Yurdumuza bahar gəlir
Azərbaycanın
minilliklərə söykənən tarixi dərin köklərə
malik adət-ənənələrlə zəngindir. Belə ənənələrdən
biri də baharın yurdumuza gəlişi münasibətilə
keçirlən bayramlardır. Adətən hər ilin mart
ayının sonlarına yaxın baharın Azərbaycana gəlişi
xalq tərəfindən sevinclə qarşılanır,
küsülülər barışır, hər bir ailənin
ocağına şənlik gəlir. Bütün Azərbaycan
yurdumuza baharın gəlişini qeyd edir. Tarix boyu baharın gəlişini
qeyd etdiyimiz bayrama Novruz deyilir ki, bu da səbəbsiz deyil.
Belə ki, "Novruz"
sözünün hərfi mənası "Yeni gün"
deməkdir. Yəni bu zaman il bitir və yeni ilin
başlanğıcının əsası məhz bu bayramla
qoyulur. Novruz haqqında məlumatlara Əbu Reyhan Biruninin
"Asar-ul baqiyə", Mahmud Kaşğarinin "Divan-ul-luğat-ut-türk",
Yusif Balasaqunlunun "Kutadqu biliq", Ömər Xəyyamın
"Novruznamə", Nizamülmülkün "Siyasətnamə",
Nizami Gəncəvinin "İsgəndərnamə" əsərlərində
və digər mənbələrdə rast gəlinir.
Ənənələrin
tarixi kökləri və ya zərdüştlükdən
başlayaraq
Elmi
araşdırmalarsa Novruz bayramını çox əski
çağlara - Zərdüşt peyğəmbərin
yaşadığı dövrə, bəzənsə daha əski
zamanlara bağlayır. Onun yaşını ən azı 3700,
ən çoxu 5000 ilə bərabər edirlər.
Filologiya elmləri doktoru Kamil
Hüseynoğlu hesab edir ki, baharın gəlişini
özündə ehtiva edən Novruz bayramında yerinə
yetirilən mərasimlərin əksəriyyəti indi də
qeyd olunur, lakin onların ilkin mənaları müəyyən
qədər unudulub: "Əbu-Reyhan Biruninin və Ömər
Xəyyamın Novruz haqqındakı yazılarından
aydın olur ki, artıq onların dövründə Novruz mərasimlərini
mənalandırmaqda ciddi fikir ayrılıqları
yaranmışdı. Ancaq bütün bunlara baxmayaraq,
xalqın bu bayrama marağı və rəğbəti
heç vaxt azalmayıb. Belə uzunömürlülük və
tükənməz el sevgisi isə hər bayrama nəsib
olmur".
Alim bildirib ki, maddi-mənəvi mədəniyyət
abidələrimiz Novruz bayramının qədim tarixi
olduğunu bir daha təsdiq edir.
Qeyd edək ki, baharın gəlişi
ərəfəsində göyərdilən səməni
yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin
rəmzidir. Azərbaycan insanı səməni göyərtməklə
növbəti ilinə bərəkət, bolluq arzulayır,
bayrama dörd həftə qalmış, hər çərşənbə
axşamı və bayram günü tonqal qalamaqla, nəğmələr
qoşmaqla oda, atəşə, günəşə olan etiqad
və inamını ifadə edir. Bütün bu mərasimlər
İslamdan çox-çox əvvəl mövcud olmuş qədim
Şərq ənənələrinin davamıdır.
K.Hüseynoğlu qeyd edir ki,
müxtəlif mifoloji qaynaqlar, "Avesta" mətnləri və
qədim müəlliflərin Novruz haqqında verdiyi məlumatların
tədqiqi göstərir ki, Novruz ayrıca bir bayram yox, zərdüştlik
bayramları sisteminin, ümumiyyətlə, zərdüştlik
dünyagörüşünün bir həlqəsi olub. Onun
fikrincə, bu baxımdan baharın gəlişini göstərən
bu bayramın qədim mənasını və mahiyyətini
anlamaq üçün onu qeyd edilən məsələlərlə
kompleks halında nəzərdən keçirmək
lazımdır.
Baharın gəlişi Azərbaycanda
bir sıra işlərlə qarşılanır.
Bayramqabağı adətən evdə, həyətdə
abadlıq, təmizlik işləri aparılır, ağac əkilir,
şirniyyatın müxtəlif növləri və plov
bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi
və sinilərdə xonça bəzənir, şam yandırılır,
tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi
yad edilir, küsülülər barışır,
qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.
Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə
paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar
at çapıb, güləşir, küştü tuturlar.
Novruz bayramında "haxışta", "bənövşə",
"kos-kosa" oynayırlar.
Bu adətlər müəyyən
qədər müasirləşdirilsə də, kökləri
eyni olmaqla əvvəlkilərdən fərqlənmir.
Baharın qarşılanmasının bəzi maraqlı məqamları
da var. Belə ki, bayramda süfrədə yalnız şirin
xörəklər olmalıdır. Adətə görə
süfrəyə "s" hərfi ilə başlayan 7
növ ərzaq qoyulur. Bayramda süfrəyə qoyulan şəkərbura
rəmzi olaraq Ayı, şirinqoğal Günəşi əks
etdirir.
Bununla yanaşı, bahar Azərbaycanda
milli oyunlar, folklor, qədim idman növləri, rəqslərlə
qarşılanır, tonqal çatılır.
"Ağırlığım, uğurluğum odda
yansın" deməklə tonqalın üstündən
atılan insanlar bunu ötən ilin bütün çətinliklərinin
odda yanması üçün edir.
Baharın gəlişindən xəbər
verən dörd çərşənbə isə insanın həyata
gəlişi və həyatın canlanması ilə
bağlıdır. Novruz bayramı təbiətlə
bağlı: su, od, torpaq, yel(hava) ilə əlaqədar
dörd əsas arxaik ünsürə aid ayinləri
özündə saxlamaqla yanaşı, cəmiyyətdə
humanist, insani münasibətlərin məntiqini ifadə edən
bəşəriliyi ilə də seçilir.
Baharın ilk müjdəçisi və milli dəyərlərin
qorunması
Baharın ilk müjdəçisi
kimi quşların isti ölkələrdən uçub gəlməsini,
ağacların çiçəklənməsini, səmənilərin
əkilməsini və bir sıra hadisələri göstərirlər.
Lakin quşların gəlişinin, təbiətin
oyanmasının tarixin müəyyən dövrlərində
Azərbaycan üçün baharı gətirmədiyi
vaxtları da olub.
70 illik sovet müstəmləkəsində
Azərbaycan təkcə siyasi və iqtisadi deyil, eyni zamanda, adət
və ənənələr baxımından da işğal
altında idi.
Sovetlərin ilk illərində
Novruzun yaz və kəndli, əkinçi, maldar bayramı kimi
keçirilməsinə müəyyən müddət izin
verilsə də, XX əsrin 20-30-cu illərində Novruz
bayramının yanlış olaraq dini bayram olduğunu önə
sürərək ciddi qadağalar qoyuldu.
Azərbaycan insanı tarixin dərinliklərindən
gələn ənənələrini, adətlərini nəinki
qeyd edə bilmirdi, ümumiyyətlə, onlardan danışmaq
mümkün deyildi. Amma Azərbaycan insanı bütün
çətinliklərə, qadağalara baxmayaraq, öz tarixi
köklərindən heç vaxt ayrılmayıb. Təsadüfi
deyildi ki, qoca babalarımız, nənələrimiz baharın
gəlişini bildirən Novruz bayramını gizli şəkildə
olsa da, keçirirdilər, hətta bu müxtəlif təhlükələr
yaratsa belə.
Nəhayət, Azərbaycana əsl
baharın gəlişi 70 il sonra, 1990-cı illərdə
baş verdi. Əslində baharın ilk müjdəçisi hələ
1969-cu ildən etibarən görünməyə
başlamışdı. Belə ki, ulu öndər Heydər Əliyevin
həmin vaxt ölkəyə rəhbərliyinin
başlaması ilə, Azərbaycan xalqı bütün sovet
bürokratiyasına rəğmən, müəyyən qədər
rahat nəfəs almağa başladı. Elə həmin
vaxtdan etibarən bir çox ənənələrimiz kimi,
baharın gəlişinin qarşılanmasına, tarixi adətlərimizin
yerinə yetirilməsinə, milli dəyərlərimizə
açıq meydan verildi.
"Milli dəyərləri olmayan millət həqiqi
millət, həqiqi xalq ola bilməz"
1993-cü ildən Azərbaycanda yenidən
hakimiyətə gələn Heydər Əliyev baharın gəlişini
özündə əks etdirən Novruz bayramının
dövlət səviyyəsində qeyd edilməsinə də
şərait yaratdı. Məhz onun ölkəyə rəhbərlik
etdiyi illərdə milli dəyərlərimizin qorunub
saxlanması işinin əsası qoyuldu. Təsadüfi deyil
ki, ulu öndər öz çıxışlarında həmişə
deyirdi ki, biz öz milli dəyərlərimizlə fəxr etməliyik:
"Bizim milli dəyərlərimiz əsrlər boyu
xalqımızın həyatında, yaşayışında
formalaşıb. Milli dəyərləri olmayan millət həqiqi
millət, həqiqi xalq ola bilməz... Biz heç vaxt öz
milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq,
ondan bəhrələnmək, ruhlanmaq həyatımızın
əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir".
O, həmçinin vurğulayırdı ki, bizim
hamımızı birləşdirən, həmrəy edən
azərbaycançılıq ideyasıdır: "Azərbaycançılıq
öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından bəhrələnmək və
hər bir insanın inkişafının təmin olunması
deməkdir".
Ulu öndər deyirdi ki, milli
kimliyi olmayan və özünü bir millət kimi dərk etməyən
xalqın milli dövlətə də ehtiyacı ola bilməz.
Çünki milli dövlət bir tərəfdən ərazinin
və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə,
digər tərəfdən də milli dəyərlərin
qorunması və müstəqil inkişafın təmin
olunması məqsədi daşıyır.
Milli dəyərlərimizin beynəlxalq aləmdə təbliği
uğurla aparılır
Prezident İlham Əliyev də ulu
öndər Heydər Əliyevin siyasi varisi kimi, həmişə
milli dəyərlərə dövlət səviyyəsində
diqqət və qayğı göstərir. Onun milli dəyərlərin
qorunması, inkişaf etdirilərək gələcək nəsillərə
çatdırılması ilə bağlı siyasətinin
xüsusiliyi isə bu fəaliyyətin çağdaş
dövrün reallıqları ilə şərtlənməsidir.
Belə ki, Prezident İlham Əliyev milli dəyərlərimizin
qorunması ilə yanaşı, onun beynəlxalq aləmdə
təbliğinə də xüsusi diqqət yetirir, bu istiqamətdə
ciddi nəticələri olan işlər həyata
keçirir. Dövlət başçısı bu işdə
"Gələcək nəsillərə maddi sərvətlər
və iqtisadi mirasla yanaşı, həm də daha çox
milli irs, milli mentalitet ərməğan edilməlidir"
prinsipini əsas götürür.
Bu gün dünya mədəniyyətinə
töhfələrdən hesab olunan Azərbaycanın qədim
mədəni irsi qabaqcıl ölkələrin mədəniyyət
siyasəti sahəsindəki təcrübələri nəzərə
alınmaqla qorunur, bərpa edilir, bu istiqamətdə uğurlu
islahatlar aparılır.
Dövlət
başçısı Novruzla bağlı təbriklərində
baharın Azərbaycan torpağına gəlişini və
dövlət səviyyəsində keçirilməsini istiqlal
yolunda qazanılmış nailiyyətlər kimi dəyərləndirib,
xalqımızın milli dəyərlərə, adət-ənənələrə
sadiqliyini dəfələrlə vurğulayıb.
Prezident İlham Əliyev
çıxışlarında Novruz bayramının da daxil
olduğu mili dəyərlərimizlə bağlı bildirib
ki, milli dəyərlərimiz bizim üçün əsasdır:
"Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə
sadiqdir. Dövlətimiz bu dəyərlər üzərində
qurulub. İyirmi il ərzində milli dəyərlərə
münasibətimiz, milli ənənələrimizə hörmətimiz
bizi daha da gücləndirdi. Bu gün müstəqil Azərbaycan
bu əsaslı və güclü milli təməl üzərində
öz gələcəyini qurur. Biz müasir dövlət
qururuq, dünyaya inteqrasiya edirik, dünya proseslərində
uğurla, fəal iştirak edirik. Ancaq çox güclü
milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır".
Dövlət
başçısı qeyd edir ki, ümumbəşəri dəyərlərə
sadiqik, ümumbəşəri dəyərləri
bölüşürük: "Milli dəyərlər isə
bizim üçün həm keçmişimizə olan münasibətdir,
hörmətdir, eyni zamanda, gələcəyə atılan
addımlardır. Mən çox şadam ki, Azərbaycanda gənclər
də milli-mənəvi dəyərlər əsasında tərbiyə
olunur. Gənclər milli ruhda böyüyür. Milli ruhun
yüksək səviyyədə olması bizi - azərbaycanlıları
bir xalq kimi daim yüksəklərə
qaldıracaqdır".
Prezidentin
çıxışlarından da görünür ki,
dövlət milli dəyərlərimizin qorunması, onun təbliği
işini həmişə prioritet olaraq əsas
götürüb.
Bu işdə Heydər Əliyev
Fondu da özünəməxsus şəkildə rol
oynayır. Fondun sədri, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın təşəbbüsü və
dəstəyi ilə Azərbaycanın milli-mənəvi dəyərlərinin
dünyaya inteqrasiya olunması kimi planlı işlər həyata
keçirilir. Buna nümunə kimi bolluğun, bərəkətin
və xeyirxahlığın təcəssümü olan Novruz
bayramının YUNESKO tərəfindən beynəlxalq səviyyədə
qeyd edilməsini göstərmək olar. Məhz Mehriban Əliyevanın
təşəbbüsü ilə Novruz bayramı 2009-cu ilin
sentyabrından YUNESKO-nun qeyri-maddi mədəni irs
siyahısına daxil edilib və martın 21-i BMT-nin Baş Məclisi
tərəfindən Beynəlxalq Novruz Günü olaraq qəbul
olunub.
Azərbaycan artıq müstəqil
baharının 21-ni yaşayıb, 22-ncisini isə
qarşılamaqdadır. Ölkəmizin inkişafı,
müstəqilliyimizin möhkəmliyi isə qarşıda
bizi yüzlərlə baharın gözlədiyini göstərir.
Cəmaləddin
Quliyev
Bakı
Xəbər.-2013.-11 mart.-S.15.