Yaradıcılıq
ittifaqlarının fəaliyyətinə dövlət dəstəyinin
ictimai əhəmiyyəti...
İttifaqlar öz işində dövlət
və ictimai maraqları necə əks etdirir?
Mədəniyyət hər bir cəmiyyətin, xalqın, dövlətin özünü dünyada təsdiq etməsinə əsas olan bir vasitədir. Qədim mədəniyyət beşiyi Azərbaycanda incəsənət əsrlərdir ki, ictimai və dövlət maraqlarının müdafiəsinə xidmət edir. Qobustanda daşlara həkk olunan təsvirlər keçmişlə indinin, indi ilə gələcəyin arasında mövcud olan bir yaddaş körpüsüdür. Hətta Naxçıvanda qayaüstü təsvirlərin olması təzəlikcə üzə çıxıb.
Bu da ondan xəbər verir ki, hələ əski dövrlərdən incəsənət, rəssamlıq ictimaiyyətin və dövlətin maraqlarını özündə ifadə edib. Xalqımız əsrlərdir ki, yaradıcı insanlara, onların dövlət və dövlətçiliyin formalaşmasında iştirakına şahidlik edir. Azərbaycanda təsviri incəsənətin tarixi lap qədimlərə gedib çıxır. Burada bütün dövrlərdə incəsənətimizin inkişafı üçün zəhmət çəkən rəssamlar olub, bu gün də var. Məlumdur ki, rəssamların dövlət quruculuğunda, milli ideologiya və ictimai maraqların formalaşmasında, müdafiəsində əməyi az deyil.
Rəssam Adilə Babayevanın sözlərinə görə, bu hal Azərbaycanın qədim dövlətçilik tarixindən indiyə qədər davam edir: "Dövlət maraqlarından söhbət gedirsə, onun qorunmasında iştirak edənlər sırasında rəssamlar ordusu da öz yerini tutur. Məlumdur ki, Səfəvilər dövləti zamanında sarayda rəssamlığın, təsviri incəsənətin inkişafına, təşəkkülünə çox böyük önəm verilirdi. Soltan Məhəmmədin rəhbərliyilə formalaşdırılan bu məktəbin çoxlu sayda davamçıları olub. Rəssam və sənətkarlar Səfəvi dövlətinin inkişafında, onun maraqlarının müdafiəsində, sarayla xalqın vəhdətinin təşkil edilməsində önəmli rol oynayırdı".
Ümumiyyətlə, rəssamların dövlət və ictimai maraqların müdafiəsində seçildiklərini vurğulayan rəssam hesab edir ki, rəssamlar dövlətə bağlı olduqlarını zaman-zaman sübut edib. A.Babayevanın sözlərinə görə, bütün sağlam düşüncəli yaradıcı adamlar və sağlam dəst-xəttə sahib olan yaradıcı təşkilat öz fəaliyyətində dövlət maraqlarını əsas götürməlidir: "Azərbaycanın dövlət və ictimai maraqlarının müdafiəsində yaradıcı şəxslərin rolu həmişə böyük olub. Burada yaradıcı təşkilatların da yeri var. Ölkədəki yaradıcı təşkilatlar dövlət və ictimai maraqların müdafiəsinə çalışır. Nəzərə alsaq ki, yaradıcı qurumlarda müxtəlif nəsillərin nümayəndələri təmsil olunur, onda bu qurumlarda dövlət və ictimai maraqların daha geniş formada təbliğatına ehtiyac görürük. Dediyim kimi, yaradıcı qurumlar bunun öhdəsindən uğurla gəlir. Gənclərə də milli dövlətçilik maraqlarının müdafiəsi istiqamətində görməli olduqları işlər barədə tövsiyələr verilir. Bu gün Azərbaycan Rəssamlar İttifaqı birmənalı olaraq dövlət qayğısı altındadır. Yarandığı gündən indiyə kimi bu quruma dövlət böyük dayaq durur. O biri yaradıcı qurumlar kimi, Rəssamlar İttifaqı da sovet illərində yaradılıb. Düzdür, bu qurumun yaradılmasında əsas məqsəd rəssam və heykəltəraşların bolşevizm ideologiyasına xidmətini təşkil etmək olub. Bəli, illər uzunu rəssam və heykəltəraşlarımız bu ideologiyaya xidmət edib. Amma burada bir məqam var ki, ideologiyaya bağlı olsalar da, təsviri incəsənət ustalarımızın daxilində böyük Azərbaycan nuru yaşayıb həmişə. Bu nurdan ilham alaraq yüzlərlə Azərbaycan sevgisini tərənnüm edən əsərlər yaradıblar. Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə və başqaları Azərbaycanı tərənnüm edən fırça nümunələrinə nəfəs verib. Təbii ki, Azərbaycan rəssamlarının əsərlərində bizim milli və ictimai maraqlarımız hər zaman müdafiə edilib, ediləcək də. Azərbaycan rəssamlarının dövlətə və ictimai məsələlərə sıx tellərlə bağlanmasında Rəssamlar İttifaqı ilə yanaşı, Dövlət Rəssamlıq Akademiyasının da böyük rolu var. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası hazırda yüzlərlə incəsənət mütəxəssisinin yetişməsində önəmli işlər görür. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 2002-ci ildə respublika Prezidentinin fərmanı ilə yaradılıb. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Türkiyə və İran İslam Respublikası ilə sıx əməkdaşlıq edir. Burada 102 nəfər professor-müəllim heyəti, o cümlədən 2 nəfər elmlər doktoru, 13 nəfər professor, 7 nəfər elmlər namizədi, 13 nəfər dosent fəaliyyət göstərir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 700-dən artıq tələbə təhsil alır. Eyni zamanda, Akademiyanın tələbələri xarici ölkələrdə təhsilini davam etdirir. Akademiyada bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulub. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir. Akademiyada yüksək ixtisaslı elmi işçilərin hazırlanmasına xidmət edən aspirantura fəaliyyət göstərir".
Rəssamın bildirdiyinə görə, bu Akademiyada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən vəsaitlər də tələbələrə tədris edilir: "Müstəqil Azərbaycan Respublikasının memarı Heydər Əliyev rəssamlıq sənətinə böyük önəm verirdi. O, Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin hərtərəfli inkişafı ilə bağlı göstərişlər verirdi. Bildiyim qədər elə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının da yaranması Heydər Əliyevin adı ilə bağlıdır. O, rəssamlıq sənətinə böyük önəm verir, rəssamlara böyük diqqət yetirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də rəssamlara, Rəssamlar İttifaqına və Rəssamlıq Akademiyasına diqqət göstərir. Məlumdur ki, respublika Prezidenti İlham Əliyev martın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilən yeni korpusunda yaradılan şəraitlə tanış oldu. Bilirik ki, yeni korpus cənab Prezidentin təşəbbüsü ilə inşa olunub. Bu, təsviri incəsənət sahəsində təhsil alan gənclərə böyük bir töhfədir. Dövlətimizin başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir standartlara uyğun olaraq inşa edilib. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır".
A.Babayevanın sözlərinə görə, rəssamlar Azərbaycanın dövlət maraqlarının müdafiəsinə dəstək olaraq çoxsaylı sərgilərlə çıxış edir. Azərbaycanın dövlət maraqlarına həsr edilən, eyni zamanda da bizim milli ağrı-acılarımızdan bəhs edən əsərlərdən ibarət sərgilər həm ölkədə, həm də xaricdə seyirçilərə təqdim edilir: "Azərbaycan rəssamları Azərbaycan dövlətinin müstəqilliyinə, onun tarixi torpaqlarına, milli ideologiyasına, faciələrinə aid yüzlərlə əsər yaradıb. Elə bir məsələ yoxdur ki, orada rəssamlarımızın müsbət izləri görünməsin. Rəssamlarımızın ən çox müraciət etdiyi mövzular Azərbaycanın dövlət atributlarının canlandırılması, habelə 20 Yanvar, Xocalı kimi faciələr, Azərbaycanın milli qəhrəmanlarının tablolarıdır. Bundan başqa, rəssamlarımızın yaradıcılığında ən çox yer tutan məsələlərdən biri azərbaycançılıqdır. Azərbaycan rəssamları xalqımızın haqq səsinin dünyaya yayılmasında önəmli rola malikdir. Biz bunu xarici ölkələrdə keçirilən rəsm sərgilərinin timsalında görə bilirik. Xocalı soyqırımının 21-ci ildönümündə Almaniyanın paytaxtı Berlində "Berlin-Bakı" Rəsm Qalereyasında "Xocalı soyqırımı gənc rəssamların gözü ilə" adlı rəsm sərgisi keçirilib. Dünya Azərbaycanlı Gənclər Birliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycan xalqının üzləşdiyi soyqırım problemi açıqlanıb. Sərgidə iştirak edən rəssamların verdiyi bilgiyə görə, uğurla keçən bu sərgidə Azərbaycan Rəssamlar İttifaqının gənc rəssam üzvləri, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin müxtəlif janrlarda hazırladıqları əsərləri nümayiş olunub".
Almaniyada keçirilən sərgidən geniş danışan A.Babayevanın bildirdiyinə görə, sərgidə Almaniyanın müxtəlif sahədə fəaliyyət göstərən ictimai xadimləri, diplomatik korpusun nümayəndələri, eləcə də Almaniyada yaşayan azərbaycanlılar iştirak edib: "Azərbaycan rəssamlarının dövlət və ictimai maraqlarımızın müdafiəsində rolu böyükdür.
Rəssamlar İttifaqı tez-tez milli müstəqilliyimizlə, Respublika Günü ilə, ümummilli lider Heydər Əliyevlə bağlı müsabiqələr keçirir. Bu müsabiqələrdə gənclər iştirak edir. Onlar öz duyğu və düşüncələrilə dövlətə, dövlətçiliyə xidmət etdiklərini rəsmlər vasitəsilə göstərir. Azərbaycan Rəssamlar İttifaqının üzvləri arasında gənclər çoxluq təşkil edir. İttifaq gənclərə böyük dayaq olur".
Beləliklə, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ictimai və dövlət maraqlarının müdafiəsi uğrunda həyata keçirdiyi tədbirlərin saysız-hesabsız olduğunun şahidi olduq. Düşünürük ki, bu qurumlar gələcəkdə də ictimaiyyət və dövlət maraqlarına xidmət edən işlərə imza atacaqlar...
İradə
SARIYEVA
Bakı xəbər.-2013.- 28 oktyabr.-
S. 12.