Dini abidələrin mühafizəsinə yönəlik dövlət tədbirləri ictimaiyyətin diqqət mərkəzində...

 

    Azərbaycan xalqı öz qədim mədəniyyəti, tarixidini dünyagörüşü ilə hər zaman başqa xalqlara nümunə olub. Xalqımızın dini dəyərlərinin formalaşmasında böyük şəxsiyyətlərin önəmli rolu olub. Azərbaycanda fəaliyyət göstərən din ocaqları, məscidlər, türbələr, ziyarətgahlar xalqımızın mütərəqqi şəxsiyyətlərinin göstərişilə inşa edilib. Azərbaycanın bütün ərazilərində islam dininin əzəmətli abidələri, yüzillikləri arxada qoyan tarixi məscidlər çoxdur.

   Bu məscidlərin əksəriyyəti sovet illərində baxımsız qalsa da, dövlətimiz müstəqillik əldə etdikdən sonra din ocaqlarının qorunması ilə bağlı yeni qayğı hərəkatına start verilib.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə fəaliyyət göstərən və mövcud olan ziyarətgahların, məscidlərin, din ocaqlarının bərpasına xüsusi diqqət yetirib. Dövlət başçısının bu sahəyə göstərdiyi qayğı respublikamızın inanclı insanlarının rəğbətini qazanıb. Məlumdur ki, dövlət başçımızın gəstərişilə bir neçə din ocağı əsaslı şəkildə yenidən qurulub, təmir-bərpa edilərək dindarların, ölkə ictimaiyyətinin sərəncamına verilib. Onlardan biri də xalqımızın inanc tarixində, islami maarifləndirmə sahəsində böyük rol oynayan Təzə Pir Məscididir. Bu gün paytaxtda Təzəpir Məscid Kompleksi dindarların ziyarət, ibadət yeri kimi diqqəti cəlb edir. Bilirik ki, tikintisinə 2006-cı ildə başlanan Təzəpir Məscid Kompleksi ölkədə ən böyük məsciddir.

   Dinşünas Şahin Ağalarovun verdiyi məlumata görə, bu məscidi XX əsrin əvvəllərində Nabat xanım Aşurbəyli rus çarından icazə alaraq inşa etdirib. Onun ölümü ilə yarımçıq qalan məscidin inşasını daha sonra Nabat xanımın oğlu davam etdirib: "Təzəpir Məscidi 1914-cü ildə artıq məscid kimi fəaliyyətə başlayıb. Üç il fəaliyyət göstərən məscid oktyabr inqilabından sonra bağlanıb və müxtəlif illərdə müxtəlif idarələr kimi fəaliyyət göstərib. 1943-cü ildən sonra isə yenidən məscid statusunu alaraq fəaliyyətini bu günə kimi davam etdirir. Təzəpir Məscid Komrleksində məscid və Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası ilə yanaşı, konfrans zalı, ölüxana, yas və kəbin mərasimlərinin keçirilməsi üçün zallar var. Bu kompleksin yenidən qurulması işinin səbəbkarı və himayədarı cənab Prezident olub. Onun göstərişilə 2006-cı ildən burada təmir işlərinə başlandı. 2011-ci ildə isə təmir bitdi. Kompleksin tərkibində olan məscidin içərisi əsaslı təmir edilib. Burada qadın və kişilərin ayrı-ayrılıqda namaz qılması üçün xüsusi böyük otaqlar var. Həmin otaqlarda 750 nəfər rahatlıqla namaz qıla bilər. Həmçinin, məscidin həyətində də namaz qılmaq üçün hər bir şərait yaradılıb. Məscidin günbəzinin, eləcə də minarəsinin bəzədilməsində 24 əyarlıq qızıldan istifadə olunub. Həmçinin, Təzəpir Məscid Kompleksində 400 nəfərlik konfrans zalı da fəaliyyət göstərir ki, orada keçirilən tədbirləri internet vasitəsilə dünyanın istənilən ölkəsində də izləmək mümkündür. Məscid Kompleksində 5 mindən artıq kitabın saxlandığı kitabxana da fəaliyyət göstərir. Bu kitabların əksəriyyəti demək olar ki, əlyazmalardır. Həmin əlyazmaları azərbaycanlı ədiblər ərəb dilində yazıblar. Ərəb dilində yazılan qədim Quran kitablarının əksəriyyətinin vərəqləri yumurta sarısı ilə rənglənib ki, vaxt ötdükcə yazılar pozulub silinməsin. Quran kitabları ilə yanaşı, İslam hüququ, fəlsəfəsi, tarixi və digər kitabları da tapmaq olar. Həmçinin, kitabxanada İvrit dilində yazılan Tövrat, habelə gürcürus dilində yazılan İncil də saxlanır ki, bura gələn insanlar dini cəhətdən rahat mütaliə apara bilsinlər. Təzəpir Məscid Kompleksinin tərkibində Bakı İslam Universiteti də fəaliyyət göstərəcək. Burada 350 tələbə rahatlıqla dərs keçə bilir".

   Qeyd edək ki, Prezidentin müqəddəs yerlərimizin bərpası ilə bağlı verdiyi fərmana əsasən, Bakıda yerləşən dörd məsciddə nəhəng memarlıq işləri aparılıb. Bu məscidlərdən biribildirdiyimiz kimi Təzəpir Məscididir. Ümumi ərazisi 7600 kvadrat metr olan kompleksin 6000 kvadrat metrində yenidənqurma işləri aparılıb.

   Ş.Ağalarov dedi ki, təmirə qədər Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yerləşdiyi bina birmərtəbəli olmaqla yanaşı, həm də yöndəmsiz idi. Təzəpir Məscidinin interyerinə sovet hakimiyyəti qurulandan sonra yad elementlər vurulub: "Məsələn, məsciddən kinoteatr, anbar kimi istifadə olunduğundan, ulduzlar yapışdırılmışdı. Bərpa zamanı onların hamısı sökülüb. Tikililərdə gözəl naqqaşlıq elementlərindən istifadə olunub. Bu işdə xalçaçı Eldar Mikayılzadənin böyük zəhməti var. Məscidin mehrabı bir az bəsit olduğundan, onu da gözəlləşdirdik və yonma detallar əlavə etdik. Yuxarı pəncərələrin şüşə hissəsini dəyişməklə bərabər, ön tərəfdən şəbəkə elementləri qoyulub. Beləliklə də, interyer gözəlləşib. Məscidin qadınlar üçün nəzərdə tutulan hissəsində milli ornamentlər əsasında böyük şəbəkələrin işlənməsi nəzərdə tutulub. Məscid Kompleksinin içi ən müasir texnologiya ilə qızdırılır. Tikilinin giriş qapısı da oyma ilə işlənərək sanki gözəl sənət əsəri yaradılıb. Məscidin günbəzini çıxmaq şərti ilə bütün işlər yerli sənətkarlar tərəfindən yerinə yetirilib. Onu da qeyd edək ki, reabilitasiya zamanı məscidin əvvəlki quruluşu olduğu kimi saxlansa da, memarlıq quruluşunu tamamlamaqbir sıra problemlərə son qoymaq üçün bəzi əlavələr də edilib. Məsələn, məscidə qadınların girişi üçün nəzərdə tutulan pilləkən narahat olduğu üçün onun yeri dəyişdirilərək içəri hissəyə salınıb".

   Ş.Ağalarovun sözlərinə görə, Azərbaycan dövlətinin həyata keçirdiyi bu işlər Azərbaycan ictimaiyyəti tərəfindən təqdirəlayiq bir hal kimi qiymətləndirilir: "Dövlət başçımız sağ olsun, məscidləri, ziyarətgahları xalqın istəyinə uyğun bərpa etdirir. İctimaiyyət onun bu addımlarını bəyənir. Bu gün neçə-neçə məscid təmir-bərpa edilərək ictimaiyyətin ibadət yerinə çevrilib. Azərbaycan xalqı qədirbilən xalqdır. Onun illər uzunu mühafizə edib qoruduğu bu abidələri indi də dövlət qoruyur, dövlət onların qeydinə qalır. Bu, dövlət və ictimai maraqların müdafiəsi istiqamətində görülən çox dəyərli tarixi işlərdir".

   "Azərbərpa" elmi-tədqiqat layihə institutunun memarı Ədalət Məmmədov bu barədə bildirib ki, artıq uzun illər heç bir təmir işləri aparılmayan məscid təmirə qədər acınacaqlı vəziyyətdə olub: "Vaxtilə məscid tikilərkən Nabat xanım Aşurbəyli-Rzayeva maliyyə məsələlərində çətinlik çəkdiyindən, günbəzin üst hissəsi yarımçıq qalıb. Bundan başqa, məscid tarixən iki eyvanlı tikilsə də, Təzəpir Məscidi müəyyən səbəblər üzündən bir eyvanlı tikilib. Nəticədə minarə ilə günbəzin arasında bir uyğunsuzluq yaranıb. Bu da memarın deyil, çar hökumətinin günahıdır. Bərpa zamanı günbəzə əlavə elementlər qoyaraq bu də tamamlanıb. Dövlət başçısının göstərişi ilə günbəzə xüsusi qızıl təbəqə işlənib. Qızıl təbəqələrin hamısı Almaniyadan gətizdirilib və günbəz türk mütəxəssisləri tərəfindən bəzədilib. Məscidin fasadındakı daşların hamısı yuyularaq, üzə çıxan çatlayan və sınan daşlar bir-bir dəyişdirilərək, əlavə dəmir-beton çəkilib". Söhbətdən bəlli oldu ki, Bakıda ən böyük yeraltı kəhriz məscidin altından keçirmiş. Hələ sovet hakimiyyəti vaxtında Bakıda köhnə univermaq tikilən zaman o kəhriz ortaya çıxır və böyük bir əziyyətlə ona kanalizasiyalar çəkilib. Lakin kəhriz sularının axıntıları həmişə Təzəpir Məscidinin arxa tərəfində bataqlıq yaradırdı. İndi isə həmin torpaqlar təmizlənərək betonlanıb. Bundan əlavə, bir neçə ailəyə kompensasiya ödənilib köçürülməklə məscidin ərazisi də genişləndirilib. Belə ki, əvvəllər birmərtəbəli olan Qafqaz Müsəlmanları Ruhani İdarəsinin yerində indi 5 mərtəbəli bina tikilib. Əlavə olaraq şeyx üçün böyük konfrans zalı və kabinetinşa edilib. Kompleksin 2-ci korpusu mərasim binasıdır ki, bu da insanların dəfn və yas mərasimlərini keçirmək üçün nəzərdə tutulub".

   Ə.Məmmədovun sözlərinə görə, barəsində danışılan korpus Prezidentin təşəbbüsü ilə inşa edilib: "Burada da məqsəd ondan ibarətdir ki, küçələrdə qurulan ehsan mərasimləri qapalı yerdə keçirilsin. Hətta gələcəkdə elə formada qurulacaq ki, imkanı olmayan insanlara yas mərasimlərini yola vermək üçün müqavilə əsasında kreditverilsin. 3-cü korpus isə 250 nəfərin rahat oxuması üçün nəzərdə tutulan 4 mərtəbəli İslam Universitetinin binasıdır. Kompleksin mərkəzində 900 kvadratmetr ərazisi olan və üzərində günbəzi olan ən müasir texnologiya və ən müasir qurğularla təchiz edilən konfrans zalı tikilib. Təmir-bərpa işləri zamanı gigiyena-sanitariya qaydaları da nəzərə alınıb. Kompleksdə məscidin döşəməsindən aşağıda böyük yuyat yeri, qadın və kişilər üçün bir-birindən uzaq məsafələrdə dəstəmazxanalar və qurbangah tikilib".

   Memarın bildirdiyinə görə, istər tikinti, istərsə də təmir-bərpa işləri zamanı Şirvan memarlığının bütün elementlərindən istifadə olunub: "Tikintidə ancaq yonma üsulu tətbiq olunub ki, bu da çox çətindir. Tikililərdə stalaktitlərdən, yəni asma daş elementlərindən də istifadə olunub. Portallar da gözəl yonulub, fasadın özündə 8 bucaqlı sütunlardan istifadə etmişik ki, bunlar da stalaktitlərlə tamamlanır. Məscidin ətrafı isə Ukraynadan gətirilən qranitlə üzlənib. Məscidin fasadı xüsusi özəlliyi ilə seçilən naxışlarla bəzədilib. Oyma naxışlar girişdə daha çoxdur. Burada memarlıq elementləri üstünlük təşkil edir. Daha çox diqqəti məscidin günbəzində daxildən işlənən naxışlar cəlb edir. Ərəb əlifbası ilə Quran ayələrinin yazıldığı günbəz müxtəlif rəng tonlarından hazırlanan naxışlarla bəzədilib".

   Ə.Məmmədov onu da qeyd edib ki, dövlətin din ocaqları ilə bağlı gördüyü işlər bir qədirşünaslıq hadisəsidir. Dövlət başçımızın bu sahəyə xüsusi önəm verməsini yüksək dəyərləndirən memarın sözlərinə görə, Təzəpir Məscidinin yenidən qurulması din ocaqlarına, inanclı insanlara göstərilən qayğının təzahürüdür.

   O da belə düşünür ki, dövlət başçısının din ocaqlarının bərpası ilə bağlı başladığı hərəkat dövlət və ictimai maraqların müdafiəsinə yönəlik böyük bir hadisədir...

 

  əvvəli ardı var...

 

Bakı Xəbər.-2013.-22 may.-S.15.