Dövlət Bayrağı Azərbaycanın dövlət və ictimai gücünün

yenilməz vəhdət rəmzidir

 

 Dövlət Bayrağı Meydanı Bakının ən əzəmətli guşələrindən biri kimi ictimaiyyətin daimi ziyarət yerinə çevrilib. Azərbaycan dövlətinin xalq üçün qurub yaratdığı Bayraq Meydanı xarici turistlərin diqqətini cəlb edir. Ümumiyyətlə, dünyada belə meydanların sayı barmaqla sayılacaq qədərdir. Amma heç biri bizim Bayraq Meydanı onun köksündə dalğalanan bayrağımız qədər əzəmətli, vüqarlı deyil.

   Dövlət Bayrağı Meydanının şəhərimizin Bayıl ərazisində salınmasının da sözsüz ki, öz müsbət tərəfləri var. Dövlət Bayrağı Meydanı memorial abidə istirahət parkı kimi ictimaiyyətin nəzərini cəlb edir. Bilirik ki, Bayraq Meydanının açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2010-cu ilin 1 sentyabr tarixində olub.

   Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən, Prezident 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bilirik ki, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

   Məlumdur ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci ilin dekabr ayının 30-da Bakının Bayıl qəsəbəsində-Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 20000 m2 ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. "Ginnes" dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət Himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

   Mətbuatdan bilirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışında çox maraqlı fikirlər açıqlayıb. O bildirirdi ki, Dövlət Bayrağı Meydanının açılışı həqiqətən tarixiunudulmaz bir hadisədir: "... Bu meydan özlüyündə gözəl bir memarlıq abidəsidir. Meydanın üst hissəsinin sahəsi 3 hektara bərabərdir. Bütövlükdə ərazi isə 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri - gerbi, himninin mətni, xəritəsi təsvir edilibdir. Dövlət Bayrağı Muzeyi də fəaliyyət göstərəcəkdir. Meydanın ortasında isə Azərbaycanın Dövlət Bayrağı ucalacaqdır. Bu bayraq dünyada ən böyük və ən uca bayraqdır. Bayrağın hündürlüyü 162 metrdirbu bayraq şəhərimizin hər bir yerindən görsənəcəkdir. Məhz bu məqsədlə bu yer seçilmişdir. Bu yer, bu ərazi abadlaşdı. Gələcəkdə burada böyük parklar, dənizkənarı bulvar salınacaq, istirahət üçün gözəl şərait yaradılacaqdır. Artıq bu işlər başlanmışdır. Gələcəkdə burada salınacaq bulvar Bakı bulvarı ilə birləşəcəkdir. Bayraq meydanının yaradılması üçün çox böyük tikinti, quraşdırma, quruculuq işləri görülmüşdür. Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görmüşlər. Bu onu göstərir ki, bizdə olan güclü potensial hər bir sahədə özünü büruzə verir. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir".

   Bilirik ki, Prezidentin ictimai və dövlət maraqlarını əks etdirən çıxışındakı məsələlərin artıq böyük bir hissəsi həyata keçirilib. Görülən işlər ictimaiyyətin ürəyincə olmaqla yanaşı, həm də şəhərimizin gözəlliyinə, təmizliyinə xidmət edir.

   Cənab Prezident Dövlət Bayrağı Meydanı haqda danışarkən 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin də işıqlı fəaliyyətinə toxunub. O bildirib ki, Azərbaycan Bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilib: "... Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Azərbaycanda Dövlət Bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilsin. O vaxt hələ Sovet İttifaqının dağılmasına bir ildən çox vaxt var idi. Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cumhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illər hamımızın yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Ölkənin inkişaf perspektivləri qeyri-müəyyən idi və Azərbaycan əslində dövlət müstəqilliyini itirə bilərdi. Azərbaycan xalqının tələbi və müdrikliyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə dəvət olunması nəticəsində Azərbaycanda bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı və inkişaf dövrü başlandı. Bu inkişaf dövrünün nəticələrini bu gün Azərbaycan vətəndaşları görürlər".

   Tarixçi Məlahət Abbaslının sözlərinə görə, Dövlət Bayrağı Meydanının yaradılması, mövcudluğu, onun əzəməti müasir Azərbaycanın baş ucalığıdır: "Dövlət Bayrağı Meydanının salınması, onun hazırkı səviyyədə olması təqdirəlayiq haldır. Deyərdim ki, bizim qonşu dövlətlərin heç birinin belə bayraq meydanı yoxdur. Azərbaycanda dövlət və ictimaiyyətin eyni məsələlərdə həmrəy olması çox yaxşı haldır. Dövlət Bayrağı Meydanının salınması camaatın ürəyindəndir. İctimaiyyət nümayəndələri, sadə vətəndaşlar həm oranı ziyarət edir, tariximizi öyrənir, həm də parkda təmiz havada istirahət edirlər. Uşaqlar, böyüklər, şəhərimizin qonaqları bura gəlirlər. Dövlət Bayrağı Meydanının əzəmətinə əcnəbilər heyran qalırlar. Bu, dövlətin öz dəyərlərinə, dövlət və ictimai maraqlara sayğısından irəli gəlir. Cənab Prezident özü də dəfələrlə bəyan edib ki, dövlət xalqın, ictimaiyyətin maraqlarına xidmət edən layihələrin həyata keçirilməsində maraqlıdır. Prezident bildirib ki, biz bu gün müstəqil ölkə kimi yaşayırıq və böyük qürur hissi ilə yaşayırıq: " Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, böyük sərvətdir. Bizdən əvvəl nəsillər müstəqillik arzusu ilə yaşayırdı. Ancaq bu müstəqilliyi görmək bizə nəsib olubdur. Bu xoşbəxtlik bizə nəsib olubdur. Biz nəinki bu müstəqilliyi görürük. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir. Öz əməli işlərimizlə, Vətənə sədaqətlə, görülən işlərlə, atılan addımlarla. Bu gün Azərbaycan cəmiyyətində bu həmrəylik, milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Biz gənc nəsli bu ruhda tərbiyə etməliyik ki, Azərbaycanda gənc nəsil peşəkar, vətənpərvər, Vətənə sadiq olsun. Çünki bütün dövrlərdə Azərbaycanın uğurlu gələcəyini biz təmin etməliyik. Bir daha demək istəyirəm ki, bu gün atılan addımlar və irəli sürülən təşəbbüslər onilliklərdən sonra özünü göstərəcəkdir. Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20 il, 50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz ölkəmizin uğurlu inkişafını hansı resurslar əsasında təmin edəcəyik?! Biz bu barədə düşünürük və görülən bütün işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda, gələcəyə yönəldilibdir. Biz müstəqil, azad xalqıq, öz siyasətimizi özümüz aparırıq və bundan böyük xoşbəxtlik ola bilməz". Prezidentin dedikləri hər bir vətəndaş tərəfindən yüksək səviyyədə qəbul edilməlidir. Çünki bu sözlərin hamısının xalqımızın keçmişi, indisi və gələcəyilə böyük əlaqəsi var".

   Tarixçi dedi ki, dövlət başçısı Dövlət Bayrağı Meydanı ilə bağlı, onun əhəmiyyəti, dəyərilə əlaqədar çox qiymətli fikirlər söyləyib.

   Qeyd edək ki, Prezident Dövlət Bayrağı Meydanının özəlliyi, onun dövlət və ictimaiyyət üçün əhəmiyyəti haqda bir sıra maraqlı qeydlər edib: "...Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Əminəm ki, bir neçə aydan sonra burada, bütün bu ətrafda tikinti-quraşdırma işləri tamamlanandan sonra bu möhtəşəm meydan insanlarla dolu olacaqdır. Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət Bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!"

   Əlbəttə, Dövlət Bayrağı Meydanının dövlət və ictimai maraqların müdafiəsində oynadığı rol əvəzsizdir. Bilirik ki, oktyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti andiçmə mərasimindən sonra ziyarət etdiyi müqəddəs məkanlardan biri də Dövlət Bayrağı Meydanı oldu. Bu da dövlət başçısının dövlət simvollarına, eləcə də xalqımızın maraqlarına sayğı göstərməsinin nişanəsidir.

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-23 oktyabr.-S.15.