Dini etiqad
azadlığı prosesinin tənzimlənməsi
sahəsində
dövlət siyasəti
ətrafında ictimai həmrəylik...
Müsbət
və mənfi təmayüllər...
Azərbaycan elə bir ölkədir ki, burada ta qədimdən milli və dini
tolerantlıq mühiti yüksək səviyyədə
inkişaf edib, özünü çox ali səviyyədə təqdim edə bilib. Dini tolerantlıq xətti
bu gün Azərbaycan
dövlətinin qanunlarında da öz əksini tapıb. Bu gün ölkəmizdə çoxlu
sayda qeyri-ənənəvi və ənənəvi,
islam, eləcə də qeyri-islam
təmayüllü təriqətlər, dini
icmalar, dini təşkilatlar
fəaliyyət göstərir. Hətta bu
dini təşkilatlar sırasında elələri
var ki, onun
baş idarəsi xarici
ölkələrdədir. Onu da qeyd edək ki, bu dini
təşkilatların bir qismi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində müxtəlif dövrlərdə
qeydiyyata alınıb. Bu
qurumlara Azərbaycan qanunvericiliyi
və Azərbaycan Respublikası "Dini Etiqad Azadlığı Haqqında" Qanununun müfaviq bəndlərinə
uyğun fəaliyyət göstərmək
üçün icazə verilib,
qanunda nəzərdə tutulmayan
hallarda onların fəaliyyəti qadağan edilir. "Dini
Etiqad Azadlığı Haqqında" Qanunun 1-ci maddəsində göstərilir ki, hər kəsin hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə
etiqad etmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var: "Şəxsin dini
etiqadını ifadə etməsinə, ibadətlərdə,
dini ayin və mərasimlərdə
iştirak etməsinə və ya dini öyrənməsinə
hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini
mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə
iştirak etməyə məcbur edilə
bilməz. Dini etiqadın və dini həyat tərzinin
zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi
ilə hədələməklə, habelə irqi,
milli, dini, sosial ədavət və düşmənçilik
yaratmaq məqsədilə təbliğinə
yol verilmir. İnsan ləyaqətini alçaldan
və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin (dini cərəyanların) yayılması və
təbliği qadağandır. Dini etiqad azadlığı
yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə
zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai
qaydanın təmin edilməsi, sağlamlığın və
ya mənəviyyatın və ya digər şəxslərin hüquq
və azadlıqlarının qorunması üçün
məhdudlaşdırıla bilər. Əcnəbilər
və vətəndaşlığı olmayan
şəxslər tərəfindən dini
təbliğat aparılması qadağandır. Valideynlər
və ya onları əvəz edən
şəxslər, qarşılıqlı razılıq əsasında,
uşaqlarını özlərinin dini əqidəsinə
və dinə münasibətinə müvafiq
olaraq tərbiyə edə bilərlər". Qanunun müfaviq bəndindən də gördük ki, bizdə dini tolerantlıq mühitinin
formalaşmasına, müxtəlif dinlərə, etiqadlara qulluq edən
insanların qanun çərçivəsində
iş aparmasına geniş
imkanlar açılıb. Bu
çox müsbət hal
olsa da, bəzi təriqət
mənsubları bunu dəyərləndirmir
və yaradılan bu şəraitdən
sui-istifadə edirlər. Tolerantlıqdan sui-istifadə halı
artıq özünü çox
geniş şəkildə göstərir.
Bilirik ki, bəzi dini qruplaşmaların fəaliyyəti öz zərərli təsirini ailələrə,
xüsusən də gənc nəslə ötürməkdədir. Azərbaycan dövlətinin
formalaşdırdığı dini
tolerantlıq mühitindən sui-istifadə hallarının geniş yayılmasından ictimaiyyət ciddi narahatlıq keçirir.
Artıq bəzi hadisələr ictimaiyyətin rahatsız
olmasının əsaslı olduğunu
göstərir. Bəzi dini
qruplaşmaların üzvləri internet
şəbəkəsindən istifadə edərək insanlara, tanınan şəxslərə hucuma keçir, onları
təhdid edirlər. Bəzi dinşünaslar hesab edir ki, Azərbaycanda fəaliyyət
göstərən, lakin xaricdən idarə
olunan dini təşkilatların
zərəri çox böyükdür.
Bu dini icmaların, təşkilatların ölkəmizdəki
tolerantlıqdan sui-istifadə edərək öz
bazalarını möhkəmləndirdiyini düşünən
dinşünasların sözlərinə görə,
onların bəziləri hətta bizim
xalqımıza və dövlətçiliyimizə
qarşı da qəsdlər hazırlaya
bilər. Ümumiyyətlə,
Azərbaycanda yaradılan dini
tolerantlıq mühitini pozmaq
istəyən, bu dözümlülükdən
sui-istifadə edən dini qüvvələr,
icmalar Azərbaycan dövləti üçün gələcəkdə təhlükə
yarada bilərmi? Maraqlıdır ki,
bu məsələyə yanaşmalar
çox müxtəlifdir. Dini
tolerantlıqdan sui-istifadə halının mövcud
olduğunu deyib, bununla bağlı tədbirlərin
görülməsini deyənlərlə yanaşı, məsələyə
təhlükəsiz bir hal
kimi baxanlar da var. Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri
Rəbiyyət Aslanova mətbuata bildirib ki, belə bir problemin
yaranacağı gözlənilmir: "Dinin
təhlükəyə çevrilməsi bütün
hallarda mümkünsüzdür.
Eyni zamanda, bir xeyli
müddət əvvəl "Dini Etiqad Azadlığı Haqqında" Qanuna edilən müvafiq dəyişikliklər
də Azərbaycan vətəndaşlarının dini etiqad
azadlığının təmin olunması, onun
mənəvi məkanının qorunması yolunda
atılan mühüm addımlardan idi. Yüksək mənəviyyat
prinsiplərini özündə ehtiva edən
dini qayda-qanunların qorunması,
din-dövlət, vətəndaş-dövlət münasibətlərinin
milli qanunvericiliyin
müddəaları əsasında tənzimlənməsi qanuna edilən dəyişikliklərin məğzini
təşkil edirdi. Din
mənəvi sərvətimizdir. Tarixi sınaqlardan çıxmış bu
dünyagörüşü hər bir kəsin daxili aləminin
saflaşmasına, onun kamil
bir insan kimi yaşamasına, ətraflarına
münasibətdə yüksək mənəvi dəyərləri
rəhbər tutmasına xidmət edən həm əqidə,
həm də mənəvi-əxlaqi prinsiplərdir. Din bəşər mədəniyyətinin
yalnız əvəzsiz sərvəti deyil,
həm də hər yeni gələn nəslin
yaşadığı, üzləşdiyi və münasibətləri
müəyyən etdiyi gerçək tarixi reallıqdır. Hər bir
insan dünyaya gələndə
milli-etnik mənsubiyyətlə
yanaşı, dini mənsubiyyətlə də
yaşayır və onu bütün
ömrü boyu qoruyur. Bu baxımdan, dini təhlükə kimi
görmək düzgün deyil..." Bununla
yanaşı, R.Aslanova dini
tolerantlıqdan istifadə halının da
mövcudluğunu inkar
etməyib. O bildirib ki,
ənənəvi dinlərin klassik prinsiplərinin
təhrif edilməsi nəticəsində yeni
dini dünyagörüşü
yaratmaq istəyində olan
destruktiv radikal cərəyanların
fəaliyyəti hətta yarandıqları ölkələrdə
belə qadağan olunub:
"Axtarışında olduqları mənəvi
məkanda yerləşmək, insanların şüuruna
öz zərərli təsirlərini
artırmaq üçün onlar bütün vasitələrdən
istifadə edirlər. Öz növbəsində
bu proses onların
arxasında duran beynəlxalq qüvvələr
tərəfindən dəstəklənir və konkret ölkələrə təzyiq vasitəsi
kimi istifadə edilir.
Həmçinin, insan
azadlıqlarının təmin olunması adı altında bu zərərli ideyaların
daşıyıcılarına imkanların yaradılması tələbi
ilə çıxış edirlər. Cəmiyyətin mənəvi-ideoloji
bütövlüyünü təhlükə
altına alan bu proseslərin
inkişafına isə qətiyyən yol
vermək olmaz. Mövcud
vəziyyətdən sui-istifadə edən bu
təriqət nümayəndələri əksər hallarda kommersiya fəaliyyəti
altında maskalanır və öz fəaliyyətlərini
də getdikcə genişləndirirlər. Bu və ya
digər məsələlər göstərir ki,
cəmiyyətdə mənəvi birliyin
möhkəmlənməsi, dini mühitin qorunması, ölkənin uğurlu inkişafı işinə daha böyük töhfə
verə bilən din-dövlət münasibətlərinin əməkdaşlığının
ən məqbul formalarının müəyyən edilməsi
üçün qanunvericilikdə
ardıcıl iş
aparılmalıdır". Bu arada Azərbaycanda bəzi
radikal qruplaşmaların cəmiyyət üçün təhlükəli olması,
onların milli-mənəvi dəyərlərimizə təcavüzü
ictimaiyyətdə geniş müzakirə
edilir. Bu da faktdır ki, son günlər sosial
şəbəkələrdə bir qrup radikalın Azərbaycanda həyata
keçirmək niyyətində olduğu
və məzhəblərarası qarşıdurmaya səbəb
olacaq terror xəbərləri
yer almaqdadır. Bu məsələ
ilə bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas
Seyid Camal Əzimbəyli
milli təhlükəsizlik naziri Eldar Mahmudova
müraciət edib. Seyid
Camalın dövlətçilik və ictimai
maraqların müdafiəsi baxımından atdığı bu təəssübkeş addımı məsələnin
xeyli dərəcədə ciddi olduğunu nəzərə
çarpdırır. Seyid Camal yazıb ki,
sosial şəbəkə vasitəsilə
ölkəmizdə məzhəblərarası
qarşıdurmaya səbəb ola biləcək,
müsəlmanların birlik və bərabərliyi,
Azərbaycan dövləti üçün
həmişə mücadilə verən Hacı Şahin Həsənliyə qarşı sui-qəsd
çağırışının yer
alması yolverilməzdir: "Özlərini "Meşə
qardaşları" adlandıran radikal dini qrupun təmsilçiləri
Azərbaycandakı məzhəb dostlarını
"mücadilə"yə səsləyiblər. Onlar sosial şəbəkələrdə
bir-biri ilə əlaqə saxlayaraq,
Azərbaycandakı şiələrə qarşı kütləvi
şəkildə terrora
çağırış ediblər. Bu
çağırışlarda şiələrə
qarşı hədə dolu ifadələrlə
yanaşı, Azərbaycanın tanınmış din xadimi, dövlətçiliyin
və milli-mənəvi dəyərlərin mühafizəsi
istiqamətində illərdir mücadilə verən Hacı Şahin Həsənlini qətlə yetirmək
üçün fətva verildiyini
deyiblər. Təmsil etdiyim Qarabağ Seyid Ocaqları və Azərbaycanın
gerçək din-dövlət münasibətlərində
mücadilə verən mənəviyyat adamları adına dərhal
tədbirlər görülməsini xahiş
edirəm. Hesab edirəm ki, son günlər Azərbaycanda
həmin qrupa aid olan və özünü
dininin təəssübkeşi sayan, islamın qaydalarına adiyyəti olmayan, ölkəmizdə məzhəblərarası
münasibətləri qızışdırmağa sövqedici bəyanatların müəllifi olan bu şəxslərin
ünvanı dəqiq bilinməlidir. Bunlar
vəhhabi kimliyi ilə tanınan şəxslərdir.
Milli təhlükəsizlik
naziri olaraq sizdən xahiş edirəm ki, Azərbaycan
dövlətinin bütövlüyü üçün və İlham
Əliyevin humanistliyindən, Azərbaycan xalqının
tolerantlığından sui-istifadə edən belə radikal və təhlükəli qüvvələri
dərhal zərərsizləşdirəsiniz. Bu mənim yox, Azərbaycan
dövlətinə bağlı minlərlə insanın
ricasıdır. Həmin dini radikal qüvvələr
öz mətnlərində qeyd edirlər ki, Suriyadan sonra növbəti
proses Azərbaycandadır. Suriyada
olan Əmir Fərman Çətin
adlı terrorçunun "Suriyada şiələrə qarşı qələbəni
gözləyirik, o zaman
həmin hadisələr Azərbaycanda baş
verəcək" kimi
çağırışına etinasız yanaşmamaq
lazımdır. Cənab nazir! Diqqətinizə
çatdırım ki, ölkəmizdə
dini tolerantlıqdan xaincəsinə
sui-istifadə edən və məzhəblər arasında təfriqə
salan qüvvələrin təcili olaraq zərərsizləşdirilməsi gecikir. Bu radikal
qüvvələr dövlətçiliyimizə hər an təhlükə mənbəyidir. Azərbaycanı
İraqa, Suriyaya, Pakistana çevirmək istəyən qüvvələrin
məhv edilməsi dinimizin də prinsiplərinə
uyğundur. Onların məkrli planı gələcəkdə
fürsət düşdükdə Azərbaycanda da Taliban rejiminə bənzər
hakimiyyət qurmaqdır. Onların bu niyyətinə
imkan vermək olmaz". Seyid
Camalın bu müraciətindən də
açıq görünür ki, ölkəmizdə pis
niyyətli, xalqımızı, dövlətimizi parçalamağa iddialı olan
qüvvələr var. Onların
tolerantlıqdan sui-istifadə edərək ayrı-ayrı
şəxslərə qarşı törətdikləri əməllər
birbaşa ictimaiyyətin
rahatlığını pozmağa yönəlib,
hesablanıb.
Ardı var...
İradə
SARIYEVA
Bakı xəbər. - 2013.- 1-3
noyabr.- S. 15.