Qədim sənət növlərimizin
inkişafında, təbliğatında dövlət siyasəti
və ictimai maraqların müdafiəsi...
Bir çoxlarımızın uşaqlıq və yeniyetməlik çağları kənd həyatı ilə sıx bağlı olduğundan burada bir sıra heyrət doğuran halların şahidi olmuşuq. Elə götürək, tikmə, naxışsalma sənətilə bağlı məsələləri. Əksəriyyətimiz gözümüzü açıb evimizdə nənəmizi, anamızı, bibi və xalamızı yastıq, döşək, şal və s. üzərində əsrarəngiz naxışlar salan görmüşük.
Sadə bir parçanı naxışlamaq, bəzəmək vaxtilə Azərbaycan qızlarının hobbisi kimi diqqət çəkirdi. Qızlar çox zaman öz cehiz balınc və yorğanlarını, pəncərə örtüklərini (pərdə) xüsusi qaydada naxışlayardılar. Bu naxışlar o qədər incə və zərif salınardı ki, onun adi bir kəndli qızının barmaqlarının hərarətindən yaranmasına gözlərimiz inanmırdı. Azərbaycanda qədim sənət növlərinin çoxçeşidli şəkildə olması və ona olan maraq nəticəsində geniş formada inkişaf etməsi təqdirəlayiq haldır. Bu həm də onunla əlaqədardır ki, Azərbaycan xalqı çox istedadlı və yaradıcı xalqdır, onun sənətkar övladları sadə bir parçadan böyük bir sənət əsəri yaratmağa qadirdir. Azərbaycan xalqı tarixən yaradıcı bir xalq kimi seçilib. Xalqımızın zəngin mədəni-mənəvi irsə sahib olduğu məlumdur. Bəllidir ki, Azərbaycanda xalq tətbiqi-dekorativ sənətin ən müxtəlif qolları, sahələri olub, onlar bu gün də yaşayır. Azərbaycan xalqı özünün çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus mədəniyyət yaradıb və onun fəaliyyətinin ən yüksək inkişaf edən sahələrindən biri dekorativ-tətbiqi incəsənətdir. Bu sənətlər qədimdən mövcuddur. O bədii sənətin müxtəlif növlərini əhatə edir, onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə xüsusilə seçilir. Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verən bütün bu bədii yaradıcılıq növlərinin hər birindən bu gün də böyük məhəbbətlə istifadə olunur. Onlar xalqımızın mənəvi dəyərləri kimi həm dövlət, həm də ictimaiyyət tərəfindən qiymətləndirilir. Azərbaycan bədii tikmələrinin texnika və kompozisiyası öz kökləri ilə uzaq keçmişlərə gedib çıxır və xalqın mədəniyyətinin varisliyini sübut edir. Azərbaycanda naxış salmanın müxtəlif növlərinin yayılmağa başlamasını arxeoloji materiallara əsasən müəyyənləşdirmək mümkündür. Bədii tikmələrdəki ornamentlərin analoqu olan sadə elementləri - düz və sınıq xətləri, ziqzaqları, nöqtəvi ornamentləri, dairəcikləri, üçbucaqları, rombları erkən bürünc dövrünün (Azərbaycanda eramızdan öncə III minilliyə aid) saxsı qablarında izləmək mümkündür.
Sənətşünas Rafiq Əliyevin verdiyi məlumata görə, müxtəlif vaxtlarda bu yerlərdə olan çoxsaylı tacirlər, səyyah və diplomatlar Azərbaycanda sənətkarlığın inkişafı haqqında çoxlu maraqlı faktlardan söz açırlar. Sənətşünas bildirdi ki, italyan səyyahı Marko Polo (XIII yüzilik) Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyini qeyd edir: "Ondan başqa, ingilis səyyahı - tacir Antoni Cenkinson (XVI yüzil) yay iqamətgahının dəbdəbəsini təsvir edərkən yazır ki, "kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi". XIX - XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolunu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardan və yerli basma qəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyayıcılar işlədilirdi. Bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. Azərbaycan bədii tikmələrində ən çox işlədilən bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları-nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlardır. Bədii tikmələrin həndəsi naxışları düz və sınıq xətlərdən, ziqzaqlardan, üçbucaqlardan, dördbucaqlardan, altı və səkkizguşəli ulduzlardan, romblardan, ulduzcuqlardan və günəşin rəmzi təsvirlərindən ibarətdir. Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu-quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər. Bədii tikmələrdə tez-tez rast gəlinən cüt quş təsvirləri dekorativ-tətbiqi incəsənət məmulatlarında ən qədim və sevilən motivdir. Quşları adətən ya bir-biri ilə sevişən, ya da bir-birindən küsmüş şəkildə təsvir edirlər. Hər iki motivi xalq sevgi və ayrılığın simvolu kimi izah edir. Heyvanlar aləminin təmsilçilərindən bədii tikmələrdə daha çox ceyranlar, tısbağalar, ilanlar-əjdahalar, atlar və s. təsvir edilirdilər. Məişət predmetlərindən gülab suyu üçün sürahilər, daraq üçün futlyar, kosmetika üçün flakonlar, kuzələr və sair rast gəlinir".
Azərbaycanda məişətdə populyar və geniş yayılan bədii tikmə növlərinə gəlincə, sənətşünasın sözlərinə görə, burada güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, "quş gözü" texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, "düymələmə", qurama, spiral şəkilli tikiş və file üzərində işlər diqqəti çəkir: "Bütün tikmə növlərindən ən qədimi - qızılı və gümüşü saplarla bədii tikmələrdir. Əsasən çox sıx parçadan istifadə edilirdi. Qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli birçalarlı məxmər ən yaxşı material sayılırdı. Müxtəlif çalarlı incə mahud, parça, tirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü bir terminlə - güləbətin adlanırdı. Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı. Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı. XIX əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri idi. Təkəlduzçuluq üçün əsas material qismində yerli və ya xaricdə istehsal olunan qırmızı, qara və tünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri təkcə qadınların məşğuliyyəti deyildi. Bir çox kişilər tətbiqi incəsənətin bu sahəsində öz qeyri-adi məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldururdu. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə "qarmac" adlanırdı. Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu. Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi. Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu".
R.Əliyev bildirdi ki, Azərbaycanda qədim sənət növlərimizin inkişafında, təbliğatında dövlət siyasəti və ictimai maraqların müdafiəsi bir-birilə uzlaşır. Dövlətimizin milli xalq sənətimizin təbliği və yaşadılması ilə bağlı gördüyü işlərə ictimaiyyət də qatılır. Bu işdə milli ruhlu modelyer - dizaynerlərin də əməyinin az olmadığını deyən sənətşünasın dediyinə görə, hər bir xalqın özünün naxış, bəzək, ornament kimi qiymətli göstəriciləri var. Azərbaycan xalqının məişətində, geyim mədəniyyətində əsas yeri tutan buta ornamentindən indinin özündə də geniş istifadə edilir. Butalar yalnız milli səhnə geyimlərinə deyil, müasir geyimlərə də tikilir. Sənətşünas dedi ki, buta (butə və ya puta) qönçə, badamabənzər naxış növüdür: "Buta Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biridir. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilib. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılıb. Butalar forma etibarilə 4 qrupa bölünür. Birinci növ xalça bəzəyində işlədilən butalardır ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"). İkincisi, ailə həyatını təmsil edən ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta") butalardır. Üçüncülər rəmzi mahiyyət daşıyan ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.) butalar sayılır. Dördüncü qrupa müxtəlif formalı butalar daxildir. Bunlar "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və sairədir. Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşib".
Buta
naxışı bu gün
Azərbaycan xalqının əsas milli ornamenti, milliyinin göstəricisi
kimi qəbul edilib. Buta xalqımızın mənəvi dəyərlər
sistemində özəl yer tutur. Bildirək ki, buta sözünün özü xalqımıza doğmadır. Belə
ki, buta sadəcə,
təsviri incəsənətimizin deyil, eyni zamanda, folklorumuzun,
şifahi xalq ədəbiyyatımızın
əhəmiyyətli ünsürlərindəndir".
Qeyd edək ki, tədqiqatçı Məhsəti İsmayıl özünün "Naxçıvan əfsanələri" adlı kitabında butanın folklorumuzdakı yeri haqqında maraqlı müddəalara yer verib. O, yazır: "Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilib, həyatın ilkin başlanğıcı sayılıb. Bu baxımdan buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kontakt rolunu oynayır. O, məhəbbət dastanlarında görünməmiş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik istedadı da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə "buta verilməsi" ixtiyar qoca-Xızır tərəfindən eşq şərbətinin içirdilməsi ilə başlayır. Bir-birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyali vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Butavermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur".
Azərbaycanda qədim sənət növlərinin inkişafına dövlət dəstəyi özünü geniş səviyyədə göstərir. Bu da o deməkdir ki, qədim sənət növlərimizin inkişafında, təbliğatında dövlət siyasəti və ictimai maraqların müdafiəsi bir-birinin ayrılmaz tərkib hissəsidir.
İradə SARIYEVA
Bakı
Xəbər.-2013.-28 mart.-S.15.