Əlil
uşaqların dövlət təhsil siyasəti ictimai mənafelər kontekstində...
Əlilliyi olan
uşaqların xoş rifahı naminə
aparılan dövlət siyasəti fiziki qüsurlu uşaqların özlərini və
valideynlərini təmin edir. Bildiyimiz kimi, ölkəmizdə
uşaqların rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir. Sosioloqlar və fiziki qüsurlu uşaqların yaxınları hər
zaman qeyd edir ki, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev
əlilliyi olan uşaqlara
xüsusi diqqət yetirib.
Bu cür uşaqlara qayğı göstərilməsini
miras qoyan H.Əliyev
sağlığında dəfələrlə fiziki qüsurlu, lakin istedadlı uşaqlarla
görüşlər keçirib.
Fəlsəfə
elmləri namizədi, sosioloq Səmayə
Aslanlının sözlərinə görə, Heydər Əliyevin
bu istiqamətdə gördüyü
işlər, həyata keçirdiyi siyasət
hazırda Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir: "Azərbaycan
müstəqillik illərində insan
hüquqları, xüsusilə uşaq
hüquqları ilə bağlı beynəlxalq saziş və konvensiyalara
qoşulub, bununla
bağlı üzərinə bir sıra
öhdəliklər götürü,. Həmin
öhdəliklərdən biri də
ayrı-seçkiliyə yol vermədən
əlilliyi olan şəxslərin təhsil
hüququnu təmin etmək üçün bütün
səviyyələrdə inklüziv təhsilin təşkil edilməsidir.
Bu sənədlərdən
irəli gələn vəzifələri həyata keçirmək
məqsədilə ölkəmizdə müvafiq
qərarlar qəbul edilib. Əlilliyi olan uşaqların təhsil məsələsi
heç də onların müalicə
almasından sonrakı məsələ deyil.
Onların təhsili də dövlətin diqqətindədir. Dəfələrlə
əlil uşaqların təhsil probleminin
aradan qaldırılması məqsədilə
yığıncaqlar, konfranslar keçirilib. Xeyli vaxt bundan əvvəl
"İnklüziv təhsil: görülən
işələr və qarşıda duran
vəzifələr" adlı beynəlxalq konfrans
keçirildi. Həmin
konfransın keçirilməsində məqsəd
sağlamlıq imkanları məhdud olan
şəxslərin inklüziv təhsilə
cəlb olunması yollarını araşdırmaq, onların
cəmiyyətə inteqrasiyası və onlar
üçün maneəsiz mühitin yaradılması ilə bağlı
gələcək addımlarımızı müəyyənləşdirmək,
bu sahədə digər ölkələrin
uğurlu təcrübə nümunələrini
təqdim etmək idi. Hazırda ölkəmizdə
əlilliyi olan 60 mindən çox
uşaq var. Onlardan 1105-i xüsusi təhsil
məktəblərində, 2664-ü xüsusi
internat məktəblərində təhsil
alır (onlardan 1353 nəfəri müəssisədə
gecələyir), 7750-si evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib. "Təhsil haqqında" Qanunda sağlamlıq imkanları məhdud
şəxslərin təhsil hüquqlarının təmin
edilməsi təsbit edilib. Belə ki, Qanunda göstərilir:
- dövlət hər bir vətəndaşın
təhsil alması üçün müvafiq şəraitin
yaradılmasına təminat verir və təhsilin hər
hansı pilləsindən, səviyyəsindən və
formasından məhrum edilməsinə yol vermir;
- dövlət cinsindən, irqindən,
dilindən, dinindən, siyasi
əqidəsindən, milliyyətindən,
iqtisadi və sosial vəziyyətindən, mənşəyindən,
sağlamlıq imkanlarından asılı olmayaraq hər bir
vətəndaşa təhsil almaq
imkanı yaradılmasına və ayrı-seçkiliyə yol
verilməməsinə təminat verir;
- vətəndaşlar təhsilin
növünü, təhsil müəssisəsini və tədrisin
dilini sərbəst şəkildə seçmək
hüququna malikdir.
Bu məsələlər "Təhsil
Haqqında" Qanunda əks olunsa da, bu sahədə müəyyən
problemlər mövcuddur. Bu problem nədən ibarətdir? Mən bir neçə dəfə əlil
uşaqların yaxınları ilə söhbət etmişəm.
Bakıda 219 saylı məktəb var ki, o məktəbin müəllimləri
xüsusi olaraq evlərə
gəlir, əlilliyi olan uşaqlara
dərs deyir. Bəzən elə olur ki, aradakı məsafə
uzaq olduğundan, o məktəbin müəllimləri əlil
uşağın yanına gələ bilmir.
Bu halda, həmim şagirdin valideyni Təhsil
Nazirliyinə müraciət edir, nazirlik isə, öz
növbəsində, ərazidə yerləşən məktəbin
fənn müəllimlərini fiziki əngəlli
uşaqla(larla) məşğul
olmağa təhkim edir.
Elə olur ki, o müəllimlər səhlənkarlıq edərək
əlil şagirdin yanına
vaxtlı-vaxtında getmir. Dövlət
əlil uşağın təhsil hüququnu
tanıyır və onun təhsil
almasını istəyir, ancaq bəzi
müəllimlər onlara verilən
tapşırığı yerinə yetirmək istəmir. İndi bildiyimiz kimi, inklüziv təhsil
forması yaradılıb. İnklüziv
təhsil xüsusi qayğıya
ehtiyacı olan uşaqların
ümumtəhsil müəssisələrində sağlam uşaqlarla birgə
təhsil almasıdır. Bu proqram fiziki və əqli
cəhətdən qüsurlu olan uşaqların öz
potensiallarına nail olmaq
imkanını dəstəkləyir. Bu təhsil sistemi
xüsusi qayğıya ehtiyacı olan uşaqlarda
özünə inamı artırır və digər normal uşaqlarla bərabərhüquqlu
olmasını təmin edir. İnklüziv təhsil xüsusi
qayğıya ehtiyacı olan
uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə
bitmir. Bu tip təhsil fiziki cəhətdən
qüsurlu uşaqların cəmiyyətə
inteqrasiyasını, müstəqil şəkildə qərarvermə
imkanlarını, hüquqlarını öyrətmək məqsədi
daşıyır. Belə olan halda, sağlamlığı məhdud olan uşaqların yaşamaq
istəyi və həvəsi daha da artır, onlarda gələcəyə
ümid yaranır".
S.Aslanlının sözlərinə
görə, indiyə kimi əlil uşaqların cəmiyyətə
inteqrasiyası ilə bağlı dövlət dəstəyilə
çoxlu tədbirlər keçirilib. Onlardan
biri də Bakıda "Təcriddən inteqrasiyaya doğru"
adlı beynəlxalq konfrans olub. Ekspert dedi ki, 20-ə
yaxın ölkədən ekspert və məruzəçilərin
qatıldığı konfrans əlillik məsələlərinə
həsr olunub: "Əlillik məsələlərinin
araşdırılması, əlil uşaqların
inklüziyası və bu sahədə
aparılan işlərə dəstək vermək məqsədilə
keçirilən "Təcriddən inteqrasiyaya doğru" əlillik
məsələlərinə həsr olunan
1-ci Bakı Beynəlxalq Konfransının təşkili təqdirəlayiq
haldır: "Əlillik kimi vacib mövzunun beynəlxalq
səviyyədə gündəmə gətirilməsi məsələsi
dövlətimizin diqqət mərkəzindədir. Bu sahədə
dövlətlə yanaşı, Heydər Əliyev Fondu da böyük
işlər görür, Fondun
təşəbbüsünü yüksək qiymətləndirirəm.
Əlil uşaqların, əlil insanların həyat şəraitinin
yaxşılaşdırılmasına diqqət və
qayğı Prezident İlham
Əliyevin həyata keçirdiyi sosial siyasətin uğurlu
göstəricisidir. Artıq Azərbaycanda əlillərlə
işin təşkilində müasir metodlardan istifadə
edilir. Belə konfransların təşkili,
eyni zamanda, böyük maarifçilik
işinə təkan verir. Əlil
uşaqların cəmiyyətin bir
parçası olmasını şərtləndirən
dövlət siyasəti ictimaiyyətin də bu
istiqamətdə maraqlarını müdafiə edir".
S.Aslanlının sözlərinə görə, insan haqqlarını əlində bayraq edən bəzi Avropa dövlətlərində nəinki əlil uşaqlara qayğı göstərilir, belə uşaqlar ana bətnindəcə məhv edilir. Ancaq Azərbaycanda fiziki qüsurlu uşaqlara dövlətin hərtərəfli yardım etdiyini qeyd edən S.Aslanlı hesab edir ki, dövlətimiz bu sahədə də başqa dövlətlərə bir nümunədir: "Azərbaycan dövləti əlil uşaqlara hər zaman qayğı göstərib. Ümummilli lider Heydər Əliyev isə belə uşaqlara xüsusi həssaslıqla yanaşır, onlara sevgi bəsləyirdi. Heydər Əliyevin dövründə əlil uşaqlarla bağlı böyük bir tədbir keçirildi. Bu tədbir çərçivəsində rəsm sərgisi də oldu. Heydər Əliyev əlil uşaqlarla söhbət etdi, onların arzu və istəklərilə tanış oldu. Azərbaycanın istedadlı əlil uşaqları xaricdə keçirilən tədbirlərə də dəvət alır. Belə ki, bir neçə il əvvəl İstanbulda keçirilən "VI Gülən uşaqlar şənliyi"ndə iştirak edən Azərbaycan uşaqları burada da fərqlənib. Türkiyə Onurğa-ilik ifliclilər dərnəyinin təşkil etdiyi, dünyanın bir çox ölkəsindən əlil, şikəst, lal-kar uşaq və yeniyetmənin qatıldığı şənliyə Azərbaycandan Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyətin "Əlil uşaq və gənclərlə iş mərkəzi" adlı təşkilat da qatılıb.
Əlil uşaqların rəsm sərgiləri,
musiqili çıxışları, bədii qiraət sahəsində
göstərdikləri hünər hər zaman diqqəti cəlb
edir. Məlumdur ki, əlil
uşaqların vətən sevgisi heç də normal
uşaqların vətənpərvərliyindən zəif deyil. Onlar da
bu hisslərini ifadə etmək üçün yaradıcılığa üz tutur. Bu ilin may ayının 3-də
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında istedadlı əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunan ədəbi-bədii
və musiqili tədbir keçirildi.
İki gün davam edən tədbirdə əlillərin
ümumrespublika yaradıcılıq
baxış-müsabiqələrinin qalibləri olan istedadlı əlillər tanınan sənətçilərlə
birgə vokal, instrumental
ifaçılıq və poeziya
nominasiyaları üzrə ifalarını təqdim edib.
Bununla yanaşı, respublikanın müxtəlif bölgələrində yaşayan 15 nəfər istedadlı əlilin, o cümlədən 2 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın Ümummilli lider Heydər Əliyevə, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevaya, dövlətimizin rəmzlərinə və digər mövzulara həsr etdikləri 40-dək sənət əsəri nümayiş etdirilib. Dövlət tərəfindən keçirilən bu tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib. O, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əlillərin hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində Ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu xidmətlərdən söz açıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə tədbirlərin ilbəil geniş vüsətlə davam etdirildiyini vurğulayıb".
Xatırladaq ki, indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına yeni mənzillə, 3500-dən çox əlil minik avtomobili, yüzlərlə əlil müxtəlif reabilitasiya avadanlıqları ilə təmin edilib. Son illərdə müxtəlif bölgələrdə yeni reabilitasiya mərkəzləri yaradılıb və hər il 8 mindən çox əlilə bərpa-müalicə xidməti göstərilir. Təkcə ötən il ərzində 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin istirahət zonalarında istirahəti, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar verilməsi təmin olunub.
Bildirək ki, Heydər Əliyevin
90 illik yubileyi ilə bağlı Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin xüsusi tədbirlər
planı çərçivəsində keçirilən tədbirin
sonunda istedadlı əlillərə fəxri fərmanlar
verilib. Tədbirdə iştirak etmək üçün
respublikanın regionlarından dəvət olunmuş əlillər
dövlət hesabına mehmanxana və digər zəruri xidmətlərlə
təmin olunub.
Azərbaycanda əlil uşaqlarla
bağlı dövlət tərəfindən həyata
keçirilən işlər saysız-hesabsızdır.
Dövlət və ictimai
maraqların müdafiəsinə böyük töhfə olan
bu tədbirlər cəmiyyətin ayrılmaz hissəsi olan əlil
uşaqların işıqlı gələcəyini təmin
edir.
Heç bir əlil uşaq sahibsiz deyil, onun ailəsindən başqa sahibi də var, bu, Azərbaycan dövləti və Azərbaycan ictimaiyyətidir. Hər bir əlil övlad hər bir Azərbaycan ailəsinin qayğısını öz üzərində hiss etməlidir.
İradə SARIYEVA
Bakı
xəbər.- 2013.- 9-12 may.- S. 15.