Ekoloji təmizlik uğrunda
dövlət siyasəti və ictimai maraq tələbləri...
Azərbaycanda ekoloji vəziyyətin normal hala gətirilməsi tədbirləri davam etdirilir. Dövlət səviyyəsində bu sahəyə diqqət və qayğının miqyası günü-gündən artırılır. İctimaiyyətin böyük razılıqla qarşıladığı bu tədbirlər öz effektini verməkdədir. Bəllidir ki, ekoloji maariflənmə istiqamətində də xeyli işlər görülüb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi bu məsələyə ictimaiyyətin diqqətini daha da artırdı. Ekoloqlar hesab edir ki, son zamanlar Azərbaycan dövlətinin bu vacib sahəyə diqqət ayırması ictimaiyyətin maraqlarını müdafiə edir.
Ekoloq Sevda Sahiblinin verdiyi məlumata görə, Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyev ekologiya məsələlərinə dövlətimizin xüsusi önəm verdiyini qeyd edib: "Azərbaycan dövlətinin ekologiya sahəsinə ayırdığı diqqət, həyata keçirilən beynəlxalq tədbirlər təqdirəlayiq haldır. Azərbaycan Respublikasının dövlət siyasətində ekoloji problemlərin həlli əsas istiqamətlərdən birini təşkil edir. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib. O, Nazirlər Kabinetində keçirdiyi məlum tədbirdə "Ekologiya ili"nin elan edilməsi ilə bağlı fikirlərini açıqlayıb. Dövlət başçısı bildirib ki, burada məqsəd bu sahəyə həm ictimaiyyət, həm də dövlət qurumlarının diqqətini yönəltməkdir: "...Buna nail olduq. Biz bu təşəbbüsləri növbəti illərdə davam etdirməliyik". İ.Əliyevin fikirləri bu gün özünü əməli işdə doğruldur. Son illər, doğrudan da, ölkəmizdə ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər davamlı xarakter alıb. Ümumiyyətlə, bütün dünyada bu məsələ xüsusi diqqət mərkəzindədir. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bu istiqamətdə əhəmiyyətli layihələr reallaşdırır. Söz yox ki, Azərbaycanda ekoloji problemlərin həlli ölkə rəhbərliyinin daim diqqətindədir".
S.Sahiblinin dediyinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı təsdiq edib. Dövlət əhəmiyyətli bu mühüm sənəddə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulduğunu deyən S.Sahibli bildirdi ki, müəyyən zaman içərisində pozulan ekoloji tarazlıq qaydasına düşəcək: "Cənab Prezidentin ekoloji problemlərə bilavasitə aid olan "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Hidrometeorologiyanın inkişaf proqramı", "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair" proqramların qəbul edilməsilə bağlı verdiyi sərəncamlar ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayıb. Dövlət başçısının "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncamı isə Abşeronda ekoloji problemlərin həllinə əsaslı stimul yaradıb. Azərbaycanda ətraf mühitin qorunması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Hətta, onlar ölkəmizdə 2010-cu ilin "Ekologiya ili" elan olunmasını "Ekologiya ili yaşıl dünya naminə" devizi altında qəbul edirlər. Bunu obyektiv yanaşma kimi qəbul etmək olar. Çünki son illər Azərbaycanda ətraf mühitin qorunması istiqamətində böyük işlər görülür və bu işlər, xüsusən də yeni yaşıllıqların salınması tək Azərbaycan üçün deyil, dünyada gedən yaşıl hərəkata böyük bir töhfədir. "Ekologiya ili" ilə bağlı çoxsaylı layihələr həyata keçirilib. 2010-2014-cü illər üçün əlavə tədbirlər planı hazırlanıb. Tədbirlər planı Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və ARDNŞ ilə birlikdə həyata keçirilir. Azərbaycanda irimiqyaslı yaşıllaşdırma işi həyata keçirilir. Qanunsuz meşə qırılmasının minimuma endirilməsi, meşə əkini işinin genişləndirilməsi, yaşıllıq ərazilərin bərpası istiqamətində görülən işlər nəticəsində son 10-12 ildə Azərbaycanda meşə örtüyü 0,4 faiz artıb. Bu günə qədər 72 min hektar yeni meşə sahəsi salınıb. "Ekologiya ili"nin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, meşəsalma işləri tək meşələrin ənənəvi bitdiyi yerlərdə aparılmır. Yaşıllaşdırma işləri ağacların çətin bitdiyi ərazilərdə də aparılır. Abşeron yarımadası və onun ətrafında bu işə xüsusilə böyük diqqət yetirilir. Bu işin həyata keçirilməsində iki yanaşma mövcuddur. Onlardan biri Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün yaşıllıqların artırılması və yeni müasir yolların kənarlarında 10-15 cərgəlik meşə zolaqlarının yaradılmasıdır ki, artıq bu, həyata keçirilir. Yeni ağaclara göstərilən qulluq və suvarma sisteminin yaradılması sayəsində yeni əkilən ağacların 80-85, bəzi yerlərdə isə 95 faizi inkişaf etməyə başlayıb".
S.Sahiblinin dediyinə görə, əvvəlki illərdə aeroport və Ələt-Astara yollarının, eləcə də Heydər Əliyev prospektinin ətrafında aparılan yaşıllaşdırma işinə əlavə olaraq 7-8 iri layihə həyata keçirilib: "Binədəki ticarət mərkəzlərinin yeri 1,5 metr qalınlığında tullantılardan ibarət idi. 1 milyon kubmetrədək tullantı yığışdırılıb. Əvəzində ora daxili imkanlar hesabına 1 milyon kubmetrə qədər münbit torpaq və gübrə daşınıb. Hazırda həmin ərazidə çoxlu sayda ağac, o cümlədən zeytun ağacları əkilib. Suvarma sistemi qurulduğu üçün ora yaxşı qulluq göstərilir. Bakının Bayıl yamacında aparılan yaşıllaşdırma işləri də diqqətəlayiqdir. Həmin ərazidə 60 hektarda yaşıllıq damcılı suvarma ilə suvarılır. Həmin ərazidə geoloqların nəzarəti altında suvarma sistemi qurulub. Bakı-Qazax magistral yolunda, Atbulaq-Hacıqabul ərazisində yüksək səviyyədə yaşıllaşdırma işləri aparılıb. Ələt-Atbulaq ərazisində xeyli iş görülüb. Bununla belə, kanalizasiya sistemi olmadığından, yaşıllıqların suvarılmasında müəyyən problemlər hələ də qalmaqdadır. Bakı-Astara yolunda da işlər sürətlə aparılır. Burada təxminən 50 hektarlıq ərazidə yeni ağaclar əkilib, suvarma sistemi yaradılıb. Eyni zamanda, Bakı-Quba yolunda da işlər davam etdirilir. Əlavə olaraq 80 hektarlıq ərazidə yaşıllıqlar salınacaq. İşlər Bakı-Şamaxı yolunda da davam etdirilir. Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində sınaq işləri başlanıb. Uzun illər neftayırma zavodlarının tullantıları gölün ərazisinə atılıb. Buradakı göllərin və gölməçələrin bir çoxunun qurudulması, yerində isə yaşıllıqların salınması nəzərdə tutulub. Zooloji Parkın yaradılması istiqamətində görülən işlər də əhəmiyyətlidir".
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun bununla bağlı müxtəlif rəylər səsləndirdiyini nəzərə çatdıran ekspertin sözlərinə görə, nazir bildirib ki, ekoloji vəziyyətlə bağlı görülən işlərin miqyası günü-gündən artacaq: "Nazir əsasən Zooloji Parkda olacaq heyvanlardan danışıb. Nazir deyib ki, heyvanlar açıq havada yaşamalıdır, onların qəfəsdə yaşaması yaxşı hal deyil. Onun sözlərinə görə, heyvanların qəfəslərdə saxlanması arzuolunmazdır".
Nazir deyib ki, kənardan baxan insanlara da bu pis təsir bağışlayır. Dəfələrlə bununla bağlı xarici ölkələrdən məktublar almışıq. Bütün bunları nəzərə alaraq Güzdək kəndinin yaxınlığında 55 hektarlıq ərazidə yeni Zooloji Park yaradılıb. S.Sahiblinin dediyinə görə, bundan başqa, dəniz suyunun duzsuzlaşdırılması layihəsi də reallaşıb: "Bizim su ehtiyatımız Qafqazın ümumi su ehtiyatlarının cəmi 10-15 faizini təşkil etməsinə baxmayaraq, onlara ehtiyatla və qənaətlə yanaşılsa, uzun illər ölkəmizin inkişafını təmin edəcək. Biz çaylarımızı təmiz saxlamalı, yeraltı sularımızı çirklənmədən qorumalı, ümumiyyətlə, mövcud su ehtiyatlarımıza qayğı ilə yanaşmalıyıq. O cümlədən, Xəzər dənizi tükənməz su ehtiyatı olduğundan, bu suyun şirinləşdirilərək istifadəsinə hazır olmalıyıq. Xəzərin suyundan içmək üçün deyil, təsərrüfat ehtiyaclarını ödəmək üçün istifadə etmək nəzərdə tutulur. Ümumiyyətlə, "Ekologiya ili"nin bu sahədə problemlərin həllində əsaslı dönüş ili olacağı barədə verilən proqnozlar özünü doğruldub. Abşeronda əlverişli ekoloji mühitin yaradılması istiqamətində görülən işlər xüsusilə diqqətəlayiqdir. Bakı buxtasının təmizlənməsi ilə bağlı həyata keçirilən tədbirlər artıq buranın tamamilə yeniləşməsinə gətirib çıxarıb. Hələ bu sahədə ciddi tədbirlərin görülməsi nəzərdə tutulur. Biz elə etməliyik ki, Bakı və Abşeron yarımadasının bütün ekoloji problemlərini tezliklə həll edək. Bu istiqamətdə görülən işlərin sürəti onu deməyə əsas verir ki, yaxın vaxtlarda problem əsaslı şəkildə həll olunacaq, Bakı və Abşeron yarımadası, eyni zamanda, bütövlükdə ölkəmiz ekoloji cəhətdən təmiz diyara çevriləcək".
S.Sahibli Azərbaycanda meşələrin mühafizəsilə bağlı da fikirlərini bildirdi. Onun dediyinə görə, bu sahədə də xeyli işlər görülür: "Azərbaycanın ümumilikdə meşə ilə örtülü əraziləri 0,4 faiz artaraq, 11,8 faizə çatıb. Bu əsasən təbii bərpaya dəstəyin əsasında təmin olunub. Son illər meşə ərazilərinin hasarlanması prosesi həyata keçirilib. 52 min hektardan çox meşələr Dövlət Meşə Fonduna qəbul olunub. Bütün bunların nəticəsində qeyd etdiyimiz irəliləyiş əldə olunub. O da bildirildi ki, meşələrin qırılması hər kəsi narahat edən məsələlərdəndir. Görülən tədbirlər sayəsində bu sahədə də müəyyən nəticələr əldə olunub. 2010-cu ildə 34 min km, ərazidə qanunsuz qırıntı qeydə alınıb və qarşısı alınıb. Əgər vaxtında bu hallar aşkarlanmayıbsa, məsuliyyəti meşə gözətçisi daşıyır. Hüquq-mühafizə orqanlarına ekoloji hüquqpozmalarla bağlı göndərilən işlərin 30 faizi meşə qırıntıları ilə bağlıdır. Çoxlu sayda ağacların yetişdirilməsi təmin olunur. Meşəsalma prosesində istifadə olunan ağacların 90-95 faizini meşə təsərrüfatı işçiləri yetişdirir. Bu işlər çox ucuz başa gəlir. Dövlətin ayırdığı vəsaitlər hesabına bu işlər görülür. Amma o vəsaitlərin müqabilində yetişdirilən ağacların sayı kəskin artıb. Son üç ildə təxminən 5 milyondan artıq ağac yaşıllaşdırma kampaniyasında iştirak edən ayrı-ayrı müəssisələrə paylanıb. Bir neçə ildir ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bu müddət ərzində həmin Cəmiyyətə aid olan ərazilərdə 13 milyondan artıq ağac əkilib. Abşeron yarımadasında ağacların əkilməsi əsasən suvarma sistemlərinin qurulması ilə müşahidə olunur..."
əvvəli və ardı var
İradə SARIYEVA
Bakı Xəbər.-2013.-16
may.-S.15.