Milli teleserialların istehsalı sahəsində dövlət siyasəti...

 

   Milli kinomuzun qızıl dövrü arxada qalsa da, keçən illərdə çəkilən filmlər tamaşaçıların indi də sevdiyi filmlər sırasındadır. Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var.

   Buna görə də onların bir-birindən seçilməsi təbiidir. Əslində çağdaş kino ilə illər öncə çəkilən filmlər arasında yaxınlıq və doğmalıq da var, olmalıdır da. Bu da ondan ibarətdir ki, milli kinomuzun seçdiyi dəst-xətt hər zaman milli olub və ictimai, eləcə də dövlətçilik maraqlarına xidmət edib. İstənilən filmimizdə ictimaiyyəti maraqlandıran məsələlər öz əksini tapıb. İndi çəkilən filmlərdə də həmçinin o ideya davam etdirilir.

   Azərbaycan kinosunun günü-gündən inkişaf etməsi, özünə yeni yaradıcılıq xətti seçməsi diqqəti cəlb edir. Bir tərəfdən, kino ictimaiyyətinin, başqa bir yandan dövlətin milli kinoya isti münasibət və qayğısı kinomuzun daha uzaqlara gedəcəyinə bir təkandır. Bilirik ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu. Sirr deyil ki, Dövlət Proqramına qədər kinomuzun prespektivi elə də ümid doğurmurdu. Hətta kino məmurları belə onun gələcəyinə ümid bəsləmirdi. Bu da faktdır ki, keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda kommersiya filmlərinin çəkilişlərinə başlanıb. "Yarasa" və digər bir-iki filmi çıxmaq şərtilə, o biri filmlərin səviyyəsi elə də yüksək deyildi. "Yarasa"nın gücü onda idi ki, o peşəkar rejissor tərəfindən ekranlaşdırılmışdı. Kommersiya filmlərinin kinomuzun inkişafına, milli kino industriyasının yaranmasına heç bir xeyri olmadı. Məlumdur ki, bu dövrdə kommersiya filmlərinin bir çoxunun çəkilməsində məqsəd heç də kinonun inkişafına nail olmaq deyil, kinodan pul qazanmaq idi. Bəllidir ki, kommersiya kinosunun gəlir gətirmək imkanı olmadı. Bu da kinomuzun dayaqlarının laxlamasına səbəb oldu. Sözsüz ki, bundan peşəkar kino işçiləri daha çox zərər çəkdi.

   Çətin dövr yaşamasına, bir sıra itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan kinosunun sınmadığını, məhv olmadığını deyən kinoşünas Kamil Mirzəliyev hesab edir ki, milli kinomuz dövlət qayğısı nəticəsində yenidən həyata qayıda bilib: "Azərbaycan kinosunun inkişafı dövlət qayğısı ilə bağlıdır. Bilirik, uzun illər milli kinomuz qayğıdan məhrum edilib. Onun inkişafına təkan verilməyib. Hər kəsə bəllidir ki, Azərbaycan kinosunun ən böyük himayədarı ulu öndər Heydər Əliyev olub. Onun sovet dövründə Azərbaycan Respublikasına rəhbərliyi etdiyi vaxt çoxlu filmlər çəkilib. Həmin filmlər də Azərbaycan ictimaiyyətinin, xalqının maraqlarını əks etdirib. Heydər Əliyev kinoya həmişə böyük qayğı və diqqət göstərib. Onun bu qayğı ənənəsi indi də davam etdirilir. Azərbaycan kinosu son beş-altı ildir ki, inkişaf yolunu tutub. Təbii ki, dövlət qayğısı olmasaydı, buna nail olmaq çox çətin idi. Çünki kino sənayesinin yenidən qurulması üçün kinematoqraflara külli məbləğdə vəsait lazım idi. O vəsaitin isə kimlərsə tərəfindən kinoya ayrılması müşkül məsələ olduğuna görə kinomuzun gələcəyi sual altında idi. Maliyyə mənbəyi olmadan kino inkişaf edə bilməzdi. Kinonun ağır günündə dövlət ona yardım əlini uzatdı. Ümumiyyətlə, ən ağır dövrlərdə belə, dövlət büdcəsi hesabına az da olsa filmlər istehsal olunurdu. Bu filmlər də çox zaman nümayiş etdirilmədiyi üçün tamaşaçıların ondan xəbəri olmurdu. Ancaq "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamdan sonra kinomuzun həyatında yeni bir səhifə açıldı. Bunu kino yaradıcılığında böyük bir hadisə saymaq olar. Çünki bu Dövlət Proqramında kino yaradıcılığından tutmuş onun texniki problemlərinə, kadr hazırlığı kimi gərəkli bir məsələyə geniş yer ayrılıb. Bu gün o Proqramın müxtəlif bəndləri icra edilir. "Azərbaycanfilm" Kinostudiyası artıq təmir olunub, Dövlət Film Fondu üçün yeni bina tikilib. Azərbaycandan kənarda saxlanan filmlərimizin ölkəmizə gətirilməsi prosesinə başlanıb. Yeni filmlər çəkilir, gənclərə öz yaradıcılıq potensialını ortaya qoymaq üçün şərait yaradılır. Artıq gənc kinematoqraflar öz filmlərini çəkir. Bu gün dövlət sifarişi ilə ekranlaşdırılan filmlərə zəruri vəsait ayrılır, hətta xaricdən texniki avadanlıqlar da alınıb gətirilir. Filmlərin montaj prosesi bəzən xaricdə aparılır. Hər şey ideya və ssenaridən başlayır. Uğurun əsası budur. Yaxşı ssenari olmasa, istənilən texniki element, gözəl aktyor oyunu, ən müasir effektlər və s. kölgədə qalacaq. Bu gün çalışmaq lazımdır ki, dövlətin etimadı doğrulsun. Texnika sarıdan korluğumuz yoxdur, amma sirr deyil ki, peşəkarlıq problemləri hələ də mövcuddur. Bu yaxınlarda Bakıda gənc rejissorlar üçün ustad dərsləri keçən məşhur polşalı kinorejissor Kşiştof Zanussi belə bir fikir söylədi ki, tamaşaçının görmək istədiyi, səmimi hesab etdiyi film uğur qazanır. Onun fikrincə, Azərbaycan kinosu tamaşaçını sadə yolla - həqiqəti göstərməklə də heyrətə sala bilər. Azərbaycan kinosu bu gün millətinin səsini, reallığını, yaşantılarını göstərməlidir. Hər bir millətin öz kinosu var və o mütləq olaraq özünün özəl keyfiyyətlərini göstərə bilir. Bizim kinomuz da bizi, dərdlərimizi, həyati gerçəklərimizi təsvir etməlidir. Amma pafos və ya qışqırdıcı kadrlarla yox, insan taleləri, insan faktoru ilə. O gerçəkləri kino dilində bugünkü müasir tələblərə uyğun təqdim etməliyik. Bədii zövq, bədii səviyyə - ssenari, ideya, ideologiya tam olaraq bir-birini tamamlamalıdır. Əslində bu gün kinoda ideologiya sözündən qaçmağa çalışırlar. Amma unutmaq olmaz ki, kino ideoloji olmasa, baxımlı da olmaz. Bu gün dünya kinosuna nəzər yetirin,artıq vizuallıq, texniki meyarlar yerini ideologiyaya, insan amilinin əsas götürüldüyü filmlərə verib. Bu da o deməkdir ki, bütün hallarda kino səmimi və real məqamlara söykənəndə maraqlı və baxımlı olur. Burada dövlətçilik prinsipləri, dövlət və ictimai maraqların müdafiəsinə də böyük önəm verilməlidir. Bir çox hallarda buna nail olunur".

   Kinoşünas dedi ki, 2012-ci ildə bir neçə bədii və sənədli filmlərin istehsalı baş tutub. Onun sözlərinə görə, bədii filmlər arasında "Qorxma mən səninləyəm-2", "Ən adi soyad", "Dolu", "Sübhün səfiri", "Dərvişin ölümü", "Çölçü", "Ehram TV", "Mən evimə qayıdıram", "Qisas almadan ölmə" və digər ekran işləri də olub. Ekspertin bildirdiyinə görə, o filmlərin artıq bir neçəsinin çəkilişləri başa çatdırılaraq tamaşaçılara təqdim edilib, bəziləri isə hələ də çəkiliş prosesini yaşayır. Azərbaycan kinematoqraflarının xaricdəki həmkarları ilə müştərək çəkdikləri filmlərin də sayı günü-gündən artır. K.Mirzəliyev dedi ki, bura son vaxtlar Azərbaycan və Türkiyənin birgə istehsalı olan "Mahmud və Məryəm" bədii filminin, fransızlarla birlikdə "Aleksandr Düma", almanlarla bərabər "Caz və muğam" sənədli filmlərinin çəkilişləri aiddir: "Bunlar çox maraqlı işlərdir. Azərbaycan kinosu özünü hələ dünyada təsdiqləməyib. Amma hesab edirəm ki, belə müştərək işlər kinomuzu dünyada populyar edəcək. "Azərbaycan kinosu 2008-2018-ci ilər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi kinomuzun qarşısında böyük üfüqlər açdı. Rəsmi məlumatlara görə, Dövlət Proqramının icrasına 6,5 milyon manat ayrılıb".

   Məlum olduğu kimi, Azərbaycanda milli teleserialların yaradılması üçün dövlət səviyyəsində maliyyə vəsaiti ayrılıb və hazırda bu istiqamətdə qızğın işlər gedir, bir neçə serial çəkilib. K.Mirzəliyevin fikrincə, vəsait ayrılsa da, bəzi telekanallar teleserial çəkilişlərinə elə də peşəkarlıqla başlamayıb: "Yerli kino istehsalının inkişaf etdirilməsi baxımından atılan bu addım ölkədə kino sənayesinin inkişafına ciddi ümidlər yaratsa da, bəzi qeyri-peşəkarların bu işə qoşulması müəyyən problemlər yaratdı. Amma bu fakt bütövlükdə görülən işlərin üzərinə kölgə sala bilməz. Artıq bir neçə kanal teleserial çəkib. Bildiyim qədər, çəkilən seriallara da Milli Televiziya və Radio Şurasının rəhbərliyi baxıb. Çəkilən serialların səviyyəsi haqda onu demək olar ki, dövlət vəsaitilə çəkilən bu seriallar arasında xeyli maraq doğuranları var. Səhv etmirəmsə, dövlət telekanallara serial çəkilişləri üçün ilkin mərhələdə 5 milyon manat vəsait ayrırmışdı. Artıq bir ildir ki, ölkəmizin telekanallarında yayımlanan bütün xarici seriallar dayandırılıb. Bir neçə serial var ki, onlar haqda çox böyük həvəslə danışmaq olar. Onlardan biri ATV kanalının istehsal etdiyi "Pərvanələrin rəqsi" serialıdır. Çox maraqla izlənilən bir serialdır. Sonra "Xəzər" Televiziyasının ibrətamiz-əxlaqi mövzuda ekranlaşdırdığı "Həyat varsa" serialı baxımlıdır. Burada elə mövzulara toxunulur ki, o hər kəsin ürəyincə ola bilir. "Həyat varsa"nın bölümlərindən biri "Yaxşılığa yaxşılıq" adlanır. Bu bölümdə Azərbaycan polisinin xeyirxah, vətənpərvər, humanist obrazı yaradılıb. Küçədə gördüyü və köməyə ehtiyacı olan uşağın həyatını xilas edən polis həmin uşağın həyatında böyük rol oynayır. Onu əyyaş atasının caynağından xilas edir... Qəribədir, əksər filmlərdə polisin mənfi obrazının yaradılmasına can atırlar. Əslində, cəmiyyətimizin qorunmasında polisin rolu müstəsnadır. "Yaxşılığa yaxşılıq"da bunun tam əksi təqdim edilir. Azərbaycan polisi çox mükəmməl şəkildə işıqlandırılıb. Hesab edirəm ki, başqa seriallarda da polis obrazına həssaslıqla yanaşılmalıdır. Hər bir sahədə pis adam da var, yaxşı adamda. İnsanların xilaskarı olan polislər çoxdur. Bu məsələlər seriallarda işıqlandırılmalıdır. Bir şeyi mənfi istiqamətdən təbliğ etsən, hamı onu pis kimi qəbul edəcək. Yaxşını yaxşı kimi təqdim etmək lazımdır".

   Azərbaycan kinosu dövlət qayğısı ilə inkişaf edir və dövlət və ictimai maraqların təbliğatçısı kimi çıxış edir...

 

 

   İradə SARIYEVA

 

   Bakı Xəbər.-2013.-2 may.-S.15.