Milli musiqi sənətimizin qorunması, təbliği
sahəsində dövlət siyasəti və ictimai
maraqların müdafiəsi
Azərbaycan tarı YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə reprezentativ
siyahısına daxil edilib
Azərbaycan
tarı öz ecazkar səslənişilə fərqlənir,
seçilir. Tarımız dünyanın ən qədim musiqi
alətlərindən biri kimi özündə milliliyi
qabarıq şəkildə göstərir. Mərhum alimimiz Əjdər
Fərzəli Qorqud yazırdı ki, aqillər tarı
insanın ağ ciyərlərinə bənzədib həmişə.
Maraqlı yanaşmadır. Tarı elə Azərbaycan milli
musiqisinin təmiz nəfəsi, ağ ciyəri adlandıra bilərik.
Azərbaycan tarının neçə yüz yaşı
olduğunu musiqişünaslar, muğam biliciləri, usta tarzənlər
daha yaxşı bilir.
Biz isə onu bilirik ki, tar xalq
musiqisinin əsas inkişafına təkan verən unikal bir milli
musiqi alətidir. Onun səsini hər bir Azərbaycan
türkü sevə-sevə dinləyir. Deyirlər ki, tar əvvəllər
diz üstündə çalınıb, amma Azərbaycanın
görkəmli və əfsanəvi tarzəni Sadıqcan
tarı diz üstündən sinəyə qaldırıb.
Yaxşı da edib. Tar sinədə daha gözəl və
maraqlı görünür. Adama elə gəlir ki, dinlədiyin
tar səsi deyil, tarzənin ürəyinin səsidir.
Tar haqqında tarixi mənbələrdə
kifayət qədər məlumatlar var. Tar Azərbaycanda
geniş istifadə edilən simli musiqi alətidir ki, bu gün
ona gənc nəsil kütləvi surətdə maraq göstərir.
Yazılı mənbələrdə bildirilir ki, tarı ilk
olaraq Carco şəhərinin Fərab adlı bir kəndində
X əsrdə Türküstan türklərindən Tərxanın
oğlu Məhəmməd düzəldib. Musiqişünaslar
deyir ki, Azərbaycanın dahi şairi, mütəfəkkiri
Nizami Gəncəvi bütün milli alətlərimizə
verdiyi yüksək tərifi tarımıza da verib. N.Gəncəvi
"İsgəndərnamə" əsərində tarı
belə təsvir edir:
Müğənni, tək bircə
gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə genişlənsin,
açılsın yolum,
Köçüm bu
daşlıqdan, asudə olum...
Orta əsr rəsm əsərlərində
də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin
yağlı boya ilə çəkdiyi "Tarçalan
qız" əsəri bu baxımdan maraqlıdır. Qədim alətlərdən olan dütar, setar,
çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri
tarın müxtəlif növləri hesab edilir. Türk dünyasının böyük musiqi bilicisi
Əbdülqadir Marağai "Məqasid əl-əlhan" əsərində
şeştar (6 simli) barədə məlumat verib. XIX əsrin II yarısında azərbaycanlı tarzən
Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın
quruluş və formasında dəyişikliklər edilib.
O, yuxarıda dediyimiz kimi, tarın tutma qaydasında da dəyişikliklər
edərək, tarı diz üstündən sinəyə
qaldırıb. Məhz onun təkmilləşdirdiyi
Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş
yayılıb.
Tar Azərbaycan musiqi mədəniyyətində
bir qədim alət kimi çox mühüm yer tutur. Bütün xalq çalğı alətləri
ansambl və orkestrlərində, muğam üçlüklərində
tardan geniş şəkildə bəhrələnilir. Çox maraqlıdır ki, tarın təbliğatına
sovet dövründə ikili münasibət olub. Milli ruha söykənən yaradıcı insanlar
tarı yüksəkliklərə qaldırır, bolşevizm
ideologiyasına qul olanlar isə onu "köhnəlik" əlaməti
sayırdı. Bir tərəfdə nakam Azərbaycan
şairi Mikayıl Müşfiq "Oxu tar, oxu tar, səni kim
unudar" deyirdisə, Azərbaycanın xalq şairi olan şair
isə "Sus tar, sus tar, səni istəmir proletar"
şüarı ilə çıxış edirdi. Amma ən yüksək kürsülərdə
oturanlar tarı susdura bilmədi. Tar elə tar olaraq musiqi
mədəniyyətimizi bəzədi. Azərbaycanda tar alətinin
təəssübkeşləri, onu yaşadanlar az
olmayıb. Azərbaycanın hər yerində
demək olar ki, tarın yaşamasının təbliği
istiqamətində böyük işlər görülüb.
Yalnız XX əsrdə tar sənətinin mahir biliciləri,
bu alətin gözəl ifaçıları yetişib. Qurban
Pirimov, Bəhram Mansurov, Hacı Məmmədov, Həbib
Bayramov, Əlikram Hüseynov, Sərvər İbrahimov, Ramiz
Quliyev, Möhlət Müslümov, Zamiq Əliyev və
başqaları bu aləti göylərə qaldırıb. Azərbaycanda
fəaliyyət göstərən ali və
orta ixtisas musiqi məktəblərində tar siniflərinin
mövcudluğu həmişə ictimaiyyəti sevindirib. Azərbaycan
dövlətinin milli muğamlarımızın təbliği
və qorunması sahəsində həyata keçirdiyi layihələr,
tədbirlər bir deyil, beş deyil,
saysız-hesabsızdır. Milli musiqi sənətimizin
qorunması, təbliği sahəsində dövlət siyasəti
və ictimai maraqların müdafiəsi sahəsində
böyük işlər görülüb. İnanırıq ki, gələcəkdə də
dövlətin milli musiqi alətlərimizin qorunmasında rolu
böyük olacaq.
Azərbaycan muğamı, Azərbaycan
aşıq sənətinin YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə
reprezentativ siyahısına daxil edilməsini illər əvvəl
sevinclə qarşıladıq. Azərbaycan dövlətinin və
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
bir müddət əvvəl Azərbaycanın tar
ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə
reprezentativ siyahısına daxil edildi.
Azərbaycan ictimaiyyəti,
Azərbaycan tarzənləri dövlətimizin bu musiqi alətini
dünyaya tanıtmasını, qədim bir alət kimi təbliğ
edilməsini yüksək qiymətləndirir. Tarın ciddi mühafizəyə, qorunmağa
ehtiyacı olduğu üçün onun bizim musiqi alətimiz
kimi YUNESKO-da tanınması təqdirəlayiq haldır.
Çünki bu gün qonşularımız tar alətimizə
göz dikib. Bir tərəfdən ermənilər,
digər tərəfdən isə farslar bu alətin onlara aid
olduğunu iddia edir.
Musiqişünas Aybəniz Məmmədlinin
sözlərinə görə, hətta İran Azərbaycanda
geniş yayılmış qədim musiqi aləti olan tarı fars milli musiqi aləti kimi YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irsinin təmsilçisi
siyahısına əlavə edilməsini istəyir. Onlar deyir
ki, tar fars aləti kimi bu siyahıda öz
yerini tutmalıdır: "İran şairlərimizi, mütəfəkkirlərimizi
fars adlandırmaqla yanaşı, kamança, ney və tar kimi
alətlərimizə də göz dikir. Onlar
iddia edir ki, tar onlarındır. Buna görə də tar
musiqi alətinin YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni
irsinin təmsilçisi siyahısına əlavə edilməsi
İranın narazılığına səbəb olub. Bundan əlavə,
İran Musiqi Evi tar musiqi alətinin YUNESKO-da Azərbaycanın
musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib. Bu barədə qərar İran Musiqi Evinin Direktorlar
Şurası tərəfindən qəbul olunub. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan
bildirib ki, artıq İranın YUNESKO-dakı nümayəndəsi
bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib.
Bundan başqa, vəziyyətlə bağlı
İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına
görə İranın YUNESKO-dakı nümayəndəsi məsuliyyətsizlikdə
ittiham olunub. İran tərəfinin
iddiasına görə, tar İranın cənubunda
yaradılıb. İran tərəfi
tarın YUNESKO-da İran və Azərbaycan musiqi aləti kimi
qeydiyyatdan keçirilməsini istəyir. Təbii
ki, bu heç bir əsası olmayan istəkdir. Tar Azərbaycan xalqına aiddir və onun sahibi də
bizik".
A.Məmmədlinin
sözlərinə görə, Azərbaycanın YUNESKO
üzrə eksperti Sənubər Bağırova bununla
bağlı İran tərəfi ilə
danışıqların aparıldığını və
razılaşma əldə olunduğunu söyləyib.
Qeyd edək ki, xalq artisti,
tanınmış tarzən Ramiz Quliyevin bildirdiyinə görə,
fars və Azərbaycan tarı bir-birindən
fərqlənir: "Onların da tarı var, bizim də. Onlar
buna fars tarı deyirlər. Bunlar
bir-birindən çox şeydən fərqlənir. Əvvəla
onun çanaqlarının həcmi, diz üstündə
çalınması, simlərinin sayının Azərbaycan
tarından az olmasıdır. Onlarda 5 sim, bizdə 11 simdir". Tarzənin
sözlərinə görə, ikinci fərqlilik tarın
qirfinin quruluşundadır: "Tarın səslənməsi
üçün həmin pərdələr fars musiqisinə tənzimlənib.
Azərbaycan tarında isə milli musiqimizə tənzimlənib.
Fars tarında ancaq muğam dəstgahları, rəbgdəramətlər,
İran bəstəkarlarının əsərləri ifa
olunur. Bizim tarda isə muğamlar, xalq və
bəstəkar mahnıları, əsərlər, irihəcmli
tar konsertlərini də ifa edirik. Dünyada ifa olunan
böyük klassik əsərlərin hamısı tara uyğunlaşır, gözəl də ifa
olunur. Azərbaycan tarı milli musiqini,
muğamları çalmaqla bərabər, dünya xalqları
dilində də danışmaq hünərinə malikdir.
İran tarında pərdələr həmin əsərləri
ifa etmək üçün düzülməyib. Klassik əsərləri ifa etmək
üçün temperasiyalı alət deyil. Mənim İran musiqisinə, İran tarına da
böyük hörmətim var. Azərbaycan tarı
bütün bu musiqi aləti olan ölkələr arasında
daha böyük bədii imkanlara malikdir". Ramiz Quliyev
onu da vurğulayıb ki, tar musiqi aləti Şərq
dünyasına aiddir: "Sadıqcana kimi tar cürbəcür
simlərdən ibarət olub. Sadıqcan isə
onu təkmilləşdirib. Tarın gözəlliyi,
səsi dahi Azərbaycan şairi Nizami Gəncəvinin XI əsrdə
yazdığı şeirlərində vəsf edilib. Azərbaycanın bütün musiqi alətləri
gözəldir. Amma tarın hünərini
heç biri özündə birləşdirə bilmir".
Mədəniyyət və Turizm
Nazirliyi İran tərəfinin tarın YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə
reprezentativ siyahısına Azərbaycanın musiqi aləti
kimi daxil edilməsi ilə bağlı etirazını
cavablandırıb. Mədəniyyət və Turizm Nazirliyinin
beynəlxalq əlaqələr şöbəsinin müdiri
Vasif Eyvazzadə deyib: "Qeyri-Maddi Mədəni İrs
üzrə Konvensiyanın şərtlərindən biri də
ondan ibarətdir ki, əgər hər hansı bir mədəni
elementi bir ölkə təqdim edirsə, bu element həmin
ölkənin adından daxil olursa, həmin element və mədəni
irsin daşıyıcıları digər ölkələrdə
varsa, həmin ölkələr gələcəkdə
YUNESKO-ya bununla bağlı müraciət edə bilər. Təbii ki, ilk təqdim edən ölkə Azərbaycan
olduğu üçün onlar bunu Azərbaycan tərəfi
ilə müzakirə etməlidir. Bu hər
bir ölkənin öz suveren hüququdur. Azərbaycan
tərəfi Azərbaycan tar ifaçılıq sənətini
YUNESKO-ya təqdim etməklə, həm beynəlxalq hüququn
bütün normalarına, həm də Qeyri-Maddi Mədəni
İrsin Qorunmasına dair Konvensiyanın bütün şərtlərinə
riayət edib. Bu şərtlər daxilində
xüsusi fayl hazırlanıb YUNESKO-ya təqdim olunub. Təbii ki, bu, birgünlük deyil, birillik
aparılan bir işin nəticəsidir. Bu
prosesdə Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası
Komitənin üzv ölkələrinin, eyni zamanda İran
ekspertlərinin də təmsil olunduğu Məşvərət
Şurasının iclasında bu qərar
çıxarılıb".
Azərbaycan tarı
öz möhtəşəmliyilə özünü göstərə
bilir. Azərbaycanın müxtəlif
bölgələrində keçirilən muğam müsabiqə
və festivallarında tarımızın imkanlarından
geniş istifadə edilir. Artıq bir
neçə gündür ki, respublikamızda "Muğam aləmi"
Beynəlxalq Muğam Festivalı keçirilir. Burada Azərbaycan tarzənləri də öz
istedadını nümayiş etdirə bilir. Hansısa dövlətin bizim milli musiqi alətlərimizlə
bağlı nə fikirdə olması maraqlı deyil, əsas odur
ki, bəşəriyyət tar da daxil olmaqla bir sıra alətləri
Azərbaycan xalqına məxsus alət kimi tanıyıb qəbul
edir. Sonda təklif edərdik ki, Azərbaycan dövləti
və Heydər Əliyev Fondu ictimaiyyətin istəyini nəzərə
alaraq saz, tar musiqi alətlərimiz kimi, tütək, ney və balabanı da YUNESKO-nun Bəşəriyyətin
qeyri-maddi mədəni irs üzrə reprezentativ
siyahısına daxil edilməsinə nail olsun.
İradə
SARIYEVA
Bakı Xəbər.-2013.-15-17 mart.-S.15.