Narkomaniya ilə mübarizədə
dövlət və ictimai
maraqları birləşdirən faktorlar...
İnsanların
həyatını cəhənnəmə döndərən,
sağlamlığını, normal
yaşayışını təhlükəyə atan narkomaniya bütün dünya üçün qarşısıalınmaz bir bəlaya çevrilib.
"Ağ ölüm"
kimi cəmiyyətin çox
ciddi probleminə çevrilən narkomaniya çağırılmamış qonağa bənzəyir. Bu
arzuolunmaz "qonaq"
ən çox yeniyetmələr və gənclərin
həyatını, gələcəyini məhv edir. Son illərin ən real təhlükəsi
sayılan narkomaniya bütün
dünyanı qorxuya salıb. Narkomaniya bəlası insanlar
arasında böyük narahatlıq
yaradıb. Narkomaniyanın geniş
yayılması, narkotik maddələrin
dövriyyəsi, insan
sağlamlığına zərbə vuran
bu maddələrin birdəfəlik
yığışdırılması mümkün
deyil. Amma bu da o
demək deyil ki,
dövlətlər, cəmiyyətlər bu
hala qarşı mübarizə aparmır.
Xeyr, mübarizə aparılır, ancaq hələ onun
qarşısının tam alınması
mümkün deyil. Azərbaycan
dövləti də uzun illərdir narkomaniyaya qarşı mübarizə
aparır. Keçmiş
polis işçisi Taryel İbrahimovun sözlərinə
görə, Azərbaycan dövləti indiyə qədər
narkotiklərlə mübarizə sahəsində xeyli işlər görüb.
Dövlətimizin və ictimaiyyətimizin birgə səyi ilə
aparılan mübarizədən danışan həmsöhbətimiz
dedi ki, görülən
tədbirlər yavaş-yavaş öz təsirini göstərməyə
başlayıb: "Bilirik ki,
narkomaniyanın, narkotik vasitələrin
yayılmasının qarşısını almaq
üçün insanlar
hərtərəfli şəkildə maarifləndirilməlidir.
Yaşadığımız dövrdə bütün
bəşəriyyəti düşündürən və narahat edən ən ciddi
problemlərdən biri də
narkomaniyadır. BMT-nin son
hesablamalarına görə, dünyada 208
milyondan artıq şəxs narkotik maddələrdən bu
və ya digər formada
istifadə edir. Bu, dünya əhalisinin təxminən 4,8%-i deməkdir.
Dünyanın sosial bəlasına
çevrilən narkomaniyanın yayılması və onun fəsadları Azərbaycan cəmiyyətindən
də yan keçməyib. Rəsmi məlumata
görə, Azərbaycanda 28 min nəfərə
yaxın narkoman var.
Gündəlik informasiyalarda narkomaniya və onun törətdiyi
digər problemlərlə tez-tez
qarşılaşırıq. Hətta
narkomanların cinayətlərə də əl
atdığı barədə çoxlu məlumatlar
var. 2011-ci ilin mənzərəsinə
baxsaq görərik ki,
Dövlət Statistika Komitəsi 531 cinayətin
narkomanlar və ya narkotik təsir altında olan
şəxslər tərəfindən törədildiyini
açıqlayıb. Bu gün narkomaniya ilə Azərbaycan
dövləti də ciddi şəkildə
mübarizə aparsa da,
onun yaratdığı problemləri aradan qaldırmağa səy göstərsə
də, bu istiqamətdə ölkə
QHT-lərinin də dəstəyinə böyük
ehtiyac var. Narkomaniya ilə
mübarizədə və bu sosial bəlanın bütün
cəmiyyəti əhatə etməməsi üçün
beynəlxalq təcrübədə əsas istiqamətlərdən
sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha
düşünülən, səmərəli
aparılması aktual və vacib məsələlərdən biridir. Təqdirəlayiq haldır ki, bu gün
ölkə QHT-lərinin təşəbbüsü ilə narkomaniya və onun törətdikləri
xəstəliklərə qarşı bir
sıra layihələr həyata keçirilir.
Qeyd edək ki, əhalinin,
xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar
arasında daha məsuliyyətli işin görülməsini labüd
edir. Məlumat üçün bildirək ki,
ötən dövrdə "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi
və narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram" (2007-2012-ci illər)
uğurla həyata keçirilib
və QHT-lər də bu proqramın həyata
keçirilməsində aktiv iştirak edib. Bundan sonra da
geniş ictimaiyyətin bu
bəşəri bəla ilə mübarizəyə cəlb
olunması çox vacibdir". Keçmiş
polis işçisi bildirdi ki, ölkədə
narkomaniya ilə mübarizədə QHT-lər
fəal iştirak edir.
Onun sözlərinə görə, Azərbaycan
ictimaiyyəti QHT-lərin və ayrı-ayrı insanların
timsalında narkomaniya ilə mübarizəyə
dəstək olur. Biz ötən müddətdə
Azərbaycan QHT-lərinin bu istiqamətdə
həyata keçirdikləra bir sıra
layihələrə nəzər salsaq,
onların narkomaniya ilə mübarizədə
göstərdikləri fəaliyyətlərin mənzərəsini
təsəvvürümüzdə yarada
bilərik: "2012-ci ildə "Bizim Gənclik" İctimai Birliyi narkomaniya və onun törətdikləri xəstəliklərə
(İİV/QİÇS) qarşı mübarizədə
maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi,
habelə vətəndaş cəmiyyətinin dəstəyinin
təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin qrant şəklində qismən maliyyələşdirdiyi
"Dünyaya sağlam
baxış" layihəsini icra edib. Layihə çərçivəsində
paytaxtda, cənub və Şirvan
regionlarında, habelə Gəncə və Sumqayıtda gənclər
arasında narkomaniya,
İİV/QİÇS-ə yoluxma
hallarının qarşısının alınmasında
maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi
ilə bağlı tədbirlər həyata keçirilib.
Dövlət Komissiyasının İşçi
Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi ilə
birgə keçirilən bu tədbirlərdə
əhalinin, xüsusən gənclərin narkomaniya
və onun törətdiyi xəstəliklərə
(İİV/QİÇS) dair məlumatlanması
ilə yanaşı, ölkədə bu
sahədə aparılan uğurlu islahatlar, əldə olunan
nəticələrlə bağlı məlumatlar verilib, eləcə də mütəxəssislər
tərəfindən dünyada qabaqcıl forma və metodların əks olunduğu
təqdimatlar həyata keçirilib. Eyni zamanda, dövlətin bu sahədə prioritet
istiqamətlərindən sayılan Dövlət
Proqramının (2007-2012-ci illər) hazırlanması və
icrası da müsbət hallardan
biridir. Təlim keçmiş gənclər narkomaniya
və İİV/QİÇS xəstəliklərindən
müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək,
həm də əhalinin digər yaş
qruplarını da bu
sahədə maarifləndirmək imkanı qazanıb. Bu da narkomaniya
və onun törətdiyi xəstəliklərin
və fəsadların yayılmasının
qarşısının alınmasında, eləcə də onunla mübarizədə həlledici rol oynaya bilər. Qeyd edək ki, maarifçilik tədbirlərində
bu bəla ilə mübarizədə cəmiyyətin
bütün təbəqələrinin səfərbər
olunmasının, həmçinin proseslərə vətəndaş
cəmiyyətinin daha fəal cəlb
olunmasının vacibliyi önə
çəkilib. Ötən dövrdə Milli QHT Forumunun
(MQF) təşəbbüsü ilə Narkomaniya
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının
(NMDK) İşçi Qrupu
ilə birgə Salyan, Yardımlı, Biləsuvar,
Lənkəran və digər rayonlarda
"Narkomanlığa və narkotiklərin qanunsuz
dövriyyəsinə qarşı mübarizədə QHT-lərin
rolunun artırılması" adlı
layihə də diqqət cəlb edən layihələrdən
biridir. Layihə çərçivəsində
icra olunan tədbirlərdə
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı
Mübarizə üzrə Dövlət Komissiyasının,
DİN Baş Narkotiklə Mübarizə
İdarəsinin, Dövlət Gömrük
Komitəsinin, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətləri,
narkomaniya ilə mübarizədə
adları çəkilən orqanların qarşısında duran əsas vəzifələr haqqında yerli əhaliyə geniş
məlumatlar verilib, onlarla
maraqlı fikir mübadiləsi
aparılıb". Ekspertin sözlərinə görə, "Ağ ölüm" kimi cəmiyyəti təhdid edən və bütün dünyada
qarşısının alınması az qala müşkülə çevrilən narkomaniya bəlası insanlar
arasında böyük narahatlıq
yaradıb: "Narkomaniyanın geniş
yayılması, narkotik maddələrin
dövriyyəsi, insan
sağlamlığına zərbə vuran
bu maddələrin birdəfəlik
yığışdırılması mümkün
deyil. Amma bu da o
demək deyil ki,
dövlətlər, cəmiyyətlər bu
hala qarşı mübarizə aparmır.
Xeyr, mübarizə aparılır, ancaq hələ onun
qarşısının tam alınması
mümkün deyil. Azərbaycan
dövləti də uzun illərdir narkomaniyaya qarşı mübarizə
aparır". T.İbrahimovun
dediyinə görə, narkomaniyanın
qarşısının alınması ilə bağlı
dövlətin həyata keçirdiyi tədbirlərə
QHT-lərin dəstək verməsi çox
müsbət haldır. Bu tədbirlərin
dövlət və ictimai maraqların
müdafiəsinə yönəldildiyini deyən ekspert bildirdi ki, bu sahədə indiyə
qədər bir sıra layihələr həyata
keçirilib: "Təbii ki, bu layihələr formal olaraq keçirilməyib.
Mən burada Gənc Vətənpərvərlər
Birliyi tərəfindən Azərbaycan
Respublikasının Prezidenti Yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverinin və
narkomaniyanın qarşısını almaq
məqsədilə preventiv tədbirlərin
keçirilməsi və milli - mənəvi
dəyərlərin gücləndirilməsi" adlı layihədən
də danışmaq istəyirəm. Keçən
illərin diqqətçəkən layihələrindən biri kimi bu
layihə çərçivəsində öyrənilib ki, narkomaniya həyat fəaliyyətinin
kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib
çıxaran ağır xəstəlikdir. İnsan
narkotik maddədən asılı olur və qula bənzəyir.
İnsan hər şeyi
- sağlamlığını, qüvvəsini, özünə
hörməti itirir. Narkotik
maddə təkcə onu qəbul edən
insanı məhv etmir, həmçinin,
narkomanın ailə üzvlərinin sağlamlığına
mənfi təsir göstərir, onların uşaqları fiziki və psixi
çatışmazlıqlarla dünyaya gəlir.
Gəlin gələcəyimizi qoruyaq. Gənclər
arasında insan alverinə və narkomaniyaya qarşı mübariz
olaq. Sağlam həyat
tərzi seçmək üçün
idmanın bir növü
ilə məşğul olaq. Azərbaycan dövlətinin və ictimaiyyətinin
birgə həyata keçirdiyi tədbirlərin
əsas məqsədi narkomaniya təhlükəsi
və onun sosial, fiziki, mənəvi zərbələri
haqqında gəncləri maarifləndirmək, həmçinin,
problemin həllində gəncləri birgə
mübarizəyə səsləməkdir. Bu aparılan araşdırmalar və
müşahidələr, statistik məlumatlar
onu göstərir ki, narkomaniya əsasən gənclər
arasında geniş yayılıb. Elə bu səbəbdən də, əsas hədəf
qrupu kimi, orta ümumtəhsil məktəblərinin
yuxarı sinif şagirdləri, orta ixtisas məktəbləri,
peşə liseyləri və universitet tələbələri
seçilib". Ekspert qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram"ın icrası ilə bağlı son iki il
ərzində Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyası, aidiyyəti nazirlik, komitə
və təşkilatlar tərəfindən mühüm
tədbirlər görülüb: "Son illər bu sahədə
görülən tədbirlərin sırası
günü-gündən genişlənir, narkomaniya
ilə mübarizə sahəsində görülən işlərin
müsbət nəticələri olur. Düzdür, narkomaniya elə
bir haldır ki, onun qarşısını tam
olaraq almaq mümkün deyil. Ancaq müxtəlif maarifləndirici tədbirlər
həyata keçirməklə, işlər görməklə
müəyyən qədər bu halın
yayılmasının qarşısını almaq
mümkün olur. Gənclərin
narkomaniyaya meyl etməsi
mənfi haldır, onlar bununla
gələcəklərini, sağlamlıqlarını təhlükə
altında qoyurlar. Azərbaycan dövlətinin
və ictimaiyyətinin birgə səyi sayəsində narkomaniya ilə mübarizə bu
gün də var, sabah da olacaq.
Bu mübarizə davamlı xarakter alıb".
İradə
SARIYEVA
Bakı xəbər. - 2013.- 25
noyabr.- S.15.