İctimai mənafenin daha bir təzahürü - milli teatrımızın inkişafı sahəsində dövlət siyasəti...

 

 Azərbaycan mədəniyyətinin ən qədim qollarından olan teatr sənəti xalqımızın maarifçilik, mənəviyyat tarixində xüsusi əhəmiyyətə malikdir. Teatr mədəniyyətinə sahib olmayan xalqın mənəviyyatı da, təfəkkürü də çox zəifdir. Azərbaycanda meydan teatrının yaşı qədim olsa da, peşəkar teatrın tarixi 140 il əvvəldən başlayır.

   Qafqazda böyük şöhrət taran milli teatrımızın zəngin ənənəsi, sarsılmaz bünövrəsi var. Teatrın əsasını qoyan böyük şəxsiyyətlər, maarifçilər və teatr fədailəri zəngin bir xəzinəni xalqımıza ərməğan edib.

   Azərbaycan teatrı birbaşa ictimaiyyətin maraqlarının müdafiəsi, xalqın bəsirət yuxusundan ayılması üçün yaradılıb. Böyük maarifçilik mənbəyi olan Azərbaycan teatr sənəti ictimaiyyətin yaddaşında, şüurunda silinməz izlər qoyub.

   2013-cü ildə Azərbaycan Respblikasının Prezidenti İlham Əliyevin "Milli Teatr Gününün təsis edilməsi və Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illiyi haqqında" imzaladığı sərəncam teatr ictimaiyyətinin böyük marağına səbəb olan bir hadisə idi. Azərbaycanda ictimai fikrin formalaşmasında və müdafiəsində önəmli rol oynayan milli teatr həm də dövlətçilik maraqlarının qorunmasında böyük işlər görür.

   Qeyd edək ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, tanınan rejissor Azər Paşa Nemətov bu münasibətlə Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Həmin məktubda bildirilir ki, ölkə başçısının imzaladığı bütün sərəncamlarda Azərbaycan teatrının problemlərinin həlli nəzərdə tutulub:

   "...Xalqımızın özünütəsdiqində elm və mədəniyyətin misilsiz rolunu yüksək dəyərləndirən, mədəniyyətin son dərəcə həssas, kövrək bir sahəsi olan teatra xüsusi diqqət yetirən, qəlbində daim teatr sevgisi gəzdirən ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən mədəniyyət siyasətini daha da inkişaf etdirərək, Siz ölkəmizə rəhbərlik etdiyiniz illərdə teatr sənətinin davamlı inkişafına yönələn irimiqyaslı tədbirlərin həyata keçirilməsinə rəvac vermiş teatr sənətinin inkişafı ilə bağlı taleyüklü "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzalanmış, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, "Teatrteatr fəaliyyəti haqqında" Qanun və digər mühüm sənədlər qəbul edilmiş, teatrlarımızda əsaslı təmir və bərpa işləri aparılmış, teatr sənətçilərinin sosial problemləri öz həllini tapmışdır. Bütün bunlar ölkəmizdə mədəniyyətin mühüm qolu olan teatr sənətinə verilən böyük qiymətdən xəbər verir. Biz Sizinlə fəxr edirik və inanırıq ki, bundan sonra da yenilməz qətiyyətiniz və mahir siyasətçi bacarığınız sayəsində ölkəmiz daha da qüdrətlənəcək, Azərbaycanımız dünyada öncül ölkələrdən biri kimi tanınacaqdır".

   Azərbaycan peşəkar teatrı yaradıldığı gündən onun dəst-xəttini ictimai maraqların təmin edilməsi təşkil edib. Xalqın tərəqqisi naminə fəaliyyət göstərən milli teatrımız yenə də o yolu davam etdirir.

   Teatrşünas Nazilə Əhmədbəylinin sözlərinə görə, Azərbaycanda teatr sənətinin inkişafı, seçilən repertuar, burada çalışan şəxsiyyətlər mədəniyyətimizin qüdrətli simalarıdır: "Azərbaycanda milli teatrın yaradılmasından 140 il keçdi. Mirzə Fətəli Axundovun 10 mart və 17 aprel 1873-cü il tarixdə tamaşaya qoyulmuş "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları bu şərəfli vəzifəni ləyaqətlə yerinə yetirdi. Milli teatrımızın yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun misilsiz xidmətləri var. İlk teatr binasını tikdirən də məşhur milyonçu Hacı Zeynalabdin Tağıyev olub. Ötən 140 il ərzində də milli teatrın inkişafında fədakarcasına yaşayıb-yaratmış insanların mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə sənət korifeyləri xatırlanır, onların təcrübəsindən, qoyub getdikləri mənəvi irsdən öyrənilir.

   Milli teatrın təşkilində, təşəkkül tapmasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Möhsün Sənani, Fatma Qədiri, Münəvvər Kələntərli, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Mərziyə Davudova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Yusif Vəliyev, Barat Şəkinskaya, Səməndər Rzayev, Leyla Bədirbəyli, Hökumə Qurbanova, Həsənağa Turabov, Nəcibə Məlikova və başqa müqtədir sənətkarların böyük rolu olub. Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Heydər Əliyev Azərbaycan milli teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır". Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr dövlət müstəqilliyimiz qazanıldıqdan sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Milli teatra diqqət və qayğı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərməsi üçün teatr binalarının təmiri, bərpası başlanıb, eləcə də yaradıcı kollektivlərin əməkhaqqı dəfələrlə artırılıb, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilib. Yaradıcılıq şəraitinin daha da yaxşılaşdırılması yolunda dövlət tərəfindən vaxtaşırı müxtəlif tədbirlər həyata keçirilib, sənətkarların, dramaturqların, rejissorların yubileyləri qeyd edilibbu günbu tədbirlər davam etməkdədir.

   Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənib. Respublikada fəaliyyət göstərən 30-a yaxın dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir. Əlbəttə, teatrların fəaliyyətini dünya standartlarına uyğun şəkildə təmin etmək üçün zamanın tələblərindən asılı olaraq müxtəlif sərəncamlar imzalanır, proqramlar həyata keçirilir, yeni layihələr hazırlanır".

   N.Əhmədbəyli bildirdi ki, zəngin ənənəsi olan milli teatrımızın tarixində müəyyən iqtisadi, sosial problemlər də mövcud olub: "İllər əvvəl özünün tənəzzül dövrünü yaşaması bu sahəyə çox böyük zərbələr vurub. Teatrın laxlamasına gətirib çıxaran bu zərbələrin qarşısının dövlət qayğısı ilə alındığını deyən N.Əhmədbəyli hazırda milli teatrımızın böhrandan çıxdığını bildirir: "Azərbaycan teatrı uzun illik bir yol qət edib. Bu teatrın yaxşı günü də, pis günüolub. Bəzən uçurum qarşısında qalıb teatrımız, ancaq qayğı və diqqət nəticəsində o xilas olub. Teatr sənətini inkişaf etdirmək üçün bu sahəyə güclü vəsait ayrılması lazım idi. Bilirsiz ki, artıq bu problem öz həllini tapıb. Azərbaycanda bəziləri özlərini teatr himayədarı kimi qələmə verərək teatrdan istifadə edirdi. Bu əsasən repertuara salınan zəif əsərlərin müəlliflərilə bağlı olan problem idi. Varlı bir insan özünün zəif bir dramaturji yazısını teatrlara təqdim edir, həmin tamaşaya sponsorluq edərək onun tamaşaçılara təqdim edilməsinə nail olurdu. Azərbaycanda ümumiyyətlə həqiqi sponsor anlayışı yoxdur. Teatr ağır sənət növlərindən biridir, burada 5 və yaxud da 3 min manatla tamaşa hazırlamaq və sonra da yüksək nəticə istəmək məntiqsizdir. Odur ki, tamaşalara böyük vəsait tələb olunurdu. Bunu da "sponsorlar" həll edə bilmirdi. Amma bilirik ki, son 6-7 ildə teatrlarımızın həyatında böyük dəyişikliklər baş verib. Bu dəyişikliklərdən biri 2006-cı ildə qəbul edilən "Teatrteatr fəaliyyəti Haqqında" Qanundur ki, onun qəbul edilməsilə teatrlar tənəzzüldən tərəqqiyə doğru irəliləməyə başladı. Teatr haqqında qanunun olması bu sahədə böyük bir canlanma yaratdı. Bu qanun teatr tamaşalarının hazırlanması və kütləvi nümayişilə əlaqədar yaranan münasibətləri tənzimləyir, teatr fəaliyyətinin, eləcə də teatrlara dövlət qayğısının hüquqi əsaslarını müəyyən edir".

   Xatırladaq ki, teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.

   "Teatrteatr fəaliyyəti haqqında" Qanunun 4-cü maddəsində bildirilir: "Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri bunlardır:

   4.0.1. teatrlara dövlət qayğısı;

   4.0.2. teatrların müstəqilliyinə təminat verilməsi;

   4.0.3. teatr şəbəkəsinin inkişaf etdirilməsi;

   4.0.4. teatr mədəniyyətinin fərdiliyinin qorunub saxlanması, millətlər arası və beynəlxalq mədəni əlaqələrin inkişafına şərait yaradılması.

   M a d d ə 5. Teatr fəaliyyətinin məqsədi və növləri

   5.1. Teatr fəaliyyətinin məqsədi teatr sənətinin inkişafı və əhalinin səhnə sənəti ilə bağlı tələbatlarının ödənilməsindən ibarətdir.

   Teatrşünas N.Əhmədbəyli deyir ki, bu Qanun teatrın müstəqil şəkildə inkişafına, əməkdaşlıq addımları atmasına lazımi şərait yaradır. N.Əhmədbəylinin sözlərinə görə, Qanun qəbul edildikdən sonra teatrların texniki avadanlıqlarının yenilərilə əvəz edilməsi, kadr hazırlığı, yaradıcılıq studiyalarının yaradılması kimi işlər görülüb.

   Prezident İlham Əliyevin 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamın teatrların həyatını dəyişdirdiyini deyən teatrşünasın sözlərinə görə, son illər dövlət tərəfindən teatra göstərilən qayğının miqyası genişlənir: "Prezident İlham Əliyevin 19 fevral 2007-ci il tarixdə imzaladığı "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamda milli mədəniyyətimizin inkişafında böyük rol oynayan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Əgər biz həmişə fəxr və fərəhlə deyiriksə, Şərqdə ilk teatr, ilk opera Azərbaycanda yaradılıb, deməli, qazanılan ənənələri qoruyub inkişaf etdirmək üçün müasir dövrdə hər bir mədəniyyət müəssisəsi dünya standartları səviyyəsində fəaliyyət göstərməlidir.

   Ötən əsrin əvvəllərində insanları maarifləndirmək naminə heç bir maliyyə təminatı olmayan, əksinə, nadan qüvvələr tərəfindən təzyiqə, təqibə məruz qalan bir dövrdə ağıllı və savadlı insanlar bu zülmətin içində çıxış yolu taparaq teatr yarada bilirdilərsə, indi hər cür şərait və köməyin olduğu zamanda lazımdır ki, dünya arenasına çıxmaq üçün həm də xarici ölkələrdə kadr hazırlığı, müştərək layihələr həyata keçirilsin. Deyərdim ki, ortada müəyyən layihələr var, onların icrasına başlanıb..."

 

 

   Ardı var...

 

 

   İradə SARIYEVA

 

  Baki Xəbər.-2013.-3-5 may.-S.15.