Tarixi irsimizin dövlət mühafizə kursu və ictimai maraqların müdafiəsi...
Azərbaycanda ictimai
maraqların dövlət səviyyəsində müdafiə
olunması özünü bir neçə aspektdə göstərir.
Dövlətimiz tarixi irsimizi
qorumaqla, onları ictimaiyyətin
maraqlarına uyğun şəkildə
mühafizə edərək təbliğ etməklə çox böyük iş görür. Bu da faktdır ki, ictimai maraqların
müdafiəsində tarixi irsimizin rolu böyükdür. Tarixi irsimiz xalqımızın özü
deməkdir.
Onların mövcudluğu,
qorunması xalqın yaşaması, varlığının,
mənəviyyatının qorunması deməkdir. Azərbaycan
torpağı abidələr diyarıdır. Əsrlər əvvəl
yaradılıb qurulan bu
abidələr tarixi irsimizin
işıqlı səhifələri sayılır. Deyərdik
ki, 150-200 il əvvəl
bu abidələrin mühafizəsi və
müdafiəsilə elə ictimaiyyətin özü
məşğul olurdu. Yeri
gəlmişkən bildirək ki, sovet illərində bəzi abidələrin salamat qalmasına ictimaiyyət az
əmək sərf etməyib. Bura qədim
məbədlər, məscidlər və tarixi
irsimizin qiymətli inciləri olan digər maddi-mənəvi sərvətlərimiz
daxildir. Bu da ondan xəbər verir ki, ictimai
maraqların müdafiəsində tarixi irsimiz, tarixi irsimizin yaşamasında isə ictimaiyyət ciddi rol oynayıb.
"Atəşgah"
Bakının əfsanəvi abidələrindən biri kimi neçə
yüzilliyə yoldaşlıq edib.
Əhali arasında gedən söhbətlərə görə,
"Atəşgah"ın qorunmasında ictimaiyyət böyük rol oynayıb.
Bilirik ki, tarixi irsimizin şah abidələrindən olan
"Atəşgah məbədi" Tarix-Memarlıq Qoruğu bir neçə il əvvələ qədər təmirsiz vəziyyətdə
idi. Belə demək mümkünsə,
baxımsız qalmışdı... Xalqımızın mənəvi
irsinin qiymətli abidəsi olan "Atəşgah məbədi" Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı
şəkildə təmir və bərpa edildi.
Dünya turistlərinin tarixən böyük maraq göstərdiyi
məbəd-abidənin bərpası ictimaiyyətin ürəyincə
olub. Xalqımızın tükənməz
xəzinəsi siyahısında özünəməxsus yeri olan abidə öz möhtəşəmliyini yenidən
özünə qaytarıb. Bir neçə
ay əvvəl
təmir-bərpa olunduqdan
sonra istifadəyə verilən "Atəşgah
məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu
ictimaiyyətin ziyarət yerinə çevrilib.
Bu, ictimaiyyətin tarixi
irsimizə böyük sevgisinin
təzahürüdür.
Tarixçi Təzəgül
Yusifova bildirdi ki, Azərbaycanda ictimai
maraqların müdafiəsində tarixən tarixi
irsin böyük rolu olub. Onun
dediyinə görə, zaman-zaman tarixi irsimiz ictimai və milli maraqlar müstəvisində inkişaf
edib, yaşayıb. Tarixçinin
sözlərinə görə, ictimaiyyət tarixi
irsimizin təbliğində böyük işlər görməlidir:
"Azərbaycan xalqının tarixi irsi o qədər zəngindir
ki, o bəlkə də
beş xalqın mədəni dəyərlərinə
bərabərdir. İctimaiyyət bu irsin təbliğində önəmli işlər
görməlidir. Düzdür, iş görülür, amma onun miqyası
günü-gündən genişlənməlidir. Bizim hər bir sahədə
güclü mədəni
yatırımımız var. Tarix göstərir ki, mədəni
dəyərlərimizin təbliğində ictimaiyyətin rolu həmişə çox
olub. Bəzən siyasi
quruluşlar milli mədəniyyətimizi
inkar edəndə onu
ictimaiyyət yaşadıb. Xalqın yaddaşına,
gücünə söykənməyən mədəniyyət
heç vaxt uzunömürlü ola
bilməz. Bizim tarixi irsimiz
xalqa arxalandığı, xalqın
daxilindən süzülüb gəldiyi üçün əbədiyaşardır. İctimai maraqlar tarixi irsimizin
yaşamasında önəmli rol
oynayıb ki, bir çox əhəmiyyətli abidələr, əlyazmalar,
folklor örnəkləri, qala
və abidələr, pirlər, ziyarətgahlar onun
hesabına yaşayıb. İnsanlarımız öz şəxsi marağından deyil, ümumxalq
marağından çıxış edərək tarixi irsimizi qoruya bilib. İctimaiyyətin
təbliğ edib qoruduğu
bu dəyərlər indi
bizim güvənc yerimizdir.
Bu dəyərlərin indiyə qədər
gəlib çatması üçün ulu babalarımıza minnətdarıq. Bu xəzinənin çox
böyük bir hissəsini
onlar mühafizə edib.
Bir çox tanınan
ailələr var ki, bu irsin qorunmasına
görə onlara da
minnətdarıq. Onlar ictimai
maraqdan, ümumxalq mənafeyindən
çıxış edərək xalqa məxsus
dəyərləri qoruyub. Azərbaycan
xalqı tarixən elcanlı olub, elliklə
bir araya gəlməyi
bacarıb. Elin sərvətini qoruyan elə ictimaiyyətin özü
olub".
T.Yusifovanın dediyinə görə,
ictimai maraqlarımızın əsas hədəfi
hər zaman milli-mənəvi sərvətlərimizin
qorunması, təbliği olub. T.Yusifova qeyd etdi ki, bir
çox tarixi abidələr,
məscidlər, türbələr ictimaiyyətin
sayıqlığı və qədir bilənliyi sayəsində
salamat qalıb: "Azərbaycan ərazisi
abidələrlə zəngindir. Bu abidələrin əksəriyyəti qədim
dövrlərin yadigarıdır. Çar
Rusiyasının işğalından sonra
Azərbaycan ərazisində abidələrin
dağıdılması prosesinə başlananda
xalq, ictimaiyyət ciddi
müqavimət göstərərək babaların mirası olan abidələri xilas edə
bildilər. İndiki Ermənistan
adlandırılan Qərbi Azərbaycan ərazisində mövcud olan qoç, at abidələri,
müxtəlif gümbəzlər, qəbirüstü tikililər
dağıntıya məruz qalıb. Amma onlar tarixdə yaşadığı və
ictimaiyyət tərəfindən təbliğ edildiyi
üçün gənc nəslin daim marağında olacaq. Bu gün ziyarət yeri olan abidələr də
camaat tərəfindən qorunub.
Vaxtilə onları dağıtmaq istəyənlərin
qarşısını ictimaiyyət alıb. Bir
yerdə müqəddəs bir insanın
gümbəzi var idisə, camaat
onu ziyarət yerinə çevirərək
onu məhv olmaq təhlükəsindən
xilas edirdilər. Nə qədər
türbələr, məscidlər, mədrəsələr
ictimaiyyətin qayğısı ilə təmir edilib, abadlaşdırılıb. Hazırda həmin
tikililər tarixi irs kimi yaşamaqdadır. Eləcə də
müdafiə qalaları və istehkamlar haqda bu fikri
söyləyə bilərik. Dövlətin tarixi
irsimizə qayğısı göz
önündədir. İctimaiyyətin əsrlərdən bəri
qoruyub gətirdiyi abidələri dövlət
abadlaşdıraraq, restavrasiya edərək
onların ömrünü uzadır. Keçmiş illərdə bölgələrdə, Bakıda və
Bakı ətrafında böyük arxeoloji qazıntılar daha
intensiv şəkildə
aparılırdı. O vaxt torpağın
altından Azərbaycan xalqının tarixində əhəmiyyətli
rol oynayan çox unikal mədəniyyət
qalıqları çıxırdı. O zaman
alimlərə bu işdə könüllü ictimaiyyət nümayəndələri
də kömək edirdilər. Kurqanların
tapılmasında, qədim yaşayış düşərgələrinin
üzə çıxarılmasında camaatın əməyi
az deyildi. Yaxud kimsə öz həyətində
qazıntı işi apararkən əldə
etdiyi arxeoloji
materialları muzeylərə təhvil verirdi.
Yəni ictimai maraq həmişə
tarixin xeyrinə işləyib. Tarixi irsimizin
qorunmasında ictimai marağın, ictimai marağın yaşamasında isə tarixi dəyərlərimizin rolu
olub. Bu gün muzeylərin fondunu,
ekspozisiyasını bəzəyən tarixi
irs nümunələrinin çoxu
camaatdan toplanan
eksponatlardır. Xalq öz
varidatını göz bəbəyi kimi qoruyub. Maddi-mənəvi
irsin yaşaması həm də onu təbliğ edən ictimaiyyətdən,
ictimaiyyətin ona nə qədər tələbatının
olmasından asılıdır. Azərbaycan və Şərq
klassiklərinə, alim və
övliyalarına, mücdəhidlərə aid
çoxlu əlyazmalarımız var. Onlar aidiyyəti
üzrə arxiv və muzey
fondlarında saxlanır. Həmin əlyazmaların yenə də
çox hissəsi camaatın
xilaskarlığı sayəsində yaşamaq
hüququ qazanıb. Bilirsiz
ki, vaxtilə əski əlifba ilə olan bütün kitablar, əlyazmalar məhv edilir,
yandırılırdı. Bolşevizmin tələbi
bu idi. Bəzi ürəkli
adamlar öz həyatlarını
təhlükəyə ataraq həmin əlyazmaları
keçə məmulatına bükərək torpağın
altında, evlərin divarlarında, tövlələrdə, təndir
damlarında qoruya bildilər. Sonra sular durulanda
həmin əlyazmalar, qiymətli kitablar
xalqın sərvəti, tarixi-mənəvi irs
kimi yenidən xalqın ixtiyarına verildi. Bilirsiz, sovet illərində başqa respublikalarda əlyazmaların
mühafizəsi, maddi-mənəvi, tarixi irsin qorunması ilə birbaşa
kilsələr, dini icmalar
məşğul idilərsə, bizdə bu
işi ictimaiyyət, xalq
arasından çıxan adamlar təmənnasız
şəkildə həyata keçirirdilər. Bizdə bu gün muzey
statusu alan çoxlu abidələr var
ki, onların qorunmasında ictimaiyyətin
böyük əməyi olub.
İçəri Şəhər, Bibiheybət, Mir Mövsüm ağa ziyarətgahları və sair yerlər xalqın qayğısı sayəsində
hifz olunub. Elə
Qobustanın özü də ictimai diqqətdən kənarda qalmayıb. Bu kimi hallar
tariximizdə çoxdur".
T.Yusifovanın dediyinə görə,
bu gün tarixi irsin ictimai
maraqlar fonunda təbliğində
ictimaiyyətlə yanaşı, məktəblilər, gənc
nəsil də zəhmətini əsirgəməli deyil. Tarixçinin fikrincə,
məktəblərdə vaxtaşırı olaraq
tarixi irsimizlə bağlı tədbirlər
keçirilməlidir ki, uşaqlar
keçmişimizi hər zaman
yadda saxlasınlar: "Azərbaycan ərazisi
çox genişdir və
hər yerdə də tarixi irsimizin xəzinəsinə daxil
olan abidələr, dəyərlər çoxdur. Bakıda da belə
sərvətlərimiz az deyil.
Məktəblərdə dərs proqramı çərçivəsində
xüsusi tədris prosesi
olmalıdır. Qobustanda, Atəşgahda,
Qala Qoruğunda,
Ramanı qalasında, Çıraqqalada, Avey
dağda və tarixi irsimizin ünvanı olan başqa yerlərdə uşaqlarımıza dərs
keçilməlidir. Onlar tarixin
yadigarlarına öz gözlərilə tamaşa etməlidir. Müəllimlər onlara xalqımızın tarixindən, bu abidələrin, yerüstü
xəzinələrin yaranmasından, alimlərin kəşfinə
qədər onların ictimaiyyət tərəfindən
mühafizə edilməsindən danışmalıdır. Onlar bilməlidir ki, bu abidələr ümumxalq
irsidir və ona ictimai nöqteyi-nəzərdən
yanaşılmalıdır. Bir çox məktəblərdə tarixi irsimizlə bağlı tədbirlər keçirilir, amma bu qənaətbəxş olmadığı üçün ictimaiyyəti qane
etmir. Hesab edirəm ki, tarixçi alimlərlə,
xüsusən də ekspedisiyalarda iştirak edən arxeoloqlarla
görüşlər keçirilməlidir. Onlar
tarixi irsimizin
mühafizəsində, təbliğində ictimaiyyətin rolunu önə çəkməklə
şagirdləri də bu yola
dəvət etməlidir. Bəzən elə ailələr olur ki, onlarda
tarixi irsə elə də əhəmiyyət
verilmir. Odur ki, elə ailələrdə doğulan
uşaqlar da valideynlərinin
münasibətini təkrar edir. Belə
ailələrin ictimaiyyət tərəfindən maarifləndirilməsi
lazımdır. Mənə belə gəlir ki,
tarixi irsimizin
qorunmasını təbliğ edən, həvəskar səviyyədə
də olsa, ictimai klublar, icmalar fəaliyyət
göstərməlidir. Bunun əhəmiyyəti
az olmaz məncə. İctimai klublarda lap alimlərimiz çıxış edə
bilər, yazıçı və şairlərimiz iştirak edər. Bizim elə
ziyalılarımız var ki,
onların ictimaiyyətə deməyə sözü
çoxdur. Belə insanlar
sırasında həkimlər, müəllimlər, mühəndislər,
təbiətşünaslar, elm xadimləri
var. Televiziyalar
vaxtaşırı onlarla ictimaiyyətin görüşünü təşkil etməlidir.
Hesab edirəm ki, bu məsələdə bələdiyyələr
və QHT-lər daha fəallıq göstərməlidir".
İradə SARIYEVA
Bakı
Xəbər.-2013.-5 sentyabr.-S.15.