İctimai mənafelərə cavab
verən daha bir dövlət layihəsi bu dəfə
Sumqayıtda...
Azərbaycanda ictimaiyyətin
maraqlarını təmin edən, insanların həyatını
asanlaşdıran bir sıra xidmət sahələri var ki,
onlar birbaşa dövlətimiz tərəfindən
yaradılıb. Dövlətin ictimaiyyətin
maraqlarının müdafiəsilə bağlı həyata
keçirdiyi tədbirlərin bir qismi bu xidmət
qurumlarının vasitəsilə reallaşır. Axır zamanlar "ASAN xidmət" haqqında
çox danışılır, bu haqda çox eşidirik.
"ASAN xidmət" Bakıdan sonra indi də
Sumqayıt şəhərində fəaliyyət göstərir.
Bu ilin may ayının 3-də
sumqayıtlılar "ASAN xidmət"in
açılışının şahidi olub. Bu
xidmətin açılması yüzlərlə vətəndaşın
həlli çətin olan probleminin aradan qalxmasına səbəb
olub. Sumqayıt sakinlərinin
razılıqla qarşıladığı yeni xidmət
sektorunun fəaliyyətindən hər bir şəhər
sakini istifadə edə bilir.
Məlumdur ki, Azərbaycan
Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
Sumqayıt "ASAN xidmət" mərkəzinin
açılışında iştirak edərək bu sistemlə
bağlı öz qənaətini bölüşüb.
Sumqayıt şəhərində
fəaliyyət göstərən hüquq firmalarından
birində çalışan hüquqşünas Tamilla
Bağırovanın sözlərinə görə, "ASAN
xidmət"in Sumqayıt şəhərində öz
işinə başlaması yüzlərlə vətəndaşın
probleminin çözülməsi deməkdir.
T.Bağırova bildirdi ki, bura müraciət edən hər
bir ictimaiyyət nümayəndəsinin problemi yerindəcə
öz həllini tapır: "Mərkəz bir aya
yaxındır ki, fəaliyyətə başlayıb. 15-25 may
arasında mərkəzə 8 mindən artıq vətəndaş
müraciət edərək müxtəlif xidmətlərdən
yararlanıb. Mərkəzə Sumqayıt sakinləri
ilə yanaşı, Abşeron, Xızı, Siyəzən və
Şabran rayonlarının sakinləri də müraciət
edib və onlara da müvafiq xidmətlər göstərilib.
Bu mərkəzdə bütün xidmət
növləri var. Burada ilk dəfə ölkədə tətbiq
olunan elektron ərizə doldurma aparatı yerləşdirilib.
Mərkəzə müraciət edən vətəndaş
elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər.
"ASAN xidmət" mərkəzinin əsas
prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik,
məsuliyyət, etik davranış qaydalarına nəzarət
və rahatlıqdır. Mərkəz
internetə daim açıq olan kompyuterlərlə təchiz
edilib və vətəndaşların burada bütün
növ elektron xidmətlərdən yararlanması
üçün hər cür şərait yaradılıb.
"ASAN xidmət" mərkəzində vətəndaşların
gözləməsi və vaxtını səmərəli
keçirməsi üçün funksional
yardımçı xidmətlər - bank, sığorta,
hüquqi yardım və tərcümə mərkəzləri,
laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi,
internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət
göstərir. "ASAN xidmət"in
binasında əlillər üçün də bütün
zəruri şərait yaradılıb. Binanın
girişində onlar üçün xüsusi lift
quraşdırılıb. Gözdən əlillərin
sərbəst hərəkəti üçün isə hər
bir mərtəbənin döşəməsinə xüsusi
örtüklər vurulub və lövhələr onların
oxuya biləcəkləri müvafiq hərflərlə
hazırlanıb.
Mərkəzdə, həmçinin,
vətəndaşların qəbulunun elektron növbə əsasında
həyata keçirilməsi üçün ən müasir
avadanlıq quraşdırılıb. Elektron
lövhələr və işarələr vətəndaşların
məlumat əldə etməsini asanlaşdıracaq. Buranın özəl cəhətlərindən biri
budur ki, burada vətəndaşlara könüllülük
prinsipi əsasında xidmət göstərmək
üçün 30 gənc seçilib və onlar təlimlərə
cəlb olunub".
Azərbaycan dövlətinin vətəndaşların
rifahı naminə atdığı addımların müsbət
nəticələrinin birinin də "ASAN xidmət"
olduğunu deyən hüquqşünas bildirdi ki, mərkəzdə
yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil
rabitə, internet, işıq, su, qaz və
digər kommunal xidmətlərinin, kredit və sığorta
ödənişlərinin həyata keçirilməsi
mümkündür: "Mərkəzin
"Çağrı" xidməti vasitəsilə vətəndaş
mərkəzə gəlmədən internet və ya telefonla
bütün xidmət növləri, tələb edilən sənədlər
barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə videomüşahidə
kameraları və rüsumların məbləğlərini əks
etdirən rüsum tablosu da quraşdırılıb.
"ASAN xidmət" mərkəzində 9 dövlət
orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər
nazirlikləri, Əmlak Məsələləri Dövlət
Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət
Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli
Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata
keçirilir. Bundan əlavə, mərkəzdə
vətəndaşlara 22 növ funksional yardımçı
xidmət göstəriləcək. Korrupsiya
hallarının qarşısının alınması, şəffaflığın
təmin edilməsi məqsədilə mərkəzdə xidmət
prosesi fasiləsiz videokamera vasitəsilə qeydiyyata
alınacaq. Xidmət prosesi müasir İP
telefon və İP şəbəkə sistemi ilə təmin
edilib. Xidmətlərin tənzimlənməsi məqsədilə
elektron monitor və elan tabloları qurulub. Xidmətin
"asan.gov.az" internet saytı vasitəsilə vətəndaşlar
üçün "online" növbəyə yazılma,
elektron ərizələr doldurma, sənədləri
müvafiq orqanlara elektron qaydada göndərmə və digər
imkanlar yaradılıb. "ASAN xidmət" mərkəzinin
fəaliyyətinin məqsədi dövlət
orqanlarının hüquqi xidmətlərinin göstərilməsində
vətəndaşların razı salınması, şəffaflığın
təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi,
müasir texnologiyaların, "bir qapı" prinsipinin tətbiqi,
dövlət qulluqçusu-vətəndaş münasibətlərində
yeni düşüncə tərzinin - "dövlət
qulluqçusunun vəzifəsi vətəndaşın
hüququnu təmin etməkdir" yanaşmasının
formalaşdırılmasıdır".
Hüquqşünas
burada səyyar avtobusların da əhaliyə xidmət göstərdiyini
bildirdi. Onun sözlərinə görə, "ASAN xidmət"in
avtobusunda səyyar xidmət konsepsiyasının əsas
komponentləri - alternativ enerji mənbələrindən
istifadə olunması, nağdsız hesablaşmaların və
şəffaflığın təmin edilməsi, vətəndaşların
dövlət orqanlarına etimadının gücləndirilməsi
əksini tapıb: "Bölgələrdə səyyar fəaliyyət
göstərmək üçün "ASAN xidmət"in
şəxsi heyəti və hərəkət vasitələri
şimal və cənub qruplarına bölünəcək. Səyyar qrupların hər biri şəhər və
rayonlarda 15 gündən bir ayadək vətəndaşlara xidmət
göstərəcək. Qrup müvafiq şəhər və
rayona daxil olarkən xidmətlərin həyata keçirilməsi
üçün iki iş günü ərzində nəzərdə
tutulmuş xüsusi məkanlarda yerləşdiriləcək.
Bildiyim qədər
agentliyin xüsusi sifarişi əsasında
Türkiyədə yığılan "Mercedes"
markalı avtobus keyfiyyətli xidmətin göstərilməsi
üçün yüksək zövqlə və bu qəbildən
olan nəqliyyat vasitələrindən fərqli şəkildə
hazırlanıb. İş prosesində sərf
olunacaq elektrik enerjisini avtobusun üzərində
quraşdırılan günəş panelləri təmin edəcək.
Avtobusun üzərində quraşdırılan
böyük monitorda rüsumlar, növbələr, müxtəlif
görüntülər, xidmətlər barədə məlumatlar
nümayiş etdiriləcək. Avtobusda
"ASAN xidmət"in 11 əməkdaşının eyni
vaxtda vətəndaşlara xidmət göstərməsi
üçün hər cür şərait yaradılıb.
Həmçinin, vətəndaşların
yağışlı və ya günəşli havada növbə
tutması üçün avtobusda rahat çadır da var.
Avtobusun qoşqusunda isə "ASAN xidmət" əməkdaşlarının
istirahəti və qidalanması üçün yüksək
şərait yaradılıb".
Qeyd edək ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda
yeni yaradılan və əhalinin bir qisminin tələbatlarını
ödəyən "ASAN xidmət" haqda çox müsbət
fikirlər bildirib: "ASAN xidmət"in yaradılması Azərbaycanda
aparılan ciddi islahatların təzahürüdür. Bu yeni sistemdir. Bu, Azərbaycan
brendidir. Bu, yenilikdir, müasirlikdir, ölkəmizin
inkişafıdır. "ASAN xidmət"in
bir neçə əsas fəaliyyət istiqaməti vardır.
Onların arasında insanlara yüksək səviyyəli
xidmət məsələsi ön plandadır. Bu sistem vasitəsilə xoşagəlməz
halların qarşısı alınır, korrupsiyaya
qarşı mübarizə daha da gözəl səmərə
verir, bürokratiyaya qarşı mübarizə artıq
"ASAN xidmət" vasitəsilə yeni pilləyə
qalxır".
Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının Hüquq-mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
da mətbuata açıqlamasında "ASAN xidmət"in
Azərbaycan dövləti tərəfindən Azərbaycan
ictimaiyyətinin maraqlarının müdafiəsi naminə
yaradıldığını deyib: "...Cənab İlham Əliyevin
andiçmə mərasimində "Mən hər bir Azərbaycan
vətəndaşının Prezidenti olacağam" dedikdə
"dövlət xalq üçün
çalışmalıdır" prinsipini rəhbər
tutaraq xalqın hər bir nümayəndəsinin
qayğısına qalacağını bəyan etmişdir.
Son on il ərzində cənab Prezidentin
gördüyü işlərin hər birində
xalqımız bunun şahidi olmuşdur. "Dövlət
siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır.
Siyasət Azərbaycan vətəndaşının
sosial rifahının, təhlükəsiz
yaşayışının təmin edilməsinə xidmət
etməlidir. Hər şeyi biz Azərbaycan
vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz" deyən cənab
Prezident dövlət tərəfindən vətəndaşlara
göstərilən xidmətin etik davranış
qaydalarına ciddi əməl edilməklə,
süründürməçiliyə, bürokratik əngəllərə
yol verilmədən həyata keçirilməsini hər bir
dövlət qulluqçusunun qarşısında
başlıca vəzifə olaraq qoymuşdur. Məhz cənab
İlham Əliyevin təşəbbüsü ilə
yaradılan "ASAN xidmət" konsepsiyasının əsas
məqsədi də dövlət orqanlarının xidmətlərinin
göstərilməsində vətəndaş məmnunluğunun,
şəffaflığın təmin edilməsi, korrupsiya
hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq
edilməsi, dövlət qulluqçusu-vətəndaş
münasibətlərində yeni düşüncə tərzinin
formalaşdırılmasından ibarətdir. Azərbaycan
Respublikasının Prezidenti yalnız "ASAN xidmət" mərkəzlərinin
coğrafiyasının deyil, həm də mərkəzlərdə
göstərilən xidmət növlərinin sayının
artırılması, daha geniş sahələr üzrə vətəndaşlara
keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi
barədə ciddi tapşırıqlar vermişdir. Həmin
xidmətlər daha aydın olsun deyə onları sadalamaq istərdim:
bank hesablarının açılması, valyuta mübadiləsi,
dövlət rüsumlarının və xidmət
haqlarının, cərimələrin ödənilməsi ilə
əlaqədar bank xidmətləri, avtomobillər və
daşınmaz əmlak üçün könüllü və
icbari sığorta xidmətləri. Hüquqi yardım xidmətləri
- hüquqi məsələlərə dair şifahi və
yazılı məsləhətlər, izahatlar və
arayışlar verilməsi; məhkəmələrə iddia ərizələrinin
verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi;
ərizələrin, şikayətlərin və hüquqi
xarakterli sənədlərin tərtib edilməsi; vətəndaşların
müraciəti əsasında digər növ hüquqi
yardım göstərilməsini əhatə edir. Eyni anda həm
sadə vətəndaşlarımız, həm də iş
adamlarımız "ASAN xidmət" mərkəzlərindən
öz məqsədlərinə uyğun faydalana biləcək.
Bir məsələni də qeyd etmək istərdim.
"ASAN xidmət" mərkəzlərinin
bütün ölkəni əhatə etməsi bir neçə
ilə mümkün olacaq. Lakin bu o demək
deyil ki, ölkənin digər regionları "ASAN xidmət"dən
faydalana bilməyəcək. Bununla əlaqədar
cənab Prezidentin tapşırığı əsasında
xidmətlərin göstərilməsi üçün zəruri
müasir texnoloji avadanlıqlarla təchiz edilmiş xüsusi
avtobuslar iyun ayından etibarən ölkənin şəhər
və rayonlarında səyyar formada əhaliyə xidmət
göstərəcək".
Azərbaycan ictimaiyyətinin
maraqlarının müdafiəsinə böyük şərait
yaradan Azərbaycan dövləti onların
qayğılarını yüngülləşdirməkdə,
problemlərini həll etməkdə geniş fəaliyyət
göstərir. "ASAN xidmət" kimi
qurumların açılması ictimai maraqların müdafiəsinə
tərəf atılan çox dəyərli bir
addımdır.
İradə SARIYEVA
Bakı Xəbər.-2013.-30
may.-S.15.