Azərbaycan dövlətinin milli siyasəti və ictimai maraqlar...

 

"Ona görə də biz bütün imkanlardan istifadə etməliyik ki, ölkədə milli ruh daha da güclənsin"

 

Vaqif Arzumanlı: "Bu gün yeridilən milli siyasət çərçivəsində dövlət maraqları istiqamətində ciddi işlər görülür"

 

Azərbaycan hakimiyyətinin yeritdiyi milli siyasət ölkənin dövlət maraqlarına hesablanıb. Xüsusən də son illər Prezident İlham Əliyevin timsalında bu özünü daha qabarıq formada göstərir. Çünki hər bir müstəqil dövlətin öz varlığını beynəlxalq səviyyədə qoruyub saxlaya bilməsi onun özünün milli maraqlarını necə müdafiə etməsindən asılıdır. Həmçinin, buna uyğun olaraq on illər sonraya hesablanan xüsusi dövlət siyasətinin möhkəm təməllərini qoymasından asılıdır.

   Ötən əsrin ən görkəmli siyasətçilərindən olan məşhur dövlət xadimi Uinston Çörçill çıxışlarının birində bu barədə belə deyib: "Hər hansı bir dövlətin güclü və qüdrətli olması onun öz milli maraqlarını ən yüksək səviyyədə təmin etməyə qadir bir siyasət yeritməsindən asılıdır". Tarixi təcrübə də göstərir ki, şəxsiyyətlərin proseslərin gedişinə təsiri hər zaman olub. Bu müxtəlif formada özünü göstərib. Bu baxımdan 1991-ci ildə dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan üçün milli maraqların müdafiəsinin dövlət siyasətinin prioritet, aparıcı sahəsinə çevrilməsi ölkəmiz üçün taleyüklü bir məsələ kimi qarşıya çıxdı. Amma həmin dövrdə hakimiyyətdə olan qüvvələr milli maraqları dövlət siyasətinin aparıcı sahəsinə çevirə bilmədilər. Nəticədə Ermənistan ordusu rus hərbi birləşmələrinin köməkliyi ilə addım-addım Azərbaycan ərazilərini işğal etməyə başladı. Bununla da Azərbaycan fəlakətə sürükləndi və ölkə yenidən öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Belə bir vəziyyətdə Azərbaycanı zamanına görə ən güclü siyasətçilərdən olan Heydər Əliyev xilas edə bilərdi. Çünki onun yeritdiyi siyasət milli maraqlar üzərində qurulmuşdu. SSRİ dövründə belə, Azərbaycana rəhbərlik edən H.Əliyev mümkün olan qədər milli siyasət yeridirdi. Baxmayaraq ki, ittifaq tərkibində belə siyasət kifayət qədər risqli idi. Müstəqillik dönəmində H.Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqların təmini üzərində inkişaf etdirildi. Milli maraqların müdafiəsinin mahir memarı olan görkəmli siyasətçi zəngin siyasi təcrübəsindən istifadə edərək ölkəni ağır vəziyyətdən çıxardı. 1967-ci ildə əvvəlcə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə irəli çəkilən, 1969-cu ildən isə ölkəmizə rəhbərlik edən Heydər Əliyev milli maraqlarımızın nəinki ittifaq səviyyəsində, həm də beynəlxalq müstəvidə müdafiə edilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz rol oynayıb. Bununla da o, imperiyanın qılıncının qabağının da, dalının da kəsdiyi bir dövrdə milli maraqlarımızın müdafiəsini dövlət siyasətinin prioritet sahələrindən birinə çevirərək Azərbaycanın müstəqilliyinə gedən yolunun əsaslarını qoydu.

   H.Əliyevin imperiya əsarəti altında belə, milli maraqlarımızın müdafiəsini dövlət siyasətinin aparıcı sahəsinə çevirməsi 1978-ci ildə qəbul edilən Konstitusiyamız zamanı parlaq şəkildə üzə çıxdı. Həmin dövrdə SSRİ-ni idarə edənlər yeni Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi yazılmasına razı deyildilər. Bunu görən H.Əliyev olduqca incə bir siyasi gediş etdi. O, Azərbaycan SSR Konstitusiyasında dövlət dilinin əksini tapması ilə əlaqədar respublika ictimaiyyəti nümayəndələrinin geniş toplantısını keçirdi. Müzakirələrdə çıxış edənlərin hamısı Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi əks edilməsinin vacibliyini qeyd etdilər. Beləliklə, ölkə rəhbəri səviyyəsində məsələyə müdaxilə edilmədən ictimaiyyət nümayəndələrinin çıxışları əsasında ana dilimizin Konstitusiyamızda əksini tapması reallaşdı. Bununla da Moskvanın məsələ ilə əlaqədar etirazının qarşısı ustalıqla alınmış oldu. Bu, böyük siyasətçi tərəfindən Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə təmin edilməsinə və bunun dövlət siyasətimizin ana xəttinə çevrilməsinə verdiyi ən böyük töhfələrdən biri idi.

   1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən H.Əliyev Azərbaycanın milli maraqlarının müdafiəsi və bu müstəvidə də milli dövlətçilik ənənələrimizin bərpası uğrundakı mübarizəsini Moskvada da davam etdirdi. Məhz onun Moskvada işlədiyi illərdə Azərbaycanın milli maraqlarının müdafiəsi uğrunda dönmədən apardığı mübarizə nəticəsində respublikamızda milli azadlıq mübarizəsinin yeni mərhələsinin əsasları qoyuldu.

   Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, H.Əliyev 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən istefa verdi. Bununla əlaqədar H.Əliyev sonralar, 1995-ci il avqust ayının 16-da keçirilən Milli Məclisin iclasındakı çıxışında: "1986-87-ci illərdə xidmət etdiyim dövlət siyasətinə müxalifətdə olmuşam. Məhz ona görə də 1987-ci ilin oktyabr ayında Siyasi Büronun üzvlüyündən istefa verdim. Niyə? Çünki mən Azərbaycanın milli maraqlarını müdafiə edirdim, xüsusən milli siyasətlə, milli respublikalara qarşı aparılan siyasətlə razı deyildim, Azərbaycana olan münasibətlə razı deyildim, bunu açıq deyirdim".

   Azərbaycan üçün olduqca ağır günlərdə - 1993-cü ildə H.Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışı nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək səviyyədə qarşılandı. Məşhur siyasətçi, Cimmi Karterin prezidentliyi (1977-1980) dönəmində milli təhlükəsizlik məsələləri üzrə müşavir olmuş Zbiqnev Bzejinski 1993-cü ilin yayında Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi ilə bağlı suala belə cavab vermişdi: "Heydər Əliyev sivil dünyanın görkəmli siyasətçilərindəndir. O, bu vəzifədə Azərbaycanın milli maraqlarına cavab verən, onun müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən önəmli tədbirlər həyata keçirəcək. Heydər Əliyev nə edəcəyini çox yaxşı bilir". Onun bu açıqlaması Qərbin görkəmli siyasətçi ilə bağlı bəzi şübhələrinə son qoymuş oldu. Həqiqətən, Bzejinski H.Əliyevin ölkəmizin milli maraqlarının qorunmasına xidmət edən və bu müstəvidə mahir bir şahmatçı kimi olduqca incə və hadisələri illərlə qabaqlayan mahir bir gediş etdiyini çox gözəl anlamışdı. Hadisələrin sonrakı gedişi göstərdi ki, Bzejinski proqnozlarında yanılmayıb. Məhz Azərbaycanın milli maraqlarını nəzərə alan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. Bundan sonra bir-birinin ardınca xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft-qazla zəngin strukturlarının işlənməsi barədə "Əsrin müqaviləsi" adlı tarixi sənədin imzalanması, Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi deyilənlərə bariz nümunədir. Bununla yanaşı, Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin işə salınması ölkənin milli maraqlarının təmin olunmasını özündə ehtiva edir.

   Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə təmini ilə bağlı həyata keçirilən ən böyük tədbirlərdən biridünya azərbaycanlılarını bir araya gətirməsi oldu. 2001-ci il noyabr ayının 9-10-da Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. 2002-ci il iyul ayının 5-də isə H.Əliyev Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. Həmin ilin dekabr ayında isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanun qəbul edildi. Bir sözlə, H.Əliyevdən sonra prezident seçilən İlham Əliyevin də yeritdiyi milli siyasət ölkənin dövlət maraqları ilə tamamilə uzlaşır. Bu istiqamətdə həyata keçirilən islahatlar, görülən sistemli işlər ölkənin dövlət və milli maraqlarını özündə ehtiva edir.

   Professor Vaqif Arzumanlı hesab edir ki, dövlətin bu yöndə yeritdiyi milli siyasət ictimai və dövlət maraqlarına cavab verir: "Eyni zamanda, yeridilən milli siyasət dövlət maraqları ilə uzlaşır. Bütövlükdə Azərbaycan hakimiyyətinin milli siyasətlə bağlı özünəməxsus ənənələri var. Bu ənənələr ölkə müstəqillik qazanandan sonra daha da güclənib. Milli siyasət sahəsində azərbaycançılıq ideyasının geniş yayılması, onun sərhədlərinin daha da genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanda yaşayan xalqlar milli, dini mənsubiyyətindən asılı olmayaraq, bərabər vətəndaşlıq hüquqlarına malikdirlər. Dövlətimiz sözügedən məsələyə həmişə xüsusi qayğı göstərir. Azərbaycanda dini tolerantlıq sahəsində uzun illərdən bəri müəyyən təcrübə formalaşıb. Xüsusən də 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkədə milli siyasət istiqamətində bir sıra yeni qanunlar, layihələr qəbul olundu. Xüsusilə də 1992-ci il sentyabrın 23-də qəbul olunan bir qanunu qeyd etmək istəyirəm. Azərbaycanda yaşayan milli azlıqlar, azsaylı xalqların mədəniyyətinin, ədəbiyyatının, dilinin inkişaf etdirilməsi haqqında qanunun qəbul olunması çox mühüm hadisə di. O dövrdə postsovet məkanında Azərbaycan yeganə dövlət idi ki, belə bir qanun qəbul etmişdi. Ondan sonra da, 1993-1995-ci illər ərzində o vaxtkı Prezident Heydər Əliyev ölkədaxili milli siyasətin inkişafı istiqamətində bir sıra işlər gördü, görüşlər təşkil etdi və müəyyən qərarlar qəbul olundu. Bu gün yeridilən milli siyasət çərçivəsində dövlət maraqları istiqamətində ciddi işlər görülür.

   Ancaq məni narahat edən məqam ondan ibarətdir ki, milli vətənpərvərlik hisslərinin təbliği sahəsində bizim KİV-lər çox az iş görür. Halbuki, KİV-lər, xüsusilə də radio və televiziyalar vətənpərvərlik hisslərinin aşılanması sahəsində çox işlər görməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Çünki milli siyasət və vətənpərvərlik sahəsində bir unutqanlıq deyə element var. Ona görə də biz bütün imkanlardan istifadə etməliyik ki, ölkədə milli ruh daha da güclənsin. Milli vətənpərvərlik hissləri daha geniş dairəyə çatsın. Bu sahədə bütün işləri dövlətin üzərinə qoymaq doğru deyil. Hər bir ölkə ziyalısı bu sahədə üzərinə düşən işi görməlidir".

 

 

Vidadi ORDAHALLI

 

Bakı Xəbər.-2013.-12 mart.-S.12.