İpoteka şərtlərinin sadələşdirilməsinə yönəlmiş dövlət siyasəti və ictimai maraqların müdafiəsi...

 

 İpoteka kreditləri son illər ictimaiyyətin ən çox maraqlandığı məsələlərdən biri kimi çox aktualdır. Cəmiyyətin müxtəlif kəsimlərində təmsil olunan şəxslər, xüsusən də gənclər ipoteka yolu ilə mənzil, ev sahibi olmaqda maraqlıdır. Deyək ki, xeyli sayda gənc ailə ipoteka ilə ev-eşik yiyəsi ola bilib. İpoteka ilə ev almaq evi olmayan hər bir Azərbaycan vətəndaşının arzusudur.

   Dövlətin də məqsədi vətəndaşların mənzillə təmin olunmasına dəstək, köməklik göstərməkdir. Bu baxımdan, dövlətimiz vaxtaşırı olaraq ipoteka kreditlərini sadələşdirməyə çalışır. Təbii ki, uzun müddətdir istər yaşlı, istər də gənc olsun, hər kəs ipoteka kreditlərinin sadələşdirilməsini arzulayır. İctimaiyyət hesab edir ki, yaxın gələcəkdə ipoteka şərtləri sadələşə bilər. İpoteka şərtlərinin sadələşdirilməsinin vətəndaşlara daha çox xeyiri olduğunu bilirik.

   Bəzi kommersiya bankları ipoteka kreditləri verməyi dayandırsa da, dövlət bu sahədə yeni proqram həyata keçirməyi planlaşdırır.

   İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Maliyyə Nazirliyi bu il üçün 20 milyon manat trans ayıracaq: "Hələlik o trans kommersiya banklarına və müvəkkil banklara çatmadığından, kommersiya bankları sosial ipoteka krediti verilməsini dayandırıb. Güman olunur ki, artıq sentyabr ayında Nazirlər Kabineti tərəfindən Mərkəzi Bankın təkliflərinə baxılacaq, həm sosial , həm də adi ipotekaya dəyişiklik ediləcək".

   Gənclər və idman naziri Azad Rəhimov də bildirir ki, İpoteka Fondunda olan maliyyə vəsaiti yetərincə deyil: "İpoteka Fondunda olan maliyyə kifayət qədər deyil.Yəni o tez xərclənir. Banklar tərəfindən güzəştli ipoteka 7-8 faizdən verilirtez qurtarır. Yeni proqram var. Cənab Prezident tərəfindən tapşırıq verilib ki, maliyyə imkanları büdcədə var. Sadəcə, proqram yaradılmalıdır ki, o güzəştli ipoteka bütün regionlara çatsın".

   Ekspertlər bildirir ki, Azərbaycanda dövlət ipoteka kreditləşməsi sisteminin təkmilləşdirilməsi üzrə yekun təkliflər bu ilin sonuna kimi hazırlanacaq. Təkliflər həm kommersiya xarakterli, həm də sosial ipotekanı əhatə edəcək. Qeyd edilir ki, yeniliklərdən sonra ilkin ödəniş ləğv olunacaq və faizlər aşağı salınacaq.

   Amma bununla belə, deyə bilərik ki, əhaliyə güzəştli ipoteka kreditlərinin verilməsilə bağlı dövlətin həyata keçirdiyi siyasət özünün bəhrəsini verib. İndiyə qədər vətəndaşların ipoteka şərtlərindən yararlanmasına geniş şərait yaradılıb. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti "İpoteka Haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Rəsmi qurumlardan verilən məlumata görə, dəyişikliklər ipoteka şərtlərinin yüngülləşdirilməsinə yönəlib. İqtisadçılar hesab edir ki, sosial ipoteka şərtlərinə edilən dəyişikliklər ictimaiyyətin maraqlarına xidmət edir. Qanuna əsasən, sosial ipotekanın verilməsi müddəti də uzadılıb. Ekspertlərin verdiyi bilgiyə görə, 2013-cü ilin əvvəlində ipotekaya dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılıb.

   Ekspertlər qeyd edir ki, 2006-cı ilin əvvəlindən İpoteka Fondunun xəttilə 287,3 milyon manat, 2011-ci ilin əvvəllində 35,8 milyon manat ipoteka krediti verilib. Bundan 41 faizi 18-29 yaşında, 31 faizi 30-35, qalan 28 faizi 36 yaşından yuxarı olub. İqtisadçılar bildirir ki, 2011-ci ilin yanvar-avqust aylarında dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 14,2 milyon manat ayrılıb. İqtisadçıların dediyinə görə, ilbəil dövlət büdcəsindən ipoteka kreditlərinə ayrılan vəsaitin məbləği artırıla bilər. İctimai maraqların müdafiəsinə yönələn ipoteka siyasətindən bütün evsiz vətəndaşların istifadə etməli olduğunu deyən ekspertlər hesab edir ki, gələcəkdə ipoteka alanlar kütləvi olacaq.

   Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Azər Muradverdiyevin verdiyi məlumata görə, yaxın illərdə ipoteka əldə edənlərin sırası genişlənəcək: "Məlumatıma görə, ipoteka şərtlərinə yeni dəyişikliklər ediləcək. Bu da şərait yaradacaq ki, evsiz vətəndaşlar asanlıqla mənzil sahibi olsun. Dövlətin "İpoteka Haqqında" Qanuna dəyişiklik etməsi və bu ilin başlanğıcında ipoteka kreditləri üçün büdcədən 40 milyon vəsait ayırması çox müsbət haldır. Hesab edirəm ki, bundan daha çox vətəndaş yararlana biləcək. Dövlət başçısının sosial ipotekanın yuxarı həddinin 50 min manata çatdırılması ilə bağlı sərəncamından sonra Mərkəzi Bank adi ipoteka şərtlərinin dəyişdirilməsi haqqında təkliflər hazırladı. Bu təkliflər qəbul edilərsə, bunun vətəndaşların mənzil təminatına əhəmiyyətli təsir edəcəyi gözlənir. Hazırda ipoteka 4 faiz təşkil edir. Mənə belə gəlir ki, faizin azaldılması daha məqsədəuyğun olardı. İndi yenidən ipoteka şərtlərinin sadələşdirilməsi, faizlərin aşağı salınması məsələsi gündəmə gəlib. Hesab edirəm ki, hazırlanacaq yeni proqram daha faydalı olacaq".

   Keçən illərin statistikasına nəzər salan ekspert bildirdi ki, ictimai maraqların təmin edilməsi sahəsində ipoteka ilə mənzillərin verilməsi istiqamətində nəzərəçarpan irəliləyiş dövlətin qayğısı sayəsində baş verib. İqtisadçının sözlərinə görə, Azərbaycan İpoteka Fondunun xəttilə (AİF) 2012-ci ilin dekabr ayında 14,33 milyon manat ipoteka krediti verilib: "Bu da keçən ilin noyabr ayında verilən ipoteka kreditilə müqayisədə 38 faiz artıqdır. Nəticədə 2012-ci il ərzində verilən kreditlərin ümumi həcmi 74,77 milyon manata çatıb. İpoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyə qədər AİF xəttilə verilən ipoteka kreditlərinin həcmi 420,31 milyon manat təşkil edir. Beləliklə, 2013-cü il yanvarın 1-nə Azərbaycanda adambaşına verilən kreditin həcmi 46,19 manat olub. Bu rəqəmləri ona görə sadaladım ki, ipotekadan yararlanan insanların sayı məlum olsun. Artıq 2013-cü ildə sosial ipotekanın vaxtının artırılması ilə bağlı qərar qəbul edilib. Dövlət büdcəsindən 40 milyon vəsait ayrılıb. Bu da ondan xəbər verir ki, dövlət ipoteka siyasətinə xüsusi önəm verir. Keçən il ipoteka faizləri 8 və ondan artıq idisə, indi 4 faiz təşkil edir. Hesab edirəm ki, faizlərin azaldılması məsələsi həyata keçsə, daha yaxşı olar. Əhalinin bəzi təbəqələri şikayət edir ki, ipoteka ilə ev almaqda çətinlik çəkir. Bu da şərtlərin ağır olması və çoxlu sənəd tələb edilməsilə bağlıdır. Düşünürəm ki, dövlətin qayğısı nəticəsində əhalini narahat edən bəzi problemlər də öz həllini tapacaq. Amma bütövlükdə ipoteka ilə mənzil alanların sayı ilbəil çoxalır".

   A.Muradverdiyevin sözlərinə görə, 2013-cü ildə gənc ailələrin və subay gənclərin ipoteka ilə mənzil almasına daha çox şərait yaradılacağı gözlənir: "Bu il gənclərin ipoteka ilə ev almasına daha böyük yer ayrılacağını güman edirəm. Çünki bu gün elm, mədəniyyət, mətbuat, səhiyyə, təhsil sahəsində çalışan onlarla gənc mütəxəssis var ki, mənzil almaqda çətinlik çəkir. Ümid edirəm ki, bu il bu kateqoriyadan olan gənclərin ipoteka ilə aşağı faizlə mənzil almasına geniş şərait yaradılacaq. Elm sahəsindəki gənclər ipoteka ilə ev almaqda çətinlik çəkdiyi halda, hansısa bir şou-biznesçi, yaxud teleaparıcı maneəsiz mənzil ala bilir. Bu məsələyə də baxılmalıdır. Hesab edirəm ki, mənzil şəraiti pis olan, evsiz insanların hər birinin yaxın zamanlarda öz evi olacaq. Dövlət buna yeni imkanlar, yollar açıb. İctimaiyyətin maraqlarını təmin edən bir ipoteka siyasəti aparılır. Bu siyasət hər kəsin xeyrinə olacaq".

   Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov isə mətbuata bildirib ki, ipoteka kreditlərinin aşağı faizlərlə əhaliyə verilməsi ictimai maraqların müdafiəsinə yönəlib. Onun sözlərinə görə, ipoteka kreditlərindən hər bir vətəndaş yararlanmalıdır. F.Kazımov bildirib ki, bu il ərzində Fond tərəfindən həm güzəştli, həm də adi ipoteka kreditləri daxil olmaqla 100 milyon manat məbləğində ipoteka kreditlərinin verilməsi proqnozlaşdırılır: "Bu il, yəni 2013-cü ildə tətbiq edilən daha bir yenilik Elektron İpoteka Sisteminin istifadəyə verilməsi ilə bağlıdır. Sistemin tətbiqi vətəndaşların müraciətlərinə baxılmasında növbəliyin təmin edilməsinə, biznes proseslərinin şəffaflığının daha da artırılmasına, kreditlərin rəsmiləşdirmə müddətinin əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, müvəkkil banklarFond tərəfindən maliyyə risqlərinin idarə olunmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir. Qeyd olunanlarla yanaşı, növbəti illərdə Fond tərəfindən yeni ipoteka məhsullarının işlənib hazırlanması nəzərdə tutulur. Bu isə, öz növbəsində, Fonda daha çox maliyyə vəsaitinin cəlb edilməsini və AİF-in aktivlərinin daha da artmasını zəruri edir. Bununla əlaqədar olaraq, Fondun institutsional inkişafı, risqlərin idarə olunması sisteminin təkmilləşdirilməsi, maliyyə bazarlarının təhlili üçün Fondda tədqiqat işinin təşkili, beynəlxalq maliyyə bazarına çıxış imkanlarının yaradılması qarşıda duran əsas məqsədlərdəndir. Təbii ki, gələcək üçün planlar çoxdur. Hesab edirəm ki, bu sahədə ən mühüm vəzifə bu planların reallaşması ilə bağlı olmalıdır və hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrində aparılan davamlı islahatlar bunun üçün münbit şərait yaradıb. Ümid edirəm ki, gələcək illərdə də ipoteka kreditləşməsi sisteminin inkişafı əhalinin daha geniş təbəqəsinin mənzil ehtiyaclarının ödənilməsi və şəraitin yaxşılaşdırılması kimi sosial məsələlərin həllinə öz töhfəsini verəcək".

   2013-cü ildə bu istiqamətə 40 milyon manat vəsaitin ayrılmasının praktiki olaraq 2012-ci illə müqayisədə sosial ipoteka kreditlərinə ayrılan vəsaitin 2 dəfə artması demək olduğunu bildirən ekspertlər ümid edir ki, dövlət büdcəsinin ipoteka proqramı çərçivəsində 2013-cü ildə ən azı 1500 ailə ipotekadan yararlanmaqla öz mənzil problemlərini həll edəcək. Bundan əlavə, adi ipoteka kreditlərinə ipoteka istiqrazının yerləşdirilməsi nəticəsində 80 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu da ondan xəbər verir ki, 2013-cü ildə təxminən 6 minə yaxın ailə ipoteka kreditindən yararlanaraq öz mənzil problemini həll etmiş olacaq. Bütövlükdə, 2013-cü ilin gəlir və xərcləri göstərir ki, sosial proqraminfrastruktur layihələrinin həyata keçirilməsi baxımından maliyyə bazası formalaşdırılır. Bütövlükdə, 2013-cü il həm əmək haqlarının artırılması, həm də infrastruktur layihələrinə ayrılan vəsaitin həcminin artırılması ilə yadda qalacaq. Azərbaycan ictimaiyyətinin ipoteka kreditlərindən daha geniş, səmərəli şəkildə istifadə etməsinə dövlətin şərait yaratması və yenidən daha əhatəli, sadə proqram hazırlanmasında maraqlı olması onu deməyə əsas verir ki, dövlətin bu sahədəki siyasəti ictimai maraqların müdafiəsinə həsr olunub.

   Düşünürük ki, içində yaşadığımız sentyabr ayının sonlarına yaxın ipoteka proqramı sahəsində gözlənilən dəyişikliklərin şahidi ola biləcəyik.

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2013.- 17 sentyabr.- S. 15.