İctimai maraqların müdafiəsində QHT-lərin rolu...

 

   Qeyri-hökumət təşkilatları (QHT) cəmiyyətin inkişafında, əhali arasında ictimai maraqların yaranması və formalaşmasında önəmli rol oynayır. QHT-lərin ictimai həyatda iştirakının genişləndirilməsi, cəmiyyətdə baş verən istənilən hadisəyə müdaxiləsi özünü göstərir. QHT-lər ictimai maraqların müdafiəsində və təbliğatında iştirak etməklə yanaşı, maarifçilik işinə də dəstək verir.

   Sosioloq Arzu Novruzlu bizimlə söhbətində bildirdi ki, Azərbaycanda QHT-lərin yaranma tarixi XIX yüzilliyin sonu XX əsrin əvvəllərilə bağlıdır. Həmin dövrdən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatları ictimai maraqların müdafiəsi sahəsində böyük işlər görüb. Bu işin ayrı-ayrı ziyalı şəxsiyyətlər və təşkilatlar, eləcə də xeyriyyəçilər tərəfindən həyata keçirildiyini deyən A.Novruzlunun sözlərinə görə, burada əsas xətt ictimaiyyətin diqqətini təhsilə və mədəniyyətə yönəltmək olub: "Azərbaycanda qeyri-hökumət təşkilatları hər zaman üzərinə düşən işin öhdəsindən gəlib. Tarixdən adı bizə tanış olan xeyriyyəçilər, təşkilatlar ictimai maraqlara xidmət edib. O dövr üçün aktual olan təhsil məsələsinə xeyriyyəçilər dəstək olurdular. İctimai maraq dairəsində olan bir sıra məsələlərin reallaşması onların adı ilə bağlıdır. Xeyriyyəçilər məktəb binaları tikir, uşaq və gənclərin ora cəlb edilməsi kampaniyasına başçılıq edirdilər. Gəncləri oxumaq üçün xaricə göndərirdilər. Bakının tarixində mühüm hadisələrdən biri olan Şollar suyunun paytaxta gətirilməsi də ictimai maraqdan doğan məsələ idi. Əhalini narahat edən, düşündürən problem müəyyən qədər də olsa aradan qaldırıldı. Bunları ona görə qeyd etdim ki, bəziləri deyir ki, Azərbaycanda ictimai marağın müdafiəsində QHT-lərin rolu zəifdir. Gördünüz ki, bizdən neçə illər əvvəl də ictimai maraqlar haqda düşünənlər, onu müdafiə edənlər olub. Bu gün də QHT-lər bu sahədə xeyli işlər görür. Düzdür, QHT-lərin hazırkı fəaliyyət spektri çox əhatəlidir. Qeyri-hökumət təşkilatları üç-dörd sahə üzrə deyil, onlarla sahə üzrə fəaliyyət göstərir. QHT-lər ictimai maraqların müdafiəsilə bağlı tez-tez tədbirlər keçirir. Son illər ən çox keçirilən tədbirlərdən biri narkomaniya və QİÇS əleyhinə kampaniyalardır ki, onun da əsas təşkilatçıları QHT-lərdir. Əhali arasında geniş maarifləndirmə işi aparan QHT-lərin nümayəndələri aliorta məktəblərdə olur, onlarla görüşlər keçirir. QİÇS dünyanı, eləcə də bizim ictimaiyyəti qorxudan bir bəladır. Bu problemə qarşı maarifçilik işini QHT-lər müxtəlif vasitələrlə keçirir. Kitabçalar çap etdirir, videoçarxlar hazırlayır, bu halın qurbanları ilə canlı ünsiyyətdə olur. QHT-lər ictimaiyyəti düşündürən hər bir istiqamətdə fəaliyyət göstərir".

   A.Novruzlunun bildirdiyinə görə, hətta bəzi QHT-lər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi dövlət proqramları, verdiyi sərəncamların yerli qurumlar tərəfindən hansı səviyyədə icra olunduğu ilə də maraqlanır. Bu sahədə monitorinqlər aparan QHT-lər ictimaiyyəti düşündürən suallara cavab tapırlar: "QHT-lərin Bakıda və ondan kənarlarda görülən sosial-iqtisadi məsələlərin həllində rolunu danmaq olmaz. Bəzən elə çətinliklər olur ki, ictimaiyyət onun öhdəsindən gələ bilmir. Bu halda QHT-lər problemin aradan qaldırılmasına yardım edir. Olur ki, Prezidentin sərəncamları və dövlət proqramlarının icra səviyyəsilə bağlı da QHT-lər araşdırma, monitorinqlər aparır. Keçən il bir neçə QHT birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NizamiSabunçu rayonlarının sosial-iqtisadi inkişafı, habelə infrastruktur qayğılarının aradan qaldırılması üçün qəbul etdiyi dövlət proqramının icra vəziyyətilə bağlı monitorinqlər keçirdi. Sonra həmin monitorinqlərin nəticələrilə ictimaiyyəti tanış etdilər. Belə hallar başqa sahələrdə də baş verir. QHT-lər hər sahədə araşdırma aparıb ictimaiyyəti narahat edən məsələlərin aradan qaldırılmasına çalışmalıdır".

   Fəlsəfə elmləri namizədi Səmayə Aslanlının bildirdiyinə görə, QHT-lər ictimai maraqların müdafiəsi sahəsində az görmür. Onun dediyinə görə, QHT-lərin uşaq hüquqlarının müdafiəsi sahəsində, eləcə də ekologiya və ətraf mühitin çirkləndirilməsinə qarşı keçirdiyi tədbirlərin sayı daha çoxdur: "Qeyri-hökumət təşkilatlarının fəaliyyətində uşaqların hüquqlarının müdafiəsi xüsusi yer tutur. Bu sahə üzrə ixtisaslaşmış QHT-lər var. QHT-lər əsasən internatuşaq evlərində olan uşaqlarla bağlı tədbirlər keçirir. İctimaiyyətin diqqət mərkəzində olan kimsəsiz uşaqlar QHT-lərin də diqqətindən kənarda qalmır. O uşaqlarla bağlı müxtəlif layihələr həyata keçirirlər. Onların hüquqlarının müdafiəsi, gələcəklərinin təmin edilməsi, istedadlı uşaqların üzə çıxarılması və sair məsələlərində QHT-lər çox fəaldır. Uşaq evlərində və internatlarda yaşayan uşaqların milli-mənəvi dəyərlərimizə, musiqimizə bağlanması sahəsində də QHT-lərin rolu var. QHT-lər tez-tez uşaq evlərində görüşlər keçirir. Bu çox yaxşı haldır".

   S.Aslanlının dediyinə görə, bəzən hansısa bir uşaq evində uşaq təzyiqə məruz qalırsa, QHT-lərin buna aktiv münasibəti olmalıdır. Son vaxtlar dövlətin və QHT-lərin müdaxiləsi sayəsində uşaq evlərində uşaqlara daha isti münasibət göstərilir: "QHT-lər və dövlətimiz arasında bir bağlılıq var. Bu da ondan irəli gəlir ki, dövlət və QHT-lər, eləcə də ictimaiyyət eyni məqsədə qulluq edir. Yəni bu bizim xalqımızın bütövlüyündən irəli gəlir. Uşaq evlərində bəzən uşaqlara qarşı təzyiqlər baş verirdi. Təbii, bu da hansısa bir təsadüfi adamın o müəssisələrə düşməsilə bağlı olan hal idi. Amma bu gün uşaqlara qarşı elə bir təzyiq yoxdur. Dövlətimiz və aidiyyəti QHT-lər bu məsələyə ciddi önəm verir. Uşaqlarınızın hüquqları dövlətlə yanaşı, QHT-lər tərəfindən də qorunur. İctimai maraqların müdafiəsi hər bir ictimai qurumun, təşkilatın üzərinə düşən işdir. Bu maraqlar təmin olunmasa, çox pis hallar baş verə bilər. Bilirik ki, bu gün nəinki Azərbaycanda, hətta bütün dünyada ekoloji tarazlığın pozulması problemi mövcuddur. Ətraf mühitin çirkləndirilməsi bir bəla kimi insanlığı narahat edir. Ekoloji problemlərlə bağlı QHT-lərin keçirdiyi saysız-hesabsız tədbirlər var. İctimaiyyəti narahat edən, ictimaiyyətin maraqlarına zidd olan bütün problemlər QHT-lərin diqqətindədir. Onsuz da bilirik ki, bütün dünyanın mübarizə apardığı bu kimi halların birdəfəlik həlli çətindir. Amma onların törətdiyi fəsadlar, gətirdikləri bəlalar haqda əhaliyə məlumat vermək, onları təhlükədən qorunmaq üçün maarifləndirmək vacib məsələdir. Ətraf mühitin çirkləndirilməsi hamımızın günahı üzündən baş verir. Çoxlarımız öz sağlamlığımızı düşünməyib ətrafımızı zibilləyirik. Doğrudur, zavod fabriklər, sənaye qurumları da ətraf mühitin çirkləndirilməsində az rol oynamır. Amma bunun hamısı axırda insan amililə bağlanır. Bu sahədə çox ətraflı layihələr həyata keçirilir. Özü bu layihələr çərçivəsində çox böyük araşdırmalar aparılır. İctimaiyyətin bütün təbəqələrinin rəyi, düşüncəsi, onların maraqları burada öz əksini tapır. QHT-lər ekologiya ilə bağlı Azərbaycanın ayrı-ayrı yerlərində sorğular keçirir. Burada gənclərin məktəblilərin iştirakı daha çox diqqəti cəlb edir. QHT-lər gəncləri bu işə qoşmaqla ictimai maraqların müdafiəsi sahəsində daha əhatəli işlər görə bilir. Təbiəti qorumaq naminə keçirilən aksiyalar, şəhərimizin təmizliyilə bağlı kampaniyalar buna nümunədir. Hətta QHT-lər ekologiya, ətraf mühitin qorunması ilə bağlı məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirir. Bu da uşaqların ictimai maraqların müdafiəsinə cəlb edilməsi prosesilə yadda qalır. Bu tədbirlərə qatılan uşaqlar bilir ki, ətraf mühiti çirkləndirmək olmaz, ekologiyanı qorumaq lazımdır. Bir məsələni qeyd etmək istəyirəm ki, ictimaiyyət nümayəndələri QHT-lərin fəaliyyətinə dəstək verməlidir. Bəzən elə hallar olur ki, QHT-lər hansısa bir sahədə araşdırma aparmayıb. Gərək bu halda ictimaiyyət özü QHT-lərin diqqətini həmin məsələlərə yönəltsin. Şəhərimizin zibildən təmizlənməsi kimi bir aksiya keçirilsə, çox yaxşı olar. QHT-lərin könüllü ictimaiyyət nümayəndələrinin iştirakı ilə təmizlik sahəsində böyük işlər görmək olar. Ümid edirəm ki, belə tədbirlər silsilə xarakter alacaq. Başqa ölkələrin təcrübəsindən istifadə edərək sosial-ictimai layihələr həyata keçirmək olar. QHT-lərin könüllüləri şəhərimizin təmizliyinə ictimai nəzarət edə bilər. Bu halda küçələrin zibillərdən təmizlənməsi prosesi başlanar.

   Bilirsiz, hər gün zibil maşınları gəlib zibilləri daşıyır, amma camaat aparıb zibili zibilliyə atmır, səkiyə qoyur, ağacdan asır, küçənin ortasına atır. Könüllülər olduqda onlar bu işə nəzarət edəcək. Şəhəri zibilləyən adamları könüllülər bu işdən çəkindirəcək. Bir adam görəndə ki, onun küçəyə zibil atması sərt reaksiya ilə qarşılanır, onda küçəyə zibil tullamayacaq, zibili zibilliyə atacaq. İctimai nəzarət olmadan şəhərin təmizliyinə nail olmaq çətinlik törədəcək. QHT-lər bu işdə fəal olmalıdır. İctimai maraqlar deyəndə bura hər şey aiddir. Biz ictimai maraqların pozulmasından, ətraf mühitin çirkləndirilməsindən danışanda diqqətimizi dərhal şəhərin zibilləndirilməsi cəlb edir. Çünki hər birimiz küçəyə çıxanda hər yanda zibil torbaları görürük. Bu hal bizi mənəvi incidir. Bəyəm, fiziki cəhətdən sağlam bir insan əqidəcə, vicdan baxımından sağlam ola bilməzmi? Çox vaxt görürsən ki, səkiyə zibil qoyan sağlam bir insandır. Bu adamın düşüncəsi, vətəndaşlığı zəifdir ki, o belə görür. QHT-lərin hazırda bu sahədə böyük kampaniyalara başlaması vacibdir. Yaxşı olardı ki, bu işə yalnız ekoloji sahədə ixtisaslaşmış QHT-lər deyil, onların hamısı qoşulsun. Televiziyalarda böyük reklam çarxları yaymaq olar. Elə edilməlidir ki, Bakı özünün keçmiş dövrünə qayıtsın. Vaxt olub ki, şəhərimiz təmizlik nümunəsi olub. Küçələrin işıqlandırılması məsələsi ictimaiyyəti düşündürən haldır. Bilirik ki, qəsəbələrin çoxunda küçələrin, həyətlərin işığı yoxdur. Bu məsələnin aktuallaşmasına QHT-lər dəstək olmalıdır.

   Onlar bu sahədə tədbirlər keçirməli, ictimaiyyətin uzun illərdən bəri üzləşdiyi bu problemin aradan qaldırılmasına nail olmalıdır. QHT-lər ictimai maraqların müdafiəsində böyük işlər görür, bundan sonra da görməlidir. Diqqətdən kənarda qalan ictimai mahiyyət kəsb edən halların kökündən həll edilməsində QHT-lər öz köməyini əsirgəməli deyil".

 

  

   İradə SARIYEVA

 

   Bakı Xəbər.-2013.-15 yanvar.-S.-15.