Üçüncü Beynəlxalq Muğam Festivalı-ictimai maraq dairəsində...

 

Milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlət siyasəti və ictimai maraqların müdafiəsi - Azərbaycan muğam sənəti

 

Azərbaycan Respublikasının 7 iqlim qurşağında yerləşməsi öz davamını musiqimizdə, adət və ənənələrimizdə, əsatirlərimizdə, inanclarımızda tapıb. Muğam sənətində 7 rəqəminin böyük önəm daşıması da, ola bilsin, bu məsələ ilə əlaqədardır. Söhbət muğamın bəzəyi və özülü sayılan yeddi əsas muğamdan gedir. Muğamşünaslar deyir ki, yeddi muğamın mövcudluğu türkçülüklə, ictimaiyyətin bağlı olduğu dəyərlərlə daha çox bağlıdır. Azərbaycan muğamı özünün füsunkarlığı və heyranediciliyilə aləmi fəth edə bilib.

   Bilirik ki, muğam sənəti Şərq, Asiyabir sıra Avropa ərazilərində yerləşən xalqların məişətində geniş yayılaraq onların musiqi yaradıcılığında son dərəcə güclü psixoloji-emosional təsir gücünə malik olan musiqi janrıdır. O eyni zamanda ifaçının ustalığından və məharətindən asılı olaraq həcm və formaca asanlıqla dəyişə bilən, dialektə, qəzəlin metroritmik quruluşuna, məzmununa görə milli çalarları özündə əks etdirən orijinal bir sənət nümunəsidir. Bir sıra xalqların mədəni inkişafında çox böyük, əvəzolunmaz yer tutan muğamın milyonlarla heyranı var. Muğamşünaslar bildirir ki, muğam sənətinin məhz bu spesifik cəhətləri onu Şərq xalqlarına sevdirib və doğmalaşdırıb. Azərbaycanda dövlət səviyyəsində muğamın inkişafına xüsusi önəm verilir. Dövlətimizin artıq muğam sənətinin inkişafı, təbliğatı, ümumbəşəri mədəniyyət elementi kimi dəyərləndirilməsi ilə bağlı bəlli siyasəti mövcuddur. Son illər muğam sənətinin daha yüksək zirvələri fəth etməsinin şahidi oluruq. Muğama münasibətdə ictimaiyyətin və dövlətin maraqları bir-birindən fərqlənmir. Dövlət də özünün musiqi mədəniyyətinin inkişafında muğamı öncül sənət sahələrindən biri sayır, ictimaiyyət də muğamı özünə doğma bilir. Muğamın inkişafına sovet illərində də təkan verilib. Etiraf etməliyik ki, bu dövrdə Azərbaycan muğam sənəti özünün intibah dövrünü yaşayıb. Cabbar Qaryağdıoğlu, Üzeyir bəy Hacıbəyov, Mirzə Mansurbaşqa qüdrət sahiblərinin qayğısı ilə muğam inkişafa üz tutub. Bu dönəmdə neçə-neçə muğam operalar, simfonik muğamlar, muğam-caz nümunələri meydana çıxıb. Bu da ondan irəli gəlib ki, ictimaiyyət muğam sənətinə əməlli-başlı diqqət-qayğı göstərib. Müstəqil Azərbaycan dövlətinin isə muğama münasibəti yeni bir qayğıya qapı açdı. Dövlət qayğısı nəticəsində muğam YUNESKO-da tanındı, artıq muğam sənətinin inkişafı etdirilməsi haqqında qanun layihəsi Milli Məclisin Mədəniyyət Daimi Komitəsində müzakirə edilib. Bu haqda qanunun bu il qəbul ediləcəyi ehtimal edilir. Əslində, hələ keçən il muğam sənətinin inkişaf etdirilməsilə bağlı qanunun təsdiqlənəcəyi gözlənilirdi, amma nədənsə bu baş vermədi. Ümid bu ilə qalıb.

   Azərbaycanda muğam haqqında ayrıca qanun olmasa da, muğamın inkişaf prinsiplərinə yönələn bəndlər Azərbaycan Respublikasının "Mədəniyyət Haqqında" Qanununda var. Bu da muğam sənətinin tərəqqisində dövlətin nə dərəcədə maraqlı olduğunu göstərir.

   Dövlətin muğama qayğısı nəticəsində 2005-ci ildən başlayaraq ardıcıl olaraq televiziya muğam müsabiqələri keçirilir. Bu müsabiqələrin uğurlu nəticəsi kimi muğam sənətinə güclü xanəndə axını baş verir. Bu sahəyə maraq göstərən gənclərin çoxu öz istedadlarına görə seçilir. Bayaq qeyd etdik ki, muğam öz varlığı ilə bir çox xalqların mədəniyyətinə nüfuz edib, amma heç bir xalq muğama bizim qədər yaxın deyil. Çünki muğam özündə Azərbaycan türkünün düşüncəsini tam ehtiva edir.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakıda möhtəşəm Muğam Mərkəzinin inşası və istifadəyə verilməsi musiqi mədəniyyəti tariximizdə doğrudan müstəsna bir işdir, hadisədir. Məlumdur ki, dövlətin tikdirdiyi bu Muğam Mərkəzi bir sıra tədbirlərə ev sahibliyi edir. Son üç ildir ki, Bakıda Beynəlxalq Muğam Festivalı keçirilir. Martın 9-da Heydər Əliyev Mərkəzində III Beynəlxalq-Bakı "Muğam-Aləmi" Festivalının açılış mərasimi olub. Dünyanın dörd bir yanından festivala iştirakçı və seyirçi qismində qatılan insanlar muğam sənətinə böyük dəyər verənlərdir.

   Onu da bilirik ki, muğam sənətinin inkişafında dövlətlə çiyin-çiyinə Heydər Əliyev Fondu da çalışır. Bu qurumun həyata keçirdiyi layihələr sayəsində muğam sənəti və sənətin daşıyıcıları geniş şəkildə təbliğ olunur.

   Martın 9-da Heydər Əliyev Mərkəzində ənənəvi Beynəlxalq "Muğam-Aləmi" Festivalının açılışı öz maraqlı tərəflərilə diqqəti çəkib. Burada çox möhtəşəm çıxışlardan birini Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva edib. O, çıxışında dövlətin muğama münasibətini geniş şəkildə şərh edib və festivalın əhəmiyyətini önə çəkib: "Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcək. Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə oxşadır. Bu məkan ənənəvi və müasirliyi özündə birləşdirən Bakının yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni irsimizin incisi olan gözəl muğam səslənəcəkdir. Əziz dostlar, festival günləri biz birlikdə məşhur ustadları və gənc ifaçıları dinləyəcəyik. Gənclər muğam müsabiqəsində iştirak edəcəklər. Bakı Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, OperaBalet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları səslənəcəkdir. Bakı caz klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaq. Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir ifa sənətinin imkanları göstəriləcəkdir. Eyni zamanda, muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki, festival proqramı özündə Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcək. Ən əsası odur ki, Beynəlxalq Muğam Müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcək".

   Birinci xanım builki festivalın bir neçə yeniliklə seçildiyinideyib: "Birinci yenilik ondan ibarətdir ki, muğam müsabiqəsi təkcə xanəndələr arasında keçirilmir, həmçinin instrumental muğam sənətini də əhatə edəcək. Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir. Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcək. Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər.

   Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı YUNESKO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tarı və tar ifaçılığı da var. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir. Yəqin bilirsiniz ki, bu festival Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirir. Biz bu sahədə bir çox tədbirlər hazırlayıb həyata keçiririk, bir çox festivallar reallaşdırırıq. Bu sırada Qəbələ musiqi festivalı, Rostropoviçin, Qara Qarayevin, Üzeyir Hacıbəylinin adını daşıyan festivalları qeyd etmək istərdim. Əlbəttə, ən vacibi Beynəlxalq Muğam Festivalıdır".

   Görkəmli muğam ustadı, professor Arif Babayevin sözlərinə görə, milli musiqi sənətimizin qorunması, təbliği sahəsində dövlət siyasəti və ictimai maraqların müdafiəsi üçün görülən işlər xalqımızı təmin edir. Görkəmli xanəndənin bildirdiyinə görə, muğam sənəti son illər həm inkişaf edir, həm də mühafizə edilir. Bu məsələdə Heydər Əliyev Fondunun zəhmətini önə çəkən A.Babayev deyir ki, muğama heç vaxt belə fikir verilməyib: "Bu heç vaxt belə olmayıb. Bu isə bizim dövlətimizin başçısı və xüsusilə də Mehriban xanım Əliyevanın layihələri nəticəsində baş verib. Saymaq belə mümkün deyil ki, muğam haqqında nə qədər kitablar, jurnallar, broşuralar yazılıb. Bizim muğamlarımızın sevilməsinə beynəlxalq müsabiqələrin də böyük təsiri var. Ona görə ki, bütün dünyadan insanlar gəlir, muğamlarımıza, milli musiqimizə qulaq asır və məqalələr yazaraq bizim mədəniyyətimizi yayırlar. Nəticədə isə bütün dünyanın maraqlanması sayəsində muğamımız bu gün özünün ən yüksək səviyyəsində dayanır.

   Ömrünü bu sənətə həsr edən insanlar da ruhlanıb bu qayğıdan. Mən Beynəlxalq Muğam Festivalının hazırlıq mərhələsində baxdım və gördüm ki, bizim nə qədər gözəl tar çalanlarımız var, böyük yaşı-başı olan insanlar kimi muğamları ifa edən 19-20 yaşında gənclərimiz var. Hətta mədəniyyət və turizm naziri, təhsil naziri onlara gözəl mükafatlar təqdim elədi. Bu, hər birimizi çox sevindirir. Olub muğamımız, var, amma bu səviyyədə qayğı ilə əhatə olunmayıb".

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-12 mart.-S.15.