Məscid bərpası sahəsində
dövlət siyasəti və ictimai mənafelər
- Şamaxı...
Hər bir insanın daxilində Allaha böyük inam olarsa, o özünü daha yaxşı ifadə edə bilər. Azərbaycanda hər zaman Allaha, onun müqəddəs kitablarına, əziz bildiyi insanlara, pir və ocaqlara, məscidlərə tükənməz sevgi olub. Bu gün də o sevgi, hörmət, etiqad insanların həyatının bir parçasına çevrilib. Tarixən qəlbi Allah eşqilə çırpınan, daxilən, mənən Allaha bağlı olan şəxsiyyətlər, dini müqəddəslər, övliyalar xalqın ürəyində yaşayıb. El-oba əziz və müqəddəs bildiyi insanların qəbri üstündə türbələr, günbəzlər inşa etdirib, oranı ziyarət yerinə, ünvanına çevirib.
Müasir Azərbaycan ərazisində yüzlərlə belə məkanlar mövcuddur. Məlumdur ki, yüzilliklər uzunu camaat Tanrı sevgisi yaşayan bu ocaqları and yeri bilib. Əslində o ziyarətgahları xalq yaşadıb. İctimaiyyətin sevgi və qayğısı ilə əhatə olunan bu yerlər indi dövlətin də qayğısından bəhrələnir. Bir vaxtlar az qala gizlin şəkildə ziyarət edilən bu ocaqlar, pirlər, məscidlər son iyirmi ildə açıq şəkildə kütləvi ziyarətlər olaraq tanınır.
Respublikamızın elə bir bölgəsi yoxdur ki, orada belə ziyarətgahlar, məscidlər olmasın. Azərbaycan torpağı ziyarətgahlar məskənidir. Bu da ondan irəli gəlir ki, ölkə ictimaiyyəti Allaha daxilən bağlıdır, sağlam dini dünyagörüşə malikdir. Azərbaycan insanı Tanrıya sevgisini, etiqadını, ehtiramını və sitayiş istəyini məscid, pir və ocaqlar tikməklə ifadə edib. Söz yox ki, uzun illər Azərbaycanda məscidlərin, insanların Allaha səcdə ünvanı kimi qəbul etdiyi ocaqların bağlanması, onların uşaq bağçalarına, anbarlara çevrilməsi ağrılarını yaşamağa məhkum edildik. Azərbaycanın dini ictimaiyyətinin, eləcə də camaatın gözləri qarşısında məscidlər sökülür, daşlarından yol tikintisində istifadə olunurdu. Bu səhnələr sovet dövründə yaşanırdı. Məscidlərə, ocaqlara qarşı bu cür xoşagəlməz siyasət yürüdülməsi Azərbaycan ictimaiyyətini ciddi narahat edirdi. Təbii ki, ürəyində Allah sevgisi olan hər bir azərbaycanlı bu hadisələri böyük kədər hissilə qarşılayırdı. Bəllidir ki, bu hücumlar və görülən tədbirlər Azərbaycan xalqının iradəsini zəiflədə bilmədi, xalqımız öz dinindən dönmədi, əksinə, öz inancına daha dərin bağlarla bağlandı.
Azərbaycanda dövlət səviyyəsində dinimizə, dini dəyərlərimizə böyük sevgi mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Ancaq bu, Azərbaycan dövlətinini dinimizə, islamı maarifləndirmə işinə verdiyi böyük dəstəyə mane olmur. Azərbaycan dövlətinin din siyasəti çox mütərəqqidir. Vaxt vardı ki, Azərbaycanda məscidlərin, ziyarətgahların təmir və yenidən qurulması sahəsində ciddi çətinliklər yaşanırdı. Allah evlərinin əsaslı bərpaya böyük ehtiyacı vardı. Bu da ictimaiyyəti narahat edirdi. Dövlət ictimaiyyətin bu narahatlığına reaksiya verdi və məscidlər, ziyarət yerləri yenidən quruldu, təmir edildi. Dövlətin din ocaqlarına bəslədiyi qayğının bəhrəsini ictimaiyyətimiz görür və hiss edir. Dövlət səviyyəsində həyata keçirilən bu işlər nəticəsində onlarla məscid bərpa edilərək ümummilli ziyarət yerinə çevrilib. Təmir edilən məscidlərin hər birinin yenidən qurulmasına dövlət büdcəsindən külli məbləğdə vəsait ayrılır.
Azərbaycanda dövlət xəttilə "Bibiheybət", "Təzəpir", "Əjdərbəy" və başqa məscidlər milli memarlıq üslubunda yenidən qurulub.
Bu günlərdə qədim mədəniyyət və mənəviyyat, elm-maarif, ədəbiyyat mərkəzi olan Şamaxı şəhərində Şamaxı Cümə Məscidinin açılış mərasimi olub. İctimaiyyətin böyük maraq və rəğbətlə qarşıladığı bu hadisəyə ölkənin üzdə olan islami maarifləndirmə təşkilatları da müsbət yanaşır.
"Yeni üfüq" İctimai Birliyinin sədri Sevinc Əzimbəylinin sözləringə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məscidlərin, din ocaqlarının yenidən qurulması, təmiri, əsaslı bərpası üçün sərəncamlar verməsi, görülən işləri şəxsən nəzarətdə saxlaması təqdirəlayiq bir haldır: "Azərbaycanın din ictimaiyyəti, eyni zamanda da qəlbən Allaha bağlı inanclı insanları məscidləri, pirləri abad görmək istəyir. Bu yerlərin abadlığı həm Azərbaycan dövlətinə, həm də Azərbaycan ictimaiyyətinə böyük hörmət qazandırır. Dövlətimizin islami dəyərlərlə bağlı həyata keçirdiyi siyasət, bu siyasətin ana xəttini təşkil edən işlər bizlərin ürəyincədir. İndiyə qədər dövlət büdcəsi hesabına neçə-neçə Allah evi abad edilib. Bunlardan biri də bir neçə gün əvvəl dövlət başçımızın da açılış mərasiminə qatıldığı Şamaxı Cümə Məscididir. Bu mərasimdə Qafqaz müsəlmanları müftiləri, islam ölkələrinin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri və din xadimləri də iştirak edirdi. Cümə Məscidinin hazırkı durumu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çox maraqlı bir fikir söylədi. O bu məscidin bərpasını müasir Azərbaycan salnaməsinə daxil olan bir hadisə kimi dəyərləndirdi. Deyim ki, Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə Məscidi yeni həyatına başlayır. Müsəlman aləminin müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə Məscidi milli-mənəvi dəyərlərimizin təbliğində böyük əmək sərf edən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verilib. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə Məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən, quberniyanın mərkəzi Bakıya köçürülüb. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmayıb, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəl memar Zivər bəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlayıb".
S.Əzimbəyli bildirdi ki, Azərbaycan ictimaiyyətinin səcdə yerlərindən olan bu məscid 1918-ci ildə silahlı erməni daşnak dəstələrinin də zülmünə şahid olub. Belə ki, ermənilər tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da həyata keçirilən soyqırım zamanı ən böyük qırğın Cümə Məscidində baş verib.
Məscidin yeni tarixinin Azərbaycan dövlətinin qayğısı ilə sıx bağlı olduğunu deyən S.Əzimbəylinin sözlərinə görə, dövlətin bu siyasəti ictimai maraqların müdafiəsinə yönəlib: "Bu məscidin yenidən qurulması ictimaiyyətin maraqlarının müdafiəsi deməkdir. Bildiyim qədər, Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində Şamaxı Cümə Məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlət başçısı daim diqqətdə saxlayıb. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə Məscidində olub, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılıb. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanmış, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilib. Dövlət başçısı və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlib, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olublar. Dövlət başçısı milli-mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olub, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib. Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. Məscidin orta salonunda eyni vaxtda 1500 nəfər ibadət edə bilər.
Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışında bu məscidin Azərbaycan tarixində xüsusi yeri olduğunu və Azərbaycanın ən qədim məscidi hesab edildiyini deyib: "...
Ancaq bu gün Şamaxı Cümə Məscidi yenidən yaşayır, öz qapılarını dindarların üzünə açmışdır. Azərbaycan dövləti bu məscidin bərpası üçün bütün lazımi tədbirləri görmüşdür. Sovet dövründə təbii ki, məscid fəaliyyət göstərmirdi. 2009-cu ildə mənim tərəfimdən Şamaxı Cümə Məscidinin əsaslı təmiri ilə bağlı müvafiq sərəncam verilmişdir və 2010-cu ildən gərgin işlərə başlanmışdır.
Mən şəxsən hər il burada gedən tikinti-quruculuq işləri ilə tanış olurdum, göstərişlərimi verirdim və əsas məqsəd ondan ibarət idi ki, məscidin tarixi hissəsi qorunsun, saxlanılsın. Bax, bu sütunlar, divarlar tarixi divarlardır... Milli-mənəvi dəyərlər bizim üçün hər şeydən üstündür. Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilmişdir...
Azərbaycan dövləti öz keçmişinə sadiqdir. Azərbaycanda bütün dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu onu göstərir ki, hətta sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməmişlər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlamış və yaşatmışdır..."
Azərbaycan ictimaiyyətinin maraqlarının müdafiəsini təmin edən bu istiqamətdə aparılan siyasət başqa din ocaqlarının timsalında da özünü göstərir...
Ardı var...
İradə SARIYEVA
Bakı
Xəbər.-2013.-20 may.-S.10.