Dini etiqad azadlığının tənzimlənməsi sahəsində dövlət siyasəti, ictimai maraqlar məsələsi və bəzi təriqətlərin sui-istifadə meylləri...

 

   Azərbaycanda dini etiqad azadlığının dövlət və ictimai səviyyədə qorunduğu bəllidir. Qanunlarımız da sağlam dəst-xətti olan, ictimaiyyət arasında heç bir ayrı-seçkilik yaratmayan dinlərə, təriqətlərə fəaliyyət göstərmələri üçün icazə verir.

   XX əsrin sonlarından başlayaraq Azərbaycanda xaricdən gələn missionerlərin sayı artmağa başladı. Ölkəmizə müxtəlif islamqeyri islami təriqətlər, sektalar, dini icmaların axını baş verdi. Bu da sözsüz ki, özü ilə dağ boyda problemlər gətirdi cəmiyyətimizə. Bu sektaların, təriqətlərin bizim mənəviyyatımıza, inancımıza, dinimizə vurduğu zərər çox böyükdür.

   Ölkəmizdə fəaliyyət göstərən bir sıra dini icma və təşkilatların müvafiq qurumlarda qeydiyyata alınması onların daha da fəal olmasına səbəb oldu.

   Bir sıra təriqətlərin nümayəndələri də dövlətin tolerantlığından, qanunlarımızın dini dözümlülük aşılamasından sui-istifadə etməyə başladılar. Bu gün Azərbaycanda fəaliyyət göstərən təriqətlərin müəyyən Azərbaycan cəmiyyətinə zərər vurmaqla, mənəvi dəyərlərimizi sıradan çıxarmağa cəhd göstərir.

   Azərbaycanda həm Konstitusiyamızda, həm də "Dini Etiqad Azadlığı Haqqında" Qanunda bu dini icmaların bəlli qaydalar çərçivəsində fəaliyyətinə icazə verilir, onların bu qanunlardan, dini tolerantlıqdan sui-istifadəsinə isə icazə verilmir.

   Ancaq bəzi təriqətlər sui-istifadə məsələlərində lap yarışa giriblər. Təbii, Azərbaycan ictimaiyyətini bu sekta və təriqətlərin tolerantlıqdan sui-istifadə etməsi halı ciddi düşündürür. Onlar hesab edir ki, ölkəmizdəki dini tolerantlıq mühitini pozmaq istəyən qüvvələr zərərsizləşdirilməlidir. Keçən yazımızdan da bildiniz ki, bəzi xristian və müsəlman təriqətləri ölkədəki tolerantlıqdan çox ciddi sui-istifadə edirlər.

   Son illər ictimaiyyətin narazılıqla qarşıladığı "Yahovanın şahidləri" dini icmasıdır ki, onun fəaliyyətində müşahidə edilən bəzi neqativliklər dini tolerantlıqdan sui-istifadə halı kimi qiymətləndirilir. Bildirək ki, bu dini icmalar müxtəlif təbliğatları ilə ictimaiyyət arasında təşviqat aparırlar. Onu deyək ki, "Yahovanın şahidləri" dini icması 2002-ci il fevralın 7-də dövlət qeydiyyatına alınıb ("Dini Etiqad Azadlığı haqqında" Qanuna əlavə və dəyişikliklər edildikdən sonra hələlik bu sekta ikinci qeydiyyata alınmayıb). Dini icmanın fəaliyyəti daha çox Azərbaycanın iri şəhərlərində özünü göstərir.

   "Yahovanın şahidləri" dini icmasının zərərli fəaliyyəti uzun müddətdir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının nəzarətindədir. Hətta dəfələrlə olub ki, "Yahovanın şahidləri" icmasının üzvləri dini toplaşma qaydalarını pozaraq öz məqsədlərini həyata keçirməyə cəhd göstərib. Bu halda yerli polis onların fəaliyyətinə əngəl törədib. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda mövcud olan dini tolerantlığı görmürlər, ya da görmək istəmirlər. Azərbaycan dövlətinin milli, dövlətçilik və ictimai maraqlarına zidd olan istənilən zərərli təbliğatın qarşısı alınmalıdır ki, ondan daha çox insan zərər çəkməsin. Fakt budur ki, bəzi təriqətlər, icmalar tolerantlıqdan öz məqsədlərini həyata keçirmək üçün yararlanmaq istəyir.

   Dinşünasların bir çoxu hesab edir ki, heç bir dini təşkilatın Azərbaycan qanunvericiliyinin tələblərini pozmağa haqqı yoxdur. Amma hazırda buna ciddi cəhd edən qruplaşmalar mövcuddur.

   Dini Qurumlarla İş üzə Dövlət Komitəsinin sabiq sədri, ilahiyyatçı professor Rafiq Əliyev "Yahovanın şahidləri" dini icmasının fəaliyyətində, nizamnaməsində bəzi zərərli məqamları şərh edib. İlahiyyatçı bu məqamların Azərbaycanda mövcud olan tolerant mühiti pozmağa yönəldiyini qeyd edib. O deyib ki, "Yahovanın şahidləri" Azərbaycan qanunvericiliyinin əksinə olaraq hərbi xidmətdən imtinanı təbliğ edir: "Onlar insanın əlinə silah götürməsini günah sayır. Buna baxmayaraq, o zaman "Yahovanın şahidləri" dini icmasının qeydiyyatını ləğv etmək mümkün olmadı. "Yahovanın şahidləri" dünya səviyyəsində nüfuza malik dini təşkilatdır. Hətta Moskvada onların fəaliyyətini məhdudlaşdıra bilmədilər. Moskvada bu təşkilatın bir ildən çox məhkəməsi davam etdionlar çəkişməni uddular".

 

   Rafiq Əliyev həmçinin onu da qeyd edib ki, "Yahovanın şahidləri" dini icmasının üzvləri kitabları, təbliğat vasitələrini götürüb ev-ev gəzir, onları insanlara verib qurumu təbliğ edirlər: "Qanunvericiliyə görə isə belə təbliğat qadağandır. Yaxud küçədə birini saxlayıb onu kitabları oxumağa məcbur edirlər. Bu da psixoloji təzyiqdir. Kitabların üstünə mayka, qələm, yaxud digər həvəsləndirici vasitələr qoymaqla dini ədəbiyyat yayımı qanunla qadağandır. "Yahovanın şahidləri" bu yollarla təbliğat apardıqlarına görə tez-tez saxlanır".

   R.Əliyevin də qeyd etdiyi bu məqamları gündəlik həyatımızda görürük. Bu sektanın üzvləri qanunvericiliyə zidd olaraq qapı-qapı gəzir, öz təbliğatlarını həyata keçirir.

   Dinşünas Şahin Ağalarovun dediyinə görə, qeydiyyata alınan dini təşkilatlar yalnız qeydiyyatdan keçdikləri hüquqi ünvanlarda fəaliyyət göstərməlidir: "Hansı təriqətə mənsubluğundan asılı olmayaraq, dini qurumlar yalnız qeydiyyatdan keçdikləri hüquqi ünvanlarda fəaliyyət göstərməlidir. "Yahovanın şahidləri" dini icmasının hüquqi ünvanı Bakı şəhəri olmaqla 2002-ci ildə dövlət qeydiyyatından keçib. Lakin icma mənsubları Azərbaycanın müxtəlif bölgələrində dini fəaliyyətlə məşğul olduqlarından, hüquqi məsuliyyətə cəlb edilib. "Dini Etiqad Azadlığı Haqqında" Qanunun 12-ci maddəsinə görə, dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən ibadət yerlərində fəaliyyət göstərə bilər". Bu, qanunda göstərilən məsələdir. Bu adamlar qanuna əməl etmək istəmir. Harda gəldi təbliğatla məşğul olmaq tolerantlıqdan sui-istifadədir. "Yahovanın şahidləri" (ehovahs Witnesses, 1931-ci ilə qədər "Müqəddəs Kitab tədqiqatçıları" icması adlanıb) beynəlxalq dini təşkilatdır. Təşkilatın özünün hesablamalarına görə, 2011-ci ilə dünyada üzvlərinin sayı 7 milyon 700 min nəfərə yaxındır.

   Azərbaycanda bu təşkilatın müxtəlif bölgələrdə, o cümlədən ölkənin ikinci böyük şəhəri Gəncədə tərəfdarları var. 2010-cu il iyunun 30-da Gəncədəki "Yahovanın şahidləri" dini icması qeydiyyata alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət etsə də, ərizəsinə cavab almayıb. Xristian dini icmalarının Azərbaycanda fəaliyyəti üçün həm qanunvericilik, həm də dini mühit baxımından normal şərait mövcuddur. Ancaq bu şəraitdən sui-istifadə halları da çox yayılıb. Mən bu qurumun da, başqa bəzi dini təşkilatların da fəaliyyətini çox zərərli sayıram. Hesab edirəm ki, onların qanunlara, xüsusən də tolerantlıq ab-havasına xəyanət etmələri, dini dözümlülükdən sui-istifadə hallarına yol vermələri bu zərərli fəaliyyətin göstəriciləridir. Təbii, onlar hər zaman dövlət orqanları tərəfindən nəzarətdə saxlanmalıdır ki, gələcəkdə daha böyük təhlükə yarada bilməsinlər. Dini qruplaşmaların fəallaşmasına yol vermək olmaz".

   Xristian təriqətlərinin bir çoxu kimi "Yahovanın şahidləri" də Azərbaycan qanunlarına riayət etmək istəmir. Onun sözlərinə görə, "Yahovanın şahidləri" xristian-sinkretist hərəkatıdır. Hərəkatın əsasını 1896-cı ildə Çarlz Teyz Rassel (1852-1916) qoyub. Hərəkatın adı "İncil"dəki "Siz mənim şahidlərimsiniz - deyir Yahova" cümləsindən götürülüb: "Hərəkatın lideri Rassel isə fikirlərinin cəlbedici görünməsinə və özünü ideal göstərməsinə rəğmən, ən alçaq hərəkətlərinə görə dəfələrlə mühakimə olunub. O, ilk dəfə 1879-cu ildə ailə qurduğu Mariya Françiz tərəfindən özündən razılığa, müştəbehlik, qadın düşkünlüyü və əxlaqsızlıqda ittiham olunaraq məhkəməyə verilib. Məhkəmə zamanı Rassel övladlıq qızı olan Roz Boll ilə cinsi münasibətlərini etiraf edib. Lakin bu heç də hamısı deyil. O, əxlaqsızlığı ilə yanaşı, yalançılıqda da dəfələrlə ittiham olunub. Hətta ittihamlar arasında "həddən artıq bol məhsul verən" bir ovuc "möcüzəvi buğda"nı 60 dollara sadə adamlara satmaqla camaatı aldatmaq kimi ittiham da var. İndiyədək dünyanın müxtəlif ölkələrində əməllərinə görə minlərlə "Yahova şahidləri" həbs edilib, sürgün olunuböldürülüb. "Yahovanın şahidləri"nin maraqlı psixoloji üsulları və təsir metodları var. Məsələn, qorxu içində saxlamaq, və mənfəət qazanmaq üçün şərait yaratmaq, aylıq əməkhaqqı vermək və digər maddi vasitələrlə insanları cəlb etmək və s. Onların inancına görə, Tanrı təkdir və onun adı Yehovadır. Din yalnız "Yahovanın şahidləri"nə məxsusdur, digər dinlər saxtadır. Ağızdan və ya hər hansı başqa yolla bədənə qanın qəbul olunması (hətta, tibbi nöqteyi-nəzərdən qan köçürmək belə) Tanrının qanunlarının pozulması deməkdir. "Yahovanın şahidləri" milli marşı, milli duyğuları, milli sərhədləri qəbul etməzlər və s.

 

   Bu adda icma Azərbaycanda 2002-ci ildə dövlət qeydiyyatından keçib. "Dini Etiqat Azadlığı Haqqında" Qanuna edilən əlavə və dəyişikliklərdən sonra isə təkrar qeydiyyatdan keçmədiyindən, hazırda qeydiyyatsız sayılır. Ölkədə onların minlərlə, bəlkə də on minlərlə tərəfdarları var".

   Bundan başqa, ekspert bildirdi ki, ənənəvi olmayan qeyri-islam təriqətlərinə isə protestantlıq, o cümlədən Azərbaycanda tarixən yayılmış və yerli mühitə müəyyən qədər uyğunlaşmış, ekstremizmdən əsasən uzaq olan adventizm, babtizm və ölkənin müstəqillik illərində yaranmış, bir çox hallarda qanuna zidd olaraq dini üstünlük mövqeyindən çıxış edən "Həyatverici lütf" (Qreyter Qreys), "Həyat sözü", "Mədh kilsəsi", "Yahovanın şahidləri" və "Nehamiya" aiddir: "Adları ikinci çəkilən dini icma və təriqətlər bu gün Azərbaycanda mövcud dini dözümlülük ənənəsinə laqeyd olan dini icmalar və təriqətlərdir. Qeyri-ənənəvi dinlərə isə bəhailik, krişnaizm, munçuluqibrahimilik daxildir.

   Azərbaycanda bu təriqətlər fəaliyyət göstərir. Amma onların əksəriyyəti, qeyd etdiyimiz kimi, dini tolerantlığın sərhədlərini aşır. Halbuki, sırf qanunvericilik çərvivəsində fəaliyyət göstərməklə həm dövlət, həm də ictimai maraqlara heç bir zərər vurmaya bilərlər. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir dini təşkilat dövlətçilik və ictimai maraqlarımıza zərbə vurmamalıdır. Hesab edirəm ki, bizim dövlət və ictimai maraqlarımıza hər hansı bir formada zidd təbliğat formasını əlaqədar qurumlar zərərsizləşdirməlidir. Azərbaycan dövləti əleyhinə təbliğat aparan dini təşkilatların, sektaların fəaliyyəti qadağan edilməlidir".

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2013.- 4 noyabr.- S. 12.