Dini mərasimlərin təhlükəsiz icrasına dövlət

təminatı və ictimai maraqlar...

 

(Əvvəli ötən sayımızda)

  

   Azərbaycan dövləti və Azərbaycan ictimaiyyətinin ortaq maraqlarına uyğun olan bir sıra məsələlər var ki, onları hər kəs təqdir edir. Bilirik ki, ölkəmizdə rəsmi olaraq din dövlətdən ayrıdır, ancaq buna baxmayaraq, ölkə rəhbərliyi ictimaiyyətin, inanclı şəxslərin maraqlarını nəzərə alaraq dinlərə, onların inkişafına, sağlam istiqamətdə təqdim edilməsinə dəstək verir.

   Bir neçə gün əvvəl respublika miqyasında Aşura mərasimlərinin keçirilməsi üçün bir sıra tədbirlər təşkil olundu, dövlətimiz bu mərasimlərin keçirilməsinə böyük diqqət və qayğı göstərdi. Azərbaycan ictimaiyyətinin maraqlarını hərtərəfli şəkildə müdafiə edən bu addımlar təqdirəlayiqdir. Bilirik ki, Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Dövlət səviyyəsində digər dinlərə aid mərasimlərin də keçirilməsi üçün geniş şərait yaradılıb. Hər il Azərbaycan Respublikasının Prezidenti başqa dinlərin nümayəndələrini təbrik edir, Azərbaycan dövlətinin tolerant münasibətini açıqlayır. Yeri gəlmişkən, xatırladaq ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsə və sinaqoqların da inşasına, təmirinə, yenidən qurulmasına böyük diqqət yetirilir. Elə noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı oldu. Bu, dövlətimizin başqa dinlərə müsbət münasibətinin təzahürüdür.

   Xristian dininə aid əsas mərasimlərin hamısı Azərbaycanda yaşayan xristianlar tərəfindən yüksək səviyyədə, heç bir maneə ilə üzləşmədən keçirilir. Azərbaycan xristianlarının geniş qeyd etdiyi mərasimlərdən biri İsa Məsihin mövlududur. İsa Peyğəmbərin doğum gününü katoliklər dekabrın 25-də, pravoslavlar isə yanvarın 7-də qeyd edir. Dövlət başçımız İlham Əliyev də hər il Azərbaycanın katolikpravoslav xristian icmalarına bu gün münasibətilə təbrik məktubu göndərir. 2013-cü ildə dövlət başçısının pravoslavlara göndərdiyi məktubunda ölkə pravoslavları təbrik edilir: "Hörmətli həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu - müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.  

   Dünya dinləri ölkəmizdə yüz illər boyu dinc yanaşı və əmin-amanlıq şəraitində fəaliyyət göstərib. Tarixən burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mühitinin mövcudluğu, etnik-mədəni müxtəlifliyin günümüzəcən qorunub saxlanması, zəngin multikulturalizm ənənələri müasir Azərbaycan cəmiyyətində ümummilli mənəvi-ictimai dəyərlərin və dözümlülük prinsiplərinin formalaşmasında, vətəndaş həmrəyliyinin bərqərar edilməsində müstəsna rol oynayıb. Biz bu tarixi nailiyyəti milli dövlətçiliyimizin mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni zamanda, vicdandini etiqad azadlığının təminatını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirik. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz hissəsi olan xristian icması, o cümlədən pravoslav həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində və ölkəmizdə gedən möhtəşəm quruculuq işlərində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.

   Əziz dostlar! Yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Bu nurlu gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram".

   Həzrəti İsanın doğum günü olan Milad bayramı dünya ölkələrinin əksəriyyətində təmtəraqla qeyd edilir. Bu ölkələrin arasında Azərbaycan da var".

   Bir məsələni də qeyd edək ki, xristian mərasimlərinin, xüsusən də İsa Məsihin mövludu gününün Azərbaycanda yüksək səviyyədə qeyd edilməsini vurğulayan Bakıdakı katolik kilsəsinin rəhbəri Vladimir Fekerenin də Azərbaycan dövlətinin və ictimaiyyətinin xristian bayramlarına müsbət münasibətindən razı qaldığını deyib. Azərbaycandakı dini tolerantlıqdan olduqca məmnun olduğunu bildirən din xadimi razılığını belə ifadə edib: "Bu bayramda biz Allahın bizə bəxş etdiyi xoşbəxtliyi qeyd edirik. Mən təkcə katolik və pravoslavları deyil, bütün azərbaycanlıları təbrik edirəm və onlara Allahın sevgi və köməyini arzu edirəm. Çünki biz həmişə, həyatı boyu problemlərlə üzləşirik".   

   Vladimir Fekere İsa Peyğəmbərin doğum gününün Allahın həmişə insanların yanında olması barədə xatırlatma olduğunu bildirib: "Bu bayramı ilk dəfədir ki, Azərbaycanda keçirirəm, bu ölkə mənim çox xoşuma gəlir. İnsanlar çox qonaqpərvərdir".

   Dinşünas Qəmər Əlisoylu bizimlə söhbətində bildirdi ki, Azərbaycanın hər yerində yaşayan katolik və pravoslavlar öz dini bayramlarını, tədbirlərini ürəkləri istəyən səviyyədə keçirir. Onun sözlərinə görə, hazırda dünyanın 61 ölkəsində pravoslav xristianlar İsa Məsihin mövludu gününü qeyd edir: "Azərbaycanda yaşayan katolikpravoslavlar da hər il bu müqəddəs günü bayram etmək üçün kilsələrə axışır. Bayramla əlaqədar bütün pravoslav kilsələrdə dini ayinlər icra olunur. İbadətlərdə pravoslav Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə müvəqqəti yaşayan pravoslavlar, o cümlədən diplomatik missiyaların rəhbərləri və əməkdaşları iştirak edir. Bakı və Xəzəryanı yepiskopu Aleksandr ata da ibadətə qoşulmaq üçün kilsəyə gələnlər sırasında olur. Çox azad şəkildə pravoslav xristianlar üçün əziz və müqəddəs sayılan bu bayramda kilsəyə gələn hər bir şəxs İsa Peyğəmbərin doğum günü münasibətilə şam yandıraraq dualar edir. İsa Məsihin mövludu günü xristianlar üçün böyük bayramdır. Onlar hesab edirlər ki, bu bayram insanlara rahatlıq və saflaşma gətirir. İnanca görə, o, qəlblərin bayramıdır, kimlərin ki il ərzində qəlblərində ağrılıq və acılar olub, bu bayramda həmin insanların qəlblərinə bir aydınlıq gəlir".

   Qəmər Əlisoylu dedi ki, xristian aləmi üçün böyük əhəmiyyət daşıyan digər bir əlamətdar bayram da Pasxadır ki, bu da Azərbaycanın xristianlar yaşayan bölgələrində, o cümlədən də paytaxt Bakıda keçirilir: "Azərbaycanda xristianların bayramlarına böyük diqqət var. Xristianlar bizim millidini bayramlarımızda xalqımızı ürəkdən təbrik etdikləri, hətta bu bayramları bəzən qeyd etdikləri kimi, Azərbaycan xalqı da onların müqəddəs günlərinə sayğı göstərir. Azərbaycan vətəndaşı olan xristianlar çox geniş şəkildə Pasxa bayramını keçirir. Yazda qeyd edilən bu bayram öz əlamətlərinə görə seçilir. Pravoslavların sıx yaşadığı bölgələrdən biri Azərbaycanın qərb bölgəsidir. Bu bölgədə yaşayan pravoslavlar da əsasən Gəncədə yerləşən Aleksandr Nevski kilsəsinə toplaşacaq, dini ayinlərin icrasını həyata keçirirlər. İsa Məsihin çarmıxa çəkildiyi, xaçdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir. Gəncədə və ətraf bölgələrdə yaşayan bütün pravoslav xristianlar kilsəyə toplaşaraq bütün gecəni dini ayinlər icra edirlər. Dini ayinlərdə böyüklərlə yanaşı, uşaqlar da iştirak edir. Rus Pravoslav Kilsəsi dini icmasının sədri Andrey Alekseyeviç Bezatosnı bildirib ki, Pasxa xristianlar üçün xüsusi bayramdır. Onun sözlərinə görə, insanlar Allahın mövcudluğuna və həyatda yaxşı insanların olmasına sevinirlər. Pravoslavların Pasxa bayramı bizdə təntənə ilə qeyd olunur. Əvvəlcə 40 günlük "post" tutulur. Bu isə, gördüyünüz kimi, sonda Pasxa bayramı ilə qeyd olunur. Bayram gecə saat 12:00-da qeyd olunmağa başlayır, səhər saatlarına kimi davam edir. Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir və onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırırlar. Maraqlıdır ki, xristian bayramlarına inanclı müsəlmanlar da qatılır. Əslində bu, bayramlaşmaq ovqatından, istəyindən irəli gələn məsələdir. Necə ki, burada yaşayan xristianlar Novruzu qeyd edir. Bu bir daha onu göstərir ki, bizim respublikamız tolerantdır. Xristianlar üçün Pasxa bayramının digər bir xüsusi əhəmiyyəti də var. Belə ki, İsa Məsihin çarmıxdan azad olunması gününü, pravoslavya katolik olmasından asılı olmayaraq, bütün xristianlar eyni gündə qeyd edir. Bu isə mömin xristianların gözündə Pasxanın müqəddəsliyini daha da artırır".

   Ölkəmizdə yaşayan dağ yəhudilərinin də bayramları, mərasimləri var ki, onlar bu müqəddəs günləri qeyd edir.

   Q.Əlisoylunun sözlərinə görə, yəhudilərin bu bayramları da heç bir maneə ilə üzləşmədən qeyd edilir. Ekspert bildirdi ki, yəhudi dilində Roşha-Şana, yəni yeni il adlanan bu bayramı Qubanın Qırmızı Qəsəbə massivində yaşayan dağ yəhudiləri də ənənəyə uyğun şəkildə qarşılayır: "Dağ yəhudiləri bayramın ilk günündə sinaqoqa gedir, mənəvi saflıq qazanmaq üçünyeni ilin uğurlu olması arzusu ilə səhər və axşam saatlarında bayram ibadəti edir".

   Qırmızı Qəsəbə dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyevin dediyinə görə, Roşha-Şana insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibadət etməklə mənəvi sağlığa qovuşmağa çağıran bir mərasimdir: "Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Allah insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin".

   Q.Əlisoylu icma rəhbərinin sözünü davam etdirərək bildirdi ki, Qırmızı Qəsəbədə yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən sonuncu ayin Yom-Küpür adlanır: "Bayramın 10-cu günündə keçirilən bu ayin bir sutka ac qalmaqla icra olunur. Daha sonra bayram şənlikləri başlayır. Kişilərin adına qurban kəsilir, şirniyyat süfrələri açılır. El adətinə görə, almanı bala batırıb yeyirlər ki, il şirin təəssüratlarla keçsin. Həmçinin bu bayram ərəfəsində evlərdə təmizlik işləri görülür, hər yerdə səliqə-sahman yaradılır. Yeni ili Vətəndə qarşılamaq vacib sayılır. Odur ki, bu günlər xarici ölkələrdə olan qubalı dağ yəhudiləri Vətənə gəlir. Qubalı müsəlmanlar və dağ yəhudiləri uzun illər davam edən mehriban münasibətlərin təzahürü kimi hər iki xalqın müqəddəs bayramını - RamazanRoşha-Şana bayramlarını bir-birini qonaq çağırmaqla birlikdə qeyd edirlər".

   Tolerantlıq və əmin - amanlıq ünvanı olan Azərbaycan və Azərbaycan dövləti dini mərasimlərin keçirilməsində bütün ənənəvi, sağlam dinlərə, onların nümayəndələrinə dəstək olur. Bu da dövlət və ictimai maraqların bir-birilə uzlaşmasından xəbər verir.

 

   İradə SARIYEVA

   Bakı xəbər. - 2013.- 18 noyabr.- S.15.