Əlil uşaqların dövlət reabilitasiya proqramlarının ictimai əhəmiyyəti...

 

 Bir insanın fiziki cəhətdən qüsurlu olması heço adamın sıradan geri qalması demək deyil. Fiziki baxımdan əlil insanlar var ki, onlar mənəvi cəhətdən bəzi çox sağlam adamlardan da faydalıdır. Əlillik zahiri əlamətdir, ancaq elə insanların mənəviyyatı əksər hallarda sağlam olur. Əlillər arasında sağlamlığı məhdud olan uşaqlar da var.    Bu uşaqların bir qismi əlilliyi özlərinə dərd etsələr də, bununla barışmayaraq özlərini heçfiziki cəhətdən sağlam olan uşaqlardan zəif bilməyənlər də az deyil. Təbii ki, o uşaqlar yalnız fiziki cəhətdən əlildir, mənəvi cəhətdən isə normaldırlar. Fiziki əngəlli uşaqlar çox şeyə qadirdir, onların yaradıcılığının və zəkasının məhsulu olan çoxlu sayda nümunələr var. Əlil uşaqlara sovet dövründə də, sonrakı illərdə də Azərbaycanda böyük qayğı və diqqət göstərilib.    Gözdən əlil Natiq Allahyarovun sözlərinə görə, bu qayğının davamı müstəqillik illərində özünü daha qabarıq şəkildə göstərməyə başlayıb. Bu qayğı sayəsində onların gözlə görünən qüsurları kölgədə qalır. O dedi ki, Azərbaycan dövlətinin apardığı siyasət sağlam məqsədlərə xidmət edir: "Dövlətimiz ictimaiyyətin ən böyük problemlərindən olan fiziki sağlamlığı məhdud olan uşaqları himayə edir. Bəzən qüsuruna görə valideynlərin imtina etdiyi uşağa dövlət ata-analıq edir. Rəsmi məlumatlara görə, hazırda ölkədə əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır. Onlardan 1353 nəfəri müəssisədə gecələyir. 7750 nəfəri evdə təhsilə, 268-i isə inklüziv təhsilə cəlb edilib. Əlil uşaqların bütün təhsil pillələri üzrə maneəsiz təhsil ala bilməsi üçün şərait yaradılması nəzərdə tutulur".    Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyevanın bildirdiyinə görə isə, hazırda əlil uşaqlar əsasən evdə təhsil alır. İdarə rəisinin bildirdiyinə görə, dövlət bu cür uşaqlara hərtərəfli dəstək göstərir: "Xüsusi təhsil müəssisələrində isə yalnız sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alır. Biz isə istəyirik ki, əlilliyi olan uşaqlar da sağlam uşaqlar kimi məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində, orta ixtisas, ali təhsil müəssisələrində təhsilə cəlb olunsun. Əlbəttə, orta ixtisasali təhsil müəssisələrində yalnız fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan uşaqlar oxuya bilər. Çünki əqli cəhətdən geriliyi olan uşağın orta ixtisasya ali təhsil müəssisəsinə daxil olması mümkün deyil".    İdarə rəisinin sözlərinə görə, sağlamlıq imkanları məhdud olan uşaqların bütün təhsil pillələri üzrə təhsil ala bilməsi üçün infrastruktur dəyişməlidir. Bu infrastruktur əlil uşaqların təhsil müəssisələrinin binalarına rahat şəkildə daxil olmasına imkan verməlidir: "Uşaq bağçasından ali təhsil müəssisəsinə qədər infrastruktur elə dəyişməlidir ki, əlilliyi olan uşaq heç kəsin köməyi olmadan binalara rahat daxil olub, orada hərəkət edə, təhsilə cəlb oluna bilsin".    İdarə rəisi deyib ki, əlil arabası ilə hərəkət edən əksər uşaqların intellektual səviyyəsi adi uşaqlardakı kimidir. Amma onlar hərəkət edə bilmədiyi üçün evdə təhsilə cəlb olunur. Həmin uşaqlar sinifdə və ya auditoriyada əyləşərsə, intellektləri onlara normal insanlar kimi təhsil almağa imkan verər: "İnklüziv təhsilin bütün ölkə üzrə tətbiqi nəzərdə tutulur (İnklüziv təhsil sağlamlıq imkanları məhdud olan şəxslərin adi ümumtəhsil məktəblərində təhsilə cəlb olunmasıdır-İ.S). Hazırda inklüziv təhsil ölkə ərazisində pilot layihələr çərçivəsində 30 ümumtəhsil və məktəbəqədər təhsil müəssisəsində tətbiq edilir. Onlardan 13-ü məktəbəqədər təhsil müəssisəsi, 17-si ümumtəhsil məktəbləridir. Bu günədək ölkədə 298 uşaq inklüziv təhsilə cəlb olunub. Belə uşaqlarda bilik və bacarıqlarının inkişafında əhəmiyyətli dərəcədə dəyişiklik olur. Hökumətə təqdim edilmiş "İnklüziv Təhsilin İnkişafı Dövlət Proqramı" təsdiqləndikdən sonra inklüziv təhsilin bütün ölkə üzrə tətbiq edilməsi planlaşdırılır".    Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud olanların sağlam uşaqlarla bir təhsil müəssisəsində təhsilə cəlb olunması deməkdir.    Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi onu da qeyd edib ki, nazirlik 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramının layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib. Bu proqram həyata keçirilsə, ölkədə əlilliyi olan uşaqların təhsilinin təşkili ilə bağlı bütün problemlər aradan qalxar. Belə ki, proqramda məktəblərin əlilliyi olan uşaqlar üçün əlçatan olmasını nəzərdə tutan bütün infrastruktur dəyişikliyi nəzərdə tutulur: "Bununla yanaşı, hazırkı mövcud kurrikulumlara sağlamlıq imkanları məhdud olan uşaqların dərk edə və yararlana biləcəyi şəkildə dəyişiklik edilməsi, həmin uşaqlar üçün yeni nəsil dərsliklər hazırlanması, onların adi ümumtəhsil məktəblərinə qəbul olunması üçün qiymətləndirmə meyarlarının hazırlanması, qiymətləndirmənin əsasında onlar üçün fərdi təlim planının hazırlanması nəzərdə tutulur. Adi uşaqlardan fərqli olaraq, intellektində geriliyi olan uşaqlara xüsusi yanaşma lazımdır.Bütün bu məsələlərin hamısı proqramda öz əksini tapıb. Proqramda hətta həmin uşaqların dərsdən sonrakı asudə vaxtlarının təşkili, fiziki qüsurları olan uşaqların inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur".    Bildirək ki, dövlət müstəqilliyimizin ilk illərində əlillərin, fiziki qüsurlu uşaqların problemləri dövlətin diqqət mərkəzində olub. 1992-ci il avqustun 25-də "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Sözügedən Qanunda bildirilir ki, bu Qanun Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi və uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırılmasına, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Qanunun 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanundabaşqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdir. Əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar barəsində ayrıseçkilik qadağandır və qanunla təqib edilir. Sənədin 5 və 6-cı maddələrində isə əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsindən, əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsini təmin edən dövlət orqanları haqda danışılır: "Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların respublika ictimai təşkilatlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanlarının kollegiya üzvü olurlar. Müvafiq icra hakimiyyəti orqanları əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların ictimai təşkilatları ilə birlikdə əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir. Müvafiq icra hakimiyyəti orqanı və əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların ictimai təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə və digər problemlərinə dair təkliflər verirlər. Dövlət əlillərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir".    Bu hələ ayaq üstə yeni durmağa başlayan dövlətin ilkin zamanda əlil uşaqlara qayğısını şərtləndirən rəsmi bir sənəddə əks olunanların kiçik bir parçasıdır. Dövlətimiz gücləndikcə onun bu cür insanlara qayğısı daha çox özünü göstərir. Məlumdur ki, ictimai maraqların müdafiəsi istiqamətində dövlət genişmiqyaslı işlər görür, onlardan biri də əlillərə qayğı ilə bağlı tədbirlərdir.    Sosioloq Zümrüd Qurbanlının sözlərinə görə, müstəqil Azərbaycan dövləti heç zaman fiziki əngəlli uşaqlara cəmiyyətin ağrı-acısı, bəlası kimi yanaşmayıb, onlara normal insana bəslənən münasibəti, qayğını bəsləyib: "Azərbaycanda əlilliyi olan uşaqlar çoxdur. Əqli cəhətdən problemli uşaqları çıxmaq şərtilə, o biri əlillər əqli cəhətdən, təfəkkürünün inkişafına görə normal uşaqlardan seçilmir. Belə uşaqlar özlərini əksər sahələrdə göstərə bilir. Əvvəllər belə bir mənfi tendensiya vardı ki, şikəstliyi olan uşaq cəmiyyətdən gizlədilirdi, valideynlər onlar barədə danışmaq istəmirdilər, ya da ki, bu uşaqlardan imtina olunurdu. Təəssüf ki, sonuncu hal da az yayılmamışdı. Elə olurdu ki, valideyn bu cür uşağının olduğunu hər kəsdən gizlətməyə çalışırdı. Amma ölkəmiz müstəqillik qazandıqdan sonra bu məsələyə dövlət səviyyəsində yeni münasibət sistemi formalaşdı. Artıq dövlət bu cür uşaqların cəmiyyətə, təhsil müəssisələrinə inteqrasiya etməsində maraqlıdır. Əlil uşaqların problemləri hər zaman dövlətin diqqətindədir. Bu gün ölkədə əlil uşaqlar üçün bir sıra işlər görülüb, onlar üçün şərait yaradılıb. Əlil uşaqlar müxtəlif yaradıcılıq mərkəzlərinə gedir, orada öz bacarıqlarını nümayiş etdirir. Bundan başqa, əlil uşaqların reabilitasiya mərkəzləri də fəaliyyət göstərir. Burada da fiziki qüsurlu uşaqlar məşğul olur. Dövlətimiz və ictimaiyyət əlil uşaqlara qayğı hissilə yanaşmaqla yanaşı, həm də onları adi insanların sırasında aktiv görmək istəyir. Dövlətin əlil uşaqlarla bağlı apardığı məqsədyönlü və humanist siyasət ictimai maraqların müdafiəsinə yönəlib. Çünki o əlil uşaqlar ictimaiyyətin daxilindən çıxıb və onların hərtərəfli müdafiəsi ictimaiyyətin maraqlarının dövlət tərəfindən təmin olunması deməkdir".  

 Davamı olacaq...

 

   İradə SARIYEVA

   Bakı xəbər. - 2013.- 28 noyabr.- S.15.