Qurani-Kərim
Puşkin poeziyasında
Bir tərəfdən müasir
dünyada gedən inteqrasiya və qloballaşma prosesi, digər
tərəfdən bütün xalqların milli maraq və
özünəməxsusluğunu saxlamaq cəhdi artıq
İslam dinini ictimai-siyasi olayların mərkəzinə
çıxarıb. Səbəb isə iudaizm və
xristianlıqdan fərqli olaraq bu dinin ayrı-ayrı xalq və
ümmətlərə deyil, bütün bəşərə
nazil edilməsindədir.
Bu baxımdan bəşəriyyətə
azadlıq, bərabərlik, ədalət gətirən, digər
inanc sahiblərinə və xüsusən əhli-kitaba
hörmət və sayğı ilə yanaşan İslama digər
dinlərin zəka, elm, mədəniyyət xadimlərinin
münasibətini, ehtiramını bilmək, xatırlatmaq və
dəyərləndirmək, həmişə olduğu
kimi, bu gün də aktualdır. Bu, həm də ümumbəşəri
sülhün bərqərarında mühüm amillərdən
biri kimi qəbul edilməlidir.
İslam dini tarixən əhli-kitabın
müxtəlif səpgili və niyyətli fəlsəfi, elmi,
siyasi, ideoloji şərh və təfsirlərinə məruz
qalmaqla yanaşı, onların ədəbi mühitindən də
yan keçməyib.
Bu sahədə İslama qərəzli yanaşmalarla yanaşı, onu kifayət qədər obyektiv və məhəbbətlə vəsf edən qələm sahibləri də olub. İman, elm və iradə vəhdətində olan belə salehlər haqqında Rəbbimiz buyurub: "İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən (xaça sitayiş edən məzhəblər) Allaha, axirət gününə inananların və yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar" (Bəqara 62).
Böyük Pyotrun ərəbinin nəvəsi:
Puşkin
Klassik rus ədəbiyyatında
İslamdan bəhrələnən və onu vəsf edən
dahilərdən biri sözsüz ki, "sən qorxaqsan,
köləsən, ermənisən" ifadəsinin müəllifi
A.S.Puşkindir (1799-1837).
Puşkinə qədərki
dövrün xronologiyası göstərir ki, Avropanın
Qurani-Kərimlə tanışlığı orta əsrlərdən
başlanıb. Belə ki, Rəbbimizin sonuncu vəhflər
toplusu olan bu kitab 1441-ci ildə latın, 1513-cü ildə
italyan, 1616-cı ildə alman, 1647-ci ildə fransız, 1648-ci
ildə ingilis dilinə tərcümə edilib. Rusiyada müqəddəs
kitabın tərcüməsi XVIII əsrdə Pyotrun təşəbbüsü
ilə olub. Zəmanəsinin görkəmli
xadimi P.Posnikov 1647-ci ildə Dyu Riyenin fransız dilinə tərcüməsindən
istifadə edərək Quranı ruscaya çevirib, 1716-cı
ildə onu Peterburqda nəşr etdirib. 1790-cı ildə isə
bu kitabı rus ədibi M.Veryovkin fransızcadan rus dilinə tərcümə
edib. Fransız dilini mükəmməl bilən
A.S.Puşkin əsərlərində əsasən bu tərcümədən
istifadə edib. Qeyd edək ki, Puşkinin Qurani-Kərim
və müsəlmanlara həsr edilən əsərləri
M.Lermontov, L.Tolstoy, F.Dostoyevski, Y.Polonski, İ.Bunin,
V.Veliçko, N.Qumilyov, Y.Bunin və başqa mütəfəkkirlərin
yaradıcılığında da dərin iz buraxıb.
Poeziyasında Quran və Məhəmməd(ə) şəxsiyyətinə, İslam dünyasına müraciət edən A.S.Puşkin üçün İslam ilk növbədə ilham mənbəyi, məna-fikir məxəzi, poetik kamillik nümunəsindən ibarət idi. Tədqiqatçıların fikrinə görə, Puşkinin İslam dininə marağının səbəbləri sırasında onun əcdadlarının, şairin "Böyük Pyotrun ərəbi" povestində İbrahim adı ilə verdiyi babası İbrahim Hannibalın (1697-1781) müsəlman olmasının da rolu olub. Şairin bu marağının qaynaqları həm də onun Avropa oriyental ədəbiyyatına gənclik həvəsi, lisey müəllimi professor Y.Kaydanovun Şərq tarixi və İslama dair mühazirələri, Moskva Universitetinin professoru A.Boldirevin şərqşünaslığa dair məqalələri, görkəmli şərqşünas N.Biçurinlə şəxsi münasibətləri və müsəlmanların həyatı ilə tanışlığı olub.
"Qurana təqlidlər"
Puşkin poeziyasının tacında parlaq almazdır
1820-1824-ci illərdə
cənuba sürgün edilən Puşkin Quranı ətraflı
öyrənib, Şərq şeirinin onun üçün
nümunə olduğunu bildirib və Şərq mövzusunda
50-dən artıq şeir yazıb. Qurani-Kərim şairi elə
cəlb etmişdi ki, o, Quran motivləri əsasında 9
şeirdən ibarət xüsusi silsilə-nəzirə
yazdı. Tədqiqatçılara görə, şair bu
şeirlərdə Quranın 33 surəsinin 81 ayəsindən
bilavasitə istifadə edib. Tənqidçi V.Belinskinin
"Puşkinin poeziya tacında parlaq almaz"
adlandırdığı "Qurana təqlidlər" ilk
növbədə mənbənin məzmun, forma və
üslubunu dəqiq saxlamağa cəhdlə seçilir. Puşkin istifadə etdiyi tərcümənin həm
fransız, həm rus variantının adında ("Ərəb
Məhəmmədin Quran kitabı...") və abbat
Ladvokatın tərcüməyə əlavəsindəki səhv
mövqeyə - Quranın bəndə əsəri olması
eyhamına və Məhəmməd(ə)-nin peyğəmbərliyinin
şübhəyə alınmasına qətiyyən
uymayıb. Əksinə, Quranda Allahın öz adından
danışdığını, Peyğəmbər(ə)-nin
2-ci və ya 3-cü şəxs kimi iştirak etdiyini
vurğulayıb.
Quran ayə və surələrindən
məharətlə istifadə edən şair müqəddəs
kitab haqqında düşüncələrini
bölüşüb, Quran mənalarını, mahiyyətini
bədii keyfiyyətlərlə oxucuya çatdırıb.
Bununla o, həm də qeyri-müsəlman kontingentə Quranın
səməviliyini və Peyğəmbər(ə)-nin
Allahın elçisi olduğunu bildirib, onları maarifləndirib.
Silsilənin elə ilk bəndi bu
baxımdan səciyyəvi xarakter daşıyır:
"And olsun cütə və təkə,
And olsun qılınca və haqq
döyüşə,
And olsun dan ulduzuna,
And olsun axşam
namazına.
Yox, Mən səni tərk
etmədim.
Bəs kimi Mən rahatlıq dairəsinə,
Saldım ki, onun hikmətini sevə-sevə
Və iti təqibdən
gizlətdim?
Mən deyildinmi səni susuzluq
günündə
Səhra suları ilə
içirtdim?
Mən deyildinmi sənin dilinə
Ağıllar üzərində əzəmətli
ixtiyar verdim?...
Quran hikmətinə
valeh və vaqif olan şair bu sətirləri müqəddəs
kitabın Zuha, İnşiqaq, Buruc, Fəcr surələrinin təsiri
altında yazıb. Və nəticədə,
Puşkin həm məna, həm də bədiilik cəhətdən
yüksək poetik nümunəyə, rus ədəbiyyatının
yeni səhifəsini açan metafizik, estetik-bədii nailiyyətə
imza atıb.
Puşkinin Qurana təqlidlərlə
həmahəng olan digər əsəri "Peyğəmbər"
şeiridir. Xristian ədəbiyyatçıları
tərəfindən Tövratdakı İsaya, İeremiy və
ya İezekil peyğəmbərlər haqqında olduğu
güman edilən bu şeirdə, bir çox tədqiqatçıların
göstərdiyi kimi, Quranın Fətir, Muddəsir, Ələq
və digər surələrindən məharətlə istifadə
edilib.
Puşkin yazır:
"Və o köksümü qılıncla
yardı,
Və titrək ürəyimi
çıxartdı,
Və alovlu közü
Yarılmış
köksümə qoydu".
Əslində bu
şeir ilə şair səməvi kitablar arasında
müştərəkliyi, onların bir mənbədən
qaynaqlandığını göstərib. Quranın:
"Məgər Biz sənin köksünü açıb
genişlətmədikmi?! Ağır
yükünü səndən götürmədikmi?!..."
(İnşirah surəsi) ayəsi ilə Tövratdakı:
"O, kömürlə dodaqlarıma toxunaraq dedi: "Budur,
bu kömür dodaqlarına dəydi, pisliyin silindi,
günahın bağışlandı" (bax: Bibliya,
İsayanın kitabı, 6:7) kəlamın müqayisəsi də
fikrimizi təsdiq edir.
Mənəvi
dirçəliş "Gizli mağara..."dan
başlayıb
XIX əsr tədqiqatçısı
N.Çernyayevin qeyd etdiyi kimi, "Qurana təqlidlər"
monoteist ruh və həqiqi dini hisslə
aşılanmış... Quran Puşkinin dini təbəddülatına
ilk təkan vermiş və bununla da onun daxili həyatında
böyük əhəmiyyətə malik olmuşdur".
Şairin Qurana bağlılığını şərh edən
ədəbiyyatşünas professor Asif Hacıyev yazır:
"Bütövlükdə bu silsilə Puşkinin İslam dəyərlərinə
dərin mənəvi münasibətini, onları ruhən mənimsəməsini,
Quranın şairə güclü psixoloji, ideoloji təsirini
aşkarlayır. Puşkinin bu əsərdə maraqlı bir cəhəti
də müəllif subyektivliyinin dərindən təzahür
etməməsi, müqəddəs Kitabın mahiyyətini
obyektiv çatdırmağa çalışmasıdır...
Böyük şairin
yaradıcılığında Qurani-Kərimin əhəmiyyətini
belə bir fakt da təsdiqləyir ki, Puşkin dilinin
lüğətində Quran 17, İncil 13, Tövrat 8 dəfə
xatırlanır. ...Məhz Quranla tanışlıqdan
sonra Puşkin xristianlıqla da maraqlanmağa başlayır və
1824-cü ilin sonunda qardaşından təkidlə ona
"İncil"i göndərməyi xahiş edir... Onu da qeyd edək ki, yeniyetməliyində
dövrünün və mühitinin dəbinə uyğun
olaraq, XVIII əsr fransız maarifçiliyinin, Volterin,
epikürçü kübar dairələrin təsirilə
dinə etinasız yanaşan Puşkin 1823-1824-ci illərdə
mənəvi böhran keçirir, əsərlərində həyatın
boşluğu, mənasızlığı, tənhalıq
fikirlərini ifadə edib. Və şairin 1825-ci ildə
"Gizli mağarada..." poetik parçasında göstərdiyi
kimi, Qurani-Kərimlə tanışlıq onun mənəvi
dirçəlişinə, ruhən yenilənməsinə zəmin
yaradıb:
"Gizli mağarada, didərginlikdə,
Mən şirin Quranı oxuyurdum,
Qəfil təsəlli mələyi
Uçub mənə tilsim gətirdi..."
Quranın tərcüməsini dəfələrlə
oxuyan və onun ecazından ilham alan
Puşkin, Rəbbimizin: "Siz ey Peyğəmbərin zövcələri!
Allahdan qorxacağınız təqdirdə siz
(başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərlə)
yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa
qəlbində mərəz olan tamaha (özgə təmənnaya)
düşər". (Danışdığınız
zaman) gözəl danışın! Evlərinizdə qərar
tutun, açıq-saçıq olmayın... "(Əzhab
32-33) kəlamını poetik dil ilə belə ifadə edib:
Ey Peyğəmbərin saf zövcələri,
Bütün zövcələrdən
siz fərqlisiz:
Günahın
kölgəsi də sizə qorxuncdur.
Sakitliyin şirin kölgəsində
Təvazö yaşayın: sizə
layiqdir
Bakirə
qızın örtüyü.
Vəfalı qəlbinizi
saxlayın
Qanuni və utancaq nəvazişə,
Qoy ləyaqətsiz bic
baxışlar
Üzünüzü
seyr etməsin".
Göründüyü kimi, ilahi vəhy
olan Quran üslubunu saxlayan Puşkin Tövrat və İncildən
fərqli olaraq, bu şeirində də bədii nitqi Peyğəmbər(ə)-nin
yox, birinci şəxsin - Allahu-Təalənin dilindən verib.
"Məgər bu, müsəlman deyilmi"
Puşkin Quranın
Hikmət və kəlamlarına, ümumən İslam və
müsəlmanların həyatına
yaradıcılığının sonrakı dövründə
də müraciət edib. Daxili ehtiyacdan qaynaqlanan
bu müraciət hələ 17 yaşında
"İmansızlıq" şeirində "Əqlim
Tanrını axtarır, Qəlbim tapmır" deyən
şairin sonradan ruhən kamilləşməsində - qəlbinin
Tanrını tapmasında, təhqiqi-imana sahib
çıxmasında və nəticədə dahiyanə əsərlər
yazmasında həlledici amillərdən olub.
Dünya ədəbiyyatının
digər korifeyi F.Dostoyevskinin (1821-1881) "Məgər bu,
müsəlman deyilmi?"- deyə səciyyələndirdiyi
Puşkində islam anlayışı
maarifçilik-romantizm-realizm xətti ilə təkamül
etmiş və özündən sonrakı bir çox ədiblərə
təsir edərək dünya və rus ədəbiyyatında
İslam dininə, Şərqə marağın artmasında
və bu mövzuda silsilə yazıların təşəkkülündə
mühüm rol oynayıb. Rəbbini tapan və
Onu qəlbində sakin edən, Onun peyğəmbərini (həz.Məhəmmədi)
sevən Puşkində dini mövzuların bəsit şəkildə
şəxsiləşdirilməsi, adiləşdirilməsi
olmadığı üçün o, "Üç
Üçnum"a xas olan "Allahı peyğəmbər,
peyğəmbəri Allah" səviyyəsində təqdim
etməyib.
Şair bir fərd və
bədii obraz kimi əsərlərində tərənnüm
etdiyi ilahi anlayışlar və ilahi məqamla özü
arasında məsafəni həmişə gözləyib.
Dini mövzuların həqiqi inanc, ədəbi
etika və istedad tələb edən həssas və məsuliyyətli
məsələ olduğunu dərk edən Puşkini dahi edən,
ona ümumbəşəri sevgisi qazandıran da məhz bu məsafə,
yerini bilmək məharəti olub. Başqa cür ola da bilməzdi. Çünki
Xaliq və Onun Rəsulu qarşısında kiçiləni
Xaliq həmişə ucaldaraq xalqa sevdirib.
Puşkinin şəriksiz
Yaradana, Onun peyğəmbəri həz.Məhəmmədə
sevgisi və müsəlmanlara xoş münasibəti sonraki
dahilər üçün bir nümunə olub. Fikrimizi
L.Tolstoyun (1828-1910): "Lütfən, mənə xeyirxah
müsəlman kimi baxın, onda hər şey gözəl
olacaq"; A.Fetinin (1820-1892): "... Mən sevirəm və
heç kim - Fatimə özü də -
Peyğəmbəri bundan güclü sevməyib";
Y.Polonskinin (1819-1898) yüksək romantik pafosla
yazdığı və "Ey bərəkətli müqəddəs
su!" misrası ilə başlayan "Məhəmməd dəstəmazqabağı"
şeiri sübut edir. Nəinki Quranla, hətta təfsirlərlə
tanış olan Nobel mükafatı laureatı İ.Bunin
(1870-1953) isə bəzi Quran surələrinin ilk ayəsi olan
"Əlif, Ləm, Mim"i Allahın sirri olduğunu və
heç kimin onu bilmədiyini belə qələmə
alıb: "Sus, sus!...Allahdan başqa Allah
yoxdur.! Sirdən güclü güc yoxdur!"
Rəbbimizin Quranda həz.Peyğəmbərə
ünvanladığı: "Həqiqətən, Biz sənə,
Kövsər bəxş etdik! Ona görə də Rəbbin
üçün namaz qıl və qurban kəs! Sənin
düşməninin özü sonsuzdur! (Kövsər 1-3) kəlamı
işığında Bunin "Kövsər" şerini
yazıb:
"...Bütün
çayların çayı, lacivərd Kövsər,
Və bütün dünyaya,
bütün soylara və ölkələrə
Rahatlıq vəd
edir. Döz, dua et və inan."
Beləliklə,
Puşkinin yaradıcılığının qısa təhlili
sübut edir ki, o, bəzi ədiblərdən fərqli olaraq
Allaha, Onun sonuncu Peyğəmbərinə iman gətirməklə
yanaşı, İslam dünyasına xoş münasibət bəsləyən
saleh şair olub. Həm imansız şairlər və həm
də 200 il bundan qabaq erməni xislətini açan Puşkin
və onun kimi imanlı şairlər barəsində Rəbbimiz
buyurub: "(Müşrik və kafir) şairlərə gəlincə,
onlara yalnız azğınlar uyar!... Ancaq
iman gətirib yaxşı işlər görən, Allahı
çox zikr edən və zülmə uğradıqdan sonra
intiqamını (haqqını) alan şairlərdən
başqa..." (Şuara 224,227)
Vaqif
CƏLİLOĞLU,
T.e.üzrə
fəlsəfə doktoru
Bakı
xəbər.- 2013.- 6 may.- S. 15.