Kremlin Qarabağ münaqişəsinin həllini yenə
öz inhisarında saxlamaq
niyyəti...
Ekspert
və rəsmi şəxslərin oxşar mövqedə
olması səbəbsiz deyil
Yola saldığımız 2012-ci
ildə də Azərbaycanın ən böyük problemi olan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
heç bir irəliləyiş olmadı. Bunun əsas səbəbi isə münaqişənin
dinc yolla həlli
istiqamətində Ermənistanın qeyri-konstruktiv
mövqeyindən geri çəkilməməsi,
həmçinin ATƏT-in Minsk Qrupunun konfliktin çözümü üçün
hansısa real addım atmaması oldu.
Əksər siyasi ekspertlər cari
ildə də problemin dinc yolla çözümü
üçün hansısa yenilik gözləmir. Ehtimal olunur
ki, əvvəlki kimi, Rusiya problemin həllində əsas vasitəçi
qismində çıxış etdiyini göstərməyə
çalışacaq. Əslində, bunun ilkin
anonslarını Rusiyanın xarici işlər naziri Sergey
Lavrov bir müddət əvvəl bəyan edib. Onun sözlərinə
görə, Rusiya 2013-cü ildə MDB məkanında
mövcud münaqişələrin, ilk növbədə isə
Dağlıq Qarabağ münaqişəsinin siyasi
nizamlanmasına dair səylərini davam etdirəcək. Nazir
münaqişələrin qarşısının
alınması və nizamlanmasının 2013-cü ildə
beynəlxalq birliyin fəaliyyətinin prioritet istiqamətlərindən
olacağını bildirib: "Rusiya beynəlxalq gündəmin
bütün önəmli məsələlərinə dair tərəflərin
qəbul edəcəyi qərarların verilməsində
maraqlıdır. RF MDB məkanında münaqişələrin,
hər şeydən əvvəl, Dağlıq Qarabağ və
Dnestryanı münaqişələrinin siyasi yolla
nizamlanması üzrə aktiv səylərin göstərilməsini
davam etdirəcək".
Lakin Rusiyanın vasitəçiliyi sayəsində konfliktin çözümündə hansısa ciddi irəliləyişin ola biləcəyi elə bu ölkənin özündə də şübhə ilə qarşılanır. Rusiyada fəaliyyət göstərən MDB Ölkələri İnstitutunun eksperti, politoloq Mixail Aleksandrov da vurğulayır ki, 2013-cü ildə, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin əvvəlinə nəzərdə tutulan növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, çətin ki, yeni nələrsə baş versin. O bildirib ki, tərəflərin mövqeləri o qədər aşkar və qətidir ki, bu məsələdə hansısa irəliləyiş və sıçrayış gözləmək qeyri-realdır: "Müxtəlif bəyanatlara baxmayaraq, mövcud qüvvələr nisbətində regionda heç nə dəyişməyəcək. Status-kvo yalnız dünyada vəziyyətin dəyişməsindən sonra pozula bilər. Lakin hələlik belə bir vəziyyət yaranmayıb".
Münaqişənin həllində digər vasitəçi dövlət olan ABŞ-ın mövqeyi və bu prosesdə üstünlüyü Rusiyaya verməsi isə yenə tənqid obyektidir. Amerikada fəaliyyət göstərən Türk-Amerika Dərnəkləri Federasiyasının başqanı Ali Çinar
bildirir ki, Qarabağ məsələsində Amerika səssiz mövqe sərgiləyir: "Xüsusən də erməni lobbisinin güclü təzyiqi ilə həm Türkiyəyə, həm də Azərbaycana münasibətdə səmimi davranmır. Bununla yanaşı, Amerikada fəaliyyət göstərən türk ölkələrinin lobbi təşkilatları əlindən gəldiyi qədər Qarabağın haqlı davasını doğru, düzgün və olduğu kimi çatdırmağa çalışır. Xüsusilə Amerika Konqresində bu mövzunun daha çox gündəmə gətirilməsi üçün çalışırıq".
Onun sözlərinə görə, erməni lobbisi güclüdür: "Çünki buna əsas səbəb ermənilərin Amerikaya bizlərdən əvvəl köç etmələridir. Ayrıca, maddi olaraq da daha çox investisiya həyata keçirməkdədirlər. Erməni diasporu bu işi bir nifrətə, bir pullu sahəyə çevirmiş vəziyyətdədir".
Təbii
ki, yaranmış vəziyyətdə
münaqişənin hərb yolu ilə
çözülmə ehtimalı getdikcə artır. Ölkəmizin
silahlanmaya ayırdığı böyük vəsait, həmçinin,
alınan texnikanın təyinatı göstərir ki, Azərbaycan böyük
itkilər yaşmadan Qarabağ
münaqişəsini həll etmək gücündədir.
Məsələn, SİPRİ, Dünya
Silah Ticarətinin Analizi
Mərkəzi (SAMTO) kimi təşkilatların
hesabatları, silah ixracatçısı olan ölkələr tərəfindən BMT Adi Silahlar Registrinə təqdim
edilmiş məlumatların analizlərinə
əsasən, Azərbaycan 2001-2011-ci illərdə müxtəlif
ölkələrdən 450-yə yaxın müxtəlif
çaplı raket-artilleriya sistemləri
satın alıb. Bunun 120-yə yaxınını iri
çaplı minaatanlar, 70-ə qədərini
reaktiv artilleriya sistemləri,
3 kompleks "yer-yer"
tipli "Toçka-U"
sistemi, 100-dən çoxu
özüyeriyən artilleriya sistemi, qalanları isə yedəkdə
daşınan müxtəlif haubitsalardır. Ötən il də bu istiqamətdə
mühüm addımlar atılıb.
Bu silahlar isə
düşmənlə yaxın təmas olmadan
onu asanlıqla məhv etməyə imkan verir.
Onu da bildirək ki, Azərbaycanın artilleriya silahlanmasında fərqli coğrafiyalara yer verilməsinə baxmayaraq, ötən onillikdə bu sahədə üstünlüyü Ukrayna və İsrail tutub. Hesabat dövründə Azərbaycan Ukraynadan 310 ədəd, İsraildən isə 50-yə yaxın müxtəlif çaplı artilleriya sistemləri satın alıb. Hər iki ölkədən verilmiş sifarişlər 2012-ci ildə də davam edib.
Yaxın illərdə Türkiyəyə sifariş verilmiş T-155 "Fırtına" özüyeriyən artilleriya sisteminin də silahlanmaya qəbulu gözlənir. Türkiyə Müdafiə Sənayesi Katibliyi rəsmilərinin sözlərinə görə, sistemin Azərbaycana satışına əngəl yaradan mühərrik problemi həllini tapıb. "Fırtına"nı mühərriklə təmin edən Almaniyanın MTU şirkəti, Ermənistanla münaqişəni əsas gətirərək, Azərbaycanın sifariş verdiyi özüyeriyən haubitsaları mühərriklə təmin etməyəcəyini bildirmiş, bu səbəbdən sifarişin icrası ləngimişdi. Detallar açıqlanmasa da, problem artıq müsbət həll olunub. Məlumatlara görə, Azərbaycan Türkiyədən 36 ədəd T-155 "Fırtına" sistemi almağı planlaşdırır.
Tahir TAĞIYEV
Bakı
Xəbər.-2013.-9 yanvar.-S.-8.