Milli teatrın inkişafına yönəlik
dövlət sənədləri...
Teatr
xadimləri Prezident sərəncamlarının ictimai əhəmiyyətindən
danışır
Teatr həyatın bir
parçası olduğundan, insanların şüuruna, həyat
tərzinə daha çox sirayət edə bilir. Bilirik ki,
teatr ən çox ictimaiyyətin maraqlarını,
zövqünü, istirahətini təmin edən bir incəsənət
ocağıdır. Burada hər şey ictimaiyyətin
düşüncəsinə təsir etməyə
hesablanıb. Azərbaycan incəsənətinin, mədəniyyətinin
qiymətli sahələrindən olan teatr sənəti
özündə xalqımızın tarixi həqiqətlərini,
milli-mənəvi dəyərlərini qoruyur, təbliğ
edir.
Azərbaycan dövlətinin mədəniyyət
siyasəti hər kəsə bəllidir, bu sahədə
görülən işlər saysız-hesabsızdır.
Dövlətimizin mədəniyyət siyasətində milli
teatr sənətinin ayrıca yeri var. Dövlət və
ictimai maraqların müdafiəsində teatrın
oynadığı rolun əvəzi yoxdur. Teatr
anlayışı formalaşıb meydana
çıxdığı gündən onun əsas məqsədi
ictimai maraqları təmin etmək və maarifləndirmə
işini həyata keçirmək olub.
Tarixən milli
teatrımızın inkişafına çalışan
böyük şəxsiyyətlər olub, onların
varlığı bu sənəti yaşadıb. Azərbaycan
teatrı müstəqil Azərbaycan dövlətinin
qanadları altında yaşayan, inkişaf edən, tərəqqiyə
nail olan bir sənət məbədidir. Ölkədə fəaliyyət
göstərən teatrlar dövlət
qayğısının bəhrəsini hər zaman
görüb. Teatrşünaslar deyir ki, teatrlar dövlətin
onlara bəslədiyi etimadı öz repertuarları ilə
doğrultmalıdır. Teatrşünasların sözlərinə
görə, Azərbaycan teatrları son beş-altı ildə
olduğu kimi böyük qayğını öz üzərində
heç vaxt hiss etməyib.
Teatrşünas Məlahət Əzimovanın
dediyinə görə, əvvəllər də qayğı
olub, amma indiki kimi olmayıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə teatr sənətilə bağlı bir sıra sənədlər qəbul edildiyini xatırladan M.Əzimova hesab edir ki,
bu sənədlərin hamısı
işləkdir, teatra böyük
fayda verir. Prezident İlham Əliyevin
milli teatrımızın 140 illiyi münasibətilə
imzaladığı sərəncamdan danışan
teatrşünasın dediyinə görə, özlərinin
peşə bayramının, Milli Teatr Gününün təsis
edilməsi Azərbaycan teatr sənətində
çalışan minlərlə insanın arzusu
olub: "Teatr
işçilərinin bu nəcib arzusunu ölkə başçısı
reallaşdırdı. Yəni cənab Prezidentin
sərəncamı ilə bizlər, yəni Azərbaycanın
yaradıcı ziyalıları möhtəşəm bir hadisənin şahidi olduq. Bu tarixi
əhəmiyyəti olan bir
hadisədir. Hesab edirəm ki,
bu sərəncam milli
teatr sənətinin bundan
sonrakı inkişafında, yaradıcı adamların fəaliyyətinin
vüsətinin artmasında böyük
önəm kəsb edəcək. Eyni zamanda,
Azərbaycanda digər incəsənət sahələri ilə
yanaşı, teatr sənətinə də
verilən çox böyük,
misilsiz önəmin konkret
ifadəsi kimi, Azərbaycan teatr sənətində çalışan hələ
neçə-neçə nəsillərin iftixar
etdiyi bir hadisə olacaq. Məlum olduğu
kimi, bu il Azərbaycan teatrının 140 yaşı tamam olur. 140 il ərzində milli
teatrımız irili-xırdalı müxtəlif siyasi-ictimai, mədəni hadisələrdən
keçib. İtkiləri də olub, qazandıqları da. Amma bu gün
Azərbaycan teatrı müstəqillik dövrünün
gözəl nemətlərini dadır və özünün
fəaliyyətində artıq milli teatr sənətini ölkənin
hüdudlarından kənara çıxarır. Milli teatrımız özünün
nailiyyətlərini təbii olaraq öz demokratik
yaradıcılıq kontekstinə uyğun
tərzdə dünyaya bəyan edir. Bu çox
mühüm bir məsələdir.
İllər öncə biz bunları ancaq arzulaya bilərdik.
Bütövlükdə Azərbaycan teatrı həmişə
cəmiyyətin fəal cinahlarından olub.
Bu günün özündə də Azərbaycan
teatr sahəsində çalışan insanlar Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsinə, onun beynəlxalq
nüfuzunun artmasına və
bütövlükdə bir xalq olaraq yeni
inkişaf mövqelərinə
çıxmasına çalışır. Hesab edirəm ki, bu çox mühüm
bir hadisə bizim nəzərdə
tutduğumuz böyük
məktəbə aparan yolda
ən etibarlı köməkçimiz və fəaliyyətimizi
stimullaşdıran bir vasitə olacaq. Bilirik ki, bu gün
140 yaşlı teatrımız Azərbaycan dövlətinin və
ictimai maraqların müdafiəsi sahəsində
xüsusi olaraq seçilir. Hesab edirəm
ki, bu xətt onun əbədi seçimidir".
Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidentinin 19 fevral 2007-ci il tarixində
imzaladığı Sərəncamdan danışan
teatrşünas bildirdi ki, bu sənəd
teatrlarımızı inkişafa doğru aparır.
Sərəncamda bildirilir ki, XIX əsrin
ikinci yarısından etibarən cərəyan edən
ictimai-siyasi hadisələr fonunda və maarifçilik hərəkatının
güclü təsiri nəticəsində böyük mütəfəkkir
Mirzə Fətəli Axundovun ədəbiyyatımıza yeni
dram janrını gətirməsi ilə Azərbaycan teatrı
müsəlman Şərqində ilk dünyəvi peşəkar
teatr sənətinin ocağına çevrilib: "Qədim
tarixə malik xalq tamaşaları zəminində təşəkkül
tapan bu teatrın repertuarı yarandığı gündən
bəri görkəmli Azərbaycan ziyalılarının
dövrün mühüm hadisələrinin real bədii təsvirini
verən qabaqcıl, demokratik ideyalı və ictimai məzmunlu
əsərləri ilə zəngin olub. Avropa təhsili görmüş azərbaycanlı gənclərin
dünya klassiklərinin əsərlərini
tərcümə edərək tamaşaya
qoyması Azərbaycanda teatr həvəskarlarını
dünya ədəbiyyatı nümunələri
ilə tanış etməklə bərabər, milli dəyərlərə söykənən
yeni tipli teatrın
yaradılması işinə güclü
təkan verib. Hüseyn
Ərəblinski, Cahangir Zeynalov,
Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Mirzəağa
Əliyev, Sidqi Ruhulla,
Ülvi Rəcəb kimi
fitri istedad sahiblərinin
səyləri ilə ölkəmizdə milli
peşəkar aktyorlar məktəbi
formalaşıb. Həmin dövrdən etibarən xüsusi teatr
binalarının inşasına başlanıb və peşəkar
teatrla bağlı digər sənət
növləri də inkişaf etdirilib.
Cəlil Məmmədquluzadə,
Hüseyn Cavid və Cəfər Cabbarlı kimi qüdrətli
sənətkarların son dərəcə dərin məzmunlu
səhnə əsərləri ilə geniş vüsət
alan Azərbaycan teatrı milli varlığını qoruyub
saxlayaraq inkişaf edib və ictimai-mədəni həyatda fəal
rol oynayıb. XX əsr boyu Opera və balet, Musiqili komediya, Gənc
tamaşaçılar teatrları, Pantomima
və digər teatrlar yaradılıb. Azərbaycan teatr sənəti
tarixinə adları həmişəlik həkk olunan böyük aktyorlar, rejissorlar və teatr rəssamları nəsli yetişib,
teatr üçün
peşəkar kadrlar hazırlayan təhsil
ocaqları formalaşıb, bölgələrdə mədəniyyət
sarayları və teatrlar şəbəkəsi
bərqərar olub. Yüksək
səhnə mədəniyyəti ilə seçilən Azərbaycan
teatrının zəngin repertuarı sayəsində
xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı,
dünya ədəbi fikrinin
inciləri ilə daha yaxından
tanış olmaq imkanı əldə edib. Ölkəmizin bir
sıra digər sənət sahələrində
qazandığı uğurlar ilk növbədə Azərbaycan teatrı ilə
sıx bağlı olub. Peşəkar
milli teatrın sürətli
inkişafı və zaman keçdikcə
şaxələnməsi onun öz coğrafiyasını genişləndirərək
respublikanın, demək olar ki, bütün bölgələrini
əhatə etməsinə və hər biri
müstəqil sənət ocağı olan
yeni teatrların yaranmasına gətirib çıxarıb. Ölkəmizdə
vətənpərvərlik duyğularının
aşılanmasında, yüksək mənəvi keyfiyyətlərin,
milli və ümumbəşəri dəyərlərin
təbliğində müstəsna rol
oynamış Azərbaycan teatrı gənc nəslin
formalaşmasında əvəzsiz xidmətlər göstərib".
Burada həmçinin qeyd edilir ki,
XX əsrin sonlarında cərəyan edən mürəkkəb
proseslər siyasi, iqtisadi və sosial böhrana gətirərək
ölkəmizin bütün mədəni həyatına, həmçinin
teatr sənətinə son dərəcə mənfi təsir
göstərib. Teatrın
qarşılaşdığı obyektiv
çətinliklər bu sahədə
yaradıcılıq əhval-ruhiyyəsini də zəiflədib:
"Azərbaycan teatr şəbəkəsinə
daxil olan dörd dövlət dram
teatrı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində
erməni silahlı dəstələrinin işğalına məruz
qalaraq ata-baba
yurdlarından didərgin düşməsinə baxmayaraq, öz fəaliyyətini
davam etdirir. Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsi ilə
qarşısında geniş üfüqlər
açılan milli teatr
bu gün dövlətçilik
naminə mədəniyyətimizin inkişafına töhfələr
vermək iqtidarındadır".
Teatrşünasın sözlərinə
görə, sözügedən sərəncamda Azərbaycan
teatrlarının əsaslı şəkildə təmir-bərpa
edilməsi, yenidən qurulması, avadanlıqlarla təchiz
olunması kimi problemlərə də yer ayrılıb ki,
hazırda teatrların əksəriyyəti tam olaraq yenidən
qurulub: "Bu sərəncamda teatrların əsaslı təmirə
ehtiyacı olduğu vurğulanırdı. Artıq teatrların çoxunda
təmir-yenidənqurma işləri başa
çatdırılıb, onlar əhaliyə,
dövlətə və dövlətçiliyə xidmət
istiqamətində faəliyyətini davam etdirir. Teatrlar üçün hər bir
şərait yaradılıb, teatr
işçilərinə mükafatlar, fəxri
adlar, mənzillər verilir.
Onların da boynuna
düşən iş ondan
ibarətdir ki, ortaya
yaxşı sənət əsərləri
çıxarsınlar. Bilirik ki, bir-iki teatrı
çıxmaq şərtilə, teatrların çoxunun
repertuarı çox zəifdir. Yəni repertuar məsələsində dövlət
maraqlarının müdafiəsinə xüsusi
fikir verilməlidir. Elə əsərlər
qoyulmalıdır ki, orada
Azərbaycan dövlətinin maraqları öz
ifadəsini tapsın. Mən bu
gün vətənpərvərlik, eyni zamanda da
dövlət və ictimai maraqların
müdafiəsi istiqamətində xüsusi
işlər görən Bakı Bələdiyyə
Teatrının, Gəncə Dövlət Dram
Teatrının, Akademik Milli
Dram Teatrının adlarını çəkmək
istəyirəm. Bakı Bələdiyyə
Teatrının repertuarına nəzər salsaq
görərik ki, burada
dövlət maraqlarının qorunması istiqamətində böyük işlər görülür.
Teatrın repertuarında
yer alan
tamaşalardan hər bir tamaşaçı razılıq edir. Bu sahədə başqa
teatrlar da özünü göstərməlidir.
Tamaşaçıda süni gülüş
yaradan, bayağılıq
hissləri oyadan tamaşaların teatrların
repertuarından yığışdırılması
vacibdir. Yeni dramaturqlar
nəsli yetişməli,
onlar öz əsərlərilə teatrları
təmin etməlidir.
Dövlət teatrlara lazımi
vəsaiti onsuz da ayırır. Bu vəsait gərək
layiqli tamaşalara xərclənsin".
M.Əzimova bildirdi ki, teatr sənəti qanuniləşdikdən və
bu sahədə bir neçə sənəd imzalandıqdan
sonra Azərbaycan teatrları ilə xarici teatrlar arasında əməkdaşlıq
genişlənib. Bundan
başqa, respublikamızın
paytaxtında və başqa yerlərində artıq ənənəvi
hal alan
teatr festivallarının
keçirilməsini yüksək
dəyərləndirən M.Əzizovanın
bildirdiyinə görə,
bu festivallar Azərbaycan teatrının
dünyada öz yerini tutmasını şərtləndirən vasitələrdən
biridir: "Son illər
teatr festivallarının
sayı artıb. Azərbaycan artıq dünya miqyaslı sayılan teatr festivallarına ev
sahibliyi edir. Müxtəlif ölkələrin teatrları bu festivallarda iştirak edir. Bu da
Azərbaycan dövlətinin
teatrlara bəslədiyi
qayğının təzahürüdür".
İradə
SARIYEVA
Bakı
xəbər.- 2013.- 6 may.- S. 12.