İctimai
maraqların üzə çıxarılması formaları
Zeynəddin
Şabanov: "Bizim hamımızın ictimai
marağımızın əsasında azərbaycançılıq
durmalıdır"
Yalnız bizim cəmiyyətdə
deyil, cəmiyyətlərin çoxunda insanlar öz şəxsi,
fərdi maraqlarından çıxış etməyi sevir.
Amma təcrübə göstərir ki, şəxsi maraq
müstəvisindən çıxış edən insanlar əksər
hallarda təmsil olunduğu dövlətə, topluma heç
bir fayda verə bilmir. Öz davranışları, əməllərilə
ictimai maraqlara qulluq edən insanlar isə hər zaman
faydalı olur.
İctimai maraqların meydana
çıxmasının tarixi keçmiş dövrlərə
gedib çıxır. İnsan cəmiyyəti mövcud
olandan ictimai maraqların da cücərtiləri boy göstərib.
Azərbaycanda ictimai maraqları əks etdirən yüzlərlə
tarixi hadisə baş verib. Azərbaycan xalqı elliklə birləşməyi,
vahid ideya ətrafında həmrəy olmağı, maddi və
mənəvi baxımdan topluma faydalı olmağı
bacarır. İctimai maraqların üzə
çıxarılması formaları əsrlərdir ki, dəyişən
və dəyişməz qaydalarla tənzimlənir. Ölkəmiz
müstəqillik əldə etdikdən sonra ictimai
maraqların formalaşması, təbliği kimi məsələlərə
daha çox önəm verilməyə başladı.
Sosioloq Nigar Əliyeva bizimlə
söhbətində bildirdi ki, ictimai maraqların üzə
çıxarılması metodları müxtəlifdir.
Sosioloqun sözlərinə görə, əhalinin
marağını ictimai sahəyə yönəltmək
üçün geniş maarifçilik tədbirləri
görülməlidir. N.Əliyevanın dediyinə görə,
Azərbaycan dövlətinin təhlükəsizliyindən
tutmuş onun milli-mənəvi dəyərlərinə
qayğı məsələsinə qədər hər
şey ictimaiyyət tərəfindən nəzərə
alınmalıdır. Ekspert hesab edir ki, ictimai maraqların
üzə çıxarılması formalarından
danışılırsa, burada ilk növbədə Azərbaycan
dövlətinin müxtəlif qanunlarının təbliği,
onların əhali arasında yayılması da nəzərə
alınmalıdır: "İctimai maraqlar təbliğ
olunmalıdır ki, onun üzə çıxarılması
formaları da bəlli olsun. Mən hesab edirəm ki, ictimai
maraqların yayılması üçün böyük
işlər görülməlidir. Azərbaycanda müxtəlif
hadisələr, müxtəlif sahələrlə
bağlı fərmanlar, sərəncamlar verilir, qanunlar qəbul
olunur. Amma çox vaxt əhalinin bunlardan xəbəri olmur. Bu
da ondan irəli gəlir ki, vətəndaşlar arasında
öz fəaliyyətini ictimai maraqlara həsr edən insanlar
azdır. Əhali qanunlardan xəbərdar olmalıdır. Bu
işdə onlara ziyalılar, öndə olan şəxslər,
mətbuat, sosioloqlar yardım etməlidir. İctimai
maraqların üzə çıxarılması o deməkdir
ki, əhali hər bir məsələyə aktiv münasibət
göstərə bilir. Məsələn, Azərbaycanda
hansısa bir dövlətin casusu təbliğat-təşviqat
işi aparırsa, vətəndaşlar onları dərhal
ifşa etməlidir. İctimai maraqlara xidmət edən şəxslər
sağlam düşüncəyə malik olanlardır.
İctimai maraqların üzə çıxarılması
formaları çoxdan bəridir ki, tədqiqata cəlb
edilib".
N.Əliyevanın sözlərinə görə, televiziyalar ictimai mövzulara daha çox yer ayırsa, əhalinin ictimai maraqlarının üzə çıxarılması bir o qədər öz effektini verə bilər: "Telekanalların daha çox imkanı var ki, əhalinin nə ilə maraqlandığını üzə çıxara bilsin. İctimai maraqların üzə çıxarılması formaları ilə bağlı onlar maraqlı layihələr həyata keçirə bilər. Sosioloqların keçirdiyi sosioloji sorğular, onların fikirləri geniş təbliğ edilməlidir. Vətəndaşlara başa salmaq lazımdır ki, onlar üçün ölkənin milli təhlükəsizliyi, ərazi bütövlüyü əziz olmalıdır. İctimai maraqların üzə çıxarılması formasından biri də ailələrlə canlı təmas yaratmaqdır. İnsanlar fərd kimi ailələrdən çıxır. Sonra bu insanlar bir araya gəlib ictimai maraq ətrafında birləşir. İctimai maraqların üzə çıxarılması formaları haqda tədris prosesində gənclərə məlumat verilməlidir. Bu yöndə Bakıda və rayonlarda seminarlar keçirilməlidir ki, gənclərdə ictimai maraq cücərtiləri baş qaldırsın. Bu olmadıqda biz ictimai maraqlarımızı üzə çıxara bilmərik. Elə insanlar var ki, onlar ictimaiyyətin qayğısını çəkməyə özünü borclu sayır. Amma onun özünü ifadə etməsi üçün şərait yoxdur. Bu da aradan qaldırılmalıdır. Geniş maarifçilik işinə hər kəs önəm verməlidir. Bir vətəndaş görəndə ki, başqa bir vətəndaş səhv yoldadır, onu geri qaytarmağa can atmalıdır. Sovet illərində ictimai maraqların üzə çıxarılması sahəsində müxtəlif işlər görülürdü. Burada əsasən bolşevizm ideologiyasına xidmət, ictimaiyyəti bu mənfur quruluşun ətrafında birləşdirmək təbliğ olunurdu. Müstəqil Azərbaycanda isə milli maraqlar çərçivəsində ictimai maraqlar üzə çıxarılır və o maraqlar daha maraqlı istiqamətlərə yönəldilir. Bu çox yaxşı haldır. Düşünürəm ki, niyə televiziyalarda ictimai maraqların üzə çıxarılması prinsiplərinə həsr edilən sosioloji çarxlar təqdim edilmir? Bu çarxların hazırlanması əhalinin ictimai sahədə öz bacarıqlarını üzə çıxarmasına kömək edəcək".
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə,
Hüquq və Sosiologiya
İnstitutunun əməkdaşı, fəlsəfə
üzrə fəlsəfə doktoru Zeynəddin
Şabanov isə mövzuya
elmi nöqteyi-nəzərdən
yanaşdı. Alim bildirdi
ki, ictimai maraqlar başqa maraq növlərindən çox
fərqlidir: "İctimai maraq məsələsinə elmi əsərlərdə toxunulub.
Görürük ki, bizim ictimai
maraqlarımız milli maraqlarımızla
paralel inkişaf edib. Milli maraqlar
zəminində formalaşan ictimai maraqlarımıza bir
neçə aspektdən yanaşmaq olar. O necə yaranmalıdır? Necə üzə
çıxmalıdır və özünü
necə tapmalıdır? Burada bir neçə aspekt var. Əlbəttə, biz qeyd etməliyik ki, ictimai maraqlar iki cür-həm daimi, həm
də dəyişkən olur. Bunlar da özlərini
müəyyən zaman kəsiyində
üzə verməsilə əlaqədardır. Eyni zamanda da
burada bəzi məsələlər var ki, onları qeyd etmək lazımdır. İnsanlar
özlərini ictimai maraqda
necə tapmalıdır? Onlar özlərini
milli maraqlarda necə əks
etdirməlidir? Bütün insanların milli mənafeyi, milli
marağı dövlətçilikdən, milli
təhlükəsizlikdən və ölkə sərhədlərinin
qorunmasından başlayır. İlk olaraq bu amil
bizim milli
marağımızın mərkəzində durur.
Bu daimi maraqdır. Burada milli təhlükəsizlik
öndə getməlidir. Milli maraqlar hər zaman milli təhlükəsizliklə kompleks təşkil etməlidir. Bundan başqa, burada dini təhlükəsizlik
məsələsi də var. Biz dinimiz, islamın qayda və prinsiplərini olduğu
kimi mühafizə etməliyik. Hələ
də bizə məqsədi aydın olmayan
elə təmayüllər, təriqətlər var ki, islam
amilindən istifadə edərək islam dininin özünə mənfi təsir
göstərir. Onlar bəlkə də
islamın parçalanmasına xidmət edir.
Həm islam təmayüllü təsirlərə,
həm də başqa dinlərə
qarşı birləşməliyik. Biz ictimai maraqlarımızı ortaya
qoymalıyıq ki, bu
neqativ məsələlər azalsın. Hətta
2002-ci ilə qədər Azərbaycanda "incilləşdirmə"
prosesini həyata keçirirdilər. Bu isə böyük dini təhlükədir. Düzdür,
bizdə bu təhlükənin
qarşısını almaq üçün Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi, Milli Təhlükəsizlik
Nazirliyi var. Bunlar iş aparır. Eyni zamanda da
bizim ictimai
marağımız olmalıdır. Bu da bizim dinimizi,
milli-mənəvi dəyərlərimizi qorumaqdan
keçir. Azərbaycan elə bir dövlətdir ki, burada ayrı-ayrı xalqların, etnosların
nümayəndələri yaşayır. Onlara aid də
milli-mənəvi dəyərlər,
milli elementlər, özlərinə xas olan atributlar var. Bunlara da hörmətlə
yanaşmalıyıq".
Qeyd edək ki, Azərbaycan nəinki bölgədə, hətta
dünyada tolerantlıq
sahəsində nümunəvi
bir məmləkət
kimi tanınır.
Bunu Z.Şabanov da təsdiqlədi: "Ölkəmizin tolerant olmasını
yalnız özümüz
deyil, bura gələn tanınan şəxslər qeyd edib. Onlar deyib
ki, Azərbaycan bu sahədə başqa dövlətlərə
nümunə ola bilər. Bir də bizim hamımızın
ictimai marağımızın
əsasında azərbaycançılıq
durmalıdır. Bu ideologiyanın geniş səviyyədə təbliği,
burada ictimaiyyətin iştirakı onların marağının üzə
çıxarılmasına dəlalət edir. Hamımız bu ölkənin
vətəndaşlarıyıq. Azərbaycan
tam böyük bir dövlətdir və o hamımızın marağında
olmalıdır. Dövlətimizin sürətli inkişafı,
onun sivil dövlətlər səviyyəsinə
çıxması bizim
ictimai marağımızdır.
Bunun üçün hamı çalışmalıdır. Milli ideologiyanın ictimaiyyət
tərəfindən qəbul
edilməsi vacibdir.
Bu sahənin nəzəri
tərəfləri haqda
kitablar yazılıb:
"Bu sahədə böyük
alimimiz Səlahəddin
Xəlilovun sanballı
kitabları var. Cəmiyyətdə
bütün insanlar arasında sosial dialoqun olması vacibdir. Yəni sülh mədəniyyətinin
mövcudluğu hamımızı
cəlb edən məsələlərdən biridir.
Başqa
tərəfdən, bir
məsələ də
var. Bu da ekoloji təhlükəsizlik məsələsidir.
Bunu ictimai maraqdan kənarda saxlamaq olmaz. Ona görə ki,
ekoloji təhlükəsizliyin
həm havada, həm suda, həm torpaqda təmin olunması həm bu gün
bizə lazımdır,
həm də gələcəkdə. İnsanların hər şeyə fərdi marağı var, amma biz bir
xalq kimi birləşməliyik. Demoqrafik maraqlar
da ictimai maraqlara aiddir. Əhalinin artımı, genetik modifikasiya olunmuş məhsullar və sair də bu
sahəyə aiddir.
Bunların arxasında nə
gizləndiyi artıq hamıya məlumdur".
Z.Şabanovun sözlərinə görə, ictimai maraqların üzə çıxarılması sahəsində
görülən işlərin
faydası böyük
olacaq. Onun dediyinə görə, əhali özünün sosial, mənəvi və sair hüquqlarını
müdafiə edərkən
onun ictimai maraqları üzə çıxır":İctimai maraqların
üzə çıxarılması
məsələsində əhalinin
səyi şəksizdir.
Cəmiyyətdə bir
sıra məsələlər,
o cümlədən də
sosial ədalət olmalıdır".
İctimai maraqların üzə çıxarılması və
təbliği sahəsində
yerli politoloqların rolunun böyük olduğunu deyən alim onların geniş maarifçilik işlərilə məşğul
olduğunu qeyd etdi: "Səlahəddin Xəlilov, akademik Ramiz Mehdiyev və başqalarının
bu məsələ ilə bağlı sanballı əsərləri,
məqalələri var. Onları
yəqin ki, mətbuatda oxumusunuz. Məlumatıma görə, bir
neçə tədqiqat
işi də işıq üzü görəcək. O kitablar
daha geniş yayılmalı, kitabxanalara
verilməli, əhaliyə
paylanılmalı, maarifləndirmə
işləri aparılmalıdır.
Bunları ali
məktəblərin tədris
proqramına daxil etmək lazımdır. Tələbələr bu işə
cəlb edilməlidir.
Bunlar maarifləndirmə işilə
bağlı aparılan
tədbirlərdir. İnsanlar maariflənməli,
qarşılarında duran
işin nə olduğunu bilməlidir.
İctimai maraqların üzə
çıxarılması formalarından
danışanda burada ən maraqlı məsələlərdən biri
kimi sosioloji sorğuların keçirilməsini
vurğulamaq lazımdır.
Sosioloji sorğular keçirilməlidir.
Bu sorğular müxtəlif üsullarla
keçirilməlidir. Bunu şəhərdə sakinlər
arasında da, bölgələrdə də
keçirmək olar.
Ölkə ziyalılarından ictimai maraqların üzə çıxarılması,
ümumiyyətlə, onları
düşündürən məsələlərlə bağlı
müsahibələr götürülməli,
həmin müsahibələr
mətbuatda çap olunmalıdır. Ziyalılara öz
fikirlərini bölüşmək
üçün tribunalar
verilməlidir".
İradə SARIYEVA
Bakı Xəbər.-2013.-10
yanvar.-S.-15.