tez təşkil
olunsun. Əhali də bundan müsbət mənada
yararlansın".
Vidadi ORDAHALLI
Bakı Xəbər.-2013.-11
mart.-S.7.