Milli kinonun inkişafında dövlət siyasəti və ictimai mənafelərə uyğunluq amili...

 

 Azərbaycan kinosu hazırda özünün yeni bir dövrünü yaşayır. 2008-ci ilə qədər kinomuzda bir sistemsizlik mövcud idi. Deyərdik ki, həm özəl şirkətlərin, həm də dövlət sifarişilə "Azərbaycanfilm"də çəkilən filmlərin əksəriyyəti tamaşaçını qane etmirdi. Düzdür, son bir neçə ildə çəkilən filmlər arasında da xoşa gəlməyənlər var, amma bütövlükdə kinomuzda peşəkarlıq xətti özünü göstərir.

   Azərbaycan dövlətinin kino sənətinə qayğısı sayəsində kinomuzun yeni istiqaməti formalaşmaqdadır. Dövlətimizin kinonu öz himayəsinə almasını bir növ ictimai sifariş saymaq olar. Milli kinonun böhran dövründə ictimaiyyət heç də kino işçilərindən az əziyyət çəkmirdi. Tamaşaçılar illərlə yaxşı bir Azərbaycan filminin çəkiləcəyi günü gözləyirdi. Müstəqil Azərbaycan dövlətinin kinoya qayğısı hər zaman olub, sadəcə, o qayğı yetərincə olmayıb. Amma son illər bu qayğının miqyası artırılır, o audiovizual sənətin hər bir növünə sirayət edir.

   "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam kino yaradıcılığında böyük bir hadisə oldu.

   Kinoşünas Aytən Məmmədqızı (Şahverdiyeva) bizimlə söhbətində bildirdi ki, müasir Azərbaycan kinosunda Azərbaycanın dövlət və ictimai maraqları qorunmağa başlayıb. 2008-ci ilin avqust ayının 4-də ölkə başçısının imzaladığı Dövlət Proqramının ictimaiyyətin maraqlarına hesablanan filmlərin çəkilməsinə şərait yaratdığını deyən kinoşünas qeyd etdi ki, Dövlət Proqramı kinonun mövcud problemlərinin həllinə yönəlib: "Azərbaycan kinosunun hazırkı səviyyəsi bir kinoşünas kimi məni qane edir. Çünki artıq sükuta son qoyulub, bu sahədə böyük bir inkişaf hiss olunur. Azərbaycan kinosu mövzu rəngarəngliyilə də diqqəti cəlb edir. Çağdaş kinomuzda Azərbaycanın dövlət və ictimai maraqlarına cavab verən filmlər yaranmağa başlayır. Məlum Dövlət Proqramını kino sahəsinin xilası saymaq olar. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nda deyilir ki, Azərbaycan kino sənəti mövcud olduğu yüz ildən artıq dövr ərzində zəngin bir yol keçib. Daha sonra qeyd edilir: "Kino incəsənətin geniş yayılmış növlərindən biri kimi bu gün milli-mənəvi dəyərlərin təbliğində və xalqımızın milli özünüdərkinin möhkəmləndirilməsi işində əvəzsiz rol oynayır. Məhz bu baxımdan kinematoqrafiyanın istehsalat, texniki və informasiya bazasının gücləndirilməsi, eləcə də bu sahə üzrə maarifləndirmə işinin təşkili Azərbaycan dövlətinin mədəniyyət sahəsində siyasətinin tərkib hissələrindəndir. Milli kinematoqrafiyanın spesifikasını özündə qabarıq şəkildə əks etdirən müxtəlif janrlı filmlərin yaradılması ölkəmizdə mərhələli inkişaf prosesi keçib. Sovet hakimiyyəti illərində istehsal olunan filmlərdə dövrün ideoloji tələbləri ucbatından bir sıra faktların aşkar təhrifinə yol verilsə də, Azərbaycan kino sənəti bütövlükdə tamaşaçıların estetik zövqü və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynayıb, xalqımızın mədəni-mənəvi tələblərinə cavab verməyə çalışıb və milli ruhun qorunub saxlanması işinə xidmət edib. Dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə də Azərbaycan kinematoqrafiyası müəyyən uğurlar qazana bilib. Bununla yanaşı, respublikada kino sahəsinin inkişafı istiqamətində müəyyən problemlər müşahidə olunmaqdadır. İstehsal bazası yararsız vəziyyətə düşdüyündən, hazırda filmlər əsasən köhnə çəkiliş, səsyazma avadanlığı və cihazları vasitəsilə ərsəyə gətirilir. Gördüyünüz kimi, burada çox məsələlərin həlli nəzərdə tutulub və 2008-ci ildən bu yana Dövlət Proqramında əks olunanlar hissə-hissə öz həllini tapmaqdadır".

   Kinoşünasın sözlərinə görə, Azərbaycan kinosunda başlanan islahatların bəhrəsini kino işçiləri daha çox hiss edir.

   A.Məmmədqızının sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 100-ə yaxın qış və yay kinoobyektinin özəlləşdirilməsi barədə qərar da öz faydasını verib: "1998-ci ildə qəbul olunan "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı normativ-hüquqi baza yaradılıb. Ölkə iqtisadiyyatının dinamik inkişafı kino sahəsində böyük uğurlara nail olmaq imkanı verir. Kino sənətinə artan diqqətin nəticəsidir ki, film istehsalına dövlət büdcəsindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır. Respublika Kino Salnaməsi üçün qısa müddət ərzində yüzlərlə mühüm ictimai-siyasi hadisə lentə alınıb, həmçinin, kino sahəsində beynəlxalq əlaqələrin inkişafı istiqamətində müəyyən işlər görülüb və Azərbaycan Respublikası "Birgə film istehsalı haqqında" Avropa Konvensiyasına qoşulub. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" rəqabət qabiliyyətli informasiya cəmiyyətində ölkəmizin mədəniyyət siyasətinin daha çevik bir şəkildə həyata keçirilməsinə şərait yaradır. Dövlət Proqramının əsas məqsədi milli kino ənənələrinin bərpa edilməsi, ölkədə kino istehsalının dirçəldilməsi, filmlərin müasir texnologiyalar əsasında qorunub saxlanmasının təmin olunması, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi və sahə üzrə lazımi islahatların aparılmasından ibarətdir. Dövlət Proqramında kino müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkədə film istehsalı bazasının yenidən qurulması, onun rəqəmli çəkiliş, səsyazma və başqa müasir texnoloji avadanlıqlarla təmin edilməsi, dövlət şəbəkəsində saxlanan kinoteatr binalarının bərpa olunması, onların müasir tələblərə cavab verən nümayiş və səs avadanlığı ilə təchiz edilməsi və çoxfunksiyalı kinoteatrların yaradılması, milli filmlərin ilkin materiallarının, həmçinin, dünya kinosu kolleksiyasının beynəlxalq texniki parametrlərə uyğun şəraitdə qorunub saxlanmasının təmin edilməsi, ölkədə dövlət sifarişi ilə bədii, sənədli və cizgi filmlərinin istehsalı, elmi tədqiqatlar, kadr hazırlığı, kino sahəsində beynəlxalq əlaqələrin dövlətin himayəsi altında inkişaf etdirilməsi və bunun üçün dövlət büdcəsindən məqsədli vəsaitin ayrılması, xarici ölkələrdə uzun illərdən bəri saxlanan milli filmlərin nüsxələrinin Azərbaycan Respublikasına qaytarılması nəzərdə tutulub. Həmçinin, kino sistemində yeni iqtisadi münasibətlərin formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi, film istehsalı üçün nəzərdə tutulmuş texniki xidmətlərə malik, ən müasir səviyyədə texnoloji avadanlıqla təchiz edilmiş Film İstehsalı Mərkəzinin yaradılması, sahə üzrə özəl sektorun, o cümlədən kino istehsalı müəssisələrinin, prodüser mərkəzlərinin, kinoteatrların və kinoprokat şirkətlərinin işləmə mexanizminin qurulmasına şərait yaradılması da burada əksini tapıb. Dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalının təşkil edilməsi, xaricdən gətirilən və eləcə də ölkədə istehsal edilən bütün filmlərin dövlət reyestrində qeydə alınması işinin təkmilləşdirilməsi, özəl kino istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi mexanizminin hazırlanması və həyata keçirilməsi, yeni filmlərin bədii səviyyəsinin yüksəldilməsi, dövlət vəsaiti hesabına istehsal olunan filmlər üçün aktual mövzulara həsr edilmiş kino layihələrinin müsabiqə yolu ilə seçilməsi mexanizminin işə salınması məsələsinə də Proqramda yer verilib. Kino sahəsində rəqəmli texnologiyalar vasitəsilə çəkiləcək filmlərin sayının artırılması, kino xadimlərinin beynəlxalq, ikitərəfli və çoxtərəfli kino layihələrində iştirak etməsi, uşaqlar üçün müxtəlif janrlarda filmlərin istehsalı, bədii və tərbiyəvi əhəmiyyətli filmlərin nümayişinin genişləndirilməsi, kinematoqrafiyanın mühüm sahəsi olan kino tənqidinin inkişaf etdirilməsi Dövlət Proqramının əsas xətlərindən birini təşkil edir. Azərbaycan Respublikasında keçirilən ənənəvi beynəlxalq kinofestivalların nüfuzu və səmərəliliyinin artırılması, kino sistemində kadr hazırlığı prosesinin təkmilləşdirilməsi, milli kinematoqrafiya sahəsində yaşlı yaradıcı kadrlarla yeni nəsil arasında ardıcıl təcrübə mübadilələrinin əlaqələndirilməsi və gənc kinematoqrafların hazırlanmasında mütərəqqi beynəlxalq təcrübənin tətbiq edilməsi də burada qeyd edilib. Dövlət Proqramının yerinə yetirilməsindən bir sıra nəticələr meydana çıxıb. Burada kinonun normativ-hüquqi və iqtisadi bazasının təkmilləşdirilməsi, kino müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, çəkilən filmlərin beynəlxalq texniki standartlara cavab verməsi, ölkədə kinoteatrlar şəbəkəsinin müasir tələblərə uyğun qurulması və əhalinin kino xidmətinə olan tələbatının ödənilməsi, Azərbaycan xalqının tarixi və milli mədəni irsini özündə əks etdirən yüksək səviyyəli filmlərin yaradılması, Azərbaycanın kino sənətini və mədəniyyətini dünyada layiqincə təbliğ və təmsil etmək imkanlarının genişləndirilməsi, kino sənətinə aid olan bütün nümunələrin lazımi şəraitdə qorunub-saxlanmasının təmin edilməsi, kino sahəsinə daim yeni, istedadlı və peşəkar kadrların cəlb edilməsinə də diqqət ayrılıb. Bu gün Dövlət Proqramında öz əksini tapan bir sıra məsələlər öz həllini tapmaqdadır. Kinomuz artıq müstəqil dövlətimizin maraqlarından çıxış edə bilir. Hazırda dövlət sifarişilə çəkilən filmlərdə dövlətçilik xətti özünü daha çox göstərir. Məsələn, son illər çəkilən filmlərin əksəriyyəti dövlət sifarişilə olsa da, özəl prodüser şirkətlərində çəkilib. Məsələ burasındadır ki, bu filmlərin bəziləri tarixi janrları əhatə edir".

   "Hökmdarın taleyi", "Cavad xan", "Cavid ömrü" kimi tarixi kinolardan danışan kinoşünas bildirdi ki, hər üç filmdə dövlət siyasəti və ictimai maraqlar bir-birilə uzlaşır. Dövlətin milli kino siyasətinin kinonun inkişafına yönəldiyini bir daha xatırladan A.Məmmədqızı deyir ki, kinoya ayrılan vəsaitin həcmi ilbəil artırılır: "Azərbaycan kinosu dövlətin himayəsi, ictimaiyyətin diqqəti ilə əhatə olunub. Adlarını çəkdiyim filmlərin hər biri həm mövzu etibarilə, həm də daşıdığı ictimai-siyasi, tarixi missiya baxımından çox əhəmiyyətlidir. Təəssüflər olsun ki, bu filmlər telekanallarda və mövcud kinoteatrlarda çox nadir hallarda nümayiş etdirilir. Yaxşı olardı ki, dövlət və ictimai maraqlarımıza xidmət edən bu filmlər vaxtaşırı nümayiş etdirilsin. Hətta Bakıda və bölgələrdə filmlərin açıq havada pulsuz nümayişini də təşkil etmək olar. Bunun çox müsbət nəticələri ola bilər. Vətənpərvər, milli-mənəvi, dövlətçilik və ictimai dəyərlərə xidmət edən filmlər hərbi hissələrdə-əsgərlərə də göstərilməlidir..."

 

   Ardı var.

 

 

İradə SARIYEVA

 

Baki Xəbər.-2013.-1 may.-S.15.